Super User
Akademik Nizami Cəfərovun Özbəkistanın ali məktəblərində mühazirələri dinlənilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması layihəsi çərçivəsində akademik Nizami Cəfərov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin tələbələrinə Azərbaycan dilində mühazirələr oxuyub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, mühazirədən əvvəl tarix və filologiya fakültələrində olan azərbaycanlı alim fakültələrdə tədrisin təşkili ilə tanış olub, müəllim heyəti ilə görüşüb, müzakirə və fikir mübadiləsi həyata keçirib. Fakültə rəhbərləri universitetdə təhsil alan tələbələrin Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənələri ilə dərindən maraqlandıqlarını diqqətə çatdırıblar.
Nizami Cəfərov da çalışdığı ali təhsil ocaqları haqqında söhbət açaraq, gənclərin elmə, biliyə olan münasibətlərini müsbət hal kimi dəyərləndirib. Daha sonra tələbələr akademik Nizami Cəfərovun Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı ilk mühazirələrini dinləyiblər.
Azərbaycanlı aliminin Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki mühazirələri iki gün davam edib.
Onu da qeyd edək ki, Nizami Cəfərovla bərabər Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov da tədbirlərdə iştirak edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı və tarixinə aid mövzuların Özbəkistan ali məktəblərinin tədris proqramlarına salınması və azərbaycanlı alimlərin Özbəkistan ali məktəblərində mühazirə oxuması layihəsi çərçivəsində işlərin növbəti tədris ilində də aparılması planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Kamal Abdulla: “Müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək”
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV AZƏRBAYCAN
MULTİKULTURALİZMİNİN SİYASİ BANİSİ KİMİ
“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı, Akademik Kamal Abdullanın Ümummilli lider Heydər Əıliyevin 100 illik yubileyi münasibətilə yazdığı məqaləsini təqdim edir.
Azərbaycançılıq ideyası – Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlməsinə yönələn bir ideyadır. Bu ideyanın əsasında Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi durur. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi tarixi azərbaycançılıq ideyasının formalaşması prosesi ilə bağlıdır. Bu proses XIX əsrin ikinci yarısında başlamışdır. Məlum olduğu kimi, o vaxt Azərbaycan Çar Rusiyasının bir əyaləti idi. Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti milli azlıqların ruslaşdırılması diskriminasiyası və istimarına əsaslanırdı. Qeyd olunan vaxt Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi azərbaycançılıq ideyasının formalaşmasının əsas hərəkətverici qüvvəsi idi.
***
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq ideyası tarixində tamamilə yeni bir mərhələ başlandı. Bu mərhələ azərbaycançılıq ideyasının bütün tarixi inkişafının zirvəsini təşkil edir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir: “1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illlərdə dövlətçiliyimizin əsasları qoyuldu, milli ideologiya – azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi”. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycançılıq ideyasının inkişafına, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinə güclü təsir göstərdi. Belə ki, Ümummmilli lider Heydər Əliyev Azərbaycançılıq ideyasını əsas tutaraq onun bütün sahələrdə inkişafını təmin etdi. O, ilk dəfə olaraq multikulturalizmi Azərbaycançılıq ideyasının tərkib hissəsi kimi təqdim etdi.
Hər bir mərhələnin başlanğıcını mühüm bir tarixi hadisə təşkil edir. azərbaycanın milli ideyasının formalaşması tarixinin yeddinci mərhələsi 1993-2003-cü illəri – ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərini – əhatə edir.
Multikulturalizm siyasəti azərbaycançılığın tərkib hissəsi kimi onun cəmiyyətdə geniş yayılmasını təmin edir, daha da möhkəmlədir. Sözün dar mənasında multikulturalizm məfhumu cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti bu müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını əks etdirir. Cəmiyyətdə məskunlaşmış milli azlıqların nümayəndələrinin etnik-mədəni dəyərlərini qorumaqla multikulturalizm siyasəti azərbaycançılığın sosial bazasını daha da möhkəmlədir, bu ideologiyanı ölkədə yaşayan bütün xalqların və etnik qrupların ideologiyasına çevirir. Azərbaycan xalqının siyasi, iqtisadi, sosial və mədəni yüksəlişini təmin etməkdə azərbaycançılıq ideologiyası multikulturalizm siyasətindən mühüm bir vasitə kimi geniş istifadə edir.
Ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etdi. O, siyasi və hüquqi sahələrdə multikulturalizmin dil və milli xüsusiyyətlərini sənədlərlə təsdiq etdi. Buna görə də o, Azərbaycan multikulturalizminin siyasi banisi hesab olunur.
***
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.
“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa başladı. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.
***
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi, “dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik” olmalarını təmin etməli idi.
Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!
Azərbaycan multikulturalizminin siyasi banisi kimi ümummillli lider Heydər Əliyev multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi. Ulu öndər daima Azərbaycanın yuxarıda adları sadalanan təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edirdi. Onun rəhbərliyi altında Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların müdafiəsi sahəsində bu təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasına müvəffəq olmuşdur. Ölkəmiz insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Belə konvensiyalardan Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” nı göstərmək olar. Bu konvensiya Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1-də imzalanmış və 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. Azərbaycan Respublikası hər beş ildən bir “Millli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasına hesabat təqdim edir.
Beləliklə, ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkəmizdə multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş müasir dövrdə onun layiqli davamçısı prezident İlham Əliyevin adı ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Ölkəmizdə qoruqları ziyarət edənlərin sayı artıb
Azərbaycandakı qoruqları ziyarət edənlərin sayında kifayət qədər artım var.
Bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova açıqlama verib.
“Qoruqların saxlanılmasında vətəndaşlardan əldə olunan gəlirlər mühüm rol oynayır. Agentliyin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi var. Bu publik hüquqi şəxs əldə etdiyi gəlirləri qoruqların maddi təminatının yaxşılaşdırılması, problemlərinin həll edilməsi istiqamətində xərcləyir”, - deyə o qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Azərbaycan Kubada beynəlxalq konqresdə təmsil olunub
Kubanın paytaxtı Havana şəhərində Mədəni İrs və Dayanıqlı İnkişaf üzrə Birinci Beynəlxalq Konqres keçirilib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin ilk günü qonaqları qəbul edən Kuba Prezidenti Migel Dias-Kanel Bermudes bu ölkənin mədəni irsə verdiyi dəyərdən və irəli sürdüyü təşəbbüslərdən söhbət açaraq 2023-cü ildə “G77+Çin” Qrupuna üzv ölkələrin Kubanın sədrliyi dövründə həyata keçirilən ilk konqresə uğurlar arzulayıb.
Konqres çərçivəsində BMT-nin “G77+Çin” Qrupuna üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü olub.
“Dayanıqlı inkişaf naminə Mədəniyyət” mövzusunda keçirilən görüşdə Şərqlə Qərb arasında yerləşən ölkəmizin zəngin tarixi-mədəni irsə sahib olduğu və bütün dünyada mədəniyyətlərarası dialoqu fəal təbliğ etdiyi diqqətə çatdırılıb.
Çıxışda ölkəmizin təşəbbüsü olan “Bakı Prosesi” və bu çərçivədə mütəmadi baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının qlobal platforma kimi əhəmiyyəti bir daha vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Sentyabrda “Xınalıq kəndi və Köç yolu”nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq
Bu ilin sentyabr ayında "Xınalıq kəndi və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.
AzərTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
“Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq. Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb”, - deyə Azadə Hüseynova bildirib.
Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Bu gün tanınmış Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun doğum günüdür
Onun adı yaddaşlarda adına olan müəssisə ilə həkk olunub: Soltan Hacıbəyov adına orta ixtisas musiqi məktəbi. Halbuki onun musiqinin qızıl fondunda bəs deyincəyə qədər əsəri var, sadəcə, bayağı musiqinin hökmran olduğu günümüzdə klassika, simfonik musiqi əsla yad edilmir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 104 il ötür.
Azərbaycan musiqi mədəniyyəti tarixinə əbədi daxil olmuş Soltan Hacıbəyovun simfonik musiqimizun təşəkkülü və inkişafında mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.
Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.
Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.
İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.
S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.
1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.
1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.
Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.
1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.
1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Gəlin yox deyək!
Gözəllik ondur, doqquzu dondur deyiblər. Al-əlvan, güllü-butalı geyim də xanımlarımızı gözəl göstərməyə hesablanır təbii ki. Bəs ölkəmizi beynəlxalq arenada təmsil edən kişilərin güllü qadın qiyafəsində ortaya çıxması nədir? Aşırı gözəl görünmə cəhdi, yoxsa milli ləyaqət hissini taptalamaq?
“Ədəbiyyat və incəsənət” portalı bundan sonra qızğın sosial müzakirələrə səbəb olacaq Azərbaycanı Avroviziya musiqi yarışmasında təmsil edəcək Tural & Turan qardaşlarının geyimi barədə bir neçə ictimai fəaldan rəy almışdır. Onları diqqətinizə çatdırırıq:
Aida Eyvazlı:
Hər xalq öz mental dəyərləri ilə, qədim tarixi ilə tanınır. Avropa Şərqə yaxşı heç nə verə bilməz. AVROVİZiYA DA o qəbildən... Bizim Dəmir yumruğumuz, Şuşanı dişi, dırnağı ilə alan igidlərimiz var. O güllü don geyinən gədələri seçən isə Azərbaycanın imicinə kölgə salır.
Əkbər Qoşalı:
Azərbaycanı bu gədələrin təmsil etməsindən çox məyusam. Bəlkə andıra qalmış səsləri, bir qırıq istedadları vardır - ola bilər; bəlkə Avroviziyanın mərət qalmış standartlarına-filana uyğundur - bilmirəm… ancaq sən qəhrəman Azərbaycanı təmsil edirsənsə, bu nə geyim, o nə LediQaqapərəstlikdir?!.
Tərs kimi adları da TuralTuranmış… O adlar hər ikisinə ayıb olsun! Yetkim olsa, hər ikisinin adını dəyişər, yarışdan da geri alardım.
Tural İlyas:
Heyif ki, onlardan biri ilə eyni adı daşıyıram.
Mənə maraqlı olan odur ki, dizayner və ya modelyer bu geyimlə nə mesajı verməyə çalışır?
Azərbaycanda kişilər və ya gənclər belə geyinmir axı, Avropanın ən böyük musiqi yarışmasında da belə iştirak edək.
İnsafla cavab verin, əziz həmyerlilərim, hansınızın babası, atası, əmisi, dayısı, qardaşı, ya özü belinə belə karset taxır və ya belə güllü-çiçəkli geyinir?
Əgər əsl Azərbaycan kimliyi təqdim etmək istəyirdilərsə milli geyimdə iştirak edə bilərdi bu qardaşlar, yox məqsəd Avropanın gözünə girmək, LGBT-ni dəstəkləməkdirsə bu geyim tam uyğundur.
Müasirlik qadınların soyunmağı, kişilərin qadın geyimi geyinməyidirsə və budursa onda mən liberal və müasir olmaqdan imtina edirəm və oluram tipik mental azərbaycanlı.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Bir ilin hikməti
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlunun növbəti doğum günü təbriki yazısını diqqətinizə çatdırırıq.
Cəmi bir il nazir işləyib, amma bir ömürlük xalq məhəbbəti qazanıb. Adı çəkiləndə, ünvanına xoş sözlər deyilir...
Ortaq türk dili söhbəti ilk dəfə ortaya atılanda, aləm bir-birinə dəymişdi Necə deyərlər, ara sakitləşəndə mükəmməl bir fikir söylədi: “H”, “Ə”, “Ö”, “Ü” və s. hərfləri ana dilindən yığışdırmaq olmaz!..
Ölkənin görkəmli alimlərindəndir- alimlər isə iki cür olurlar, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görk olur...
Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz…
İmanlıdır- halalına haram qatmaz…
Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir…
Ədalətlidir- haqq olmayan yerdə görünmür…
Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub…
Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…
Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…
Haqqında söhbət açdığım Firudin Cəlilov 1947-ci ildə Vedibasarda dünyaya gəlib. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb. 1978-ci ildə filologiya elmləri namizədi, 1989-cu ildə isə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bir il sonra Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub. 1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb...
Xalqının qarşısında alnı açıq, üzü ağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır.
Deyir ki,- "Vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən"…
Bəli, Firudin Cəlilov xalqımızın dəyərli övladlarından biridir. Böyük azərbaycanlı olduğunu xidmətləri ilə təsdiq edib. Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Allahın da xoşuna gələn əməllərdəndir…
Ötən gün onun növbəti ad günü idi, 76 yaşı tamam olurdu. Ona möhkəm can sağlığı, ağrısız günlər və uzun ömür arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
Lənkəran Dövlət Dram Teatrının səhnəsində yeni monotamaşa hazırlanır
İnsan niyə arzulasın ki, toza dönsün? Qəribədir, elədirmi? “Mən toz dənəsiyəm" hekayəsi insanın dəyişilməsi, bir aləmdən başqa bir aləmə "köçürülmə" prosesini əks etdirir və bu hekayə də həmin prosesin mahiyyətini psixoloji baxımdan açıqlaya bilməsidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıçı Təranə Vahidin qələmindən çıxan hekayə, Lənkəran Dövlət Dram Teatrında səhnə həyatı qazanır.
Səhnə əsəri Aynur Əhmədovanın ifasında təqdim olunacaq.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.
İnsan bütün ömrü boyu bu xəyallara düşə bilər və təbii ki, canlı həyatda insanın toza çevrilməsi mümkün deyil. Amma sənət buna qadirdir.
Hekayənin ədəbi qəhrəmanı dünyanın işlərindən, pisliklərindən, hər tərəfi bürümüş "hörümçək torundan" xilas olmaq üçün toza çevrilmək istəyir və çevrilir.
Şəkil tamaşanın stolarxası məşqindəndir
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)
“İslaq anılarım” - Səhər Xiyavidən
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasından seçmə şeirlərin dərcində bu dəfə Səhər Xiyavinin şeirləri ilə tanış olacaqsınız. Rubrikanı Portalımızın Güney təmsilçisi Əli Çağla aparır.
Səhər Xiyavi
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə Xiyav şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar, “Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
İSLAQ ANILARIM
Islaq anılarımı
Sərmişəm cansız qış günəşinin şəritinə.
Anılarım küf gedir şəritdə,
Könülsüzcə
Divar üstündə bir pişik,
Hüzünlü başını tovlayır mənə.
Nənəlikdən tənbih görmüş uşaq kimiyəm,
Qurumur göz yaşlarım,
Tökülmür köksümü ağırladan daşlarım
Aslaq qalmışam anılarımdan,
Islaq qalmışam fəsillərin yol ayrıcında
Boşluqdan doludur yaşam.
Saxtadır...
Saxtadır...
Bu günəş,
İsindirmir məni
Gözlərinin qovuran günəşi olmasa.
“Ədəbiyyat və incəsənət”
(08.05.2023)