Adil Kərimli: “Azyaşlıların oxu mədəniyyətinin formalaşmasına böyük önəm veririk” Featured

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlama vermişdir. 

“Ədəbiyyat və incəsənət” nazirin açıqlamasını təqdim edir:

 

-Bu gün açılışında iştirak etdiyimiz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə Azərbaycan daxil olmaqla, 12 ölkədən 160-dan çox nəşriyyatlar qatılıb. Bu bölgədə öz möhtəşəmliyi və məzmun zənginliyi ilə seçilən sərgilərdəndir.

Azərbaycanda ədiblərə, yazarlara xüsusi diqqət və qayğının göstərilir. Beş gün davam edəcək sərgidə kitab nəşriyyatlarının, xüsusilə də mətbəələrin təqdimatları keçiriləcək. Uşaq ədəbiyyatına yönəlmiş maraqlı təqdimatlar da sərgidə öz yerini tutur. Sərgi müddətində həm Azərbaycan, həm də xarici yazıçı və şairlərlə görüşlər keçiriləcək. Rusiya Federasiyası bu il tədbirdə fəxri qonaq qismində iştirak edir.

Sərginin Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilməsi rəmzi məna daşıyır. Çünki Ümummilli Lider hər zaman kitaba, ədəbiyyata böyük önəm verib.

Prezident İlham Əliyevin tapşırıqları və müvafiq sərəncamları ilə kitab sənayesinin inkişafı istiqamətində çoxsaylı tədbirlər görülub, əsas məqsədlərdən biri uşaq ədəbiyyatının təbliğ edilməsidir. Azyaşlıların oxu mədəniyyətinin formalaşmasına böyük önəm veririk. 

Azərbaycanın dili və ədəbiyyatı çox zəngindir. Sevindirici haldır ki, texnoloji inkişafa, rəqəmsal dünyanın həyatımızın əsas tərkib hissəsinə çevrilməsinə baxmayaraq, klassik kitablarımız yenə də vətəndaşlar tərəfindən böyük həvəslə oxunur. 

Qarabağda işğal dövründə ermənilər tərəfindən Azərbaycanın mədəni mülkiyyətinin tərkib hissəsi kimi beş milyondan çox kitab fondumuzun tamamilə məhv edilməsi ağrılıdır. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda mədəni həyat canlanmaqdadır.

Bu sərgidə Qarabağ üçün kitabların toplanması və kitab fondunun zənginləşdirilməsi istiqamətində aksiyalar da həyata keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.