Yusif Alıyev, Fizika elmləri doktoru, dosent
“Ədəbiyyat və incəsənət” portalı Fizika elmləri doktoru, dosent Yusif Alıyevin söz və elm adamı, professor Mahirə Nağıqızının 63-cü doğum günü münasibətilə qələmə aldığı “Uca sözün gerçək ünvanı: Mahirə Nağıqızı” yazısını təqdim edir.
Bəşəriyyətdə Yer üzünün əşrəfi sayılacaq insan peyda olduqdan sonra bir-birini anlamaq üçün höccə-höccə sözlərlə danışıb dil yaratdılar. Sonra bu dildən istifadə edilib bəzəkli, düzəkli ədəbiyyat yaradıldı. Ədəbiyyatı yaradanlar isə seçilmişlər oldular. Ədəbiyyat zəncir halqaları kimi toxuna-toxuna uzanaraq keçmişdən üzü gələcəyə doğru yol gəldi.
Bu bütün xalqlarda belə oldu. Amma bizim üçün isə Azərbaycan ədəbiyyatının ağırlığına çiyin verən nəhəng ədəbiyyat xidmətçiləri, dil yaşadıcıları daha maraqlıdır.
Bəllidir ki, türkün at belinə minib, qılınc çəkərək Doğudan Batıya dəfələrlə köç etməsi haqqında olan-qalan məlumatlar yad mənbələrlə yanaşı folklorumuzda, ədəbiyyatımızda yaşayaraq günümüzə kimi gəlib çıxmışdır.
Xüsusən bu mövzuda zərifliyi ilə daim zirvədə olmağı bacarmış xanım-xatun ədəbiyyat yaradıcılarımızın yaradıcılığında dərdimiz dərd kimi, sevincimiz sevinc kimi, özümüz özümüz kimi möhürlənərək gəlib bizləri tapmışdır. Ehtimal olunan ən qədim yazılı ədəbiyyatımızın banisi də məhz VIII yüzildə yaşayıb, yaratmış xanım Zibeydə Xatun olmuşdur.
Üzü Zibeydə Xatundan, Məshəti Gəncəviyə, ondan Xan qızı Natavana, ondan Təsnifi-Gülşada, ondan da Aşıq Pəriyə, ondan da ta Mirvarid Dilbaziyə kimi gələn ədəbiyyat yolunda irəliləyən poeziya karvanı nəhayət gəlib uca sözün gerçək ünvanı Mahirə Nağıqızı məqamına da yetişdi. Və onu da öz ədəbiyyat yüklü barxanası ilə bu karvana qoşub haqq yolu gedən zəvvara çevirdi.
Mahirə Nağıqızı danışmağa yavanlıq edib, qələmə tökdü sözlərini. O haqdan gələn ulu səslə oturub, duran dərviş olub dedi ki:
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
Bəli, Mahirə xanım ruhuna Tanrıdan gələn səslə ucaldı hər yanda. Çiyninə ağır bir missiya biçilmiş soyun övladı olmaq məsuliyyətini isə daha dərindən dərk edərək, ən gənc yaşlarından Həsən Mirzə yolunda mətinləşməyə başladı.
Daşlı-qayalı ədəbiyyat dağında özünə bir məkan seçdi, Mahirə xanım. Şirin türkcəsindəki sözlərlə qala burada tikdi özünə. Qala bürclərində özü durub dilinə dil uzadanların gözünə söz körüyü ilə qızmış misralar, beytlər, bəndlər sancdı.
Həlim, həzin, yüklü və işıq sürətilə türk ellərini dolanıb gələn şeirlərindən ibarət kitabları işıq üzü gördü. Hər kitab isə bir ideya mənbəyi, tərbiyə istiqaməti, sevgi ünvanı idi. Çünki professor Mahirə Nağıqızı gözəl bilirdi ki, ədəbiyyatın əsas qayələrindən biri insanlara ruhsal zövq verməkdirsə, biri də insanlara əxlaq aşılamaq, tərbiyə vermək, mənəviyyatı zənginləşdirməkdir. Bax Mahirə xanım bu yöndə də öz mənəvi missiyasını ən yüksək formada icra edən vətəndaşdır.
Onun elmi-tədqiqat yaradıcılığından, elm və təhsil təşkilatçılığından, ictimai fəallığından isə danışdıqca insan qarşısında sübh günəşinin işıq salaraq işıqlandırdığı al qırmızı üfiq görsənir. Al qırmızı rəng isə Mahirə xanımın poeziyasının rəngidir. Çünki onun yaradıcılığı da qədim yurd yeri kimi yaralıdır. Mahirə xanımın yaradıcılığındakı azadlıq eşqi də al qırmızı rəngdədir. Çünki ilahidən gələn bir ünlə onun ruhunda qaynayan eşqin də rəngi al qırmızıdır ki, bu da babalarımızın Vətən torpaqları uğrunda axıtdığı qanların rənginin simvoludur. Mahirə xanımın bayatıları da al qırmızıdır, çünki Nazlı ananın söylədiyi nənnilər al qırmızı yanaq Dərələyəz gözəllərinin şəninə qoşulurdu. Bir sözlə onun misralarındakı güllər, çiçəklər də al yanaqlı lalə kimidir.
Öz poeziya yükünü el-oba, yurd-yuva, vətən-millət yükündən götürmüş şairə, ailim Mahirə xanım heç kimə dərd yükləməz, dərdlilərin dərdini dağıdar, könüllər qırmaz, qırıq könüllülərin könlünü alar.
Bax bu gün el dəyəri ilə dəyərlənmiş, söz təhnəsində yoğrulmuş, həqiqət sacında bişmiş dəyərli Mahirə xanımın həm də 63 yaşı tamam olur. Mahirə xanım ulu nənəsi Zibeydə Xatundan ərmağan gələn UCA SÖZü anası Nazlı xanımın dilindən alaraq Tanrı əmanəti kimi gələcəyə ötürür. Onu Zefsin dərgahından od götürüb insanlara verən Prometey kimi Qafqaz dağına zəncirləsələr də o UCA HƏQİQƏTi deyəcək, çünki mayası düzlükdən, saflıqdan yoğrulub.
Əzizimiz Mahirə xanım, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə söz kimi ucalıq, su kimi saflıq, sübh kimi aydınlıq, sünbül kimi bərəkətlilik, sevgi kimi xoşbəxtlik arzu edirəm.
Tanrı yazıb, yaradan eşqinizi heç zaman söndürməsin!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)