Nərgiz İsmayılova ilə blits-müsahibə
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
-Nərgiz xanım, xoş gördük.
-Xoş gördük.
-Siz həm elm xadimi, həm yazar, həm naşirsiniz. Ədəbiyyatda son zamanlar gedən proseslərə necə baxırsınız?
-Son zamanlar ədəbiyyatımızda ən maraqlı əsərləri yaşlı nəslin nümayəndələri yaradır. Gənclərin yaratdıqlarını çox bəyənmirəm. Çünki əksər gənclərimiz yenə yaşlı nəsli yamsılayır, onların bir növ, prototipləri imicini yaradırlar. Bu isə tamamilə gözə girmək, təsdiqlənmək yanğısıdır. Məncə, bu bizə lazım deyil. Bu körpüdən keçməyənlərə, gerçək ədəbiyyat aşiqlərinə salam olsun.
-Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası məsələsi sizi qane edirmi?
-Məncə, Azərbaycan ədəbiyyatında kifyət qədər yazarın əsəri tərcümə olunaraq dünyaya təqdim olunub. Bu gün ədəbiyyatımızda qəribə bir struktur formalaşıb. AYB-nin üzvü olan yazarlar belə iki yerə bölünüb. Azad və asılı yazarlar. Azad yazarlar öz hesabına, asılı yazarlar isə xüsusi dəstəklər hesabına dünyaya çıxış əldə edir. Asılı yazarlar daha çox təbliğ olunsa da, daha çox azad yazarlar sevilir, oxunur. Azad yazar dediyim isə heç bir şəkildə bilinən “azad” anlayışı ilə əlaqəli deyil. Yəni burdakı azad anlayışı ruhsallığı, qüruru özündə əks etdirir. Və əsas olaraq dünya standartlarına uyğunluğu.
-Bu gün gənc nəsillə, yaşlı nəsil arasında münaqişə var, bunu necə dəyərləndirirsiniz?
-Bu, məncə, şirin münaqişədir. Bu gün gəncik və getdikcə bizlər də yaşlı nəsil olmaq yolunda irəliləyirik. Bu kimi məsələlər hər bir xalqın ədəbiyyatında mövcuddur. Əsas odur ki, sonda birləşirik. Bizim xalqımız böyüyə hörmət etməyi bacarır. Böyüklərimiz isə barışmaq, bağışlamaq hissinə malikdirlər. Bu əladır.
-“Yarasa” yayınlarının rəhbərisiniz, hansı kitabları tərcümə edib mühitə təqdim edəcəksiniz?
-Bütün yasaq, ekzotik, erotik, dəyərli əsərləri, əsil ədəbiyyat incilərini... Bu yolda artıq ilk addımları atmışıq. Maraqla da qarşılanıb.
-Sizcə sevgi nədir?
-Mən artıq heç özüm də bilmirəm sevgi nədir. Pozitiv notlarla səsləşən hər şey sevgidir. Ancaq eşq tamam ayrı fəlsəfədir. Di gəl, bunların hər ikisi məhvə məhkumdur. Mənim həyatımda tutqu və ağıl əsas meyarlardır.
-Təşəkkür edirik müsahibə üçün.
-Siz sağ olun. Ədəbiyyat sahəsində göstərdiyiniz eleqant fəaliyyətə görə portalınıza təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)