Gülnaz, “Ədəbiyyat və incəsənət”
Növbəti Zəfər gününü yaşadıq. Zəfər günü düşüncələrimi sizlərlə bölüşmək istəyirəm.
Azərbaycanın bu günü - Zəfər günü nələrdən keçmədi ki?! Bugünkü Zəfər dünənki zəfərlərin nəticəsidir: 1918-ci ilin 28 Mayı - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı o gün ki, şərqdə ilk dəfə müstəqilliyə imza atdıq. 1991-ci ilin 18 Oktyabrı - 1920-ci il əlimizdən alınan müstəqilliyimizin bərpası günü və nəhayət, 2020-ci il 8 Noyabr - şanlı tarixə qızıl hərflərlə yazılan, illərlə gözlənilən o qürurverici gün...
1918, 28 May, 18 Oktyabr, 8 Noyabr - 8 rəqəmində sanki bir uğur, bir zəfər yatır xalqımız üçün. Həmçinin bizim sonsuza qədər haqq-ədalət carçısı olduğumuzu göstərir. Axı bu rəqəm özündə həm də sonsuzluq simvolunu daşıyır. Vətən üçün edilən yaxşılıq milyonlara edilən yaxşılıq, ən böyük xeyirxahlıq, ən böyük fədakarlıqdır. Bütün bunları millətindən əsirgəməyən minlərlə qəhrəman oğullarımızın da sonsuz əbədiyyəti və xalqın onları yaşatması bu rəqəmdə öz əksini tapır.
Biz bu edilənlərin qarşısında çox acizik, amma o mələklərin xatirinə, onların adına- şəhid adına layiq qarşılamalıyıq bu günü. Onlar gecələr yuxusuz, aclıq, susuzluq bilmədən döyüşmədilər ki, biz küçələrə axışıb bayağı mahnıların səsini qaldıraraq maşının pəncərəsini endirib "Qarabağ" deyə qışqıraq. Hələ "bayramdır" deyib yeyib-içən insanları demirəm. Şəkil çəkdirmək, kiməsə göstəriş üçün o torpaqlara ayaq basanlar, etməyin, şəhid qardaşlarımızın qanı var orada.
Nə gözəl olardı, bu günü onların ailələrinin yanında olardıq. Heç olmasa, ildə bir dəfə Zəfər günü. Bax onda mənəvi gücümüzü göstərərdik göydəki şahidlərimizə ki, biz sizi belə anırıq, bizi qoruyanlara belə baş çəkirik, sizin ailə bizim də doğmalarımızdır. Necə də sevinərdilər başımızın üstündəki qəhrəmanlar.
Duyğularını - yaxınlarını görmək arzusuyla gözləyən gözlərini, qulaqlarını; doğmalarını qucaqlayan qollarını, ən son azad etdiyi torpaqlarda gəzən ayaqlarını qurban verən fədakarları demirəm hələ. Onların utanmasına yol verməyək. Əlimizdən nə gəlirsə, biz də onlara qurban edək. Onların yaşama həvəslərini yüksəldək. Biz bu təmiz ruhlu insanların yanında olduğumuzu hiss etdirdikcə xoş arzular baş qaldırar. Unutmayaq ki, unutmasınlar!
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)