Super User

Super User

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqı Gənclərlə iş bölməsinin rəhbəri İlahə Qismət “Dəmir yumruq” baletini yazıb. 44 günlük Vətən müharibəsi haqqında ilk irihəcmli musiqi əsəri olan birpərdəli balet BMA-nın Opera studiyasında təqdim edildi.

 

Öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bəstəkar İlahə Qismət qeyd edib ki, səhnə əsərinin libretto müəllifi Əməkdar artist Yuri Lobaçev, baletmeysterləri Y.Lobaçev və Əməkdar artist Ceyhun Qubadovdur. O, bəstəkarlıq yolunda ona dəstək olan müəllimi, SSRİ Xalq artisti Arif Məlikovu dərin ehtiramla yad edərək baletin ideya müəllifi Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və BMA Bəstəkarlıq kafedrasının müdiri Əməkdar incəsənət xadimi Aydın Əzimova minnətdarlığını bildirdi.

O da diqqətə çatdırıldı ki, baletin nümayişi “Şuşa fatehlərinin Zəfər yolu” layihəsi çərçivəsində gerçəkləşir. Tamaşa ilk olaraq Vətən müharibəsi iştirakçıları və onların ailələri, eləcə də qazilər və hərbçilər üçün təqdim olunur. “Mədəni Əlaqələrin İnkişafına Dəstək”, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması”, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” ictimai birliklərinin birgə layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə keçirilmiş müsabiqədə qalib olub.

Baletdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin timsalında I Qarabağ müharibəsindən başlayaraq Şuşa zəfərinə doğru gedən keşməkeşli yol tərənnüm edilir. I Qarabağ müharibəsi zamanı hələ balaca uşaq ikən gözü qarşısında mənfur düşmənlər tərəfindən atasının amansızlıqla qətlə yetirilməsi onun kiçik qəlbində dərin travmatik iz qoyur. Daxili aləmində toplanmış qisas istəyi və Vətən həsrəti ilə böyüyərək gənclik illərinə çatan baş qəhrəman artıq zamanın dolduğunu, Ali Baş Komandanın “İrəli!” komandası ilə Vətən torpaqlarının qurtuluşunun başlandığını eşidir. Xalqının və ailəsinin intiqamını almaq üçün Vətən müharibəsini bir şans kimi dəyərləndirən gənc qəhrəman sevdiyi xanımla vidalaşaraq igid dostları ilə müharibəyə yollanır. Qüdrətli Azərbaycan Ordusu müharibədə davamlı zəfərlər qazanır və igid döyüşçü bayrağımızı Şuşa zirvəsində dalğalandırır, “Dəmir yumruğ”unu göyə qaldırır.

Balet tamaşasının xronometrajı 44 dəqiqədir. Bu da Vətən müharibəsinin davam etdiyi zamanı simvolizə edir.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 113-cü mövsümə “Sən elə bir zirvəsən” adlı tamaşa ilə yekun vurub. 

 

Səhnə əsəri Ulu Öndər Heydər Əliyevin 100, Peşəkar Milli Teatrın 150 illiyi münasibətilə hazırlanıb. 

Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər. 

Xatırladaq ki, Musiqili Teatrın yaradıcı heyəti bu tamaşa ilə Gəncə və Şəki şəhərlərində də qastrol səfərlərində olublar.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Bakıdakı Rus Evinin Poeziya Klubu çərçivəsində sabah - iyulun 22-də böyük rus şairi, dramaturq, kinossenarist, kinorejissor, aktyor və rəssam Vladimir Mayakovskinin anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili-poeziya gecəsi keçiriləcək.

 

Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Gecədə klubun gənc iştirakçılarının ifasında şairin şeirləri səsləndiriləcək. Proqramda, həmçinin pianoçu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Ləman Cəfərovanın ifasında musiqi nömrələri ifa olunacaq.

Vladimir Mayakovski ХХ əsrin ən böyük şairlərindən biri hesab olunur. Qısa ömrü ərzində Mayakovski özündən sonra bir ədəbi irs qoyub.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

 

Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev mediaya açıqlayıb ki, festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Onun sözlərinə görə, filmlər beynəlxalq və uşaq münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək, qaliblər 6-cı ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətinin üzvləri yaxın zamanda açıqlanacaq.

Bildirilib ki, festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

Qaliblərə - beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi GRAND PRIX” kateqoriyası üzrə (1000 ABŞ dolları), beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (500 ABŞ dolları), yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (500 ABŞ dolları), yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (300 ABŞ dolları), eləcə də tamaşaçı rəğbəti və tərəfdaşların xüsusi mükafatları təqdim olunacaq.

Qeyd edək ki, ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir. 

Əziz oxucular, filmlərin siyahısı və digər zəruri informasiyaları buradan oxuya bilərsiniz:

 

https://anima.az/2023/07/6-ci-animafilm-festivalinin-musabiqe-istirakcilari-belli-oldu/

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı mazirliyə istinadən bildirir ki, bu çərçivədə Beynəlxalq Muğam Mərkəzinin solistləri iyulun 22-də Cəbrayıl rayon Mədəniyyət Evində "Muğamat var olan yerdə" adlı konsertlə çıxış edəcəklər.

Qeyd edək ki, qastrol səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Dünəndən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-da istehsal olunan və dünyada ən çox gözlənilən 2 film nümayiş olunmaqdadır. 

Bunlardan biri real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik kinosudur.

Bu hekayə II Dünya müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir. (“Ədəbiyyat və incəsənət” portalı bu azbüdcəli fiım barədə sizlərə geniş danışmışdı)

 

Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.

Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən uzun və son 20 ildə R kimi qiymətləndirilən ilk filmdir (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur).

Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.

Filmin büdcəsi 100 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.

İkinci ekran əsəri “Mattel” şitkətinin Barbi oyuncaqları seriyası əsasında “Barbi” komediya filmidir.

Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib.

Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.

Filmin büdcəsi 145 milyon dollardır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

"Elzanın Yazıçılar Birliyinə üzv seçilməyi böyük mübahisəyə səbəb oldu. Camaatın haqlı tərəfləri var. Mənimlə də münasibəti yoxdur. Çünki irad bildirdim ki, elə şeir yazma. Yazsan da, bir yerə qoy qalsın. Qayıtdı ki, fəlsəfəm var". 

 

Axşam.az yazır ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov əməkdar artist Elza Seyidcahanla bağlı açıqlamasında deyib. İfaçı "MeyXəbər" proqramında müğənninin Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildirib. O, qeyd edib ki, insanların bunu tənqid etməsinə haqq qazandırır.

Vüqar Seyidcahanın şeirlərinin mənasız olduğunu vurğulayıb və onları ələ salıb:

"Bəlkə gələcəkdə lazım olacaq. İndi aktyorlar onun şeirlərini iyrənc formada ifadə edirlər. "Qazanı açdım, kəfini yedim". Bu nədir? Vallah, qaytaracaqsan".

Qeyd edək ki, meyxanaçı ilə müğənni uzun illərdir küsülüdür. Vüqar Elzanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə "ana qaz, ananas"... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Seyidcahan isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" deyə, Vüqara cavab verib. 

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

27–ci dərc

 

 

«Qızılbaş» son görüşlərdəkindən fərqli olaraq bu dəfə təmkinli görünürdü. Keçən görüşlərində nə qədər istehza ilə danışsa da, qarşısındakı adamın necə bir peşəkar olduğunun fərqinə varırdı və baş-başa gəldikləri keçmiş polis zabitlərinin də bacarıqlarına bələd olduqdan sonra adamının vəziyyətini başa düşürdü.

-Danış, bu dəfə nə baş verdi?

-Özüm də başa düşmürəm. Mənə elə gəlirdi ki, hər şeyi fikirləşmişəm. Adamımı da hər ehtimala qarşı gecədən oraya qoymuşdum, qızın olduğu həyətə.  Məntiqlə, əgər qız son günlər ofisə gəlmir və evinə də getmirdisə, deməli onun etibarlı yerdə olduğuna əmin olub mühafizəsinə ehtiyac duymamalıydılar. Adamım da rahat öz işini görməliydi. Ancaq belə məlum oldu ki, heç də hər şey belə deyilmiş.

-Ya da başqa səbəb var. Qızın ortalıqda görünməməsi onun mütləq şəkildə bu günlər ərzində gecə-gündüz o evdə oturub bayıra çıxmamasına dəlalət etmir. Çox güman ki, Aydəmirin səhvindən sonra bu villanın mənim məkanım olduğunu öyrəniblər. Əmin olasan ki, onlar da bizim imkanlarımıza və ağlımıza lazımınca qiymət verirlər və səhvimizdən nəticə çıxaracağımızı və növbəti addımlarımızın daha kəskin olacağını hesablaya biliblər. Elə bundan sonra qızı sığortalamağı qərara alıblar. Bu isə həm də o deməkdir ki, indi özləri də daha ehtiyatlı olacaqlar.

-Bu dediklərinizi mən də fikirləşmişəm. Belə çıxır ki, bizi Bəxtiyara aparıb çıxaracaq o qızı itirdik və daha onu axtarmağa vaxt sərf etmək mənasızdır. Yenidən bütün diqqətimizi Bəxtiyara yönəltməliyik.

-Amma necə?

-Əvvəla, belə məlum olur ki, onların bu günə əldə edə bildikləri ən böyük məlumat bu məkan barədədir. Hər-halda bizim bildiyimiz qədər belədir. Bu isə onlara elə bir üstünlük vermir. Olsa-olsa, məkan vasitəsilə qarşı tərəfin konkret kim olmasını bilmələri ilə vəziyyət bərabərləşib.  İkincisi, biz də bir yerdə oturmamışıq. Onların məlum telefon nömrələri dinlənilir. Polkovnikin də, Bəxtiyarın da evləri nəzarətimizdədir. İki adamım dayanmadan hər ikisinin mümkün əlaqələrini yoxlayır. Hər halda, tezliklə bizə bir iynənin ucu qədər də olsa, iz verəcəklər. Mənə isə, bu bəs edəcək. Mənim bu Bəxtiyarla öz xüsusi hesabım var, bunu unutmayın.

-Elə isə, qaldığın yerdən davam elə. Tezliklə səndən bir nəticə gözləyirəm.

-Nəticə olacaq. Buna şübhəniz olmasın.

«Qızılbaş» masanın üzərindəki naxışlı qutudan bir siqar götürüb yandırdı, oturduğu kresloya yayxanıb sinəsinə aldığı tüstünü tavana buraxdı. Bu, söhbətin bitməsinə işarə idi.

 

* * *

Bəzi işlərimi görüb axşam Gülanənin yanına gəlmişdim. Şam yeməyindən sonra divanda uzanıb başımı onun dizinin üstünə qoymuş, işimin olmamasından istifadə edib xeyli söhbət etmişdik. Hər şey bitəndən sonra Nadiri də ailəsi ilə birlikdə götürüb Xaçmaza getməyi, bir neçə gün qalmağı planlaşdırmışdıq. Özümüz də hiss etmədən söhbətimiz o qədər uzanmışdı ki, yatağa girəndə saat təxminən 2 radələri olardı.

Buna baxmayaraq, adətim üzrə səhər tezdən oyanmışdım. Gülanə məzuniyyətdə olduğu üçün çox rahat idik. Burada qaldığım son günlər səhərlər onu oyatmamağa çalışır, tezdən oyananda yerimdən sakitcə qalxırdım ki, yatıb yuxusunu ala bilsin. Özüm «torağay» olsam da, səhər yuxusunun necə şirin olduğunu bilirdim. Ancaq olduqca oyaq yatan Gülanə cəmi iki dəfə qalxmağımdan xəbər tutmamışdı, qalan günlər mənimlə eyni vaxtda yataqdan qalxmışdı.

İndi də, hələ çox tez olsa da, səhər yeməyini birlikdə yemişdik. Üstündən bir stəkan da çay içib getməyə hazırlaşırdım. Yataq otağına keçdim. Səhər duş qəbul etdikdən sonra geyindiyim hamam xalatını çıxarıb yatanda çıxardığım paltarlarımı gözümlə axtardım. 

-Əynindən çıxanları axtarma, onları yumağa atmışam. Təmiz paltarlarını o biri otaqda stulun başına qoymuşam, -mətbəxdən Gülünün səsi gəldi.

Qonaq otağına keçib geyinməyə başladım. Ciblərimdən çıxan əşyalarım da başqa bir stulun üstündə səliqə ilə yan-yana düzülmüşdü.

Birgə yaşamağa başladığımız ilk vaxtlarda belə diqqət məni bir qədər narahat edirdi. Ömrünün çox hissəsini, son illəri çıxmaq şərti ilə spartan şəraitində yaşamağa öyrəşmiş birinə belə qayğı etiraf edim ki, əvvəl-əvvəl bir qədər əcaib gəlir, bunu vərdiş etdiyim sərbəstliyimə müdaxilə kimi qəbul edib qıcıqlanırdım. Yəni istəmədiyim halda bunu çıxar, onu geyin, bu kostyumla bu köynək tutmur, tez dəyiş və bu kimi öyrəşmədiyim, ancaq Gülanənin tələbi ilə etməyə məcbur olduğum şeylərə səbirlə yanaşmalı olurdum. Təbii ki, bunu büruzə vermirdim. Amma öyrəşəndən sonra bu şeylər o qədər xoş gəlir ki, hərdən belə hallarda özünü anasının məktəbə göndərməyə hazırlaşdırdığı məktəbli kimi hiss edirsən.

Hələ illər əvvəl, insan psixologiyasını özüm üçün hobbi seçib öyrənməyə başlayanda, zaman-zaman başa düşdüm ki, ən güclü kişinin də, bəzən özünü məhrəm bir adamının yanında uşaq kimi hiss etməyə, onun qayğısını duymağa ehtiyacı olur. Ancaq çox az kişi bunu etiraf edir.

Müqəddəs Qurani-Kərimdə möminlərə mükafat olaraq cənnətdə onlara yoldaşlıq edəcək hurilər vəd edilir. Bunu hamımız bilirik. Ancaq heç vaxt fərqinə varmırıq ki, bu dünyada da həmin hurilərin prototipi sayıla biləcək qadınlara rast gəlinir. Onlar azdır, ya çoxdur, bilmirəm, ancaq var. Hər halda mən, Gülanənin simasında bu dünyada öz hurimi tapmışdım.

Paltartarımı geyinib dəhlizə keçdim.

Sakitcə dayanan Gülanə ayaqqabılarımı necə geyinməyimə baxıb susurdu.

-Bilirəm, fikirləşirsən ki, çox tezdir. Ancaq getməliyəm.

Bunu desəm də, belə hallarda hər şeyi başa düşən Gülanənin heç vaxt danışmadığını bilirdim. Onun yanağından öpüb qapıdan çıxdım.

Fikrimcə növbəti iki gündə işim həddən çox olacaqdı. Nə qədər çox, bunu gedişat və gözlədiyim məlumatların nə vaxt veriləcəyi göstərəcəkdi. Hətta bu iki günün araşdırmada nöqtə qoyulacaq son günlər ola biləcəyini də ehtimal edirdim. Əlbəttə, Salamın işinin bu dediklərimə heç bir aidiyyəti yoxdur. O məsələdə hələ xeyli baş sındırmalı olacağam.

Pilləkənləri düşüb küçəyə çıxdım. Görək araşdırmanın səkkizinci günü bizə nə vəd edir. Belə tezdən çıxmağımın səbəbi var idi. Evimin yaxınlığındakı küçələrdən birinə gedib orada bir məsələni dəqiqləşdirməli idim. Ola bilərdi ki, buna bir neçə saatım sərf olunsun. Sonra məlumatı yoxlayacaqdım və əgər işarə verilibsə, həmin məlumatı götürüb sonrakı addımları atacaqdım. Ona görə də, dediyim məsələni dəqiqləşdirməyi səhər saatlarına salmışdım.

 

* * *

Polkovnik Arif Dadaşzadə qarşısındakı gənclərə tapşırıqlarını verirdi.

-Sən, Xalid, təcili bu konverti valyutadəyişmə məntəqəsinə çatdır. Oradan birbaşa Rəsulun işlətdiyi mağazaya get, tapşır işarəni versin. Özü nə etmək lazım oldğunu bilir.   

Tapşırığı alan gənc ünvan yazılmış kağızı alıb sürətlə otaqdan çıxdı.

-Səninsə Muxtar, tapşırığın bir qədər çətin olacaq. Ruhi-əsəb dispanserində qeydiyyatda olan Qabulov Qılınc Alxas oğlu adlı birinin yerini müəyyən etməlisən. Daha doğrusu, onun Bakı və ya Bakı kəndlərindən birində yaşayıb-yaşamamasını aydınlaşdırmalısan. Bakı qeydiyyatı yoxdur. Yeganə qeydiyyat yeri Balakən rayonudur və öyrənmişik ki, uzun illərdir ora ilə heç bir əlaqəsi yoxdur. Adamın təxminən əlli yeddi yaşı var. Ənənəvi üsullardan istifadə etmək istəmirəm. Əgər səhv etmiriksə və bu biz axtardığımız adamdırsa, çox təhlükəli və qazdan ayıq biri olmalıdır. Onu heç bir halda duyuq salmaq olmaz. Nədənsə duyuq düşüb gizlənərsə, bu bizi məqsədimizə aparan əsas ipin qırılması demək olacaq. Öz bildiyin, sənə öyrətdiyim vasitə və kanallarla dediklərimi öyrənməyə çalış. İndi günortadır, axşama çalış, nəticə olsun, bilirəm, asan deyil, ancaq bu çox vacibdir.

-Baş üstə Arif müəllim. Nə mümkündürsə, edərəm.

-Haydı, tərpən.

İkinci gənc də otağı tərk etdikdən sonra polkovnik yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Bura, yükdaşıma xidmətlərini həyata keçirən şirkətin ofisi idi. Bu şirkəti istefaya çıxdıqdan sonra açmış və yaxın bir qohumunun adına rəsmiləşdirmişdi. Buraya tez-tez gəlməz, gələndə də həyətdəki arxa qapıdan içəri keçərdi. Şirkətə topladığı gənclərin əksəriyyəti özü kimi təqaüddə olan, illərlə dostluq etdiyi kolleqalarının övladları, sınaqdan çıxmış, bacarıqlı uşaqlar idilər. Gənclər əsasən elə şirkətdəki birbaşa vəzifələri ilə məşğul olur və aybaay maaşlarını alırdılar. Ancaq bəzi hallarda qocaman polkovnik bu uşaqlara öz birbaşa vəzifələrindən kənara çıxan tapşırıqlar da verirdi, yalnız bəzi hallarda və heç də hamısına yox, seçilmişlərə. İndi tapşırıqlarını verdiyi bu iki gənc də bacarıqlarına ən inandığı uşaqlar idi.

Pəncərə qarşısında duran polkovnik, bir qədər vərdiş etdiyi mənzərəyə baxıb öz-özü ilə danışırmış kimi pıçıldamaqdaydı: Adı it dəftərində də olmayan, özünü yalandan dəliliyə vurmuş birinin İsfəndiyarın oğlunu öldürmək üçün bir motivi olmamalıdır. Əgər doğrudan da qatil bu Qılıncdırsa, ona bu işi tapşıran biri olub. Kimdir o? Səttar ölüb. Ancaq məntiqlə bu sirri qəbirə aparmalı olduğu halda, ölməmişdən qabaq, hansısa səbəbdən oğlu Teymur vasitəsilə Əmirxanın qətli barədə məlumatlı olduğuna və Rəmziyə eyham vurur. Əlbəttə bu eyhamlar Teymur üçün qaranlıq qalır və bunu ancaq Bəxtiyar kimi peşəkar çözə bilərdi. Bəs bunu niyə edir? Məgər o, İsfəndiyara ən yaxın olmuş biri kimi başa düşmürdü ki, İsfəndiyar sirri öyrənəcəyi təqdirdə hansı fəlakətlər baş verəcək? Bilirdi, əlbəttə bilirdi. Bəs onda buna onu vadar edən nə olub? Dayan, belədirsə, onda o göndərdiyi mesajın heç bir halda İsfəndiyara çatmayacağına əmin idi. Bəs bu əminlik haradan idi? Yenə də sual. Bu suallara cavab tapmaq lazımdır. Hər-halda bu, Səttarın o gəncin qətlinin sifarişçisi olmadığını təsdiq edir. Səttarın Rəmziyə eyham vurması və göndərdiyim «Vicdan susanda» romanını gördükdən sonra qorxuya düşən Səlimin İsfəndiyardan sonra ilk olaraq Rəmzi ilə görüşməsi bundan sonra şübhələri Rəmziyə yönəldir. Təəssüf ki, hələlik yalnız şübhələri. Rəmzinin «mələk» olmadığı məlumdur. Ancaq hələ ki onu nədəsə ittiham etmək üçün bu dediklərim kifayət etmir. Bəs onda Səlimin bu işdə rolu nə olub? Əslində ilk günlərdən ən çox şübhələndiyim Səlim bu gəncin qətlində nə dərəcədə günahkardır? Bu nə məsələdirsə, dolayısı ilə də olsa, İsfəndiyarın oğlunun qətlində adı şübhə doğuranlar kimi hallananlar elə İsfəndiyarın öz yaxın ətrafında olanlardır - Səttar, Səlim və Rəmzi üçlüyü. Sirr, onların yaratdığı bu üçbucağın içərisində gizlənir. Kimin günahı nə qədərdirsə, üçbucağın ona aid tərəfinin uzunluğu da o qədərdir. Bunu gələcək göstərəcək, indi onları bir qırağa qoyaq. Bəxtiyar… Bəxtiyar üçün narahatam. Əminəm ki, onun qətlinə fərman verilib. Bunu dilimə gətirə bilmədim görüşəndə. Amma özü də uşaq deyil, hər şeyi başa düşür. Artıq geriyə yol yoxdur. Ya biz, ya onlar. Hadisələrin buraya qədər gəlib çıxa biləcəyini təxmin etməli idim. «Harun»un adamları mənim haqqımda məlumatlıdırlar. Bilirlər ki, harada danışmaq, harada susmaq lazım olduğunu bilirəm. Bu cəhətdən mən hələ ki, onların əsas hədəfində deyiləm. Ancaq Bəxtiyarı məni tanıdıqları kimi tanımırlar və bu səbəbdən onların indiki halda əsas hədəfləri Bəxtiyardır. Barələrində hər-hansı məlumatın lazım olmayan qulaqlara çatmasından ehtiyat edirlər. Psixologiyalarının təhlili göstərir ki, cinayətkarlar heç vaxt oturub təhlükəni gözləmirlər. Əgər mümkündürsə başağrısı olmamaqçün əvvəlcə ondan qaçmağa çalışırlar, mümkün deyilsə, düşünmədən o təhlükənin mənbəyini aradan götürürlər. Bəxtiyar da onlar üçün böyük təhlükə mənbəyinə çevrilib, başqalarının bədbəxtlikləri üzərində qurduqları, yağ-bal içində yaşamağa öyrəşdikləri həyatı bir anda dəyişə biləcək təhlükənin mənbəyinə.

Polkovnik pəncərədən aralaşıb son üç gündə ülgüc dəymədiyindən tük basmış üzünü əlləri ilə ovdu. Yuxusuzluqdan onun gözləri qızarmışdı…

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

  Barbara Şer

 

 

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.

                 

Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki, 1) «Hər şey arzulamaqdan başlayır»; 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»;  3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»; 4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»; 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».

Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.

Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.

 

             Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı

 

Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin  Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?

«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır,  bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.

Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.

Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.

İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.

Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki  metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».

Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.

Ötən günlərdə ilk çalışmalarla tanış olmuşdunuz.

Birinci çalışma.

Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».

İkinci çalışma.

Özünüzü kəşfiyyat məqsədi ilə sizin mənzilinizə daxil olmuş xəfiyyə təsəvvür edin və xəfiyyənin gözü ilə «ilk dəfə evinə girdiyiniz adama» qiymət verməyə çalışın. O nəyə meyil edir? Hansı həyat tərzini keçirir?

Məsələn, «Bu insan mətbəx sirlərini gözəl bilir. Belə ki, onun mətbəx şkafında dünyanın ən gözəl ədviyyatlarına rast gəlmək mümkündür, o, bunlardan xörək bişirəndə həmişə istifadə edir», - kimi.

Siz xəfiyyənin adından nə yazacaqsınızsa, bu, sizin portretiniz olacaq. Özünüz barədə təəccüblü, gözlənilməz şeylər öyrənəcəksiniz.

Üçüncü çalışma.

Yaxın bir adamdan xahiş edin ki, üç dəqiqə ərzində sizin ən yaxşı keyfiyyətlərinizi söyləsin. Bunları bir vərəqə köçürün. Özü də, həmin şəxs «Sən çox ağıllısan», «Sən çox yaraşıqlısan» seriyasından olan komplimentlər səsləndirməməlidir: « Sənin çox zəngin fantaziyan var», «Sən çox nizam-intizamlı adamsan» və s. kimi keyfiyyətlər söylənilməlidir.

Bu çalışma sizə kənardan özünüzə baxmaq, öz üstün cəhətlərinizi görə bilmək üstünlüyü verəcək. Və çox yəqin ki, sizi yeni düşüncələrə və ideyalara kökləyəcək.

 

Bu günsə növbəti çalışma ilə tanış olacaqsınız.

Dördüncü çalışma.

Özünüzün iyirmi ən sevdiyiniz məşğuliyyəti vərəqə köçürün. Bura, həm böyük vaxt aparan məşğuliyyətlər (məsələn, kino çəkilişi), həm də epizodik məşğuliyyətlər (məsələn, pəncərədən yoldan keçənləri müşahidə etmək) aid ola bilər. Yazandan sonra iyirmi punktun hər birinə bir-bir nəzər yetirin və hər birində də özünüzə sual verin: son dəfə mən nə zaman bu işlə məşğul olmuşam, bu hobbi hər hansı xərc tələb edirmi, onunla təklikdəmi, yoxsa kampaniya arasında məşğul oluram, bu məşğuliyyət ruhumunmu (məsələn, konsertə getmək), yaxud cismiminmi (məsələn, səhər gimnastikası) tələbidir.

Sonda analiz edib bu suala cavab tapın: Bu iyirmi məşğuliyyətdən hansılarını həyatınızda daimi etmək istəyərdiniz.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Cümə, 21 İyul 2023 12:45

Orxan Cuvarlının “Güzgü”sü

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində nəsr saatı davam edir. Bu gün sizlərə Orxan Cuvarlının “Güzgü” hekayəsi təqdim ediləcək.

 

 

Orxan CUVARLI

 

 

GÜZGÜ

 

 

“Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,

Bir təsəllidir sənə ol söz ki, derlər, var sübh”

 

Bu küçəyə öz xoşuma gəlməmişdim. Məni bura bir payız səhəri gətirdilər. Onda soyuğun nə olduğunu unutmuşdum, isti dərin nöqtələrimə qədər işləmişdi. Böyük xanımın zəngindən qısa müddət sonra qapımızı döyən iki fəhlə məni isti yuvamdan ayırdı, qollarımdan bərk-bərk tutub çiyinlərində aparmağa başladılar. İnsafsızlıq etməyim, yaman ehtiyatlı davranırdılar; məni gah sağa, gah sola əyib qapılardan keçirir, pillələrdən endirirdilər. Bu müddətdə üç qapını saymağı bacarmışdım, dördüncünü aydın xatırlaya bilmirəm. Düzü, bunu xatırlamağa macalım da olmamışdı. Binanın qapısında uzun müddət yanpörtü gözlədim. Heç belə olmazdı, amma o səhər binamızın ağzında səbəbini bilmədiyim tünlük vardı. Qonşular mənə toxunmamaq üçün qapını ehmalca açır, zəndlə baxa-baxa mənzillərinə yönəlirdilər. Çoxu təəccübünü gizlədə bilmir, pillələri qalxdıqca dönüb maraqla, bir az da məzəmmətlə baxırdı. Nədənsə bu nəzərlərdən utandığımı dərindən hiss etmişdim. Həmin anlarda yox olmağa, yerin dibinə girməyə hazır idim.

Küçəyə çıxarılanda soyuq bir gizilti kimi bədənimdə gəzdi, sanki açıq hava, ayaz və hərcayi küləklə təmasın nə olduğu yaddaşımdan silinmişdi. Fəhlələr hallarından məmnun görünürdülər – bunu mən söykəndiyim divarda onların acgözlüklə siqaret tüstülətməsinə baxa-baxa düşünürdüm. Qabar bağlamış əllərinə, yara, kəsik dolu yoğun barmaqlarına baxanda az-çox onların da güzəranından xəbərim oldu, onları qınamaq fikrindən daşındım. Yarılanmış siqaret kötüyünü əsəbi şəkildə çırtmayla yaxınlıqdakı zibil qutusuna nişanladılar. Mənə tərəf əyiləndə əllərinə tüpürüb var gücləri və bayaqkı ehtiyatları ilə yenə çiyinlərimdən yapışdılar. Tüpürcək anında çimçəşdim, bağır-öfkəm ağzıma gəldi. Yadımdadır, məni binanın girişindəki divara bərkidəndə artıq taleyimlə barışmışdım. Doğrusu, həmin dəqiqələrdə bu təslimiyyəti dərk edə bilmirdim. Qavraya bilmirdim ki, axı belə şeylər niyə həmişə mənim başıma gəlir? İndiyə qədər divara asılanda çiyinlərimdən bütün vücuduma yayılan sızıltını unuda bilmirəm.

O fəhlələri heç bir halda pis xatırlamaq istəmirəm. Nədənsə onların məmnun davranışlarına baxmayaraq, hər şeyi izahsız bir məhzunluqla etdiklərini duyurdum. Onlar hamıdan – ev əhlindən, bina sakinlərindən, bayaqdan yanımızdan ötən müxtəlif adamlardan fərqli olaraq, heç mənim üzümə də baxmır, nəzərlərini yayındırırdılar. Sonralar həmin an onların əməllərindən peşmanlıq duyduqlarını daha aydın xatırlayırdım. Həmin dəqiqələrdə mən də üz vurmamışdım. Lap vursam da, nə dəyişəcəkdi axı? Arxamı söykədiyim, divarına bərkidildiyim bu binada uzun sayıla biləcək bir ömür keçirmişdim. Güzəranımdan əsla narazı olmasam da, axır vədələr mən də yorulduğumu hiss edir, nədənsə köhnə şövqümdən, həvəsimdən xeyli uzaq düşdüyümü fikirləşirdim. Hərdən ev əhlinin baxışlarında bu məhrəm etirafımın, gizlinlərimin hiss olunduğunu sezirdim. Ürəyimə damırdı ki, bu müşahidələr yaxşı heç nə vəd etmir və qəfil bir bədliklə sonlanacaq. Elə də oldu...

Bu evə təzə gələndə ilk vaxtlar evin balaca, munis xanımı nəfəsini üzümə verib barmaqlarıyla ucundan tutduğu köynəyinin dirsəyi ilə məni oxşamağa başlayırdı. Əslində, niyyəti silmək idi, ancaq bunu o qədər həvəs və sevgi ilə edirdi ki, hərəkətləri daha çox oxşamağa, əzizləməyə bənzəyirdi. Nəvazişi, şəfqəti ən çox balaca xanımdan gördüyümdən bu evdə məni ondan savayı sevən yoxdur deyə düşünürdüm. O, bu qayğını hər dəfə daha çox hiss etdirirdi. Mən bu evə gələndə o lap balaca idi. Mənə baxmaq üçün sabit dayanmağı bəs etmirdi, mütləq barmaqlarının ucunda qalxıb boyunu bir az da uzatmalı, ya da ayağının altına kətil qoymalı idi. Bir dəfə kətil aşdı, balaca xanımın üz-gözünü qan apardı. Onda böyük xanımın vahiməli çığırtısı bu evdəki ilk sarsıntım idi. O an eşitdiyim çığırtını indinin özündə də xatırladıqda bütün vücuduma istilik yayılır, gözlərim alacalanır.

Göz demişkən, mənim bir cüt gözüm yoxdur. Mənim bütün bədənim gözdən ibarətdir, canımın istənilən nöqtəsindən baxmağı, görməyi bacarıram. O hadisədən sonra balaca xanımı uzun müddət mənə yaxın buraxmadılar. O isə fürsət düşən kimi mütləq yanıma gəlirdi: hərdən bu qaçaq gəlişlər qısamüddətli olurdu. Arada qapının aralı hissəsindən göz-gözə gəlirdik. Mən onda bu qapının aramızda ən böyük əngəl olduğunu anlayırdım. Qapının bu üzü balaca xanıma təhlükəli, yasaq bir ərazi kimi aşılanırdı. Ancaq o, bir az da uşaqlığın verdiyi dəcəllik və şıltaqlıqla daxilindəki mübhəm arzunu – məni görmək istəyini dəf edə bilmirdi.

Sonralar o böyüdü, yasaqlar əriməyə, mən gündən-günə bu evə doğmalaşmağa, isinişməyə başladım. Daha kətilə də ehtiyacı yox idi. İndi balaca xanım istədiyi surətdə, heç bir köməyə ehtiyac duymadan mənimlə qabaq-qənşər dayana bilərdi. Hər keçən gün artan boyu ilə bərabər, üz cizgiləri də dəyişir, gözəlləşirdi. Sanki bu gözəlliyi o da hiss edir, hər dəfə gözlərini mənə zilləyib heyranlıqla camalına tamaşa edirdi. Balaca xanım böyüyüb gözəlləşdikcə mən yaşlanır, kifirləşirdim. Onun həddi-büluğa çatdığı yaşlarda əvvəlki bəxtiyarlığımdan xeyli uzaq düşmüşdüm. Təkcə balaca xanım yox, bütün ev əhli mənə yad kimi görünürdü. Bu evdəki son aylarımı bütün varlığıma hakim kəsilən süstlüklə keçirdim. Hərdən bu süstlüyü dərindən hiss edir, özümü yerə çırpıb çilik-çilik etmək istəyirdim.

Biz ölmürük, çilik-çilik oluruq. Mən bunu hələ bu evə gəlməzdən, zavodun anbarının üst-üstə qalaqlandığımız bir küncündə eşitmişdim. Orada təmirə, yenidən bərpaya gələn çoxlu taledaşlarımız var idi. Bizdən bir az aralıda bir bədənnüma güzgü qoyulmuşdu. Mən ürkə-ürkə ona tərəf baxdıqca içimə çökən qorxudan, xofdan qurtula bilmirdim. Bəlkə, indi o yoxdur, çoxdan çilik-çilik olub... Amma həmin güzgü indi, bax elə bu dəqiqə ovaxtkı halıyla rastıma çıxsa, ya da haradasa vədələşib görüşəsi olsaq, onun surətində mənə qəribə görünən, ürəyimə qorxu salan bircə xətt də olmazdı. Mən ilk dəfə orada eşitmişdim ki, biz də yorula, həvəsdən düşə bilərik. Bu, əvvəl-əvvəl mənə dəhşətli bir şey kimi görünürdü. Amma illər sonra üzümə tuşlanan hər nəzərdə, canıma yayılan və hər keçən gün daha da şiddətlənən sızıltılarda bu sözü daim xatırlayırdım.

 

***

 

Yenə həmin anbarda eşitmişdim, biz necə olursa-olsun, yalan söyləyə bilmərik. Yəni istəsək də, belə bir şeyin yaşanmağı mümkünsüz, əlçatmaz bir ehtimaldır. Süstlüyümün bütün canımı sıxıb-sıxcaladığı, həvəsimi, şövqümü boğazımdan üzüb çıxardığı anlarda belə mən yalan danışa bilmirdim. Doğrusu, buna heç ehtiyac da yox idi. Adamlar ən yaxşı özlərini aldatmağı bacarırdı. Məsələ nəyəsə sidq-ürəkdən inanmaq idi: kimisi özünü gözəl, kimisi yöndəmsiz, kimisi həlim, kimisi sərt görmək istəsə, bizim bu aldanışların qarşısını almaq kimi bir gücümüz yox idi. Ona görə çox vaxt susur, danışmağa həvəs göstərmirdik.

Danışmaq deyəndə ki, bizim səsimiz sükutumuzdur. Biz nə bir kəlmə kəsə, nə də bir cümlə qura bilərik. Əlimizdən bu həyatda var olan nəsnələrin əksini göstərməkdən başqa bir şey gəlmir... Mən də bu ənənəni qoruyurdum. Ən çətin, ümidsiz anlarımda belə bütün bu yazılmamış qanunlara, illərin dəyişilməz düsturlarına qeyd-şərtsiz uyğunlaşır və bir şeyi unutmurdum: biz sadəcə var olanı əks etdirməliyik. Bunun nə azı, nə çoxu, nə bir çərək əskiyi, nə bir qırıq artığı bizim ixtiyarımızda deyil. Hər şey yalın halı ilə necədirsə, elə də göstərməliyik – bəzək-düzəksiz, müdaxiləsiz, olduğutək.

Hərdən bu qapalı dövrənin də mütləq bir nəhayəti olmalıdır deyə, düşünürdüm: günlərin birində içimizdən kiminsə təpəri qalmayacaq, günbəgün əldən düşdükcə bu gedişata qarşı çıxacaq. Onda biz də, əslində, illər uzunu heç də sədaqətli olmadığımızı, etdiklərimizin adının sadəcə qədərlə razılaşmaq, asana qaçmaq olduğunu dərk edəcəyik.

Mən bu qəliblərdən uzaqlaşıb hərəkətlərimdə fərqliliklər hiss etməyə başlayanda özümü sonsuz kədərin ağuşunda hiss edirdim. Buradakı son vaxtlarımda ev əhli ilə bağlarımı zədələyən səbəblər barədə düşündükcə dolaşığa düşür, nəyin yaxşı, nəyin pis olduğunu müəyyənləşdirməyi bacarmırdım. Belə anlarda özümə yer tapa, rahatlana bilmirdim – elə bil içimdə bir qom od gəzdirirdim.

Mən hamamda istifadə olunurdum. Biz heç bir vədə hansı məqsədlə alındığımızı, bizi nələrin gözlədiyini bəri başdan ehtimal edə bilmirik. Kimin bəxtinə nə düşə, düşə!

Bu evə gətirildiyim ilk gün mənə tanış olmayan simaların, yad divarların arasından keçirilib hamama qoyulanda sevindiyimi, yoxsa üzüldüyümü indinin özündə də aydınlaşdıra bilmirəm. Tək xatırladığım isə həmin an hüdudsuz bir qeyri-müəyyənliyi ən dərin nöqtələrimə qədər hiss etməyim idi. Hamamda istifadə olunacağımın pis, ya yaxşı olduğunu anışdırmaq üçün çox gənc və naşı idim. Bu naməlumluq məni özünə çəkib apardıqca içimdə ad verə bilmədiyim hisslər aram-aram qorxu ilə əvəzlənirdi.

Bunun qorxu yox, bilinməzliyin gətirdiyi ümidsizlikdən savayı bir şey olmadığını da bilirdim. Bütün bu mürəkkəb dəqiqələrin sonunda, heç gözləmədiyim bir anda içimdə bir ümid işarmağa başlamışdı. Başıma hava gəlib, nədir? Hamamda mənim üçün pis sayılacaq nə ola bilərdi axı? Əksinə, zavodun zirzəmisinin soyuq bir küncünə tolazlandığım günlərdə beton divarların, yerin bütün soyuqluğu, nəmişi canıma buz kimi bir lay çəkmişdi. Bu soyuq hərdən o qədər dözülməz bir həddə çatırdı ki, nəinki tay-tuşlarımla bircə kəlmə kəsmək, sakit bir vaxtda mürgü döymək belə mənim üçün müşkül məsələyə çevrilirdi.

Hamamın mavi kafellərinə baxa-baxa bu evdə məni gözləyən fərəhli günləri gözümün önünə gətirdikcə canımdakı soyuq lay yerini ilıq bir boşluğa, işıq dolu anlara buraxmışdı. Bayaq ürkək-ürkək müşahidə etdiyim kafellərin üzərinə pərçimləndikdən sonra da içimdəki ümid topasından, səadət ilğımından nəsə azalmamışdı.

Bu evdə keçirdiyim uzun illərdən sonra kafellərin ürək oxşayan parlaqlığı azalsa da, çox dəyişməmişdi. Ev əhli duş qəbul edəndə boş vaxtlarda tamaşa etməkdən doymadığım, rənginin bütün gözəlliyi ürəyimə sirayət edən mavi kafellər hamam otağını bürüyən buxarın arxasında gözdən itir, görünməz olurdu. Tül kimi buxar hissə-hissə çəkildikcə kafellərin səthi uzunu aşağı süzülən damlaları göz yaşına bənzədirdim. Hərdən bu “göz yaşları”nı marıtlayıb həmin buxarın onlara hansısa bağışlanmaz bir günahın cəzası kimi olmazın ağrılar yaşatdığını düşünürdüm; bu xəyali “göz yaşları” da həmin ağrı-acıların məntiqi sonluğudur. Ev əhlinin çimdiyi günlərdə mən az qala onların bədənlərini, hərəkətlərini, istifadə etdiyi şampunları ən xırda təfərrüatlarına qədər əzbərləmişdim. Onların çimmək ardıcıllıqları da mənə yad deyildi. Çox vaxt əvvəlcə balaca xanım, arxasınca böyük xanım, sonda isə bu evin yeganə kişisi yuyunardı. Həmin anlarda buxar hamam otağını sanki hissə-hissə canına çəkir, görünməz edirdi. Suyun səsi kəsiləndə ev əhlinin bütün ağırlıq və yorğunluğu çiləyin altından trapa doğru axıb gedən süst bədənlərinə, arxayınlaşmış çöhrələrinə hər ötən il daha da öyrəşirdim. Gözümün balaca xanımın gündən-günə böyüyən, evin böyüklərinin ildən-ilə hamarlığını itirən, qırışları artan bədənlərinə öyrəşdiyi bir vaxtda  mən bu darısqal otaqda heç vaxt görmədiyim bir bədənlə qarşılaşdım. Buxar çəkildikcə hamam otağının tən ortasında ortaya çıxmağa başlayan bu cantaraq bədənin sahibi böyük xanımdan başqa heç birimizə tanış deyildi. O, bir vaxtlar balaca xanımın bu tərəfinə addım atmaqdan çəkindiyi qapının aralı hissəsindən böyük xanımın uzatdığı can dəsmalını götürüb qurulanmağa başladı. Sonda dəsmalı mənə yaxınlaşdırıb sağa-sola hərəkət etdirdi və təmizlədiyi hissədə pırtlaşıq saçlarını, yaraşıqlı sifətini görüb məmnun halda gülümsədi. İdmançılara xas əzələləri hər hərəkətində daha çox gərilir, yaranan mənzərədən özü də zövq alırdı. Onun qıvrım, cod saçlarını, şişmiş əzələlərini izlədiyi bir vaxtda canımdan qopan ağrıdan özümə yer tapa bilmədim. Mən onu bir də bu evdə görmədim.

Sonrakı günlərin birində hamam otağını dərinliklərində yox edən buxar çəkildikcə balaca xanımın hamar çiyinləri, uzun saçları yavaş-yavaş üzə çıxdı. Böyük xanımdan fərqli olaraq, o, saçlarını həmişə aramla durulayır, buxar tam çəkilənə qədər başında əmmaməni xatırladan kəhrəba və sanki dümağ bədənini məndən gizləmək üçün sinəsinə möhkəm-möhkəm doladığı qətfə ilə qarşımda durub qaşlarını səliqəyə salırdı. Sonuncu dəfə belə anların birində o, illər əvvəl uşaq sadəlövhlüyü ilə gözünü çəkmədiyi üzümə tamam başqa ifadəylə baxdı. Bu dəfə əfsunlu baxışlarından zərrə əsər yox idi. Sifətimdə yaranan nazik xəttə – o məşum gün canımdan qopan dəhşətli ağrıdan sonra yaranan çata baxıb təəssüflə başını buladı. Hələ zavodda ikən, böyüklərimizin öz aralarında etdiyi söhbətlərdən canımıza çat düşməsinin el arasında bədbəxtlik nişanəsi kimi qəbul edildiyini eşitmişdim; insanlar buna görə çox vaxt bizi dəyişir, bəzən təmir etdirirlər. Balaca xanımın səsi hamama bitişik otaqdan gəlirdi; onun və böyük xanımın qulağıma uğultu kimi gələn söhbətindən nədənsə bu evdəki son günümü keçirdiyimi hiss etdim. Uğultu aydın eşidilən ayaq səsləriylə əvəzləndi. Böyük xanım ayaqlarının islanmaması üçün geyindiyi məstlərini sürüyə-sürüyə yanıma gəldi, hərarəti çəkilməmiş otaqda təkcə üzümə yox, taleyimə də qara zolaq kimi düşən nazik xəttə diqqətlə baxdı. Addım səsləri qonaq otağına qədər uzaqlaşdı, böyük xanım ağır-ağır telefonun dəstəyini qaldırdı.  

 

***

 

Bizi adi şüşə parçasından fərqləndirən tək şey üzümüzə çəkilən gümüş suyu idi. Hələ də xatırlayıram, biz hamımız şüşə ikən, hələ zavodun bir küncündə üst-üstə qalaqlananda hər birimizin içindən eyni həyəcan bir sazaq kimi keçirdi: görəsən, gümüş suyu kimə qismət olacaq?!

Bizim qövmümüzdə buna nail ola bilmək əlahiddə bir məziyyət, ilahi bir pay kimi qiymətləndirilir. Günlərin birində qabar dolu bir cüt əl məni də qalaqlanmış şüşə parçalarından ayırdı. Gümüş suyunun canıma sindiyi dəqiqələri indinin özündə də sonsuz həzzlə xatırlayıram. Su ilə canımın hər növbəti təmasında bu xoşhallanma daha da dərinləşirdi. Hər təmas sanki məni özümdən, kimliyimdən, varlığımdan uzaqlaşdırır, yeni mövcudluğa, şəxsiyyətə sarı aparırdı.

Artıq şüşə parçalarını lüzumsuz bir nəsnə kimi qəbul edirdim. Hərdən özümə də qəribə gəlirdi ki, məni bu qədər dəyişməyə nə vadar etmişdi? İçindən çıxa bilmədiyim bu mənəvi var-gəllər, əslində, məni sarsıdırdı. Onda bəzi şeylərin baş tutmasının bizim taleyimizdə həyati dönüş nöqtələrinə çevrildiyini qavramışdım. Həm də bu gümüş suyunun qəribə bir sehri, ağlasığmaz məftunluğu vardı.

Mənə dikilən ilk baxışlar da elə o qabarlı əllərin sahibinin oldu. O, yaratdığı bu əsərin bəstə boyunu, daz başını əvvəlkitək yaraşıqsız göstərmədiyini düşünürdü. Uzun müddət tövşüyə-tövşüyə qırmızı yanaqlarını mənə tərəf əyib gözlərinə tamaşa etdi. Burnunun ucundakı yöndəmsiz ziyil görkəmini bir az da eybəcərləşdirmişdi. O, dodaqlarının üstünü mötərizə kimi örtmüş nazik bığlarına bir xeyli tumar çəkdi. Bir neçə addım geriyə çəkilib əllərini xaşal qarnının üstündə çarpazladı. Nazik bığı ilə tərs mütənasib qalın üst dodağı sapsarı dişlərinin üstünü örtmüşdü. Xırıltılı gülüşü qarğıdalı dənəsi kimi saralmış dişlərini ortaya çıxardı. Hələ də hafizəmdən silinməyən bu mənzərə mənim o zavodda xatırladığım son görüntü idi.

Bir müddət sonra mən sifarişləri ünvanlarına çatdıran yük maşınının arxasında, şəhərin dolanbac, işıqlı küçələri boyunca, arabir asfaltın yamaq, kələ-kötür hissələrinin təsirilə atılıb düşə-düşə ömrümün güman edilə bilməyəcək qədər fərəhli bir neçə ilinin keçdiyi evə doğru aparılırdım. Mən o zaman başıma gələcək müsibətlərdən xəbərsiz idim. Nəinki bundan xəbər tutmaq, bir balaca duyuq düşsəm, ya da bircə qırıq ürəyimdə şübhə yaransaydı, bəlkə də, çilik-çilik olmaq üçün əlimdən gələni edərdim. O evdə keçirdiyim son gündə peşmanlıq hissi məni ağuşuna aldı. Həmin gün düşündüyüm və heyifsləndiyim yeganə şey bu evə gətirildiyim gün hansısa bir yerdə – şüşə parçaları ilə üst-üstə yığılanda, canıma gümüş suyu çəkiləndə, zavoddan çıxarılanda, yük maşınına qaldırılıb-endiriləndə, ya da sifariş olunduğum evə sarı qalxan pilləkənlərdə, hamama pərçimlənəndə, o yad kişiylə rastlaşanda, balaca xanım canımdakı dəyişikliyi görəndə, böyük xanım telefonun dəstəyini ağır-ağır qaldıranda düşüb çilik-çilik olmaq idi.

 

***

 

Binanın giriş qapısının yanına asıldığım gündən sonra da az şeyə heyifslənmirdim. İndi hiss etdiyim heyifslənməkdən daha çox bihudə bir ömür yaşadığımı düşünməyim və bu qənaətin gətirdiyi xəfif qüssə idi. Hərdən bu qüssə mənim solğun görkəmimi daha da avazıdırdı. Bir yandan da bu soyuq. Fəqət insan soyuqluğu bu soyuqdan daha betər idi... Bu divara asılandan ev əhli yanımdan səbəbini bilmədiyim etinasızlıqla ötüb keçirdi. Sanki uzun illər ərzində bizi doğmalaşdıran heç nə baş verməmişdi. Heç olmasa bircə dəfə dönüb üzümə baxsınlar! İstədiyim sadəcə bu idi. Birgə keçirdiyimiz illərin xatirinə oğrun-oğrun baxsalar da, inciməzdim. Məndən həya etdikləri üçün üzümə baxmadıqlarını düşünüb özümə təsəlli verirdim. Uzun illər məhrəm yerlərini gördüm, qırışlarını ilk mən hiss etdim, ən təmiz, pak hallarını seyr etdim. Təmiz, pak. Ay-hay. Bu necə paklıq idi ki, böyük xanımın tutduğu əməllər hələ də yadımdan çıxmır? Əlbəttə, üzümə baxmazsan. Özün yaxşı bilirsən ki, hansı qəbahətin yiyəsisən. Rəzil, yaramaz, utanmaz insan. Tfu sənin sifətinə! Yox, yox, deyəsən, başıma hava gəlir. Gərək bir az boşlayam. Mənə deyən lazım, ay balam, nə ortalığa düşmüsən, nə sevgi, nə sədaqətbazlıqdır?! Bir bu evin bəyinə bax. Əlində şişman portfellə oradan ora qaçır, buradan bura. Gəzməyində ol, ay evin kişisi. Ürəyin lap arxayın olsun. Mənim kimi hər şeyə baş qoşsan, bir çat da sənin ürəyinə düşər. Düzünü elə sən edirsən. Nəyinə lazım üzümə baxmaq? Günah məndədir ki, umub küsürəm. Bircə bu balaca xanıma əsəbiləşə bilmirəm. Adı balacadır, daha o da böyüyüb, ay parçası kimidir zalım balası. Səni heç qınaya bilmirəm. Uşaqlığın havası başından getdi, indi maraqların da üz cizgilərin kimi dəyişib. Qıraqdan baxan heç kim bizə yaşıd deməz. Mən yaman tez qocaldım. Siz qocaltdınız məni. Nə isə. 

Bu soyuq havalarda artıq hər fəslin dözülməzliyini, ildən-ilə təpərimin azaldığını dərk edirdim. Tərs kimi ötən yay da qiyamət istilər vardı.

Küçədə ins-cinsin gözə dəymədiyi, istinin adamın cızdağını çıxardığı qızmar yay uzunu bürküyə heç öyrəşə bilmədim. Yay axşamları boyunca sağ tərəfimdən bir az aşağıda, söyüd ağacının altında ikibir-üçbir təqaüdçülərin nərd çırpmağını xatırlayıram. Axşamüstü küçədə adda-budda insan qaraltılarının peyda olduğu, günəşin yorğun-arğın üzünü göydələnlərin arxasında gizlətdiyi anlarda arabir əsən gilavar sanki saralmış bənizimə həyat əlamətləri qaytarırdı. Bu narın meh gücümü o qədər artırırdı ki, hərdən üzümü yalayan küləklərin ətrini bir tək özümün hiss etdiyimi düşünürdüm.

Sonra meh şiddətli küləklə əvəzləndi, ardınca güclü yağışlar başladı. Havalar soyuduqca yay aylarında adamsızlaşan küçələr indi günün daha uzun hissəsində insan hənirtisinə həsrət qalırdı. Hərdən küçənin, nahamar səkilərin, qənbərlərin də bir insan nəfəsi, ayaq izi üçün ən azı mənim qədər darıxdığını düşünürdüm. İndi heç nərd oynayan təqaüdçülər də gözə dəymirdi. Elə bil külək ağaclardan qoparıb apardığı sarı yarpaqlar kimi, ömrünün payız çağını yaşayan həmin qocaları da qabağına qatıb yoxa çıxarmışdı.

Küçəmiz günü-gündən adamsızlaşsa da, dəyişməyən şeylər də var idi. Məsələn, bir tin yuxarıdakı məhəllədən bir nəfər içki tədarükünü bu həndəvərdə görürdü. Bəlkə də, ödəyə bilmədiyi nisyələri var idi, ya da öz dükanlarından qovulmuşdu, kim bilir?! O, səkkiz yaza-yaza yanımdan hər ötəndə ucuz və şirin çaxır iyi və əyin-başından gələn kəsif qoxu məni vururdu. Havalar soyuduqca içki şüşəsini pinti-pələş paltarlarına elə möhkəm sıxırdı ki, deyərdin, əziz-xələf, canbir qəlb dostunu bağrına basıb. Ətrafa zərərsiz biri olduğu üçün onu başa düşməyə, qınamamağa çalışırdım. Nə etmək olar ki, kamını belə şeylərdən alır?!

O hər buradan keçəndə mütləq ayaq saxlayıb bir müddət üzümə zillənər və özünə tamaşa edərdi. Üzündəki çaşqın ifadədən nə qədər içdiyini müəyyənləşdirməyim elə də çətin olmurdu. Hər dəfə ciddi-cəhdlə mənə sarı əyilir, üzünün hər nöqtəsini maraqla, bir az da aşkar təəccüblə nəzərdən keçirirdi. Ötən qışdan üzümdə yadigar qalan çat onun əksini ikiyə bölürdü. Bunu hər görəndə gözləri bərəlirdi. Ancaq bu səfər təəccübdən az qala gözləri hədəqəsindən çıxacaqdı. Maraqlı kəşfini quru-quru ötüşdürmək istəmədi. Bağrına basdığı şərab şüşəsini əli titrəyə-titrəyə mənə sarı uzatdı və əksinin burnuna toxundurdu. Başına çəkdiyi şüşədən bir neçə damcı nizamsız, kürən saqqalından süzülüb süd rəngli toxunma köynəyinin yaxasına dağıldı. Turşutduğu üzünü mənə bir az da yaxınlaşdırdı, gah çatın sağ, gah da sol tərəfinə diqqət kəsildi. Yanaqları tamam yara-xora idi; bəziləri soyuğun təsirilə daha da qızartdaqlaşmış, bir neçəsi qartmaq bağlamışdı. İkiyə haçalanmış simasına gizlədə bilmədiyi heyranlıq və fərəhlə baxır, arabir qaşlarını narazılıqla çatır, arabir məmnun halda gülümsəyirdi. Hərdən çatımın ikiyə böldüyü insan əkslərinin bir-birindən tamam fərqləndiyini düşünürdüm. Bəzən bu fərqliliyin varlığına insanların da inanmağa başladığını güman edirdim. Lap bu sərxoş kimi. Qəribədir ki, çatımın bir tərəfində onun üzü həlim və qayğısız idi. Bu hissəyə diqqət kəsilsən, bəlkə də, onun yara-xoraları da görünməz, qartmaqları bu qədər gözə batmazdı. Bu hissəmdə qalan gözü də işıldayırdı. Qapqara gilələri mənə böyük ehtiramla zillənmişdi. Sanki dodağında yarımçıq bir təbəssümün nişanı vardı. Çatın o biri üzü haqqında isə eyni şeyləri demək olmazdı. Bu nahiyədə sifət cizgiləri daha sərt və amansız idi. Yaralarından az qala qan axacaqdı. Qartmaqları ürəkbulandıran idi, baxışlarındakı əzazilliyi, əsəbdən gəmirdiyi dodaqları görkəminə bir az da vahimə qatırdı. Hamı onu əyyaş kimi tanıyırdı. Bura ilk asılanda mən də uzun müddət elə bilmişdim. Onun niyə içdiyi bircə nəfərə də maraqlı deyildi. Bəlkə, məhlədə heç kimin gözə dəymədiyi gecələrin birində gəlib ayaq ucumda oturmasa, heç mən də bilməzdim. Həmin gün o yenə ləngər vura-vura gəldi, sakitcə oturdu, bir müddət içdi, doluxsundu, uzun bir səssizlikdən sonra çiyinlərini çəkə-çəkə, uşaq kimi hönkürməyə başladı. Arada sağa-sola baxır, heç kimin gəlmədiyini görüb ağlamağa davam edirdi. Əlindəki boş içki şüşəsini qəzəblə, var gücüylə səkiyə çırpdı. Əynindəki nimdaş, rəngi getmiş buşlatın iç cibindən xırda bir şəkil çıxartdı. Əsgər formasında olan üç gənc təbəssümlə şəkildən ona baxırdı. Onlar gülümsəyərək avtomatlarını müxtəlif istiqamətlərə tuşlamışdılar. Köhnə şəklin aşağı hissəsində solğun bir qeyd var idi: 1993, may, Ağdərə. Ayın kövrək ziyası bu qeydin üstünə düşən bir gilə göz yaşını parıldatdı.

 

***

 

Bir az sonra məhəllənin uzun müddət buralara üzükməyən dəlisi peyda oldu. Elə çoxdan qeybə çəkilmişdi ki, artıq hamı onun öldüyünü düşünürdü. Yenə heç vaxt əynindən çıxarmadığı ağ xələtdə idi. Çaşqın üz ifadəsi ilə əlindəki çəliyi sağa-sola yelləyə-yelləyə ayaqlarını sürüyürdü. Onun addımları barəsində sadəcə sürümək sözü yerinə düşərdi; sanki ayaqlarını asfalta yapışdırmışdın, ya da baldırlarına ağır yük bağlamışdın. Ayaqlarını hey ağır-ağır çəkirdi. Bəlkə də, bu səbəbdən nimdaş ayaqqabılarının hər iki tayının ağzı timsah ağzı kimi aralanmışdı. Bərabərimə çatanda bir müddət eləcə dayandı. Üzündəki çaşqın ifadə bir az da artdı, sınayıcı nəzərlərlə məni süzməyə başladı. Başdan ayağa qədər diqqətlə baxdı, yarıya bölünmüş əksini görəndə qorxudan dik atıldı. Əlində bərk-bərk tutduğu çəliyi mənə söykədi, qulağını çəliyə verib səbirlə dinləməyə başladı. Eşitdiyi nədənsə qaşları düyünləndi, alnında jalüz pərdəni xatırladan qırışlar əmələ gəldi. Alnındakı dəyişiklikdən xeyli qeyzləndi, hikkəsindən çat düşən hissəmə bir lomba tüpürdü. Elə bil dünya, çılpaqlaşan ağaclar, kimsəsiz məhəllə başıma fırlandı. Axırıncı dəfə məni divara asan fəhlələr əllərinə tüpürəndə bu qədər iyrənmişdim. Sifətimə hopan tüpürcək asta-asta aşağılara doğru süzülməyə başladıqca bədənimdə hiss etdiyim bu hərəkətlənmə az qala ürəyimi ağzıma gətirirdi. O get-gedə uzaqlaşdı, sanki ayaq səsləri də sürünə-sürünə azalırdı. Hələ də özümə gəlməkdə çətinlik çəkirdim. Kaş elə bu dəqiqə şıdırğı bir yağış yağa, məni hər şeydən arındıraydı. Ona qəzəblənə bilməməyim özümü də təəccübləndirirdi. Tez-tez binanın, məhəllənin ağbirçəkləri qocaların nərd oynadığı oturacaqlarda əyləşər, ordan-burdan danışardılar. Yayın cırhacırında, ağ xələtlinin çəliyini və ayaqlarını sürüyə-sürüyə buradan keçdiyi günlərin birində qadınlar əyləşən tərəfdən gələn vaysınmalar yanğılı idi: "Heyif səndən, ey binəva". Bunu ən yaşlıları dedi. "Qucağımızda böyüyən uşaq idi, sonra böyüdü, məhlənin bütün qızlarını divanə elədi". Bunu deyən ağbirçəyin yanına basan dombagöz arvad idi. İki göz lazım idi ki, yaraşığına tamaşa eləsin. "Bunu nisbətən orta yaşlıları" dedi. Söhbətin davamına qulaq asa-asa öyrəndim ki, gənclərin, uşaqların dəli deyib güldüyü, arada aralarına salıb oyunlarına ortaq elədiyi bu kişi bir zamanlar adlı-sanlı cərrah imiş. Lap ölünü dirildənlərdən. Cəbhədə ad çıxarıb əməlli. Neçə təltif, diplom, təşəkkürnamə, medal. Ayağı sallanan, kəsilməli olan neçə əsgəri əməliyyat edib, şəhid gözüylə baxılan onlarla döyüşçüyə can verib. Ağbirçək üzünü nisbətən cavan gəlinlərə tutub danışırdı. Sonra özü də döyüşdü, kontuziya aldı. Atası deyirdi ki, şəhərə gələndə heç üzünə baxan, qapılarını döyən olmadı. Mən onda qızıma təzə yatmışdım, bala, gecələr oyaq olurdum. Görürdün, qışqıra-qışqıra divarları vurur, gecə paltarında bütün qapıları döyə-döyə hamını oyadır ki, gizlənin, qaçın, sipər alın. Neçə dəfə ərzaq dükanından tənzif, yara sarğısı, yod, jqut istəyib. Eh, qızım! Adamın özü gözəl olunca, bəxti gözəl olsun. Arvadlar hamısı ucadan “Amin” deyib içlərini çəkdilər.

 

***

 

Məhləyə qulaqbatıran sakitlik çökmüşdü; axşamdan aləmi bir-birinə vuran şiddətli küləkdən bir qırıq əsər yox idi. Bir neçə saat əvvəl burulğan kimi göydə hərlənən xəzəllər, sellofanlar da daha gözə dəymirdi. Belə havalarda külək mütləq hərləyib, fırlayıb sillə kimi üzümə vurmağa bir şey tapardı. Bu gün də toz-tozanağı bütün bədənimə hopdurmuşdu. Yağışı küləkdən daha çox sevirdim. Dumanlı, çiskinli, yağmurlu günlərdə yağış tozumu, kirimi, canımda azalmaq bilməyən əl ləkələrini yuyub apardıqca paklaşır, durulurdum.

Küçənin aşağılarından dalğa-dalğa yaxınlaşan uşaq qəhqəhələri get-gedə daha da gurlaşırdı. Səslər yaxınlaşdıqca kimliklərini təsəvvür etməyə çalışdım. Görəsən, neçə nəfərdirlər? Hər səsdə ayrı çalar duyulurdu. Amma onların hamısının səsində oxşar bir ahəng – sevinc cingiltisi, şad-şalayınlıq var idi. Səsləri artıq lap aydın eşidilirdi. Hər birinin gözlərindəki təbəssümü görməmək üçün ya kor, ya da bivec olmalı idin.

Üzümdən süzülüb gedən tüpürcəyə görə dilxorluğum səngiməsə də, gizlədə bilmədiyim bir maraqla gözümü onlardan ayıra bilmirdim.

Dörd-dörd bölünüb futbol oynamağa başladılar. İçlərində ən gonbulu topun yiyəsi idi. Bu sahiblik duyğusu onun hərəkətlərindən də aşkar sezilirdi. Daşlardan düzəldilmiş dirəklərin yerinə qədər o müəyyənləşdirmişdi: əvvəlcə yoldaşlarını komandalara böldü. Şübhəsiz, öz komandasına ən yaxşıları seçmişdi. Özü də bütün bunları qəribə şəstlə, bir az da təkəbbürlə edirdi. Bu dəqiqələr boyunca sarı topu hey qucağında idi. Arabir topu qoltuğunun altına alıb başqa işlərlə də məşğul olurdu: əvvəlcə püşk atdı, sonra qapıları və qapıçıları müəyyənləşdirdi. Onun komandasında olan uşaqlar da gedişatdan xeyli razı idi. Oyuna özü başladı. Sağa-sola yırğalanan lırt bədəni çox keçməmiş onu əldən saldı. Rəqib oyunçular üçün topu onun ayağından almaq heç də çətin məsələ deyildi. Amma sanki onlar da sərtlikdən, qovğadan tamam uzaq idilər və topu ondan almağa tərəddüd edir, mümkün qədər yumşaq, ehtiyatlı oynamağa çalışırdılar. Komanda yoldaşları isə az qala hər fürsətdə topu ona ötürür, onun qol vurmağı üçün ciddi-cəhdlə çalışırdılar.

Yeddi uşağın hamısı bircə topun avarası idi və hər addımlarında bunu hesaba qatıb hərəkət edirdilər. O yeddi nəfər nə əzişdirilməkdən, nə də başqa bir şeydən qorxurdu. Onların hamısı təkcə bir şeydən – gonbul dostlarının acıqlanmağından, hikkəsindən topunu da qoltuğuna vurub getməyindən çəkinirdilər.

Az sonra gonbulun bədəni yerdə yırğalanmağa başladı. Ona uymayan cəldliklə yerindən qalxdı və qaça-qaça cızılmayan, amma hamının təsəvvüründə varlığından əminlik duyduğu penalti nöqtəsini göstərdi. Heç kim bu qərara etiraz etmədi. Belə bir etirazın olacağına inanmaq sadəlövhlük olardı. Uşaqlar pərt halda kənara çəkildilər. Penaltini gonbuldan başqasının vurmağı ehtimallar daxilində belə deyildi. Hamı dinməzcə bir qıraqda durmuşdu.

Gonbul mümkün qədər xırda addımlarla on bir metr saydı. Topu penalti nöqtəsinə qoyub zərbəyə hazırlaşanda üzbəüz idik. Nəfəsini dərib bütün diqqətini topa cəmləmişdi. Heç digər uşaqların da cınqırı çıxmırdı, diqqətlə onun hərəkətlərini, zərbəyə hazırlığını izləyirdilər. Bir tək rəqib qapıçı yerində sabit dayanmayaraq fikrini yayındırmaq istəyirdi. Axır ki, gonbul yırğalana-yırğalana topa sarı qaçmağa başladı.

Və zərbə!

Gonbul və komanda yoldaşları çığırır, əsl peşəkar futbolçular kimi bir-birini möhkəm qucaqlayıb qolu qeyd edirdilər.

Mən isə həmin saniyələri elə də yaxşı xatırlamıram.

Beynimin dumanlandığı, başımın gicəlləndiyi bir vaxtda axın-axın mənə doğru yaxınlaşan addım səsləri yadımda uzaq bir uğultu kimi qalıb.

Səslər sürətlə yaxınlaşsa da, hər keçən saniyə daha zəif eşitməyə, ətrafda baş verənləri qavraya bilməməyə başlamışdım. Az sonra gonbulun bayaqkı qırmızılığından əsər qalmayan yanaqları və dostlarının qorxudan saralmış bənizləri, anlaqsız simaları çiliklənmiş parçalarımda əks olundu. Sanki əməllərinin ağırlığını indi dərk edirdilər.

Onların yeknəsəq, həyəcan dolu çığırtıları da addımları kimi uzaqlaşdı, xeyli uzaqlardan gəldi, eşidilməz oldu.

Hamamdakı buxarlı günlərimi xatırladan bulanıqlıq gözlərimdən bir tül kimi asıldı.

Xəzəlli səkiyə səpələnən çiliklərimdə yorğun-yorğun sürünən bəyaz buludlar və masmavi səmanın əksi var idi.

 

***

 

Şəhər də insanlar kimi yuxuya gedir. Gecənin zülmətindən, sükutundan sonra o da yavaş-yavaş oyanmağa başlamışdı. Sübh çağı axşamdan qalma sərt ayaz adamın sümüklərini titrədirdi. Bayaqdan zibil maşınının get-gedə artan səsi lap yaxından eşidildi. Bələdiyyənin yaşlı süpürgəçisi xəzəlləri süpürəndə çiliklərimi gördü. Başını bulaya-bulaya parçalarımı iri xəkəndazına yığıb maşının arxa tərəfindən yük yerinə tulladı. Şəhərin yorğun, adamsız küçələrini təmizləyən bu qadın heç vaxt mənim o evdəki son günlərimdə, məhəllədə yaşamağa başlayanda, buranın insanları haqqında nələrsə öyrənəndə çilikləndiyimi bilməyəcəkdi. O, gonbul və dostlarının mənə necə bir yaxşılıq etdiyindən, özünün bu qocaman şəhərin, bəlkə də, ən təmiz adamı olduğundan xəbərsiz halda üzüaşağı səkiləri süpürməyə davam edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.