BİRİ İKİSİNDƏ – Habil Rzanurun şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  Habil Rzanurundur

 

 

 ***

 

 

Nə varsa, yaddan çıxır,
Unudulur nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa.
Yalandan əsən külək,
Yalandan yağan yağış.
Yalandan gələn bulud
Çəkilir qarış-qarış.
Ömrün olan-qalanı
Alnından axır gedir.
Yalandan sevənlər də
Doğrudan çıxır gedir.
Görürsənmi yalandır,
Budur daha nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa…


***

 

Köçəsən dağlara, dağ quca səni.
Təzəkdən yarımçıq hasarın ola.
Səndəki “dağ”ı da verəsən dağa,
Nə dərdin, nədə ki azarın ola.

Bir daxman ola kaş, damsa da, olar,
Daxmanın yanında dumduru bulaq.
Beş altı qoyunun, bir kəhər atın,
Deyəsən dağlara, di gəl dost olaq!

Sübh tezdən gedəsən otlağa tərəf,
Nə zəngin adamsan, qoyun, quzun var.
Axşam da qayıdıb görəsən, Allah,
Daxmanda bir oğlun, üç də qızın var.

Bir könlün açıla, saf-saf güləsən,
Balaca qızına dil çıxarasan.
Sonra uşaqların anası üçün
Cibindən gizlicə gül çıxarasan.

O anda ilk görüş yadına düşə:
Ürkərdin bir fərə kəklik səsinə.
İlk o gün soyuqdan üşüməmişdin,
İlk o gün isindin qız nəfəsinə.

Nə əcəb günlərdi, bu günə çatmaz,
Bu gün də sabahçün elə nağıldı.
Birdən səksənəsən uşaq səsinə,
Ay Allah, ortancıl qızın yıxıldı.

Eləcə ağlayar, ürəyin yanar,
Ax... bunlar nağılsız çətin susacaq.
Yatın, gül balalar, yuxunuz şirin,
Atanız sizə bir şeir yazacaq!..

 

 ***

 

İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Nə də çiyinlər..
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir – deyir içimdəki qoca.
Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də…
Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı
Bu gün ovum qanlıdır: ovçu rahatlıqı
Mən nə olmaq istəyirəm?

Tək qalmaq istəyirəm...

  

***

 

Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram..
Anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız,
Sən ey barmaqları misralı əcəl,
Sən ey üz-gözümün qırışlarına..
…İlişib yıxılan nazəndə gözəl...,

Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb…
...azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb-düşər,
sallanar, yellənər qulaqlarında.

Misal gətirərəm Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı ay Çiyninəmim
“Bir günah sənindir, bir günah mənim”

Nə mən bəxtiyaram,
Nə sən bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günahsız.
Sən ey barmaqları misralı əcəl...
Sən ey ovucları ətir qoxan qız…

 

 ***

 

Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
Necəsən deyən olmaya...
Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.
Alnına gözün sataşar
Alnının tən ortasında,
Tanrı yazı masasında, dərdləri unudub gedib.
Misra-misra hönkürərsən,
Sətir-sətir dərd çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda
Qırış-qırış sədd çəkərsən.
Dən-dən olar qaşın, basin,
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında uşaqlığın iməkləyər,
Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.
Bir qohum, yaxın tapılmaz,
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.
Birdə baxıb görərsən ki...
Nə bacın var, nə qardaşın.
Nə getməyə yol tapılar, nə də ki
Bir yol yoldaşın...

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.