Super User
Nizami Cəfərov, Ayaz Salayev və digərləri
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli olub
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilib. “Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış daha 6 namizəd İctimai Şuranın üzvü seçilib.
Belə ki, Milli Məclisin deputatı, professor, Əməkdar elm xadimi Cəfərov Nizami Qulu oğlu, Allahyarlı Nihad Vüqar oğlu (“DAVAM” Gənclər Hərəkatı İctimai Birliyi), Bəbirova Ülviyyə Firudin qızı ( "Mədəniyyət Könüllüləri" İctimai Birliyi), Nəzərova Adilə Həsən qızı ( "Kitab evi" İctimai Birliyi) Əməkdar incəsənət xadimi Salayev Ayaz Ramiz oğlu, Verdiyeva Bəyimxanım İsfəndiyar qızı (“Xan Şuşinski” Fondu) Mədəniyyət Nazirliyi yanında İctimai Şurada fəaliyyət göstərəcəklər.
Xatırladırıq ki, iyulun 17-də Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Yolçuyev Əkbər Mehdi oğlu (Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü), Mustafayeva Samirə Vəli qızı (“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi), Qədirov Vuqar Kərim oğlu (Aydınlar Ocağı” Humanitar İctimai Birliyi) Şuraya üzv seçiliblər.
Hər iki seçkinin nəticəsi olaraq Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilib. Göründüyü kimi, üzvlər arasında akademik Nizami Cəfərov olmaqla çox nüfuzlu şəxslər yer alıb. Demək, fəaliyyət də yaxşı olacaq.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
“Yaddaşa son səyahət” kitabının təqdimat mərasimi olub
Ötən gün sizləri bir kitab təqdimatına dəvət edirdik. Təqdimat keçirildi. Özü də gözlənildiyi kimi çox yüksək səviyyədə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, iyulun 20-də Mətbuat Şurasında mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə müxtəlif nüfuzlu şəxslər Şakir Yaqubov barədə xoş sözlər deyiblər.
RƏŞAD MƏCİD:
Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistikasında özünəməxsus izi olan Şakir Yaqubov haqqında deyib: “O, təpədən dırnağa, qanına-iliyinə qədər jurnalist, mətbu sözün böyük cəfakeşi idi. Şakir Yaqubov istedadlı qələm sahibi, müxtəlif janrlarda yazılmış bir neçə kitabın, saysız-hesabsız qəzet məqaləsinin müəllifi olmaqla yanaşı, həm də mahir redaktor idi. Onun ustad redaktor qələmi ilə ən zəif, cılız yazılar da ətə-qana doldurularaq qəzet səhifələrinə çıxmaq hüququ qazanırdı. Ustad jurnalistin son illər çapdan çıxan “Yaddaşımın küncündən” kitabları, eləcə də onun həmkar və dostlarının təşəbbüsü ilə 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabları bu sənəti özünə həyat yolu seçənlər, xüsusilə gənc jurnalistlər üçün dəyərli mənbədir. Heç də təsadüfi deyildir ki, onun yaradıcılıq çeşməsindən su içən, zəngin təcrübəsindən bəhrələnən jurnalistlər Şakir Yaqubov yetirməsi olduqları ilə fəxr edirlər”.
İŞ YOLDAŞLARI VƏ DOSTLARI:
Vaxtilə Şakir Yaqubovla bir yerdə işləmiş Sveta Şıxəliyeva, Zemfira Ələkbərova, İmran Bədirxanlı, Süleyman Qaradağlı, yazıçı Şərif Ağayar, yaxın dostları Hüseyn Qaraşov, Hacı Mehman Fərzullayev və başqaları istedadlı qələm sahibinin müsbət keyfiyyətlərindən, onlarla adamın həyatında oynadığı müsbət roldan bəhs edib və xatirələrini söyləyiblər.
DİGƏRLƏRİ
Klassik jurnalistikanın ən gözəl ənənələrinin daşıyıcısı olan ustad qələm sahibi haqqında danışan Əməkdar jurnalistlər Elşən Əliyev, Tahir Aydınoğlu, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov, novator.az saytının redaktoru Azər Qaraçənli və başqaları onun müxtəlif illərdə qələmə alınmış “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarından, onun peşəkarlıq keyfiyyətlərindən bəhs ediblər. Onu tələbkarlıq və təmənnasız etalonu kimi tanıyanlar da var, prinsipial qəzetçi, hər sözün, hər sətrin, cümlənin üstündə əsən redaktor kimi də. Lakin kimin onu necə tanımaq və dəyərləndirməyindən asılı olmayaraq Şakir Yaqubov ustad jurnalist, mətbuatımızın son mogikanlarından biri idi. Elə həmişə də ən yüksək istedad və peşəkarlıq keyfiyyətləri ilə yaddaşlarda yaşayacaq…
AYSEL VƏ AYNUR
Təqdimat mərasimində mərhum jurnalistin qızları Aynur və Aysel Yaqubovalar da ataları barədə xatirələrini söyləyiblər, atalarının xatirəsinə göstərdikləri ehtirama görə tədbirin təşkilatçılarına, kitabı hazırlayanlara və təqdimat mərasimində iştirak edənlərə təşəkkür ediblər.
ŞƏRƏFLƏ ANILIR
Qeyd edək ki, Şakir Yaqubov Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. O, iki dəfə Əməkdar mədəniyyət işçisi və “Azərbaycan Respublikasının fəxri auditoru” adını alan yeganə jurnalistdir.
Həmkarlarının ona həsr edilmiş yazılarından ibarət “Ustadlıq missiyası” və mərhum jurnalistin publisistik qeydlərindən ibarət “Yaddaşa son səyahət” kitabları mərasim iştirakçılarına paylanılıb.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
Corciya ştatının Hacı Teymuru
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Haqqında söhbət açmaq istədiyim Hacı Teymur hazırda ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yaşayır. Mən onunla İndiana ştatında yaşadığı vaxtlarda tanış olmuşam. Çox gözəl insandır. İbadətindən heç vaxt qalmır.
Uzun illər ABŞ-ın dərman sənayesində çalışıb. O, 1968-ci il iyulun 20-də Odessa şəhərində anadan olub. Həmin vaxtlar atası Qorxmaz kişi orada Dəniz Donanması Mühəndisləri inistitutunda təhsil alıb. Teymur iyirmi günlük körpə olarkən Qorxmaz kişi həyat yoldaşı Sveta xanımla birlikdə Bakıya köç edib, vətənə dönüblər. Hazırda ömrünün ixtiyar çağlarını yaşayan, əslən Ağdaş rayonundan olan Qorxmaz kişi uzun illər DOSAAF kimi tanınan təşkilatın sürücülük məktəbində müdir müavini vəzifəsində çalışıb...
Teymur orta təhsilini Bakıdakı 42 nömrəli məktəbdə alıb. Sonradan Azərbaycan Texniki Universitetini bitirib. İxtisasca mühəndis-mexanikdir. 1991-1993-cü illərdə Respublika Uşaq Fondunun istehsal sahələrindən birində çalışıb. 1993-cü ildə Moskva şəhərinə yollanıb. 1994-cü ildə Bakıya qayıdanadək orada “Avand” adlı restoran yaradaraq həmin restoranı işlədib. 2000-ci ildə ABŞ-a gələnədək Bakıda kiçik bizneslə məşğul olub. ABŞ-a gəldikdən sonra isə iki il Nyu-York şəhərində yaşayıb işləsə də, 2002-ci ildən 2022-ci ilədək ABŞ-ın Bluminqton şəhərində yaşayıb, ABŞ vətəndaşıdır. Az müddət ərzində o, dərman istehsalı üzrə ABŞ-ın ən yaxşı mütəxəsislərindən birinə çevrilib. Bu sahədə ən bacarıqlı mühəndislərdən biri kimi tanınır. Bəlkə də yeganə azərbaycanlıdır ki, bacarığına, savadına görə onun Vətəndən apardığı ali təhsil diplomu amerikalılar tərəfindən tanınıb və qəbul edilib. Ailəlidir, iki övladı var...
Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır. Teymurun İndiana Universitetinə təhsil almağa gələn azərbaycanlı tələbələrə az hörməti dəyməyib. Onlara qardaş nəvazişi göstərib, hər birinə arxa-dayaq olub. Odur ki, burada təhsil almış soydaşlarımızın əksəriyyəti Teymuru tanıyır, Teymuru sevirlər. Təkcə soydaşlarımıza hayan olmur, başqa millətlərdən Bluminqtona gələn insanlarla da ünsiyyətində mehriban, qayğıkeş olub. Gürcüstanın sabiq Ekalogiya və Təbii Sərvətlər naziri Xatuna Qaqaladze ilə indi də ailəvi dostluq edirlər. Xatuna xanım da İndiana Universitetində təhsil alıb, bu elm ocağının məzunudur...
İçində bir iman var. Allaha ibadəti sevir. Heç vaxt namazından qalmayıb, orucdan yayınmayıb. Yaxşı yadımdadır, Bluminqton məscidinə gələn müsəlmanlar Teymuru doğru-dürüst, xeyirxah bir mömin müsəlman kimi tanıyıb ehtiram göstərirdilər...
Yaxşı deyiblər, hər kəs mənsub olduğu millətin bir zərrəsidir. Bluminqtonda daimi yaşayan əhali Azərbaycanı Teymurla tanıyır desəm, səmimiyyətimə inanın. Azərbaycan adət-ənənələrinin, mədəniyyətinin təbliği üçün burada çox işlər görüb o. Novruz bayramlarında Universitetin ərazisində milli xörəklərimizdən, şiriniyyatdan ibarət süfrə açır, müxtəlif millətlərdən olan tələbələri qonaq edirdi. Azərbaycanla bağlı qısametrajlı filimlər nümayiş etdirib insanlara ölkəmiz haqqında məlumatlar verir, onları maarifləndirirdi...
Evinin hər bir otağında Azərbaycan bayrağı vardır. Bakıdan gətirdiyi müxtəlif suvenirləri evinin hər yerində görmək olurdu. Vətənə sevgisinin bir təzahürü kimi, idarə etdiyi avtomobilə 2015-ci ildən Azərbaycanın dövlət qeydiyyat nişanını vurub. Doğrudur, bu nömrə əsl deyil, hansısa rəssamın əl işidir, amma əslindən heç də fərqlənmir. Hər dəfə bu avtomobili görəndə qürur hissi keçirirdim. İndi həmin avtomobil Corciya ştatının küçələrində şütüyür. Bəli, bu avtomobil Teymur Hacıyevə məxsusdur...
Teymurun 55 yaşın tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
Kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticələri bəlli olub
Mədəniyyət Nazirliyi sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmiş namizədlərin nəticələri bəlli olub.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan edilən vakant vəzifələrə qeydiyyatdan keçən 108 namizəddən 104-ü imtahanda iştirak edib, onlardan 30 nəfər tələb olunan keçid balını toplayıb, 25 nəfər seçdikləri müvafiq vəzifələrə uyğun olaraq təyinatı ilə bağlı qərar qəbul edilib. 5 nəfər isə ehtiyat kadrlar siyahısına əlavə edilib.
Nəticələrə dair şikayəti olan şəxslər iyulun 20-24-də Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apelyasiya Şurasına müraciət edə bilərlər.
Müsahibənin nəticələri ilə bağlı https://bit.ly/43zgtPi linkdən məlumat əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(21.07.2023)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni sədri seçilib
İyulun 19-da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
AzərTAC xəbər verir ki, toplantıda Yayım Şurasına yeni sədr seçkisi ilə bağlı məsələyə baxılıb. Qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib.
Yeni sədr öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirib.
İclasda, həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni televiziya və radio mövsümünə hazırlığı müzakirə edilib. Şirkətin Baş direktoru Balakişi Qasımov Yayım Şurasını növbəti mövsümdə reallaşdırılacaq iri layihələr barədə məlumatlandırıb. Qeyd olunub ki, növbəti ildə İctimai Televiziya iri layihələrlə yanaşı, beynəlxalq səviyyəli idman yarışları, o cümlədən futbol üzrə Avropa çempionatı və Olimpiya oyunlarının rəsmi yayımçısı olacaq. Bundan əlavə, televiziyada bir sıra yeni serialların istehsalı nəzərdə tutulur. Eyni zamanda, kanal ictimai-siyasi və maarifləndirici proqramların keyfiyyətini artırmaq məqsədilə bir sıra yeniliklərə imza atmağı planlaşdırır.
Xatırladaq ki, Yayım Şurası 9 nəfərdən ibarətdir. İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur.
Qeyd edək ki, Teymur Kərimli Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli filologiya üzrə elmlər doktoru, bir çox kitabın və elmi araşdırmaların müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Azərbaycanlı şair-publisistin şeirləri Misir jurnalında dərc edilib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Azadə Novruzovanın ərəb dilinə tərcümə edilmiş şeirləri Misirin ən böyük nəşri olan Əl-Əxbar Fondunun “Ədəbiyyat və Tənqid” jurnalının 2023-cü il iyun sayında dərc edilib.
Qeyd edək ki, jurnalda müəllifin müxtəlif şeirləri yer alıb.
Şeirləri ərəb dilinə tərcüməçi Fərid Camalov çevirib. Jurnalda yer almış şeirlərin bədii redaktoru filologiya elmləri doktoru, professor Əhməd Sami Elaydidir.
A. Novruzovanın şeirləri, eyni zamanda, rus, ingilis, ispan, fars, yapon dillərinə də tərcümə olunub.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Öz ifası ilə dünyanı heyrətləndirən virtuoz sənətkar
“Ədəbiyyat və incəsənət” portalının “Gənc istedadlar” layihəsində bu dəfə Habil Yaşar sizlərə qanun (kanon) ifaçısı Sevinc Babayevanı təqdim edəcək.
Babayeva Sevinc Məmmədəli qızı 1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olub. 2002-ci ildə Ərtoğrul Cavid adına Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinə qanun sinfinə qəbul olub. Hələ II sinifdə oxuyarkən, 2003-cü ildə NMR uşaq musiqi məktəbləri arasında keçirilən müsabiqədə I yerə və “İlin ən yaxşı ifaçısı” adına layiq görülüb. 2003-cü ildə ilk dəfə 11 yaşında Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri ilə dahi bəstəkar S.Ələsgərovun qanun üçün yazdığı “Poema”sını ifa edərək mütəxəssislərin diqqətini cəlb etmişdir. 2004-cü ildə Naxçıvan MR baxış müsabiqəsində “I dərəcəli” diploma, 2005-ci ildə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 82-ci ildönümünə həsr olunmuş Respublika uşaq musiqi məktəblərinin müsabiqəsində yenə də “I dərəcəli” diploma layiq görülmüşdür. 2006-cı ildə Naxçıvan Gənclik Mərkəzində Heydər Əliyevin anadan olmasının 83-cü ildönümünə həsr olunmuş solo konserti olmuşdur. Konsertdə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı muğam dəstgahı və kompozisiya ifa edilmişdir. 2006, 2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqələrdə “I dərəcəli” diplomlara layiq görülmüşdür.
2007-ci ildə Naxçıvan Musiqi Kollecinin qanun sinfinə qəbul olan Sevinc kollecdə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayevanın sinfində dərs alaraq “qanun” üzrə musiqi təhsilini davam etdirmişdir. Artıq ifasıyıla öz sözünü demiş Sevinc Babayeva tezliklə müəllimlərin və tələbələrin sevimlisinə çevrilmişdir. Sevinc xanım kollecin ictimai həyatında yaxından iştirak edərək “Hicaz” xalq çalğı alətləri ansamblında, xalq çalğı alətləri orkestrində, qədim musiqi alətləri ansamblında solist kimi çıxış etmişdir.
O, ilk böyük qələbəsini 15 yaşında qazanıb. Belə ki, 2008-ci ildə Bakı şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş musiqi kolleci tələbələri arasında keçirilən Gənc ifaçıların I Respublika müsabiqəsinə qatılmışdır. Bu müsabiqənin I mərhələsi ayrı-ayrı zonalarda, o cümlədən Naxçıvan MR-da keçirilir. I mərhələdə münsiflər heyətinin üzvləri Bülbül adına musiqi məktəbinin direktoru Nigar Əsgərova, Xalq artisti Ağasəlim Abdullayev, professor, xalq artisti, xanəndə Qəzənfər Abbasov Naxçıvan musiqi kollecində olmuş, gənc ifaçıları dinləmişlər. Sevinc Babayeva öz texniki imkanları və cazibədar ifası ilə münsifləri heyrətləndirmiş və II tura keçmək hüququ qazanmışdı. II mərhələ Bakı şəhərində keçirildi. Bu mərhələdəSevinc Babayeva inanılmazı etdi - 721 ifaçı arasından“Qran Pri” mükafatına layiq görüldü. Müsabiqə şərtlərinə əsasən qalibə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycanın xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə simfonik orkestrlə ifa etməkşansı verilir və Sevinc Babayeva bu qalibiyyətdən sonra simfonik orkestrin müşayiəti ilə H.Xanməmmədovun №1 konsertini böyük uğurla ifa edərək tamaşaçıların və musiqişünasların böyük rəğbətini qazandı.
Konsertdən sonra Nigar xanım, Ağasəlim Abdullayev, xanəndə Qəzənfər Abbasov Sevinc haqqında ən gözəl ürək sözlərini bildirdilər, hətta öz musahibələrində Sevinci Azərbaycanda yüksək texnikaya malik ən gözəl ifaçısı adlandırdılar. Sevincin virtuoz ifasından fərəhlənən Nigar xanım öz müsahibəsində “Sevinc mənim kəşfimdir” dedi. Bu ugur və nailiyyətdən sonra Sevinc xanım öz üzərində daha ciddi çalışdı və səhnə yaradıcılığını davam etdirdi.
Belə ki, 2009-cu ildə Naxçıvan şəhər Gənclik Mərkəzində, Ordubad şəhərində solo konsertlər verərək, öz ifasıyla tamaşaçıların böyük rəğbətini qazandı. 2011-ci ildə Musiqi Kollecini fərqlənmə diplomu ilə bitirib Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində “Qanun” ixtisası üzrə təhsilini davam etdirdi. Təhsil aldığı illərdə bir çox respublika konfrans və simpoziumlarında öz ifasıyla gurultulu alqışlarla qarşılandı. 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasının 90” illik yubileyi münasibətilə təşkil olunmuş dövlət tədbirində uğurla çıxış etdi. 2015-ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Sevinc xanım 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Magistraturasında “Musiqi tənqidi” ixtisası üzrə təhsilini davam etdirdi və 2018-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurdu.
2019-cu ildə Sevinc Babayeva Bakı şəhərində kerçirilən “Testene Art Baku” III beynəlxalq müsabiqəyə qatıldı və bu müsabiqədə “I dərəcəli diploma” layiq görüldü. Sevinc xanım eyni zamanda Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 12 illik pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi onlarla yetirməsi Respublikada keçirilən müsabiqələrdə I və II dərəcəli diplomlara layiq görülmüşlər.
2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümünə həsr olunmuş solo konsertini şagirdləri ilə birlikdə böyük müvəffəqiyyətlə təqdim edən Sevinc Babayeva eyni zamanda elmi fəaliyyətlə də məşğuldur, belə ki, o, bir neçə elmi və publisistik məqalə və M.Babayeva ilə həmmüəlif olduğu “Rus musiqi ədəbiyyatı” adlı 2 dərs vəsaitinin müəllifidir.
Mədəniyyət və təhsil sahəsində göstərdiyi xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilən Sevinc Babayeva 7 may 2021-ci ildə Prezident mükafatına layiq görülmüşdür. Bu dəyərdən ilham alan Sevinc xanım 2021-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarında (Nyu-York şəhərində) təşkil olunmuş Fiestalonia Amerikan Edition - beynəlxalq distant yaradıcı insanlar müsabiqəsinə qatılmışdır.
Müsabiqədə bütün dünya ölkələrindən müxtəlif yaş qrupuna aid yaradıcı insanlar iştirak edirlər. Müsabiqəyə “World Talent Rankinq” (ABŞ), Böyük Britaniya və «Open İtaly” (İtaliya) assosiasiyaları rəhbərlik edir, eyni zamanda müsabiqə dünyanın 20-dən artıq ölkəsinin mədəniyyət nazirliyi tərəfindən dəstəklənir. Müsabiqə şərtlərinə əsasən Qran Pri mükafatçısı Sevinc Babayeva 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə dəvət aldı. Qeyd edək ki Sevinc Babayeva instrumental ifa kateqoriyası üzrə iştirakçı idi. 12 iyun tarixində müsabiqənin münsiflər heyətinin yekun qərarına görə Sevinc Babayeva 100 bal sistemi üzərindən 100 bal toplayaraq Qran Primükafatçısı elan edildi. Bu, musiqi aləmində ölkəmiz adına böyük uğurdur. Və bütün dünya ölkələrindən olan minlərlə ifaçı arasından hər yaş qrupundan bir nəfər olmaq şərti ilə üç ölkənin nümayəndəsi Qran Priyə layiq görülmüşdü: Azərbaycan, Rusiya və Çex Respublikası.
Azərbaycanı təmsil edən Sevinc Babayevanın qanunda ifa etdiyi - Həsən Rzayevin “Çahargah rapsodiyası” münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi və Qnesin adına Rusiya Musiqi Akademiyasının professoru Nataliya Brajnikova öz fikirlərini video formatda müsabiqənin rəsmi səhivəsində paylaşdı. O, bildirdi ki, “Sevinc virtuoz musiqiçi və nadir fitri istedad sahibidir və onun ifası uçuş sürəti ilə müqayisə olunacaq dərəcədə, ovsunlayıcı, aydın, təmiz və möhtəşəm ifadır”.
Hazırda Sevinc xanım ifaciliq fəaliyyəti ilə yanasi eyni zamanda Naxçıvan Dövlət Universitetində pedaqoji fəliyyətini də davam etdirir. Eyni zamanda universitetdə keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə həm solo ifalarla çıxış edir, həm də “Sevincin inciləri” qanun ifaçıları ansamblının yaradıcısıdır.
2022-ci ildə Naxçıvan Dövlət Uniersitetinin simfonik orkestri ilə “28 May Müstəqillik günü” və 2023-cü ildə Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş dövlət tədbirində simfonik orkestrlə solo ifaçı kimi uğurlu ifalar sərgiləmişdir. 2023-cü ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sevincin inciləri” qanun ifaçıları ansamblının dövlət səviyyəli uğurlu konserti olmuşdur.
Bəli, mən sizə bir istedadlı azərbaycanlının qazandığı möhtəşəm uğurlardan söz açdım. Nə xoş bizə ki, yurdumuzda belə mədəniyyət xadimləri var.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
“Hollivud üsyanı” - Məqsəd Nur
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Məqsəd Nurun Qaynar.az saytında yayımlanan “Hollivud üsyanı” məqaləsini diqqətinizə çatdırır.
BBC xəbər verir ki, ABŞ-da minlərlə Hollivud aktyoru və televiziya işçilərinin etiraz aksiyası keçirilib. 160 min aktyor və televiziya işçisi gecəyarısı öz işini dayandırıb. Bu, ABŞ kino və teleradio sənayesində son 63 ilin ən izdihamlı aksiyası sayılır. Aksiya "Avatar” və "Qladiator” da daxil olmaqla, istehsalda olan bır sıra filmlərin çəkilişini ləngidə bilər. İştirakçılar orta təbəqəyə aid aktyorların maaşlarının artırılmasını istəyir. Bu tələb "ulduz"lara aid edilmir, çünki onlarla bağlanan müqavilələr xüsusi şərtləri əhatə edir. Aksiyaçılar həmçinin istəyirlər ki, süni intellekt texnologiyası ilə yaradılan səs və obrazlar aktyorları əvəz etməsin. Eyni zamanda, Netflix və Amazon kimi platformalardan əldə edilən mənfəətin ədalətli bölüşdürülməsi tələb olunur.
Bax belə. Bu, təkcə kinonun deyil, ABŞ təbliğat maşınının və "beyinyuma" institutlarının yenilənməsi deməkdir. Kino çox böyük silahdır. Hollivudda dövr edən milyardlarla vəsait həm kinonu, həm də dünya mədəniyyətini yanı üstə qoyub. İndi isə bu sənayenin özü süni intellektə transfer etmək üçün insan faktorunu necə aradan qaldırmaq barədə çağırışlarla üz-üzədir.
Yaxşı ki, uşaq vaxtı klubda hind filmlərinə baxanda bir neçə dəqiqədən sonra böyük bacımın qucağındaca yuxulayırdım. Heç böyüyəndə də hind filmlərinə sonadək baxa bilmədim. Amma "həyat gerçəkliyinə yaxın" olan "Bir dəfə Amerikada" filmini iki dəfə izlədim (Filmlərə təkrar-təkrar baxmağı sevmirəm). Sən demə, "həyat gerçəkliyi"nə yaxın Hollivud filmləri hind filmlərindən fərqli olaraq beyinləri başqa cür "yuyurmuş". Asta-asta, hiss etdirmədən - tütünü, narkotikləri, şəhvəti, kapitalı və kapitalın insan həyatında mühüm rolunu təbliğ edə-edə, ailə institutunu, dəyərləri, keçmişin xatirələrini yuyub apararaq. Yumşaq güclə (Soft power).
Kino (seriallar da daxil olmaqla) dünya siyasəti üçün yumşaq gücə çevrilib. İndi heç bir Hollivud filmi (o cümlədən Nütflix, digər bu kimi platformalar) və "ulduz aktyor" mənim üçün maraqlı deyil. Hər hansı bir ulduz və onun həyatı ziyanverici xarakter daşıyır. İnsanı gerçəklikdən və təbiətdən ayırır. Aktyor sənətinin fəlsəfəsini də Hollivud məhv etdi. Bu mənada Hollivudla Bollivud eyni məxrəcdədir. Bəs görəsən, dünyanı tamamilə dəyişə bilən, inqilablar edən, sonuncu imperiyanı dağıdan kinonun yerini tutan sosial media və süni intellekt bizi necə dəyişəcək? Biz o dövrün çağırışlarına necə cavab verir?
Təsəvvür edin, süni intellektin bazasına XX əsrin bütün mədəniyyəti, o cümlədən kino kontentlər daxil edilib. Süni intellektə tapşırıq verəcəksiniz ki, məni film qəhrəmanına bənzət, mənim haqqımda film təqdim et, mənim üçün sevgi haqqında yeni bir film istehsal et və sair. Bir də görəcəksiniz ki, sizi Hollivud və Bollivud filmləri qəhrəmanına sintez edib. Əslində isə bu siz deyilsiniz.
Mən süni intellektdən qətiyyən narahat deyiləm. Heç Hollivuddan da. Qorxulusu Hollividda üsyan edən o kütlədir. Onlar pul xətrinə nə desəniz edəcək, iş tapmaq üçün süni intellektin beynini dolduran layihələrə transfer olunacaqlar. Və əmin ola bilərsiniz ki, bu kütlənin etdikləri, süni intellektin "analitik təfəkkürünü" - alqoritmini müəyyənləşdirəcək.
Mədəniyyəti sənayeləşdirmək, yeniləşdirilmiş dəyərlər çələngi istehsalını gücləndirmək və istehlakçıların sayını artırmaq qlobal dünyanın çoxdankı taktikasıdır. Zaman keçdikcə anlayıram ki, ən yaxşı Hollivud filmi belə "sosial-iqtisadi" layihədir. Beyin yuyulması və Amerika həyat tərzinin dünyaya sırınmasıdır. Ən yaxşı filmlər belə anestezidir. Çirkli pulların yuyulmasında kino sənayesinin rolu danılmazdır. Hollivud istehsalı da futbol çempionatları kimi xoşməramlı xarakter göstərmək istəyir, amma çoxdan qumarxana ocağına çevrilib.
Bizdə isə kino üsyanı indi başlayır. Köhnə kino qurdları Hollivud, Kann festivallarına can atan təzə uşaqlarla kinomuzu şöhrətləndirmək üçün yola çıxırlar. Sənayeniz mübarək.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
“Hər dövranda bir gərdiş var..."
BU GÜN MƏRHUM AKTYOR RAMİZ ƏZİZBƏYLİNİN 75-Cİ DOĞUM GÜNÜDÜR
"Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan!..
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan…"
Ey, gidi dünya! Bir vaxtlar deyib gülər, yeyib içər, gəzib-dolanardı. İndi isə şəkli başdaşından bizə boylanır...
Deyirdi ki;- “Atamı on yaşım olanda itirmişdim. Ailənin kiçiyi olduğum üçün anam da, bacım da mənim inkişafım üçün bütün şəraiti yaratmışdılar. İncəsənət sahəsini seçdiyim üçün heç vaxt heç bir qadağa, sərhəd qoymurdular. Əksinə, həmişə fəxr edirdilər mənimlə. Çünki o vaxt televiziya yenicə yaranmışdı Azərbaycanda, mən də bu yeniliyin içində idim, hamı məni teleekrandan görüb tanıyırdı. Bu, doğmalarıma sonsuz qürur verirdi. Birinci dəfədir ki, özüm haqqında bu qədər danışıram. Heç vaxt uğurlarımı sadalamamışam, istedadlı, bacarıqlı olduğumu deməmişəm. Həmişə demişəm ki, mənim silahım mənim sadəliyim, səmimiyyətimdir. İndi xatırlayanda görürəm ki, uşaqlığım çox gur keçib. Televiziyadakı, kinostudiyadakı işimdən əlavə, "Bənövşə" uşaq xorunun, 26-lar adına Mədəniyyət Evində, Qaqarin adına Pionerlər Sarayında, Fioletov adına Tibb İşçilərinin Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəklərinin üzvü olmuşam.”
Bəli, bu dünyada Ramiz Əzizbəyli adında bir aktyor var idi. Gəldi, gördü və getdi. Özündən sonra övladları, bir də canlandırdığı obrazlar qaldı. O, 1948-ci il iyul ayının 20-də Bakı şəhərində anadan olmuşdu. M.A.Əliyev adına İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərirdi. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqlədi. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olub. Onun 1992-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi isə müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun 2006-cı ildə çəkdiyi "Yalan" bədii filmi Qarabağ müharibəsi mövzusunun ən uğurlu ekran həllindən biri hesab oluna bilər. Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb. "Hacı Zeynalabdin Tağıyev", "Qızıl Buta" mükafatları laureatı idi.
Sağlığında müəllimlikdən tutmuş, Azərbaycan radiosunda "Gəl, səhərim" verilişinin aparıcılarından biri olmuşdu. Bütün bunlardan savayı, ictimai işlərlə də məşğul idi, çoxlu sayda ictimai təşkilatın üzvü olmuşdu.
“Mənim bu sənətdəki fəaliyyətim 1957-ci ilin fevralından başlayır. O vaxt doqquz yaşım olmasına baxmayaraq, AzTV-nin uşaq redaksiyasında adıma hətta müvəqqəti əmək kitabçası da açılmışdı. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü idim. Azyaşlı olduğum üçün maaşımı özümə vermirdilər, poçta göndərirdilər, valideynlərim gedib götürürdülər. O illərdə verilişlər, teletamaşalar lentə yazılmırdı. Bir tamaşanı aylarla hazırlayıb bir dəfə canlı oynayırdıq. 1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olundum. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi mənə həvalə etdilər.”- söyləyirdi.
Ramiz Əzizbəylinin adı gələndə, onu bir neçə keyfiyyəti ilə xarakterizə etmək olar- bacarıqlı kinorejissor, teatrda və kinoda müxtəlif xarakterli rolların mahir ifaçısı olmaqdan əlavə, həm də mahnıları qulağayatımlı avazla ifa eləyən duyğusal bir sənətkar kimi. O, teatr və kino sənətimizin ən yaxşı ənənələrini özündə daşıyan incəsənət xadimi idi...
Deyirdi ki;- “Aktyor nə qədər az bilsə, bir o qədər rahatdı. Rejissor kimi həmişə ümumi söhbət etmişəm, yalnız istiqamət vermişəm. Yerdə qalanlarını aktyorlar özləri ediblər. Nadir rejissorlardan idim ki, aktyoru nəyəsə məcbur etmirdim. O özü istiqaməti müəyyənləşdirib yola çıxırdı.”
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdu. Yaşasaydı, iyulun 20-də 75 yaşı tamam olacaqdı. 2021-ci ilin 9 iyun tarixi onun ömür təqvimində sonuncu gün oldu. Ruhu şad olsun!
"Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu rüzigar,
Hünər göstər- bir şey apar
Bu dünyadan, bu dünyadan.
Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı,
Bir gün çəkər öz kərvanın
Bu dünyadan, bu dünyadan…"
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Unudulmaz sevgi şeirləri - “Qayıt”
“Ədəbiyyat və incəsənət” portalı “Unudulmaz sevgi şeirləri” rubrikasında Əli Kərimin “Qayıt” şeirini təqdim edir.
Və sevənlərə arzu edirik ki, heç vaxt ayrılıq dağı çəkməsinlər, “qayıt” deyib inləməsinlər.
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)