“Heydər Əliyev - 100" çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində "Söz bayramı- Zəfər bayramı" adlı tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının həmin tədbirdən bəhs edən yazısını diqqətinizə çatdırır.
Sumqayıtın göz oxşayan Poeziya Evi növbəti maraqlı tədbirə evsahibliyi etdi. “Heydər Əliyev - 100" çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə burada "Söz bayramı- Zəfər bayramı" adlı tədbir keçirildi.
Azərbaycanın dövlət himni ilə başlayan tədbir Ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda həyatını qurban vermiş Şəhidlərimizin xatirəsinin yad edilməsi ilə davam etdi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin M.Füzilinin "Söz" qəzəli və R.Rzanın "Ərk qalası" şeiri ilə tədbir iştirakçılarını salamladı, Ulu öndərin ədəbiyyatımızın inkişafında rolu və xidmətlərindən söz açdı. 44 günlük Vətən müharibəsi və əldə etdiyimiz böyük qələbə - Zəfər günündən bəhs edərək bildirdi ki, bu qələbə Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü və xalqımızın birliyi nəticəsində əldə edilmişdir.
1 saylı məktəbin şagirdi Bəyazid Bəylərov "Şəhidimin səsiyəm" şeirini dedikdən sonra Milli qəhrəman Polad Həşimov adına 28 saylı məktəbin şagirdləri rəqs nömrəsi ilə çıxış etdilər və işğaldan azad olunmuş ərazilərin hər birinə həsr olunmuş bir bəndlik şeir səsləndirdilər.
Qələm adamlarından Əvəz Mahmud Lələdağ, Rafiq Yusifoğlu, Məryəm Aslanqızı, Süleyman Hüseynov, Zakir Zahir, Rəfiqə Şəms, Eyruz Məmmədov, Sübhan Quliyev, Hafiz Ataxanlı, Hümbət Həsənoğlu, Lilpar Cəmşidqızı, Mirzəcan Ağabalayev, Əli Niyazbəyli, Elşad Xaqan Davudoğlu, Xatirə Fərəcli, Gülnar Ümid, Hikmət Fərzəli, Nəriman Nərimanlı, Əliyar Mərdiyev, Elçin Səlimli, Ədalət Əroğlu, Mənsurə Xələfbəyli, Vüsal Ağa və Elvin İntiqamoğlunun oxuduğu şeirlər məclisə əsl bayram ovqatı bəxş etdi.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin araya-ərsəyə gəlməsində onlara dəstək olan Sumqayıt şəhər İcra Hakimiyyətinə, Abşeron- Xızı Regional Mədəniyyət idarəsinə və iştirakçıların hər birinə dərin təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)