Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
(Bəxtiyar Vahabzadə)
Daha uşaqkən baş vermişdi onunla tanışlığımız, ilk dəfə dövlətin rəmzi kimi tanımışdım mən onu. Lakin böyüdükcə, oxuduqca-öyrəndikcə, biliyim və dünyagörüşüm artdıqca Məmməd Əmin Rəsulzadəni, Əhməd Cavadı, Şükriyyəni, Üzeyir Hacıbəyovu, Əli bəy Hüseynzadəni, Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Həsən bəy Zərdabini, Elçibəyi, Heydər Əliyevi, Çingizi, Salatını, Alberti, Yusifi, İbadı, Mübarizi, Pəncəlini, Poladı və bir çox başqa ziyalı və şəhidimizi tanıdıqca bayraq hər keçən gün mənim üçün daha böyük, daha dərin anlamlar ifadə etməyə başladı.
"Bir dəfə yüksələn bayraq bir daha enməz"-, deyən Rəsulzadənin sözünə qüvvət, dirəyi şəhid qanıyla suvarılan bir bayraq heç vaxt enə bilməz.
Mənim üçrəngli bayrağımda son nəfəsində Azərbaycan söyləyən Rəsulzadənin yarım qalan istiqlal səadəti var. Türk dünyasında, türklərin damarlarında axan türk ruhunu oyadan Əli bəy Hüseynzadənin türkçülük ideologiyası var. Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa sol əlimlə onu baltalayaram deyən, sona qədər sınmayan, dik duran Müşfiqin mərdliyi var. "Üç rəngli bayrağınla məsud yaşa"-, söyləyən Cavadın Türkün şanlı bayrağını Qarabağdan asmaq arzusu var. Eşqinə, ailə dəyərinə sədaqət göstərib "İstəyirsiz məni öldürün, bu kağızı imzalamayacam"-, deyib boşanma kağızını imzalamayan, Qazaxıstanda keçən 8 ili boyunca özünün və yoldaşının namusunu qorumaq bahasına ac olanda barmağını qanadıb çıxan, qanını soran, gecələr paıtarlarını soyunub onlarla ayaq yolunu silib yenidən əyninə geyinən Şükriyyənin iradəsi, şərəfi, ləyaqəti var. "Üzünü qaldır, qaldır üzünü", "Ay Allah" söylələyərək lentə aldıqca ağlayan Çingizin gördükləri qarsısında keçirdiyi ürək göynərtisi var. İnsanlığın milliyyətinin olmadığını bir daha sübut edən və bütün insanlıq üçün ibrət olan "Danşa bilmirəm axıı"-, söyləyən şirin dilli Albert nümunəsi var. Ziya Bünaydovun "Bu da tarixin daha bir ibrət dərsidir. Gənclərimiz gərək bu dərsi də unutmasınlar"-, söyləyərək Qırmızı terror əsərində arxiv sənədləri ilə gün işığına çıxardığı acı talelər var.
"Dönməsək də, varmasaq da o yol bizim yolumuzdur"-, deyən, qızına ayaqqabı almaqdan ötrü maaş gününü gözləyən Elçibəyin bu xalqa keçən danılmaz, vicdanlı əməyi var. Düşmənləri tit-tir əsməyə vadar edən zəhminin, siyasətinin yanı sıra həm də köksündə kövrək və bir o qədər sevgi dolu bir qəlb daşıyan, Rusyadakı Azərbaycan konsulluğuna gedərək XI qırmızı ordunun törətdiyi 20 yanvar faciəsinə etiraz edən Heydər Əliyev cəsarəti var. Ömür-gün yoldaşının ayrılığına dözməyən Fərizənin ona qovuşmaq üçün əl atdığı intihar günahı var. "Bilirəm, canım əldən gedir, amma vətən də əldən gedir"-, söyləyən Yüsif böyüklüyü var.
Min bir əziyyət, min bir işgəncəylə doğma yurd-yuvasından qovulan soydaşlarımızın yurd yanğısı, qız-gəlinin tapdanmış şərəf və ləyaqəti var. "Vətənin dar günündə ürəyim dözmür, Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar"-, deyən Mübarizin vətəni, milləti üçün keçirdiyi ürək ağrısı var. Təkcə adı belə düşməni vahiməyə salmağa yetən, düşmənin başına bir milyard pul qoyduğu "kölgə adam" əfsanəsi Pəncəlinin toy günündə özünə arzuladığı şəhidlik diləyi var. Yurdumun özü kirayədə qala-qala əsgərinə ev tikən, əməyinə görə ona mükafat kimi verilən evi şəhid ailəsinə bağışlayan, getdiyi heç bir yerdə əsgərini unutmayan sadə, səxavətli Polad generalının silinməz xatirəsi var. "Düşmənin qabağından qaçan namərddir" deyib son damla qanına qədər düşmənlə döyüşən dəliqanlı igidlərin qeyrəti var. Yaşayan qəhrəmanlarımızın, Qazilərimizin hər birinin canından bir parça var. Şəhid oğlu üçün nişan konfeti paylayan ananın puç olmuş arzuları, xəyalları var. Gün gəlib çiynində getmək istədiyi övlasını öz çiyinlərində aparıb, öz əlləriylə torpağa tapşıran ataların sınmış qol-qanadı var. Şəhidlərin, şəhid yarlarının, şəhid balalarının gerçəkləşməyən, yetişməyi, qovuşmağı əbədiyyətə qalan xəyalları var.
İndi özünüz düşünün belə bir bayraq enə bilərmi?
Atatürk Rəsulzadəyə xitabında belə söyləyirdi: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün türk aləmində türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!"
Üç rəngli bayrağınla daim məsud yaşa Azərbaycan. Bu yol Rəsulzadənin, Çingizin, Mübarizin, Pəncəlinin, Poladın bu yol bütöv bir Azərbaycanın yoludur. Bu yolda dönənlər də oldu, dönə bilməyib şəhid olanlar da. Bu yolda varanlar da oldu vara bilməyib səadəti yarım qalanlar da. Dönsək də, dönməsək də, varsaq da, varmasaq da bu yol bizim yolumuzdur.
Dalğalan hey səmalarda
Sən ey içimə sığmayan
Qürurum, fərəhim bayraq.
Ucal, ucal yüksəklərə
Dirəyin yüksələn torpaq,
Sənin kölgən Vətən, Bayraq!
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)