Super User

Super User

Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Zaman Paşazadə öz şeirləri ilə hüzurunuzdadır. 

O, bu dəfə “Sadəcə sən bilirsən” deyəcək. 

 

 

SADƏCƏ SƏN BİLİRSƏN…

 

Indi yerin boş olsa da

Önümdəki oturacaqda kapşenimi çiyninə atmışam

Və əllərimi gözlərində qızdırıram.

 

Sadəcə mən bilirəm bu kafedə gözlərinin rəngində bir içki serv olur

Yoxsa çoxları qəhvəni şəkərsiz içir.

Yoxsa çoxları Jak Brelin “məni tərk etmə” mahnısını qəhvə ilə qarışdırır mənasını bilmədən

Sadəcə sən bilirsən bütün mənaları

Və bir an öncə tərk etdin kafeni.

Sadəcə sən bilirsən taksilər yolları qısaltmaq deyil, hadisə yerindən uzaqlaşmaq üçündür

Sadəcə sən bilirsən caddələr gəlmək deyil, tərk etmək üçündür.

Sadəcə mən bilirəm

Daha Sezen get mahnısını mə-ləməyəcək

Get

Deyəcək

Get…

Amma hardasa, ürəyinə quraşdırdığım saatlı bomba partlayıb

Düyünlü yumruğunu barmaq-barmaq parçalayacaq

Və görüşə uzanacaq əlin.

 

İndi yerin boş olsa da

Gözlərinin rəngi üstümə dağılmış

Və kapşenimin cibini axtarır polislər.

Sadəcə sən bilirsən mən özümü öldürməmişəm

Və qatil soyuq qanlılıqla uzaqlaşır taksidə.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniya Parlamentinin üzvü, Parlamentdəki Tatar icmasının nümayəndəsi Amet Varol və Rumıniyanın Türk-Müsəlman Tatarlarının Demokratik Birliyinin vitse-prezidenti Arslan Özgün ilə görüşüb.

 

Fonddan verilən məlumata görə, görüşdə həmçinin Rumıniyanın Azərbaycan səfiri Vasile Soare iştirak edib.

Görüşdə Günay Əfəndiyeva Fondun üzv və müşahidəçi dövlətlərini əhatə edən fəaliyyəti ilə yanaşı, müxtəlif ölkələrdə yaşayan türk kökənli xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələrindən bəhs edib. Təşkilatın fərqli mədəniyyətləri və xalqları bir araya gətirən missiyasına diqqət çəkən Fondun prezidenti tatarların sıx məskunlaşdığı Litva və Polşa ilə davam edən uğurlu əməkdaşlıq barədə danışıb. Günay Əfəndiyeva həmçinin, Rumıniyada yaşayan tatarların da qədim mədəni irsinin daha geniş auditoriyaya tanıdılmasının vacibliyinə toxunub.

Rumın nümayəndə heyətinin üzvləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edərək, ölkədə yaşayan tatarlar da daxil olmaqla, bütün milli azlıqların hüquqlarının və mənəvi dəyərlərinin qorunmasına yönəlmiş dövlət sisteminin mövcud olduğu barədə ətraflı məlumat veriblər. Fond ilə bu sahədə təcrübə mübadiləsinin aparılması və gələcəkdə ikitərəfli əməkdaşlığın çərçivəsini anlaşma memorandumunun imzalanması imkanlarından söz açıblar.

Bununla yanaşı, görüşdə iki tərəf arasında tərəfdaşlığın digər istiqamətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu dəfə sizlərə Vasif Süleymanın “Sevgi şeirlərimə” adlı şeirini təqdim edirik. 

 

 

SEVGİ ŞEİRLƏRİMƏ 

 

Sevgi şeirlərim, sözüm var, gəlin,

Daha ürəkmi var, oda düşəsi…

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi…

 

Sizdə mənim kimi bir belə təmiz,

Sizdə mənim kimi belə utancaq.

Eh, məni bir qıza sevdirmədiniz,

Mən sizi yüzünə sevdirdim, ancaq.

 

Atılan nə qədər atan nə qədər,

Nə qədər zalım var, atam, nə qədər…

Ürək də yazıqdı çəksə, bu dərdi.

Başını sındırma sevilməyənlər,

Elə sevənlərin sayı qədərdi.

 

Elə sevənlərdi sevilməyənlər,

Sevsə də, yansa da bəlası birdi.

Ağlımız kəsəndən sevən atılıb,

Canım yarımağa yar nə gəzirdi…

 

Mənim bu dünyadan alacağım var, 

Mənim nə günüm var, olacağım var…

Sevgi şeirlərim sizdən savayı,

Mənim də nə küməm, alaçığım var.

 

Sevgi şeirlərim, sözüm var, gəlin,

Daha ürəkmi var, oda düşəsi…

Elə unudurlar adamı, vallah,

Təzədən sevməkmi yada düşəsi…

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgiləri İsveçdə, eləcə də Fransanın əyalətlərində təşkil olunub. “Dərin sükut” adlı sərgisi ilə R. Deqati əsl sənətkar kimi sözünü, fikirlərini fotoları vasitəsilə ötürür. Onun reallığı əks etdirən fotoları qarşısında sözün heç yeri yoxdur. Bu sərgilər hər şeyi fotoların dili ilə çatdırır. 

 

AzərTAC xəbər verir ki, həmişə olduğu kimi R. Deqati sərgilərində Azərbaycan, eləcə də onun işğalçılar tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotoları da nümayiş olunur. Erməni işğalı dövründə vəhşicəsinə dağıdılmış şəhər və kəndlərimizi əks etdirən Deqati fotoları ictimaiyyətə əsl həqiqətləri çatdırır. 

Yeni sensasiya qarşısında, lal trans, hipnoz, daxili tüğyan hisslərinə qərq olmuş, insan qəlbinin dərinliklərinə yol açan bu fotolar insanı ovundurmaq üçün göz yaşları və dərin sükutdan başqa arqument tapmır. Reza bu fotoları vasitəsilə insana özünün ən yaxşı hisslərinə qovuşmağı təklif edir. 

Uzun illərdir dünyanın müxtəlif qaynar nöqtələrindən çəkdiyi fotolarla Reza humanist baxışını beynəlxalq media, eləcə də kitablar, sənədli filmlər, konfranslar, seminarlar və sərgilər vasitəsilə Fransada və xaricdə bölüşür. O, 1979-cu ildən dünyada baş verən sarsıntıların əsl şahididir. Reza “sülh müxbiri” titullu müharibə müxbiridir. Fotoqrafiya doğma ölkəsindən didərgin düşmüş Rezanı həyata bağlayan yeganə teldir. 

Reza Deqati Azərbaycanın 30 illik işğal dərdini də fotoları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır. 

Reza sərgiləri çərçivəsində təşkil etdiyi konfranslar vasitəsilə də Azərbaycan reallıqlarını sənətsevərlərə ötürür. Onun bu ilki sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir. 

R. Deqati sərgiləri yay fəsli ərzində yerli ictimaiyyət və xarici turistlərin ən sevimli ziyarət məkanı olur.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

SƏBƏB HOLLİVUDDUR

 

Bildiyiniz kimi Hollivud kinoaktyorları və ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətilə qoşulublar, bu tək Hollivudun fəaliyyətini iflic etməyib, həm də ətraf dünyanı da silkələyib. Belə bir fikir var ki, tətilə görə ABŞ filmləri və aktyorları 80-ci Venesiya Film Festivalına qatılmaya bilərlər. Bəzi mənbələrin məlumatına görə, 80-ci Venesiya Film Festivalının Ümumavropa festivalı olacağı ehtimal edilir.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı week-end nəşrinə istinadən məlumat verir. 

 

Venesiya Film Festivalının rəhbəri Alberto Barbera, tətil səbəbindən Amerika film və ulduzlarının tədbirdə iştirak etməyəcəyi təqdirdə bundan sarsılacaqlarını dilə gətirib, amma onu da deyib ki, belə olarsa, həyata keçiriləcək "B" planı üzərində çalışırlar.

A.Barbera hadisələrin necə olacağını söyləməyin hələ tez olduğunu bildirib: “Amerikalı prodüser və rejissorların nə etmək niyyətində olduqlarını öyrənməyə çalışmalıyıq. Biz də boş dayanmır, alternativ proqram yaratmaq üçün addımlar atırıq”.

 

Qeyd edək ki, sentyabrın 7-dən 17-dək davam edəcək Venesiya Film Festivalının Avropa festivalı olacağı proqnozları pozula da bilər. Belə ki, bəzi kino funksionerləri ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi aktyorların tətilinin sentyabradək yekunlaşacağını ehtimal edirlər.

 

Şəkildə: Hər ehtimala qarşı, Alberto Barbero gülümsəyir və nikbin olmağa çalışır. 

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

İyulun 20-də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabının M.S.Ordubadi adına Naxçıvan Respublika Kitabxanasında təqdimatı keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi, muzeyi, daha sonra Hüseyn Cavidin məqbərəsi ziyarət olunub.

Təqdimatda çıxış edən, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev poeziyamızın inkişafına böyük diqqət göstərib. Bu da, həmin dövrün yazıçı və şairlərinin yaradıcılığında öz əksini tapıb. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və daim sözə sevgi ilə yanaşıbdır. Eyni dövrdə yaşayıb, yaratmış Xalq şairi Mirvarid Dilbazinin yaradıcılığında xalqın qeyrətli oğlu Heydər Əliyev dühası xüsusi yer tutur. 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsinin sədri Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı, Naxçıvan Muxtar Respublikası İcra başçısının müavini Təhminə Mustafayeva, şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, şəhid İbrahim Vəlizadənin anası Kifayət xanım, şairlər və yazıçılar çıxış ediblər. 

Tədbir çərçivəsində bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Ziyalı və cəmiyyət” layihəsində tanınmış jurnalist, etnoqraf Eltən Qədimbəylinin fikirlərini təqdim edir. 

 

Sovet quruluşunun bizim birlik qurma bacarığımızı yox etmək üçün elədiyi bir  həmləni yada salmaq istəyirəm.

Sovetdə elm və sənət adamlarına ad-san verilir, ev-eşik, iş imkanları yaradılırdı.

İş adamları isə aşağılanır, toplumda alverçi, bazarkom, işbaz adları ilə gözdən salınırdı. Günümüzdə hələ də toplumumuzda varlı adamlara qarşı gizli bir nifrət, inamsızlıq qalmaqda davam edir. Hələ də elm, sənət və iş adamları arasında uçurum var və bu da güclü iş birliklərinin qurulmasına böyük əngəldir.

 

Sovet quruluşu keçmiş SSRİ ərazisində qurulan bütün fabriklərin, zavodlarını  istehsalatını ölkələr arasında parçalamışdı ki, həmişə gəlirlər Moskvada toplansın, həm də quruluş dağılanda işlərin hamısı dayansın. Bunun eynisini yönləndirdiyi ölkələrin insan kapitalını parçalayaraq etdi.

Birləşək deyəndə vurğulamaq istədiyimiz  fikir budur ki, toplumdakı bu 3 önəmli sahənin adamlarının artıq aralarında barışması lazımdır. İstər biznes, istər sənət, istər elm sahəsində yaranacaq yeni quruluşlarda birgə çalışmalıdırlar. Bu, çox çətin bir işdir, sovetin bizə alışdırdığı bu gərəksiz alışqanlığı uşaqlarımızı yetişdirərkən aradan qalıra bilərik.

Unutmayaq, izlədiyimiz, dinlədiyimiz və bəyəndiyimiz paylaşımlar bizim düşüncələrimizi, seçimlərimizi, davranışlarımızı, istəklərimizi dəyişdirir, yönləndirir. Özümüzdən, kimliyimizdən uzaqlaşaraq dəyişirik. Mənliyimizdən uzaqlaşdıqca başqalarına bənzərliyimiz çoxalır, sonunda öz baxışımız, yaradıcı bacarıqlarımız korşalır və başqalarından asılılığımız artır. 

Unutmayaq, Törəsinə, keçmişinə köklənməyənin gələcəyi olmaz. 

Gələcəyi bu gündən görə bilməsək, geridə qalacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir. 

 

Mərkəzin yaydığı məlumata görə, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.

 

Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli olub

 

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış daha 6 namizəd İctimai Şuranın üzvü seçilib.

Belə ki, Milli Məclisin deputatı, professor, Əməkdar elm xadimi Cəfərov Nizami Qulu oğlu, Allahyarlı Nihad Vüqar oğlu (“DAVAM” Gənclər Hərəkatı İctimai Birliyi), Bəbirova Ülviyyə Firudin qızı ( "Mədəniyyət Könüllüləri" İctimai Birliyi), Nəzərova Adilə Həsən qızı ( "Kitab evi" İctimai Birliyi) Əməkdar incəsənət xadimi Salayev Ayaz Ramiz oğlu, Verdiyeva Bəyimxanım İsfəndiyar qızı (“Xan Şuşinski” Fondu) Mədəniyyət Nazirliyi yanında İctimai Şurada fəaliyyət göstərəcəklər.

Xatırladırıq ki, iyulun 17-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi), Qədirov Vuqar Kərim oğlu (Aydınlar Ocağı” Humanitar İctimai Birliyi) Şuraya üzv seçiliblər. 

Hər iki seçkinin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib. Göründüyü kimi, üzvlər arasında akademik Nizami Cəfərov olmaqla çox nüfuzlu şəxslər yer alıb. Demək, fəaliyyət də yaxşı olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Ötən gün sizləri bir kitab təqdimatına dəvət edirdik. Təqdimat keçirildi. Özü də gözlənildiyi kimi çox yüksək səviyyədə. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyulun 20-də Mətbuat Şurasında mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimi keçirilib. 

Tədbirdə müxtəlif nüfuzlu şəxslər Şakir Yaqubov barədə xoş sözlər deyiblər.

 

RƏŞAD MƏCİD:

Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistikasında özünəməxsus izi olan Şakir Yaqubov haqqında deyib: “O, təpədən dırnağa, qanına-iliyinə qədər jurnalist, mətbu sözün böyük cəfakeşi idi. Şakir Yaqubov istedadlı qələm sahibi, müxtəlif janrlarda yazılmış bir neçə kitabın, saysız-hesabsız qəzet məqaləsinin müəllifi olmaqla yanaşı, həm də mahir redaktor idi. Onun ustad redaktor qələmi ilə ən zəif, cılız yazılar da ətə-qana doldurularaq qəzet səhifələrinə çıxmaq hüququ qazanırdı. Ustad jurnalistin son illər çapdan çıxan “Yaddaşımın küncündən” kitabları, eləcə də onun həmkar və dostlarının təşəbbüsü ilə 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabları bu sənəti özünə həyat yolu seçənlər, xüsusilə gənc jurnalistlər üçün dəyərli mənbədir. Heç də təsadüfi deyildir ki, onun yaradıcılıq çeşməsindən su içən, zəngin təcrübəsindən bəhrələnən jurnalistlər Şakir Yaqubov yetirməsi olduqları ilə fəxr edirlər”.

 

İŞ YOLDAŞLARI VƏ DOSTLARI:

Vaxtilə Şakir Yaqubovla bir yerdə işləmiş Sveta Şıxəliyeva, Zemfira Ələkbərova, İmran Bədirxanlı, Süleyman Qaradağlı, yazıçı Şərif Ağayar, yaxın dostları Hüseyn Qaraşov, Hacı Mehman Fərzullayev və başqaları istedadlı qələm sahibinin müsbət keyfiyyətlərindən, onlarla adamın həyatında oynadığı müsbət roldan bəhs edib və xatirələrini söyləyiblər. 

 

DİGƏRLƏRİ

Klassik jurnalistikanın ən gözəl ənənələrinin daşıyıcısı olan ustad qələm sahibi haqqında danışan Əməkdar jurnalistlər Elşən Əliyev, Tahir Aydınoğlu, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, novator.az saytının redaktoru Azər Qaraçənli və başqaları onun müxtəlif illərdə qələmə alınmış “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarından, onun peşəkarlıq keyfiyyətlərindən bəhs ediblər. Onu tələbkarlıq və təmənnasız etalonu kimi tanıyanlar da var, prinsipial qəzetçi, hər sözün, hər sətrin, cümlənin üstündə əsən redaktor kimi də. Lakin kimin onu necə tanımaq və dəyərləndirməyindən asılı olmayaraq Şakir Yaqubov ustad jurnalist, mətbuatımızın son mogikanlarından biri idi. Elə həmişə də ən yüksək istedad və peşəkarlıq keyfiyyətləri ilə yaddaşlarda yaşayacaq…

 

AYSEL VƏ AYNUR

Təqdimat mərasimində mərhum jurnalistin qızları Aynur və Aysel Yaqubovalar da ataları barədə xatirələrini söyləyiblər, atalarının xatirəsinə göstərdikləri ehtirama görə tədbirin təşkilatçılarına, kitabı hazırlayanlara və təqdimat mərasimində iştirak edənlərə təşəkkür ediblər. 

 

ŞƏRƏFLƏ ANILIR

Qeyd edək ki, Şakir Yaqubov Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. O, iki dəfə Əməkdar mədəniyyət işçisi və “Azərbaycan Respublikasının fəxri auditoru” adını alan yeganə jurnalistdir.

Həmkarlarının ona həsr edilmiş yazılarından ibarət “Ustadlıq missiyası” və mərhum jurnalistin publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabları mərasim iştirakçılarına paylanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.