Super User
Onu əbəs yerə bütün türk dünyasının böyük oğlu adlandırmırlar...
HEYDƏR ƏLİYEV HAQQINDA XARİCDƏ ÇAP OLUNMUŞ
KİTABLARDAN SEÇMƏLƏR
“Onu əbəs yerə bütün türk dünyasının böyük oğlu adlandırmırlar. “Azərbaycan bizim doğma torpağımızdır, biz hamımız gözəl Vətənimizin tərəqqisi naminə çalışmalıyıq”. Bu sözlər Heydər Əliyevin bütün çıxışlarında açıq-aydın görünürdü. Bu sözlər bütün azərbaycanlıların ürəklərində öz parlaq əks-sədasını tapırdı. Əliyev həmişə vurğulayırdı: Mən fəxr edirəm ki, azərbaycanlıyam!
Bu gün isə tam əsasla deyirik: O, böyük azərbaycanlıdır!”
Nikolay Zenkoviç
(“Heydər Əliyev. Tale yolları” kitabından. 2007)
***
“Heydər Əliyev Azərbaycanın keçmişini və gələcəyini öz şəxsiyyətində simvola çevirir.
...Türk dünyasının XX əsrdə yetişdirdiyi məşhur liderlərdən biri olan Heydər Əliyevin müstəqil Azərbaycanın taleyində mühüm rol oynayacağına insan onu yaxından tanıdıqca daha çox inanır... Çünki Əliyev kimi öz doğma vətəninin torpağında tumurcuqlanan liderlər ölənə qədər tarixin inkişafında rol oynamağa məhkumdur”.
İrfan Ülkü
(“Qızıl ulduzdan hilala doğru. Heydər Əliyevin fırtınalı həyatı” kitabından.1994)
***
“Haydar Aliyev’in çok başarılı olduğunu, büyük işlere imza attığını, yeni ve bağımsız bir cumhuriyetin kurucusu olduğunu, o cumhuriyetin yaşayabilmesi ve geleceğinin olması için sağlam temeller attığını görüyoruz.
Bu işleri, çok olumsuz koşullar içerisinde gerçekleştiren insan, kim ne derse-desin, “Büyük İnsan”dır”.
Adıgüzel Hüseyin
(“Zirve. Haydar Aliyevin hayatı” kitabından. 2007)
***
“Deyirlər, bir çaya iki dəfə girmək mümkün deyil, ... Heydər Əliyevi bir insan kimi incitdilər, lakin o, antik qəhrəmanlar kimi doğma torpağına qayıtdı, bu yerlərdən yeni güc aldı və öz xalqına sahib çıxdı”.
Aleksandr Sergeyeviç Dzasoxov
Şimali Osetiya Prezidenti
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
“Yalqızılıq kafesi” - Səhər Xiyavidən
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır.
Səhər Xiyavi
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
YALQIZLIQ KAFESİ
Ax... Nə təmtəraqlı dünyam var mənim,
Dinc bir kafedəyəm qaynayır çayım.
Yalqızlıq dünyamın padişahıyam,
Bəsimdir dünyadan bu şirin payım.
Min əlli ələyir qar dışarıda,
Pəncərəm yaş tökür, ağlayır sıcaq.
Közərir odunlar şominə içrə,
Nə gözəl, nə şirin yanır bu ocaq?
Çay töküb gətirrəm nabatlı bir çay,
Oturram masanın çarpayısında.
Həsrətim ürəkdə, yalnız masanın,
Kaş ki oturaydın sən o tayında.
Deyəydik, güləydik, qar-soyuq nədir?
Əllərin əlimi sığallasaydı.
Sənsizlik zəhərdir, zəhərdir yaşam,
Gözlərin gözümlə bir ağlsaydı.
Gedibsən, yalqızlıq kafesindəyəm,
Tənhalıq dünyamın padişahıyam.
Sanki qar-yağışlar içimdə yağır,
Bütün hicranların nisgil ahıyam.
Yox, mənə şirinlik day gərək deyil,
Nabatsız çayımı sənsiz içirəm.
Gül əkdik doyunca sevgi bağında,
Nədəndir bu gün mən, tikan biçirəm?!
Gedibsən, heç kimlə dolmayır yerin,
Dövrəmi adamıar alsa da belə.
Sən yoxsan dümyada, qəribəm gülüm,
Milyonlar adamlar olsa da belə.
Diskinib ansızın gəlib özümə,
Görürəm nə çay var, nə kafe, masa!
Yadımdan çıxıbdır, sobam da yanmır,
Yoxluğun qəmində batmışam yasa...
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Daş simaya xarakter, mimika vermək bacarığı
BAKIDA ƏN MÖHTƏŞƏM ABİDƏLƏRİN MÜƏLLİFİNİN BU GÜN DOĞUM GÜNÜDÜR
Fəvvarələr bağına və Nizami küçəsunə gələn hər bir əcnəbi qonaq dahi Nizaminin daş obrazına heyrətlə tamaşa edir. Onun çöhrəsində həm filosofluğu gözə dəyir, həm şairliyi.
Yaxud, Nizami meteosunun qarşısında çadradan azad olan azad qadın heykəlinin sanki canlı olan obrazı göz oxşayır.
Bu möhtəşım abidənin yaradıcısı Odur, Fuad Əbdürrəhmanov.
Bəs 60 saylı məktəbin önündəki əli qumbaralı əfsanəvi qəhrəman olan Mehdi Hüseynzadənin monolit abidəsi necə? Hamısı bir-birindən gözəl!
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli heykəltaraş, tanınmış tişə ustası, Xalq rəssamı Fuad Əbdürrəhmanovun anadan olmasından 108 il ötür.
Xalq rəssamı Fuad Əbdürrəhmanovun yurd sevgisinin nəhayətsizliyindəndir ki, yaratdığı heykəllər ictimailəşdirdikləri gündən xalqın əvəzolunmaz mənəvi sərvətinə çevrilməklə, hər birimiz tərəfindən bənzərsiz qürur qaynağı kimi qəbul olunmaqdadır.
Azərbaycan incəsənət tarixinə öz adını əbədi daxil etmiş görkəmli incəsənət xadimi Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəkidə anadan olub. Görkəmli heykəltaraş yaradıcılığa portret janrı ilə başlayıb, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Asəf Zeynallı), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, İkinci Dünya müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
F.Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutur. Nizaminin Gəncədə və Bakıdakı abidələri, Bakıda S.Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950-1960-cı illərdə yaratdığı "Çoban", "Azərbaycanlı qadın", "Azadlıq", "Azad qadın" və s. əsərlərində milli xüsusiyyətlər zəngindir.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində o, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.
Görkəmli incəsənət xadimi, Xalq rəssamı Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.05.2023)
Ləzzətli Tuna salatı
“Ədəbiyyat və incəsənət” portalının mətbəxində Aysel Qarayevadır. O, bu gün sizinlə olduqca asan əmələ gələn və ləzzətli "Tuna salatı" reseptini bölüşəcək:
Tərkibi :
Qırmızı kələm
2 ədəd kök
1 ədəd təzə xiyar
Konservləşdirilmiş yaşıl noxud
Konservləşdirilmiş qarğıdalı
Tuna balığı
Istəyə görə mayonez və ya zeytun yağıyla hazırlaya bilərsiz. Üzərinə limon suyu,duz istiot əlavə olunur zövqə görə.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
12-ci dərc
Çay dəm almışdı. Şişman stəkan götürüb özünə çay süzdü. Armudu stəkandakı qaynar çaydan bir qurtum içib stəkanı qarşısındakı kiçik masanın üzərinə qoydu.
Hərdən ona elə gəlirdi ki, öldürülmüş günahsız insanların ruhları həyətdə dolaşır. İndi də xəyaldan ayılanda qəfildən qaranlıqda gözünə nə isə göründü. Qeyri-ixtiyari bədənindən bir üşütmə keçdi.
Birinci sifarişdən dörd ay sonra daha bir sifariş də olmuşdu. Bu dəfə də üç nəfər.
Bu sifarişlərdən sonra bir dəfə təsadüfən Həsənağanın telefon danışığını eşitmişdi şişman. Kiməsə telefonda deyirdi ki, çəkilmiş bütün xərcələri çıxarmışıq iki sifarişlə.
“Görəsən insan orqanlarını bunlar neçəyə satır, üç ev, təmir, bu qədər avadanlıq, bahalı dərmanlar”, -deyə o zaman fikirləşmişdi. Onun özünə də kifayət qədər yüksək məbləğlər ödəndiyindən o bu məbləğin beş sıfırla ölçüldüyü qənaətinə gəlmişdi.
İndi, son sifarişdən dörd ay keçəndən sonra üçüncü sifariş daxil olmuşdu.
Bu günlərdə lazım olan dördüncü namizədi tapa bilməyən Həsənağa əsəbləşməyə başlamış, gecikməyə görə təklif olunan məbləğin aşağı endiriləcəyi barədə sivri burunlunun dedikləri onu təbdən çıxarmışdı.
Əslində, o hər işi əvvəldən görərək sifarişin daxil olmasını gözləyirdi. Belə ki, ölkəyə iş axtarmağa gələn bir neçə nəfəri guya işə düzəldəcəyi adı ilə aldadaraq, zəngini gözləmələrini onlara bildirmiş, tanımadığı birindən küçədə aldığı telefon aparatına yerləşdirdiyi, heç yerdə qeydiyyata alınmamış mobil telefon nömrəsini onlara verərək, onların da nömrələrini götürmüş, lazım olanda zəng edəcəyini demişdi. Bununla belə, hər şey dəqiq olsun deyə, mütəmadi olaraq onlarla zəngləşir, tezliklə yüksək məvacibli işə düzəldəcəyi adı ilə yalançı vədlər verir, bu müddət ərzində poliklinikalardan birində işləyən həkim tanışının yanında müayinədən keçmələrini tələb edir, bunu düzəldəcəyi iş üçün vacib olması ilə izah edir, əslində isə onların şəhəri tərk edib-etməmələrini və sağlamlıq durumlarını özü üçün dəqiqləşdirirdi.
Sifariş daxil olandan sonra isə zəng edərək bu zavallıları bir -bir görüşə çağırmış, onlar da öz ayaqları ilə əcəllərinə tərəf gəlmişdilər.
Keçmiş sovet respublikalarından olan miqrantlarla o rus dilində, dillərini bilmədiyi miqrantlarla isə şişmanın həkimin yanında gördüyü, bir neçə dil bilən ikinci əcnəbi vasitəsilə ünsiyyət qururdu. Bu şəxs cinayətkar qrupun əsas üzvlərindən biri idi.
Ancaq bir təsadüf Həsənağanın planlarını pozmuşdu. Oğurlamaq üçün nəzərdə tutduğu adamlardan biri son anda naməlum səbəbdən respublikanı tərk etmişdi və bu səbəbdən o, çıxılmaz vəziyyətə düşmüşdü.
Ona görə də, şişmana heç vaxt etmədiyi bir təklif etmişdi.
Sifarişi yerinə yetirmək üçün çatışmayan dördüncü adamın tapılmasında köməklik göstərərək əvəzində həmişəkindən qat-qat çox pul qazanmaq təklifi idi bu. Növbəti üç nəfər bunkerə gətirilən günün axşamı Həsənağanın şişmanla belə bir söhbəti olmuşdu:
-Qulaq as, bu məsələ uzanır. Nəzərdə tutduğum adamlardan biri burada yoxdur və ona əlim çatmır. Özün bilirsən, hər adam sifarişçinin tələblərinə cavab vermir, lap cavab versə də, hər adamı aldadıb gətirmək mümkün deyil. Gərək cavan və sağlam olsun, aldadıb tora salmaq mümkün olsun. Bəlkə elə bir adam tanıyırsan. Sən də əziyyət çəkirsən, bilirəm. Həm yaxşı pul qazanarsan, həm də günlərlə burada qalmaqdan canın qurtarar bir müddət. Bilirsən ki, əməliyyat üçün lazım olan xüsusi dərmanları üç-dörd gündən artıq vermək olmaz. Dördüncü adamı tapmadığım üçün bu gətirdiyim üç nəfəri də hələlik ancaq sakitləşdirici dərmanlarla saxlamağa məcburuq. Bunu birtəhər razılaşdırmışam, ancaq çox az vaxt veriblər mənə, cəmi bir neçə gün. Təcili dördüncü adamı tapmaq, vəziyyətdən çıxmaq lazımdır.
Artıq ömründə ağlına gətirməyəcəyi hadisələrlə üzləşməsi səbəbindən və sivri burunlu ilə Həsənağanın qorxusundan bir növ onların quluna çevrilmiş şişman bir qədər fikrə getdi. Hər dəqiqəsi qorxu içində keçən bu evdən müvəqqəti də olsa uzaqlaşması üçün o hər şeyə hazır idi. Təki bu sifariş də tez bitsin və arada yaranmış fasilədə mümkün qədər buraya gəlməsin. Həsənağanın təklifini dinlədikdən sonra isə onu çuğlamış qorxu və narahatlığın içində tamahkar xisləti yenidən baş qaldırıdı və üzünü çəpgözə tutub dedi:
-Elə bir adam ağlıma gəlmir axı. Yaxşı bəs mənim xeyrim nə qədər olacaq?
-Əlavə iyirmi min.
Həsənağa yalan demirdi. Vəziyyət elə gətirmişdi ki, dördüncü adamı tapmazlarsa, müqavilənin şərtləri pozulacaq və bu səbəbdən itirəcəkləri daha çox olacaqdı. Qarşı tərəf çox ciddi idi və belə şeyləri bağışlamırdı. Ona görə də bu dəqiqə o hər şeyə getməyə hazır idi.
Məbləği eşidəndə şişmanın ağzı sulandı və son vaxtlar özünə yağdırdığı lənətləri unutdu.
-Baxaram görüm, bəlkə tapa bildim.
Bu söhbətdən sonra bunkerdə gördüyü işlər arasındakı fasilələrdə axtarışlara başlamışdı. Həmin vaxtlarda isə həyət boş qalmaması üçün Həsənağanın təklifi ilə dəstənin əcnəbi üzvü onu əvəzləmişdi. İyirmi min manatı itirəcəyinin təəssüfü ilə axşamadək boş-boş gəzib haradan başlamağı bilməyən, kimisə tapacağına ümidi olmayan şişman axşamüstü bir söhbətin şahidi olarkən axtardığını tapdığını başa düşmüşdü. Tez Həsənağa ilə əlaqə saxlayıb vəziyyəti ona demiş, görüşüb planını izah etmişdi.
Plan bir qədər avantüralı görünsə də, başqa çıxış yolu olmayan çəpgöz razılaşmağa məcbur olmuşdu. O, şişmanla rəftarda özünü nə qədər qəddar göstərsə də, sivri burunlunun qorxusundan sifarişin pozulacağı təqdirdə onun özünu hansı aqibətin gözləyəcəyini düşünmək belə istəmirdi. Onsuz da sivri burunlu ona bir dəfə xəbərdarlıq etmişdi.
Təhlükəsizlik nöqteyi-nəzərindən, əsasən həyat səviyyəsi yüksək olmayan ölkələrdən gəlmiş əcnəbi miqrantlara üstünlük verilməsi tapşırılsa da, çıxılmaz vəziyyətlərdə digər variantlardan istifadə etməyi istisna etməmişdi qorxduğu insan.
Cinayətkar dəstənin hər bir addımı əvvəlcədən düşünülmüşdü. Gəldiyi ölkədə çox vaxt qeydiyyata düşməyə tələsməyən, ikinci və ya üçüncü dövlətin nümayəndəsi olan hansısa miqrantın qəfildən yoxa çıxması ilə bağlı dərhal onun axtarışlarına başlanılması ehtimalı daha az idi.
Bu halda isə gözlədiyinin əksinə olaraq bir məqamı çıxmaq şərti ilə hər şey yağ kimi getmiş, uşaq kimi sadəlövh olan on yeddi yaşlı qızı aldatmaq asandan da asan olmuşdu və iki gün sonra hər şey həll edilmişdi.
Hətta sonradan şişmanı tərifləmişdi də və şişmanın tezliklə son sifarişə görə qonorarından başqa əlavə iyirmi minə sahib olacağı ilə bağlı sevincinə bu tərifdən sonra bir qədər də qürur hissi qarışmış, o bir anlıq özünü dahi bir insan, cinayətkar dəstənin müdhiş planlar cızan beyni kimi hiss etmişdi.
İndi yalnız əməliyyatqabağı zəruri olan və həkimin yalnız özünə məlum olan bəzi proseduraları edəndən sonra sifarişi tamamlamaq olardı. Qız ikinci gün idi ki, gətirilmişdi. Həkim sabah da zəruri dərmanları yemək və şirələrin içində verməyi tapşırıb, həmişəki kimi gecə saatlarında əməliyyata başlayacağını bildirmişdi.
Əməliyyat zamanı bunkerə birinci, yaxud sonuncu gətirilmiş insanın əməliyyat masasına uzadılması heç bir rol oynamırdı. Əvvəla qurban sayından asılı olaraq bir neçə saata işini yekunlaşdıran həkim üçün kimin birinci, kimin sonuncu olacağı önəmli deyildi. İkincisi isə, daxili orqanların bədəndən ayrılandan sonra ünvana çatdırılanadək lazımi keyfiyyətini saxlaması üçün gizli labaratoriyaya gətirilən insanlara verilmiş son dərəcə bahalı dərmanlar, uzun müddət təsirini saxlayırdı. Ona görə də, sonradan yola və digər proseslərə sərf olunan vaxt da nəzərə alınarsa, sifarişçinin adamına çatdırılan orqanlar zəruri zaman kəsiyində keyfiyyətini saxlayırdı. Bu müddətin içərisindəki qalan günlər isə orqanların cərrahi üsulla xəstələrin bədəninə köçürülməsi üçün lazım olan vaxt idi. Bu vaxt itkisi olmazsa, kəsilmiş daxili orqanlar bütün tələblərə cavab verirdi.
“Bəli, bir-iki gün də dözüm, hər şey bitəndən sonra, Həsənağaya deyib, çıxıb gedəcəyəm Rusiyaya. Bir az dincəlmək lazımdır”.
Bu xəyallarla şişman həyət qapısının cəftəsini bir daha yoxladıqdan sonra evə keçərək səhər obaşdan oyanmaq üçün soyunub yatağına uzandı…
* * *
Müəllim yanına gələn uşaqlardan birinin adı Ləman, o birisininki Tərlan idi. Yaxşı ki, onlar eyni sinifdə oxumaqla yanaşı həm də qonşu idilər və hər ikisi ilə birlikdə söhbət etmək daha çox məlumat toplamağıma kömək edə bilərdi.
Onlarla Ləmangilin evində, hər ikisinin valideyninin iştirakı ilə görüşdüm.
Ləmangilin mənzili beşinci mərtəbədə idi.
Olduqca səmimi olan bu ailə, Nərminin itməsindən çox narahat olmuş, məmnuniyyətlə söhbət etməyə razılıq vermişdilər.
Söhbətə ev sahibi kimi Ləmanın atası başladı:
-Bəxtiyar müəllim, Nərmini tanımasaq da, uşaqlardan onun başına gələnləri eşitmişik. Nərmin də bizim bir balamız, buyurun, sizi nə maraqlandırırsa soruşun, uşaqlar cavablandırsınlar.
-Tahir müəllim övladlarınız haqqında çox gözəl sözlər dedi, maşallah, ikisi də çalışqan, nümunəvi şagirdlərdir.
Bu, qarşımda oturub diqqətlə mənə baxan, sakit görünsələr də, daxildə həyəcan keçirdikləri hiss olunan yeniyetmələri sakitləşdirmək və onlarda özümə qarşı məhrəmlik hissi yaratmaq üçün edilən bir gediş idi. Bir dəfə polis əməkdaşları ilə görüşərək sualları cavablandıran bu uşaqlar, indi təkrarən onları sorğu-sual etməyi özlərinə qarşı inamsızlıq kimi qəbul edər, özlərinə qapanar və nəticədə hansısa mənə lazım ola biləcək ən vacib xırdalıqları unuda bilərdilər.
Uşaqlar təvazökarlıqla baxışlarını aşağı dikdilər. Başlarını qaldıranda hər ikisinin çöhrəsində yaranmış məmnunluq ifadəsi söhbətə başlamaq üçün bir işarə idi.
İndi suallara başlamaq olardı. Artıq psixikaları hələ tam formalaşmamış bu yeniyetmələrlə aramızda psixoloji kontaktın yarandığına əmin idim.
-Uşaqlar, bilirəm ki, polis əməkdaşları sizinlə görüşüb və bildiklərinizi onlara danışmısınız. Ancaq mənim sizə verəcəyim suallar bir qədər fərqli olacaq. Ona görə də suallarım ətrafında bir qədər fikirləşib sonra nə isə xatırlayarsınızsa deyin, xatırlamasanız, bilmirəm söyləyin.
-Buyurun, Bəxtiyar müəllim, biz hazırıq, -Tərlan hər ikisinin yerinə cavab verdi.
-Həmin gün məşğələ saat neçədə yekunlaşmışdı?
-Saat səkkizə on dəqiqə qalmış.
-Bunu necə xatırladın?
-Həmin gün axşam saat 8-də “Neftçi” - “Qarabağ” qarşılaşması var idi, fikirləşirdim ki, məşğələdən sonra birinci hissənin sonlarına evə çataram. Ancaq tez çıxdığımıza görə mən evə çatanda oyun cəmi otuz beş dəqiqə idi ki, başlamışdı. Mən isə məşğələdən evə, adətən qırx beş dəqiqəyə çatıram.
Tərlanın cavabı Tahir müəllimin dediklərini təsdiqləyirdi.
-Yaxşı, afərin, indi yadınıza salın görüm, Tahir müəllimin evindən çıxanda ətrafda nə isə qəribə, həmişə görməyə öyrəşmədiyiniz bir şey görmədiniz ki. Məsələn, qapıda dayanmış, içində adamlar olan maşın və ya səbəbsiz yerə yaxınlıqda var-gəl edən kimsə?
Uşaqlar fikrə getdilər.
Birinci Ləman dilləndi.
-Elə bir şey görməmişəm, ancaq bir qədər aralıda üst-başı yaman gündə olan, üzünü saqqal basmış bir kişinin diləndiyini xatırlayıram. O bizə tərəf baxanda tez üzümü çevirdim ki, yaxınlaşıb nəsə istəməsin. Üzr istəyirəm, ancaq ona elə uzaqdan gözüm sataşanda ürəyim bulandı.
-Aranızda neçə metr məsafə olardı?
-Təxminən on beş metr.
-Dilənçini mən də gördüm, ancaq başqa nəsə xatırlaya bilmirəm, -Tərlan da söhbətə müdaxilə etdi.
-Onun dilənçi olduğunu nədən bildiniz?
-Üst-başından, -Ləman sifətini turşutdu.
-Boyu və yaşını xatırlayırsınızmı?
-Boyu bəstə idi, bir altmışdan çox olmazdı, amma yaşını deyə bilmərəm.
-Siz gedəndə hələ də orada dayanmışdı, yoxsa uzaqlaşdı?
-Bunu xatırlamıram, daha onun tərəfə baxmadım, -yenə Ləman dedi.
-Mən də fikir vermədim, -Tərlan da əlavə etdi.
-Tahir müəllim sizinlə küçə qapısına qədər çıxmışdımı?
Bu, müəllimə olan inamsızlıqdan yox, hər şeyi dəqiqləşdirmək vərdişimdən irəli gələn bir sual idi.
-Xeyr, müəllimlə həmişə evdə sağollaşıb çıxırıq.
-Bəs olubmu ki, məşğələyə gələndə küçə qapısı içəridən bağlı olsun, qapını döyəndən sonra Tahir müəllim gəlib açsın?
-Xeyr, küçə qapısı həmişə açıq olur.
-Məşğələ vaxtı cib telefonlarınızı söndürürsünüzmü?
-Əvvəl-əvvəl səssiz rejimə qoyurduq, sonra bunun dərsimizə mane olduğunu görən müəllim söndürməyimizi tələb etdi.
-Nərminin də söndürdüyünə əminsinizmi?
-Əlbəttə, dərs masasının arxasına keçəndə ilk etdiyimiz şey telefonları söndürmək olur. Bu barədə valideynlərimizi də xəbərdar etmişik ki, zəng çatmasa narahat olmasınlar.
Valideynlər təsdiq işarəsi olaraq başlarını yellədilər.
-Hə, həmin gün hətta Nərmin telefonunu söndürərkən nə isə yadına düşdü, səhv etmirəmsə, kiməsə mesaj yazıb sonra söndürdü.
Bu nə ola bilərdi görəsən? Nərminin telefonundan mesaj göndərilmədiyini bilirdim. Ancaq uşaqların bunu bilməsi vacib deyildi.
-Mesajın göndərilməsi siqnalını eşitdinizmi?
-Xeyr, ancaq söndürməmişdən əvvəl bir neçə saniyə telefonun hansısa düymələrini basdı deyə, elə düşündük.
Bu suala uşaqlar xorla cavab verdilər. Deməli, bu məqamı dəqiq xatırlayırdılar.
-Bu barədə polis əməkdaşlarına nəsə demisinizmi?
-Xeyr, onlar soruşmadı, bizim də yadımıza düşmədi. Ümumiyyətlə sizin suallarınız onların suallarına heç oxşamır,- Ləman bunu deyib, bir qədər qızardı.
-Neçə vaxtdır ki, müəllimin evinə məşğələyə gedirsiniz. Deyin görüm, həmin küçədən çoxmu adam keçir?
-Elə də yox, -Ləman dedi.
-Adam az keçir, hərdən-birdən, -Tərlan da onun dediyini təsdiqlədi.
-Orada yaşayan qonşulardan kimisə tanıyırsınız?
Ləman susdu.
-Təkcə Zabitə xalanı tanıyıram. Sağ tərəfdəki qonşudur. Bir dəfə məşğələyə gələndə əlində ağır zənbil olduğunu görüb kömək etdim. Qapılarına çatanda isə məlum oldu ki, Tahir müəllimlə qonşudurlar. Amma onu görəndə çalışıram gözünə görünməyim.
-Niyə? -təəccüblə soruşdum.
Tərlan altdan-altdan böyüklərə baxdı.
-Yaman söyüşcül arvaddır. O gündən də məni nə vaxt görsə, “cüvəllağı” deyə çağırır, ona görə.
Otaqdakıların hamısının dodağı qaçdı.
-Tez-tez görürsən Zabitə xalanı?
-Tərslikdən demək olar ki, hə.
-Əsasən məşğələyə gedəndə, ya qayıdanda?
-Ən çox məşğələdən çıxanda.
Lazımlı ola bilərdi bu mənə.
-Nərminin yaxın rəfiqəsi var, Nazan. Onun tanıyırsınızmı?
-Xeyir, -Ləman dedi.
Tərlan isə susdu. Görünürdü ki, o da bu adı ilk dəfədir eşidir.
Bu iki qız yaxşı münasibətdə olsalar da, onların yaxın rəfiqə olmadıqları bəlli idi. Əks təqdirdə Ləman Nazanı mütləq tanıyardı.
Uşaqların valideynləri səbrlə sualların bitməsini gözləyirdilər.
-Yaxşı, uşaqlar, tam bir dəqiqə də fikirləşin, sualsız, özünüzün yadına düşən nəsə varsa deyin, yoxdursa, bununla yekunlaşaq.
Mobil telefonumu çıxarıb saatına baxdım.
Uşaqlar daha heç nə xatırlamadılar.
-Əgər nə isə bir sual yaranarsa, yenə də sizi narahat edə bilərəmmi? -deyib valideynlərə müraciət etdim.
-Əlbəttə, istənilən vaxt, lap gecə yarısı olsun. Bilirsiniz, dilimizə gətirməsək də, hamımız dərk edirik ki, bu hadisə bizim də uşaqların başına gələ bilərdi. Nə yaxşı ki, asayişimizin keşiyində duran, həyatını cinayətkarlıqla mübarizəyə həsr edən sizin kimi insanlar var. Bu yolun necə çətin bir yol olduğunu mən bilirəm. Həmişə qapımız üzünüzə açıqdır, Bəxtiyar müəllim, -Tərlanın atası qəhərləndi.
Ayağa qalxıb hamı ilə sağollaşdım.
Qapıya yaxınlaşıb, ayaqqabılarımı geymək üçün əyildim.
Birdən, bayaq oturduğumuz otaqdan Ləmanın anasının dediyi sözlər qulağıma çatdı- “Allah özü o uşağın köməyi olsun, həmin gün çox pis gün idi, elə bizimkiləri də az qalıbmış, yük maşını vursun evə gələndə”.
Bir daha məni ötürməyə çıxan kişilərlə sağollaşıb mənzildən çıxdım.
Liftin düyməsini basdım. Köhnə doqquzmərtəbəli binanın lifti piyadaların döyüş maşınından da bərk səslər çıxararaq dayandığım mərtəbəyə qalxmağa başladı.
Saat onun yarsı idi. Layiqə yəqin ki, ofisi bağlayıb getmiş olardı. “Qoy dincəlsin, sabah işi çox olacaq”, -deyə eyni gurultu ilə aşağı düşən liftdə fikirləşdim.
Binadan çıxıb taksiyə əyləşdim və ünvanı dedim. İndi də, əgər gec olduğuna görə valideynləri etiraz etməzsə, Nazanla söhbət etmək istəyirdim.
İyirmi beş dəqiqə sonra Nazanın yaşadığı mənzilin qarşısında idim. Zəngin düyməsini basdım. Qapını açan təxminən qırx beş yaşlarında olan kişi, -Buyurun, kim lazımdır?-deyə soruşdu.
Dedim:
-Mən iki gün əvvəl itkin düşmüş Nərmin İsmayılzadənin axtarışlarını həyata keçirən detektiv Bəxtiyar Nəzərliyəm. Siz yəqin ki, Nazanın atasısınız. Məsələ o qədər təcilidir ki, sabahı gözləyə bilmədim. Söhbət Nərminin həyatından gedir. Etiraz etmirsinizsə, qızınızla bir qədər söhbət etmək istəyirdim.
Bu sözləri eşidən Nazanın atası tez qapıdan çəkilib mən içəri dəvət etdi.
-Buyurun, əlbəttə, Nazan iki gündür ki, özünə yer tapa bilmir, anası ona yemək də yedizdirə bilmir. Ancaq ağlayır.
Səsimizi eşidən Nazan içəri keçməyimi gözləməyib dəhlizə çıxdı. Həqiqətən də ağlamaqdan gözləri şişmişdi.
-Əmi, Nərmindən bir xəbər var?
-Hələ ki yoxdur qızım, ancaq bəzi şeylər öyrənə bilmişəm, indi sənin də tam özünü toplayıb mənim bəzi suallarıma cavab verməyin lazımdır.
Nazanı aldatmağın mənası yox idi. Böyük qız idi və vəziyyətin ciddiliyini onsuz da gözəl başa düşürdü.
-Buyurun əmi, nə lazımdırsa soruşun, təki Nərmin tez tapılsın, o mənim rəfiqəm yox bacımdır, heç bilmirəm ona bir şey olsa mən neyləyərəm?
Görünürdü ki, Nazan da Nərmin kimi şən və gülərüz, bir qədər də dilli-dillavər qızdır. Ancaq rəfiqəsinin yoxa çıxması ona o qədər təsir etmişdi ki, çöhrəsində kədərdən başqa bir ifadə görmək mümkün deyildi.
Keçib divanda oturdum, Nazan da yanımda oturduğu üçün bir qədər ona tərəf çönüb ilk sualımı verdim.
-Çox yaxın rəfiqə olduğunuzu bilirdim. Nərminə görə keçirdiyin halları görəndən sonra necə yaxın dost olduğunuzu daha yaxşı anladım. Əgər belədirsə, demək həm də yaxın sirdaşsınız. Deyə bilərsənmi, bəlkə Nərminin elə bir sirri var ki, onu yalnız sənə açıb və sən də onu heç kimə deməməyə söz vermisən? Belə bir şey varsa mütləq mənə de və bil ki, bu dəqiqə rəfiqənin tapılması üçün ən kiçik, sənə əhəmiyyətsiz görünən bir məlumat da böyük rol oynaya bilər.
Nazan diqqətlə gözlərimin içinə baxdı, sanki mənə inanıb-inanmayacağına qərar verirdi, sonra nəzərlərini masanın kənarında oturmuş valideynlərinə dikib bir anlıq duruxdu və tez baxışlarını yayındırdı.
Nazanın atası arif adam idi. Üzünü mənə tutub, -Bəxtiyar müəllim, bizi üzürlü sayın, mənim bir az işlərim var, yoldaşım da indi sizə bir yaxşı çay dəmləyər, mətbəxə keçirik, siz rahat söhbət edin, - dedi.
Təklikdə qaldığımızı görən Nazan dərhal danışmağa başladı:
-Bilirsiz, Nərminin sevdiyi bir oğlan var, sinif yoldaşımızdır. Adı Rüfətdir. Bu sirri məndən başqa heç kim bilmir, Rüfət də Nərmini çox sevir.
-Onlar görüşürlər?
-Yox, nə danışırsız, ancaq məktəbdə bir-birilərini görürlər. Rüfət də utancaq oğlandır. Düzdür, bir dəfə Nərmini gəzməyə dəvət etmək istəmişdi, ancaq Nərmin razı olmadı və dedi ki, belə şeyləri unut, babamın icazəsi olmadan evdən çıxa bilmərəm, səninlə görüşməyə isə icazə verməz, heç bunu ona deyə də bilmərəm. O vaxtdan Rüfət daha o söhbətin üstünə gəlmir.
-Yaxşı, de görüm, elə bir şey var idimi ki, Nərmin son vaxtlar ancaq onun haqqında düşünsün, tez-tez o şey haqqında danışsın və ya nə isə onu narahat etsin.
-Nərminin tək fikri-zikri oxumaq və instituta qəbul olmaqdır. Bundan başqa onu heç nə maraqlandırmır.
-Nazan, indi verəcəyim suala cavab verməyə tələsmə. Fikirləş və de. Bir anlıq təsəvvür edək ki, kimsə Nərminin tanıdığı, yaxud bəlkə də təsadüfən tanış olub bir dəfə gördüyü və yaxud heç tanımadığı birisi, hansısa məkrli niyyətini həyata keçirmək üçün onu aldadaraq harasa, deyək ki, niyyətini həyata keçirmək üçün özünə münasib olan bir yerə çağırmaq və ya gətirtmək istəyir. Bu halda Nərmini nə ilə maraqlandırmaq olardı ki, o nənəsinə və babasına deməmiş həmin yerə getsin?
Nərminin rəfiqəsi fikrə getdi.
-Bilirsiz, Bəxtiyar əmi, ağlıma elə bir şey gəlmir. Bayaq dediyim kimi, Nərmini dərslərindən başqa heç nə maraqlandırmayıb heç vaxt. Hətta zarafatca ona deyirdim ki, vaxtından tez qocalmısan. O, bütün fənlərdən həmişə yüksək qiymətlər alıb. Ancaq ən çox sevdiyi ədəbiyyatdır. Olsa-olsa onu kitabla maraqlandırmaq olardı. Hə, “Qabusnamə”ni çox oxumaq istəyirdi. Hətta pul da yığmışdı ki, o kitabı alsın. Ancaq həmişə gileylənirdi ki, satışda yoxdur, heç yerdə də tapa bilmir.
-O kitab üçün harasa və ya kiməsə müraciət etmişdimi?
-Deyə bilmərəm. Eləcə deyirdi ki, heç yerdə tapa bilmir.
Bu çox vacib məlumat idi. Onu saf-çürük etmək üçün isə hələ tələsmirdim. Nəzərdə tutduğum bütün adamlarla görüşüb danışmamış, fikirlərimi bir ipə düzməyi sevmirdim. Hələ Tərlana cüvəllağı deyən o Zabitə arvad qalırdı. Tahir müəllimin qonşusu. İndi də Rüfət adlı birinin olduğunu öyrənmişdim.
Birdən Nazan əlini əlimin üstünə qoyub soruşdu:
-Bəxtiyar əmi, siz Nərmini tapacaqsınız?
-Tapacağam, qızım, mütləq tapacağam, -dedim.
Bu, rəfiqəsini doğma bacısı kimi çox istəyən qızın gözlərində elə bir yalvarış var idi ki, Nərmini tapacağıma bir daha özümə söz verdim.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Heydər Əliyev barədə yazılmış ilk poetik mətn hansıdır?
“Ədəbiyyat və incəsənət” portalı “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın məqaləsini təqdim edir.
HEYDƏR ƏLİYEV BARƏDƏ YAZILMIŞ İLK POETİK MƏTN –
Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin
“Elimin dayağı, yurdumun fəxri” şeiri
Şəhriyarın “O da şeirin, ədəbin Şah dağıdır, şanlı Səhəndi, / O da səntək atar ulduzlara şeir ilə kəməndi, / O da Simurqdan almaqdadı fəndi. / ...Yaşasın şair əfəndi” – deyə vəsf etdiyi o taylı-bu taylı Azərbaycanımızın böyük şairi Bulud Qaraçorlu Səhənd “Elimin dayağı, yurdumun fəxri” şeirini 28 iyul 1974-cü ildə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə xitabən yazmışdı və cənublu bir şairimizin qələmə aldığı bu şeir Azərbaycan ədəbiyyatında Heydər Əliyevə həsr olunmuş ilk şeirdir.
Səhənd isə, böyük türk alimi Ahmed Kabaklının dediyi kimi, “coşqun və həssas yapıda bir şairdir. Özəlliklə gənclik ilərində Türkçü-İslamçı hərəkatlara, demokrasi mitinqlərə felən qatılmış, ömrü boyunca da türk-islam davasının səmimi bir istəklisi olmuşdur. Əsarətin, zillətin kəndisinə ağır gəldiyini ən fazla bağıran Güney Azərbaycan şairlərindəndir...”.
Xəlil Rza Ulutürk də Səhəndin vətəndaşlıq qayəsindəki səmimiyyətə diqqəti cəlb edərək yazırdı: “Səhəndin vətəndaşlığında nə qədər paklıq, nə qədər yanğı, nə qədər ülviyyət var. Böyük vətəndaşlığı Səhəndin şair varlığında oda, alova, yeni bir istedad qaynağına çevrilib”.
Səhənd həm də, yuxarıda qeyd etdiyim kimi, Şəhriyarın ən yaxın dostlarından biriydi və Şəhriyar Azərbaycan poeziyasının incilərindən və bütöv Azərbaycan məfkurəsinin şah əsərlərindən biri olan “Səhəndim” poemasını Bulud Qaraçorlu Səhəndə ithaf etmişdi.
Nə baş verirdi ki, hələ panfarsist ideyaların tüğyan etdiyi, Rza şahın Azərbaycan türklərini ən adi milli hüquqlardan məhrum etdiyi dövrdə, yaxud Xəlil Rza Ulutürkün təbirincə “qocalmış, əprimiş fars millətini gəncləşdirmək, diriltmək üçün əlac axtaran paniranistlər yeganə çarəni Azərbaycan türklərini farslaşdırmaqda gördükləri” 1970-ci illərdə Səhənd Heydər Əliyevə şeir yazırdı və şeirində Əliyevi təkcə Bakının deyil, Təbrizin də, yəni bütöv Azərbaycanın dayağı adlandırırdı?!
“Elimin dayağı, yurdumun fəxri” şeirinin özəllikləri çoxdur. Ən başlıcası isə budur ki, bu şeir, dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Digər tərəfdən, şeirin müəllifi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhənddir. Üçüncüsü, Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı Ümummilli lider anlayışını irəli sürən ilk ədəbi mətndir: “Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bütün Vətənin!”.
Azərbaycan ədəbiyyatşünasları tərəfindən sətirbəsətir tədqiq olunmasına böyük ehtiyac duyulan bu şeir 1974-cü ildə yazılıb. Yəni o illərdə ki, hələ bizdə Cənubi Azərbaycan probleminin aktuallığı yalnız Bakıda iqamət etmiş mühacirlərlə, eyni zamanda Azərbaycan Demokrat Firqəsi ilə bağlıydı və belə bir dövrdə, yəni 1974-cü ildə Cənubi Azərbaycandan, tutaq ki, Bakıya sığınmış Qulam Yahya ilə heç bir siyasi əlaqəsi olmayan Səhənd Heydər Əliyevə xitabən “Sənə göz dikmişdir bütün Vətənin!” deyə səslənirdi.
Şeirin başqa bir özəlliyi. Səhənd onu tərənnüm, vəsf şeiri olaraq deyil, ağrı, həsrət, ayrılıq, nisgil şeiri olaraq yazır. Hətta şeirdən anlaşılan budur ki, Bulud Qaraçorlu Səhənd Heydər Əliyevi görmək üçün Təbrizdən Bakıya gəlsə də, məqsədinə çata bilməyib, yəni Heydər Əliyevlə görüşə bilməyib. Çünki həmin günlərdə Heydər Əliyev Bakıda deyilmiş: “İstərdim Bakıda Sən də olaydın”.
Cənubi Azərbaycanın öndə olan aydınlarından, şairlərindən biri kimi, Səhənd Şimali Azərbaycanın liderinə bütün vətənin göz dikdiyini iqrar edir, Bakıya elin dayağı, yurdun fəxri adlandırdığı Heydər Əliyevlə görüşmək üçün gəldiyini səmimi şəkildə etiraf edirdi:
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışım Sənnən.
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.
Səhənd Heydər Əliyevlə ana Vətən barədə nə danışacaqdı? Məsələnin sirr pərdəsi də bu nöqtədədir. Şeirdə belə bir fraza var: “Dağlar boyda ağır dərdi özümnən, Təbrizdən Bakıya daşıdım ancaq”. Səhəndin Təbrizdən Bakıya daşıdığı dağlar boyda ağır dərdi nə ola bilərdi, bu, indi hər kəsə bəllidir. Amma 1974-cü ildə yazdığı şeirdə Səhənd Bakıda Heydər Əliyevdən başqa, dərdlərini deyəcəyi bir adamın olmadığına da işarət edir: “Kimsəyə açmadım, ağır dözümnən / Hələlik lazımdır geri qaytarmaq”.
Yetərincə araşdırılmasa da, bəllidir ki, bütöv Azərbaycan problemi Heydər Əliyevin siyasi fəaliyyətinin aparıcı istiqaməti olub. O, 1990-cı ildə 20 Yanvar faciəsindən az sonra verdiyi bir müsahibədə Azərbaycana rəhbərlik etdiyi yetmişinci illər barədə danışarkən xatırladırdı: “son illərdə bir arzum vardı: Cənubi və Şimali Azərbaycanın əlaqələri güclənsin, onlar yaxşınlaşsınlar və gələcəkdə birləşsinlər”.
1970-ci illərdə Axundov adına kitabxanadan İran kitabxanalarına göndərilən kitablar, yaxud digər tədbirlər, Sovet-İran dostluğu səviyyəsində reallaşdırılırdı, bu, başqa. Lakin Cənubi Azərbaycan amilini Heydər Əliyev açıq siyasi mətnlə Səhəndin 1974-cü ildə yazdığı bu şeirdən təxminən 7 il sonra Azərbaycan Yazıçılarının 1981-ci il iyunun 12-də keçirilən VII qurultayındakı çıxışında ifadə edir: “Azərbaycan Yazıçılar İttifaqının son qurultayında (deyəsən, VII qurultayı idi) çıxış etdim, ilk dəfə olaraq Cənubi Azərbaycan sözünün üstündən yasaq götürüldü... O vaxta qədər mətbuatda Cənubi Azərbaycan sözü qadağan idi. Guya bu, SSRİ ilə İranın əlaqələrinə zərbə toxundura bilərdi. Cənubi Azərbaycan şairləri ilə ünsiyyət saxlayırdım. Balaş Azəroğluna Azərbaycanın Xalq şairi adını verdik, qurultayda Yazıçılar İttifaqının katibi seçildi. O vaxta qədər onlar çox sıxılırdılar. Onlara mənəvi arxa, dayaq lazım idi”.
Bütün bunları o, 1990-cı ildəki müsahibəsində deyirdi. Bu isə 1981-ci ildə keçirilmiş qurultaydakı çıxışındadır: “Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.
Dediyim kimi, məsələ açıq siyasi müstəviyə 1981-ci ildə Heydər Əliyevin bu sözləri ilə keçdi. Doğrudur, Balaş Azəroğludan da əvvəl Yazıçılar İttifaqının rəhbərliyində əslən cənublu Mirzə İbrahimov təmsil olunmuşdu. Lakin 1981-ci ildə Balaş Azəroğlunun katib seçilməsinə, şahlıq üsul-idarəsinin devrildiyi, hakimiyyətə ruhani elitanın gəldiyi, tarixin yeni məcraya adladığı bir mərhələnin kontekstində baxmaq lazımdır. Məhz belə bir dönəmdə, İran-SSRİ münasibətlərinin həssas bir məqamında əslən cənubdan olan Balaş Azəroğlu Yazıçılar İttifaqının katibi seçilmiş və hələ üstəlik, ona Azərbaycanın Xalq şairi fəxri adı verilmişdi.
Film kimi bir həyat yaşamış, nazirdən mürdəşirə qədər ömür yolu keçib sonunda Təbrizdə kimsəsizlər evində dünyasını dəyişən cənublu şair Məhəmməd Biriya barədə yazılan tədqiqatlarda onun taleyi ilə bağlı mühüm bir məqam hər dəfə pərdə arxasında qalır. Məhəmməd Biriya ilə bağlı Heydər Əliyevin fəaliyyətini nəzərdə tuturam: “Cənubi Azərbaycanın böyük bir şairi var idi – Məhəmməd Biriya. Cənubi Azərbaycan hərəkatı zamanı nazir olmuşdu. Sonra Azərbaycana gəlmişdi. Təəssüf ki, 1949-50-ci illərdə Rusiyanın Saransk şəhərində düşərgədə cəza çəkirdi, onu həbs etmişdilər. Mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən 1958-ci ildə şəxsən Saranska getdim, Biriya ilə görüşdüm, onu Bakıya gətirdim. Çox böyük şair idi”. Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən Rusiyadan – Saransk həbsxanasından “Arama qəbrimi, axtarma mənim başdaşımı, / Rəsimdə Həzrəti Nuh, ismdə xatəm də mənəm” deyən yazıq Biriyanı vətənə gətirmişdi.
Heydər Əliyev Rza şah hakimiyyətinin son illərində ölkəmizdə cənub mövzusuna təkan vermişdi. İslam inqilabından sonra – 1981-ci ildə Bakıda Şəhriyarın “Aman ayrılıq” kitabının nəşri isə bu prosesin yeni mərhələdə ideoloji başlanğıcı oldu: “Bizi yandırır yaman ayrılıq, bu darıxdıran duman ayrılıq, aman ayrılıq, aman ayrılıq”.
Yenə də Səhəndə və Səhəndin həmin şeirinə qayıdıram. Şeir ilk dəfə Ulutürkün təbirincə, “bizim ədəbiyyat institutunun əməkdaşı Ruqiyyə Qənbərqızının tərtibi və ayıq milli şüur işığına qərq olmuş ön sözü ilə” buraxılmış “Sazımın sözü” (1984) kitabında çap olunub. “Elimin dayağı, yurdumun fəxri” şeiri Azərbaycan ədəbiyyatşünaslığının elmi dövriyyəsinə ilk dəfə tənqidçi Elnarə Akimovanın “Poeziyada Heydər Əliyev idealı” məqaləsi ilə daxil olub...
Şəhriyarın təbirincə, “ulduzlara şeir ilə kəmənd atan”, şeir yazanda “qələmindən ulduzlar ələnən” Səhənd Pəhləvi rejimi tərəfindən dəfələrlə həbs olunmuşdu, Azərbaycanın birliyi, bütövlüyü, ana dilimiz uğrunda mücadilə etmişdi. Tehran Universiteti professorlarının “zəbani Azərbaycan” deyib dilimizlə bağlı lağlağı kitablar yazdıqları dövrdə necə ki Şəhriyar “Heydərbabaya salam”ı yazmışdı, Səhənd də eləcə, fars millətçilərinin qarşısına Dədə Qorqud dastanlarının poetik versiyası ilə çıxmışdı: “Mənim də əlimdən bu gəlir ancaq, / Səni keçmişinlə eyləyim tanış. / Başuca yaşamaq istəsən əgər, / Bax, gör babaların necə yaşamış”.
Burda həssas bir nöqtəyə də toxunmaq istəyirəm. 1978-ci ildə SSRİ-nin İrandakı səfirliyinin birinci katibi Baranov Kremlə Cənubi Azərbaycan şairləri, o cümlədən Səhənd barədə ilk məlumatları ötürəndə artıq Səhənd “Yolumu kəsəmməz qara zülumat” deyib iki dəfə (1971 və 1974-cü illərdə) Azərbaycana gəlib-getmiş və hətta Azərbaycan poeziyasının Heydər Əliyev səhifəsinin ilk misralarını – Vətən havalı ilk şeiri də yazmışdı.
23 yanvar 2022
SƏHƏND
ELİMİN DAYAĞIı, YURDUMUN FƏXRİ
Ustadım Vurğundan söz dilənərək
Qoy belə başlayım, şeirimi noolar,
O dahi sənətkar söylədiyitək
“Mən çocuq deyiləm, xeyli yaşım var”.
Ömrümdə çox isti-soyuqlar görüb,
Başımda bostanlar əkərkən həyat
Çətinliklər mənnən bacarammayıb,
Yolumu kəsəmməz qara zülumat.
Hər ağır dəhşətə mən dözə-dözə
Məsləkdaş, vətəndaş deyibən gəldim.
Ürək sandığını açmaqçün Sizə
Səfər yarağını geyibən gəldim.
Dağlar boyda ağır dərdi özümnən,
Təbrizdən Bakıya daşıdım ancaq.
Kimsəyə açmadım, ağır dözümnən
Hələlik lazımdır geri qaytarmaq.
Taledən gileyli olmayam gərək,
Ellərimi gördüm, gözlərim aydın!
Nəsibim olmadı, ancaq nə etmək?!
İstərdim Bakıda Sən də olaydın.
Hamıdan dinlərkən vəsfini Sənin,
Heyif ki, görüşmək qismət olmadı.
Bisütunlar çapdım mən Fərhad təkin,
Ancaq ki su gəlib arxa dolmadı.
Mən istərdim doğma bir qardaş kimi
Oturub, əyləşib danışım Sənnən.
Bir məsləkdaş kimi, bir yoldaş kimi
Söz-söhbət açaydım ana Vətəndən.
Sənin həvəsinlə doğma Bakıda
Dayana bilmədim, qaçdım da gəldim.
Yaman mənsiz qaldı o əziz yuva.
Qol-qanad açıban uçdum da gəldim.
Demişlər, qara bəxt dağa çıxarsa,
Günəş də gizlənər, dağ duman olar.
Məsəlçün, çağlayan dənizə varsa,
Yay üçün isti su buzlayıb donar.
Qardaşım, görüşmək olmadı qismət,
Nə qədər çırpındı ürəklərimiz.
Nə bilim, nəsibim beləymiş, əlbət,
Qəribə taledə yaranmışıq biz.
Sənə can sağlığı arzulayaraq,
Əminəm ki, bir gün görüşəcəyik.
İnsan istədiyin tapacaq ancaq,
Ürəklər görüşsün qoyaq hələlik.
Ancaq vaxtın olsa, Səhəndi dinlə,
Elinin səsidir Səhəndin səsi.
Bacarsan bu solğun gülləri iylə,
Vətən nəfəsidir, Vətən nəfəsi.
Bu gün millətimin dayağı Sənsən,
Elimin çörəyi halalın olsun!
Dünyalar durduqca əsən dur, əsən!
Sənə göz dikmişdir bütün Vətənin!
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
“Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur” - Con Maksvell
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
1-4-cü yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 4-cü yerlə tanış olun.
1.Entoni Robbins. «Özündə nəhəngi oyat»
2.Robin Şarma. «Titulsuz lider»
3.Bodo Şefer. «Qaliblərin qanunları»
4.Tom Piters. «Özünü brendə çevir»
--------------------------------------
5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür»
Həm də korporativ inkişaf və şəxsiyyət məsələləri üzrə məşhur natiq olan bu motivasiya spikeri düzgün, məhsuldar düşüncə tərzinə malik olmağı uğur qazanmaq yolunda ən vacib şərt hesab edir.
Con Maksvel iddia edir ki, eqoist o şəxs deyil ki, özü barədə çox düşünür. Eqoist o şəxsdir ki, başqaları barədə az düşünür.
Onun aləmində düzgün düşüncə tərzinə malik olmağın bir neçə yolu var:
- Çalışın ki, sizin sözlərinizlə işləriniz heç zaman ziddiyyət təşkil etməsin.
- Xırda hesab etdiyiniz hərəkətiniz başqalarına çox ağır təsir edə bilər. Çatılmış qaşlar əvəzinə gülümsəməyinizlə siz kiminsə gününü bayrama döndərə bilərsiniz.
- Əksər insan odu odla söndürmək, ağrıya ağrıyla cavab verməyə meyilli olur. Amma incidilmiş adama cavab zərbəsi yetirmək, yerə yıxılanı vurmaq kimidir.
- «Mumkünsüzdür» fakt deyil, rəydir. «Mümkünsüzdür» bəyanat deyil, çağırışdır. Potensialdır. Müvəqqəti haldır. Heç nədir!
- Hər bir çətinlikdə imkanlar gizlənir. Və hər bir imkan da çətinlikdən keçir.
- Uğurun ən əsas formulası insanlarla necə münasibət qurmağı bilməkdir.
- Ondan qorxmayın ki, həyatınız bitəcək. Ondan qorxun ki, o heç vaxt başlamayacaq.
- Sabahkı uğurun ən qorxulu düşməni bugünkü uğurdur.
- Saat 10-a kimi xoşagəlimli olsanız bütün gününüz yağ kimi gedər. – Uğurlu və adi insanın fərqi onların uğursuzluğa münasibətindədir.
İstəkli oxucularıma onu da söyləyim ki, amerikalı kilsə xadimi, 24 kitab müəllifi Con Maksvell həm də dünyanın ən məşhur liderlik məsələləri üzrə ekspertlərindən biridir.
Kitabımızın «liderlik» bölümündə Con Maksvellə yenidən qayıdacağıq.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
Rəsm qalereyası: Helqa Stensel, Gündəlik sürrealizm
Hər situasiyadan çıxış nöqtəsi var
YAYDA ARTIQ ÇƏKILI QADINLAR NECƏ GEYINMƏLIDIR?
“Ədəbiyyat və incəsənət” portalının Gənc ailə rubrikasının aparıcısı Səbinə bu dəfə modadan danışacaq. Qadınlar, xüsusən dolu qadınlar, yaxın oturun!
Müasir moda onu göstərir ki, hər yaşda və istənilən bədən quruluşu ilə dəbli görünmək mümkündür.
Dəblə ayaqlaşmaq təbii ki, yaxşıdır. Amma insanlar elə seçim etməlidir ki, həmin geyimlərdə həm özünü rahat hiss etsin, həm də gözəl görünsün.
Yay mövsümündə dolu xanımlar daha çətin anlar yaşayırlar. Çünki onlar artıq çəkilərinə görə çox açıq geyə bilmirlər.
Stilistlər dolu qadınların əsasən kəsikli və bol paltarlara üstünlük verməsini tövsiyə edir. Onların sözlərinə görə, paltarlarda olan kəsiklərin yerinə və ölçülərinə diqqət edilməlidir.
Artıq çəkili xanımlar həmçinin, şalvar, şort və ətək kimi geyimlərdən də istifadə edə bilər. Belə ki, onlar çox vaxt bu paltarlarda ətrafdakıların düşüncələrinə görə narahat olurlar. Ancaq xanımlar bilməlidirlər ki, onlar özlərini bu geyimlərdə rahat və sərbəst hiss edirlərsə, yaraşdırırlarsa o zaman ətrafdakıların fikirləri önəmli deyil. Sadəcə olaraq çalışıb cins yox, parçadan olan şortlardan istifadə edilsin. Bu həm isti havalarda sərin qalmaq üçün, həm də rahat hərəkət etmək üçün vacib nüansdır.
Bundan əlavə, artıq çəkili qadınlar üst geyim kimi ağ köynəklərə, cins şalvar, ona uyğun sadə çanta və rahat yerdən ayaqqabı geyinərək kombinlərini tamamlaya bilərlər. Həmçinin, dolu xanımların çox balaca çantalara üstünlük verməmələri məsləhət görülür.
Artıq çəkili qadınlar üçün bir neçə kombin təkliflərini şəkillərdə təqdim edirik.
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)
İrəvan Teatrının Türkiyəyə qastrol səfərinin gözləntiləri
Mədəniyyət Nazirliyinin ölkə tetarlarınını bölgələrə qastrol səfərlərini təşkil etməsi barədə “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə məlumat vermişdik. Amma qastrol səfərləri tək bölgələrlə məhdudlaşmır. Ölkə xaricinə turnelər də nəzərdə tutulur.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin – Ankara, İstanbul, Trabzon, Konya, Aksaray, Sakarya, Kocaeli, Bursa, Ədirnə, Çanakkala, Manisa, İzmir, Quşadası şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi əsasında növbəti səfərinin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə mediaya C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev məlumat verib.
“140 illiyinin təntənəli şəkildə keçirilməsi üçün imzalanmış Prezident Sərəncamı ilə yubiley tədbirlərinə hazırlaşan İrəvan Teatrının kollektivinin bu səfəri özündə həm də ölkə rəhbəri İlham Əliyevin “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasına töhfə vermək məqsədini ehtiva edir. Keçən əsrin əvvəllərindən etibarən, Türkiyənin müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qalmış Qərbi azərbaycanlı soydaşlarımız arasında Vətənə qayıdış layihəsinə dəstək prinsiplərini və geniş təbliğat işlərini həyata keçirmək üçün bu səfər ən səmərəli hadisələrdən biri kimi çox vacibdir. Güman edirik ki, İrəvan Teatrı məhz belə səfərlərlə dünyanın hər tərəfinə səfərlər həyata keçirməklə, köç etmiş soydaşlarımızı bir araya gətirmək üçün daim öz sənət imkanlarından istifadə edəcək, dədə-baba torpaqlarımızdan didərgin salınmış soydaşlarımızın öz yurd yerlərinə qayıtmaları istiqamətində daim geniş təbliğat işlərinə rəvac verəcəkdir”,- deyə teatrın direktoru bildirib.
Onun sözlərinə görə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi 2007-ci ildə Prezident Sərəncamına əsasən 125 illik yubileyini Azərbaycanda təntənəli şəkildə qeyd etdikdən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə yubiley tədbirlərini Türkiyə Cümhuriyyətinin Manisa, İzmir, Niğdə şəhərlərində davam etdirib: “Səfərdə kollektiv ölməz Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası əsasında “Məşədi İbadın düyünü” adlı məzhəkə və şair-dramaturq İftixarın “Müstəqil vətənin memarı” poeması əsasında müəllifin hazırladığı tamaşa-kompozisiya ilə çıxış edirdi. Teatrın bu gəlişi münasibətilə, əslən Qərbi Azərbaycanın Gümrü şəhərindən olan Niğdə valisi Gümrüz Bədər Niğdə şəhərindəki “Qızıl alma” parkının adını dəyişdirərək “Heydər Əliyev Parkı” adlandırdı. Parkın ən yüksək yerində isə Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin abidələrinin ucaldılması ilə bağlı qərar qəbul edildi. Uğurla keçən həmin səfərdən sonra İrəvan Teatrının kollektivi 2011-ci, 2013-cü, 2016-cı və 2018-ci illərdə böyük heyətlə, uzunmüddətli və geniş coğrafiyanı əhatə edən müxtəlif məzmunlu, sanballı tamaşalarla təmsil olundu. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan, eyni zamanda hər iki qardaş dövlətin dövlətçilik ənənələrini təbliğ etməkdən ibarət idi. Səfərlərdə Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində, türkiyəli müəllif Zihni Papaqçının “Soyqırımı abidəsinin dastanı”, şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı”, Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin ümummilli liderlik fenomenlərini təcəssüm etdirən türkiyəli müəlliflər Demər Çizməli və Pınar Çələbioğlunun qələmə aldıqları “Cümhuriyyətin ilk sədası”, yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar”, şair-dramaturq İftixarın “Nurlu ömrün anları” tamaşaları təqdim olunurdu. Türkiyənin ən böyük – İğdır, Ərzurum, Kars, Ankara, İzmir, Manisa, Muğla, Quş adası, Sakarya, Kocaeli, İnəgöl, Bursa, İstanbul, Amasiya, Ədirnə, Çanakkala, Samsun, Trabzon kimi şəhərlərində tamaşaçıların rəğbətini qazana bilmiş, çoxlu sayda diplom və fəxri fərmanlarla təltif olunmuşdur”.
İftixar Piriyev deyib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin köməyi ilə baş tutan bu səfərlərə Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək başda olmaqla, adıçəkilən şəhərlərin Aydınlar ocaqlarının rəhbərləri öz dəstəklərini əsirgəməmişlər. Sənətin ecazkar dili ilə həyata keçən və böyük səmərə verən bu səfərlərin birlik-bərabərlik möcüzəsi dünya birliyinin diqqətinə medianın təbliğat mexanizmi vasitəsilə çevik dinamikada çatdırılmışdır. Belə səfərlərin davam etdirilməsi hər zaman prioritet təşkil edir.
Elə bu səbəbdən də deyirik: “Yolun açıq olsun, qocaman sənət ocağı – İrəvan Dövlət Azərbaycan Dram Teatrı!”
“Ədəbiyyat və incəsənət”
(12.05.2023)