Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
“Qandan keçir, candan keçir,
Qələbəyə gedən yollar...”
Bu ifadəni eşidən zaman hələ kiçik idim. Ürəyimdə, köksümdə vətənpərvərlik toxumlarının yeni cücərdiyi vaxtlardan söz açıram. Qeyd etdiyim ifadəni eşidən zaman düşüncələr dənizinin sahilində gəzdiyim də yadımdadır. “Qələbə qazanmağa nə var ki?”, “İndiyə qədər neçə müsabiqədə zəfər çalmışam, nə qanım gedib, nə canım” deyə düşünürdüm. Daha sonra anladım ki, səhv düşünürəm, bəzən mübarizədə, hünər meydanında tökülən bir damcı qan belə torpağa düşüb sonunda qələbə olan cığırlar aça bilər. Bunu dərk edəndə təbiət ilıq nəfəsini yurduma üfürən zamanlar-aprel ayının əvvəlləri idi.
Qəhrəman xalqım da ürəyində heç vaxt tükənməyən vətən eşqi yenidən alovlandığı zaman minlərlə kilometrlik bir yolda ilk addımını 2016-cı ilin məhz bu ayında atmışdı. Yol uzaq olsa da, bu yoldakı dağlar, dərələr millətin əzmkarlığı ilə qarşılaşdırıldığı zaman bir ovuc torpaqdan başqa heç nə deyildi. Aprel döyüşləri zamanı istər ön, istərsə də arxa cəbhənin göstərdiyi şücaət qürurverici idi. Düşmənə aman verməyən əsgərlərimiz üçün Azərbaycanın hər bölgəsindən göndərilən sovqatların, dəstək məktublarının dəyəri ölçülməyəcək qədər çox idi. Məbədlər başına tac olan hilalımızın-Azərbaycan bayrağının Lələtəpə yüksəkliyində dalğalandığını görəndə, zəfər qazanmağın verdiyi qürur hissini doya-doya yaşayanda Azərbaycan xalqı öz gücünü bir daha anladı.
“El bir olsa, dağ oynadar yerindən” deyiblər. Qarşımızda dağların yumağa döndüyü digər tarix 2020-ci il idi. Tovuz döyüşlərindən başlayaraq “Bütün yollar Qarabağa aparır!” fikrini özünə şüar edib 30 ildə qurulmuş mifi 44 günə dağıdan ordumuzun öz gücünü dünyaya bəyan etməsində uğurlu siyasətin də rolu danılmazdır. Cənab Ali Baş Komandan İlham Əliyevin “Valday” Diskussiya Klubunun illik plenar iclasında Ermənistanın Baş Naziri Nikol Paşinyanın sözlərinə tutarlı cavab verdikdən sonra işlətdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” fikri bizim təkcə hərb sahəsində yox, həm də söz müharibəsində nə qədər güclü olduğumuzu ortaya çıxardı.
Zaman ötdü, günlər bir-birini əvəz etdi, 2020-ci ilin sentyabr ayı ölkəmizə qədəm qoydu. Lakin bu sentyabr digərləri kimi deyildi. Bu sentyabrda başqa bir ruh var idi, sanki dili olsaydı, “Məni daha xüsusi qarşılayın!” deyərdi. Axı bu sentyabr minlərlə kilometrlik yolun qalan hissəsini tamamlamağımızda bizə təkan verəcəkdi!
İkinci Qarabağ Müharibəsi zamanı məni riqqətə gətirən ən əsas məqamlardan biri ön cəbhədə yağıların dəhşətə gəlməsinə səbəb olan ordumuzla bərabər arxa cəbhədə vuruşan sivil xalqın əlindən gələni əsirgəməməsi idi. İnformasiya müharibəsində əl-ələ verib apardığımız təbliğatlar, Qarabağ həqiqətlərini dürüst, olduğu kimi çatdırmağa çalışmağımız, bu millətin hər bir nümayəndəsinin yorulmadan verdiyi dəstək, əsgərlərə göndərilən sovqatlar, jurnalistlərin cəbhə ilə bağlı hər bir xəbəri yerindəcə və vaxt itirmədən çatdırmağa çalışması, xaricdə yaşayan həmvətənlilərimizin yaşadıqları ölkələrdən verdikləri dəstək mesajları, həmin yerlərdə keçirdikləri aksiyalar və bunun kimi yüzlərlə, hətta minlərlə dəstək xarakterli jestlər təqdirəlayiq idi.
Bunu etmək bizim borcumuz idi. Həmin zamanlar arxa cəbhənin döyüşçüləri də Ana Vətənə olan borcunu bu cür ödəyirdi. Axı bu bizim boynumuza qoyulan ən müqəddəs haqq idi. Çünki biz vətəndaşıq. Belə yerdə ölməz sənətkar Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeirində qələmə aldığı bu misraları xatırlamaq yerinə düşərdi:
Vətəndaş! Nə gözəl səslənir bu söz,
Yəni-bir iqlimdə böyümüşük biz.
Səni də, məni də böyüdən Vətən,
Sənə də anadır, mənə də ana.
Sən də cavabdehsən, mən də hər zaman,
Vahid anamızın xoşbaxtlığına!
Bu müharibədə qazanılan qələbənin bizə 3000-dən artıq igid Azərbaycan vətəndaşının qanı, canı bahasına başa gəldiyini dərk edəndə yazımın əvvəlində qeyd etdiyim ifadənin mənasını daha yaxşı anlayıram. Həqiqətən də qələbəyə aparan yol bu zəfər uğrunda özünü fəda eləmiş qazilərimizin qanı, şəhidlərimizin canından keçirmiş.
Mənim vətənim bu dünyada hər şeyin ən yaxşısına layiq olan, uğrunda göz qırpmadan ölümə gediləsi, hər qarışı öpüləsi bir məkandır. Çünki bu ölkənin, bu millətin yetişdirdiyi qızlar da oğulları qədər vətənin müqəddəsliyini anlayır, paklığını qoruyub saxlamağa çalışır. Öz peşəsinin ən böyük fədailərindən olan Qarabağ şəhidi Salatın Əsgərova, məsumiyyət simvolu məktəbli Larisa, körpə Zəhra, sevgisi uğrunda canından keçən Fərizə, üç min şəhid Azərbaycan oğlunun bir şəhid bacısı Arəstə və onların timsalında bu vətənə sonsuz sevgi bəsləyib şəhid olan qadınlar Vətənimizin azadlıq simvoludur. Onlar parlaq Azərbaycan səmalarında üçrəngli bayrağın ətrafında dövrə vuran sülh göyərçinləridir. Bu qadınlar Əhməd Cavadın “Səsli qızı” Sara qədər mübariz, əzmkar insanlardır.
Xalqımızın yenilməzlik qalasını inşa edən şəhidlərimizi gördükcə anlayıram ki, bu millətin belini yerə vurmaq asan iş deyil. Bunu başa düşmək üçün xalqımızın otuz ildə apardığı mübarizəyə nəzər yetirmək kifayətdir.
Bu gün xalqımız XX əsrin sonlarından bəri nisgilini ürəyində hiss etdiyi o müqəddəs Qarabağ torpağına köç edir, orada yeni həyat qurur. Bu gün bayrağımız Şuşada, Xankəndidə, ən əsası qəlbimizdə sağalmaz yara olan Xocalıda dalğalanır. Artıq Şuşada Xarıbülbül daha gözəl yetişir, millətimiz daha şücaətli, Vətənimiz daha əzəmətli, birliyimiz sarsılmazdır!
Geri dönüb bu mübarizəyə baxanda minlərlə kilometrlik yolun başlanğıcındakı ilk ayaq izlərini aydın görmək olur. Həqiqətən də minlərlə kilometrlik yol da kiçik bir addımla başlayır.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)