Super User

Super User

06 may 2023, 18:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

 

Abbasov Tariyel Abbasqulu oğlu

 

Axundova Nigar Vəli qızı

 

Aqalliyay Pellumb Mustafa oğlu

 

Əliyev Zamiq Balarza oğlu

 

Əsədov Əsəd Fərux oğlu

 

Həsənov Ənvər Cəfər oğlu

 

Həsənov Vidadi İsmail oğlu

 

İbrahimbəyova Anna Yuryevna

 

İsmayılov Qurban İbrahim oğlu

 

Qasımov İntiqam Böyükağa oğlu

 

Qasımov Məmmədsəfa Məmmədəli oğlu

 

Qasımov Yusif Əli oğlu

 

Quliyeva Xalidə Camal qızı

 

Mustafayev Vaqif Behbud oğlu

 

Nəzirli Şəmistan Əmiraslan oğlu

 

Rüstəmov Aslan Mahmud oğlu

 

Süleymanlı Şamil Kamran oğlu

 

Şıxlinskiy Ziya Ənvər oğlu.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2023-cü il

Ötən gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun vəfatından 25 il ötdü. Muxtar Dadaşov kimdir, xidmətləri hansılardır? Gəlin öncə onun bioqrafiyasını vərəqləyək.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, o, 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. Hələ erkən yaşlarından tale yolunu böyük sənət məbədindən salır. Belə ki, Akademik Milli Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəkilişində iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olur.

Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

O, kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görünüb. 1953-cü ildə lentə aldığı “Arazın o tayında” filmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb.

Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində operator köməkçisi olub. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.

Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov...

Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, o, müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən G.Əliyevi, A.Nematullanı, R.Rüstəmovu və başqalarını bu filmə çəkir. Sonra bu filmi genişləndirərək “Bakı-42” adı ilə lentə alır. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmır. Nəhayət 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istədiyinə nail olur. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirir.

O, həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.

Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir çox ölkələrində göstərilib. Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi Tiflis festivalında xüsusi mükafata layiq görülüb. 

İndi isə onun kinomuzun tarixində rolunu qiymətləndirək. Kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdır  rejissor, Xalq artisti Muxtar Dadaşov. Muxtar Dadaşov ustad operator, həm də kinorejissor kimi lentə aldığı sənədli filmlərlə tariximizin əsl kino salnaməsini yaradıb.

Sənətkarın gərgin və yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.

1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də sənətsevərlər tərəfindən hörmət və məhəbbətlə yad edilir. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ”Salam.Orient” festivalı çərçivəsində “İpək Yolu boyunca milli geyimlər” adlı tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin ”Salam.Orient” və “Kulteurasia” ilə birgə təşkil etdiyi tədbirdə qədim İpək Yolu üzərində yerləşən ölkələrin (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan) milli geyim nümunələri nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ”Salam.Orient” festivalı və “Kulteurasia” təşkilatı ilə uzun illərə söykənən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirilib ki, müasir dövrdə İpək Yolu həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə önəmini artırmaqdadır və bu tədbir mədəni-folklor istiqamətdə töhfə kimi dəyərləndirilməlidir. 

L. Qasımova milli geyimləri nümayiş olunan ölkələrlə Azərbaycanı tarixən sıx əlaqələrin bağladığını diqqətə çatdırıb. O, Azərbaycana dost ölkələrin milli geyimlərinin Azərbaycan Mədəniyyət Mərkəzində təqdim olunmasını həmin dostluğun bariz nümunəsi kimi qiymətləndirib. Mədəniyyət Mərkəzinin rəhbəri Azərbaycan milli geyimlərini təqdim edən Bakı Milli Geyim Evinə xüsusi təşəkkürünü bildirib. 

Sonra “Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt təqdimatla çıxış edib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin milli geyimlərinin xüsusiyyətlərindən danışıb. Məruzədə Azərbaycan kəlağayısı, Mərkəzi Asiya ölkələrində geniş yayılmış ikat, çakan və digər geyimlər barədə ətraflı məlumat verilib, Cənubi Qafqazda yeganə ipək istehsalı mərkəzi Şəki şəhərindən və Azərbaycan ipəyindən bəhs olunub.

Sonra milli geyimlərdən ibarət dəfilə təşkil olunub və sözügedən ölkələrin nümayəndələri öz milli geyimlərini nümayiş etdiriblər.

Tədbirdə Avstriyada yaşayan kamança ifaçısı Ruhulla Əziz musiqili proqramla çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

7 may günündə həm Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə dünyaya gəlib, həm məşhur rejissor Muxtar Dadaşov vəfat edib, həm məşhur aktyor Arif Quliyev dünyasını dəyişib, həm…

Bir sözlə, mədəniyyət təqviminə öz damğasını vuran bir gündür dünənki gün.

Vəfat edənlər barədə növbəti yazılarda bəhs olunacaq, indisə gəlin dünyaya gələndən bəhs edək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açan, yeni rəssamlar nəslinin onun ənənələrindən bəhrələnməsini təmin edən 

Xalq rəssamı Əzim Əzimzadənin ötən gün anadan olmasında 143 il ötdü.

Əzim Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.

Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib.

Rəssam satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub.

Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.

Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi açılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videorolik izlənilib.

Daha sonra tədbirdə çıxış edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, Mirvardi Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Nəsimi adına Dilçililik İnstitutunun dissertantı Nağdəli Zamanov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstanın Şərəf ordenli şairi Səadət Buta, Şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, əməkdar mədəniyyət işçisi aşıq Solmaz Kosayeva, Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü aşıq Gözəl Kəlbəcərli, Odlar Yurdu Universiteti Filologiya fakültəsinin tələbəsi Səbinə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan yazıçılarına olan diqqət və qayğısından danışılıb. Qeyd olunub ki, Heydər Əliyev fəaliyyətinin birinci dönəmində milli əhəmiyyət daşıyan qərarların verilməsi, Azərbaycan yazıçılarının və ədəbiyyatşünaslarının yubiley tədbirlərinin keçirilməsi öz dövrü üçün böyük əhəmiyyət daşımaqla yanaşı, böyük ədəbi hadisəsi idi. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Ulu Öndər Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət və qayğı göstərmişdir. 

İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır.

Sonda aşıqların ifasında saz havaları səsləndrilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

QUBADA ƏDƏBİYYAT FONDUNUN TƏŞKİLATÇILIĞI İLƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

 

 

5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Konfransı keçirilib. 

Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının ev sahibliyi etdiyi Konfransda ölkənin ədəbi elitası, gənc ədiblər, bölgə ədibləri bir araya gəliblər.

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətiriblər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıblar.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, tədbir konfrans iştirakçılarının Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin müşayiəti ilə ulu öndərin abidəsinə gül dəstələri qoymaları ilə başlayıb.

Sonra xüsusi olaraq konfrans üçün hazırlanmış “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş olunub.

Konfransın təşkilatçısı olan Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev konfransı açaraq tədbirin məramı və mahiyyətindən danışıb, çıxış üçün sözü Xalq yazıçısı, AYB-nin sədri Anara verib. Heydər Əliyev obrazını Azərbaycan ədəbiyyatında yaradan ilk iri həcmli əsərin - “Unudulmaz görüşlər”in müəllifi ümummilli lider barədə xatirələrini bölüşüb.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları salamlayaraq Heydər Əliyev şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərini diqqətə gətirib.

Xalq şairi Sabir Rüstəmxanlı ulu öndərin Azərbaycanın azadlıq və müstəqillik hərəkatına münasibətindən söz açıb, ardıcıl görüşləri barədə xatirələrini danışıb.

Heydər Əliyev barədə ən fundamental bədii və sənədli nümunələrin müəllifi, Xalq yazıçısı Elmira Axundova “Əbədiyaşar məhəbbət: Zərifə və Heydər Əliyevlər barədə” kitabının necə yaranmasından, ulu öndərlə ünsiyyətlərindən sğz açıb.

Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyev və Ana dilimiz”, 

Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”, 

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas “Ulu öndərin sənət adamlarına diqqət və qayğısı”; Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid “Sözün qədirbiləni”; Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”; Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Aran “Heydər Əliyevlə Yaponiyaya səfərimizin təəssüratları” mövzularında çıxışlar ediblər.

Konfransda habelə AYB Dramaturgiya bölməsinin müdiri Firuz Mustafa, Rəsul Rza mükafatı laureatı, professor Əlibala Məhərrəmzadə, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı, yazıçı, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, AYB Poeziya bölməsinin müdiri İbrahim İlyaslı, AYB Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylı ümummilli liderin sözün və söz adamlarının necə keşiyində dayanması barədə dolğun məruzələr söyləyiblər.

İki günlük Konfrans zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.

Kitabın redaktoru AYB katibi, Əməkdar İncəsənət Xadimi Elçin Hüseynbəyli “Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi barədə danışıb, kitabda xatirələri yer almış Sabir Restəmxanlı, Rəşad Məcid, Elçin İskəndərzadə xatirələrini dilə gətiriblər.

Konfransın gedişini Quba, Xaçmaz, Qusar bölgəsində yaşayıb yaradan yazarlar, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbələri də izləyiblər.

Konfrans günləri ərzində konfrans işçiləri Quba Soyqırımı Kompleksini də ziyarət ediblər.

Konfransın leytmotivini isə Xalq yazıçısı Anarın bu cümlələri ilə səciyyələndirmək olar: “Bugünkü nəsillərin, Heydər Əliyevin çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”.

 

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyev konfransla bağlı təəssüratlarını portalımızla bölüşüb: “Dünən və bu gün Qubanın  “Şahdağ Quba-Truskavets” sanatoriyası “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı möhtəşəm bir konfransa evsahibliyi etdi.

Başda Xalq Yazıçısı, AYB sədri Anar olmaqla bütün tədbir iştirakçılarına, o cümlədən  Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə, millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlıya, Xalq Yazıçısı Elmira Axundovaya, millət vəkilləri Jalə Əliyevaya, Aqil Abbasa, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə, Milli Kulturologiya elminin banisi, “Simurq” assosiasiyasının prezidenti, professor Fuad Məmmədova, AYB-nin Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Əbədi ömrün yüz ili” kitabını təqdim edən kitabın redaktoru, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə, Heydər Əliyevlə bağlı ən maraqlı xatirə danışan Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Arana, dəyərli qələm əhlinə, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının tələbələrinə, eləcə də başda “Şahdağ Quba-Truskavets” sanatoriyasının sahibi, professor Əlibala Məhərrəmzadə olmaqla bütün sanatoriya kollektivinə dərin təşəkkürümü bildirirəm. 

Konfrans həqiqətən də alındı!

 

 

 

Bazar ertəsi, 08 May 2023 15:00

O, hər iki dünyada yaşamağı bacarır

Elman Eldaroğu yazır

 

Bu ilin sentyabr ayında insanların düşündüyü kimi, vəfatından 45 ötəcək. Hə, qoy elə bilsinlər. Hələlik isə, 113 yaşın tamam olur. Təbrik edirik. 

Düşünmə ki, ölmüsən. Səni də min ilin ölülərinə qatıb, unutmuşuq. Əsla, sən hələ də bizimləsən…

Xoşbəxt adamsan, vallah. Hər iki dünyada yaşamağı bacarırsan. Orada vəziyyətinin necə olduğundan xəbərsizəm, amma bu dünyada öz hörmətin, nüfuzun, şöhrətin var. Yaşadığın filimlərə kim baxırsa zövq alır. Haqqında o qədər xoş sözlər deyirlər ki, yəqin harada olduğundan asılı olmayaraq qulaqların cingildəyir…

Mələklərlə aran necədir, Bərzəxdə nə var, nə yox? İndi sizdə neçənci ildir, gecədir, yoxsa gündüz?..

Bağışla, sən Allah. Üzr istəyirəm, bəlkə də Səni yuxudan elədim. Mövludun mübarək, böyük İNSAN!..

Ehtiramla, bəndəniz.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə gənc oğlanların ailə həyatı qurmağı hansı səbəbdən ləngitmələri barədə danışacaq. Rubrikanı Kənan Məmmədli aparır. Bu dəfə mövzumuz tibbə aiddir. Öskürəyin xəbərçisi olduğu qorxulu xəstəliklər barədədir.

 

 

"Öskürək heç də həmişə yoluxucu xəstəliyin əlaməti deyil". Bu barədə Rusiyanın əməkdar həkimi, pulmonoloq Aleksandr Karabinenko xəbərdarlıq edib. Onun sözlərinə görə, öskürək müxtəlif amillərlə əlaqələndirilə bilər, bu, bədənin xüsusi reseptorların qıcıqlanmasına qarşı qoruyucu reaksiyasıdır.

"Qıcıqlanmanın ən çox yayılmış səbəbi yuxarı və ya aşağı tənəffüs yollarının infeksiyasıdır. Xəstələr boğaz ağrısından, səsin xırıltısından şikayət edirlər. Öskürək nəfəs darlığı, çətin nəfəs almaqla müşayiət olunursa, bu, traxeya və bronxlar boyunca şişkinliyin göstəricisi ola bilər".

Həkimin sözlərinə görə, öskürəyin başqa bir səbəbi siqaret çəkməkdir.

"Siqaret çəkənlər təxminən 5 ildən sonra öskürməyə başlayırlar. Onlar, adətən səhər oyanıb boğazlarını təmizləyirlər. İnsan siqaret çəkəndə öskürək azalır, lakin bu, aldadıcı bir haldır. Siqaret çəkmək sonda xroniki bronxitə gətirib çıxarır. Ən əsası isə siqaret çəkənlərin əksəriyyətində xroniki obstruktiv ağciyər xəstəliyinə tutulma riski yaranır", - deyə Karabinenko izah edib.

O əlavə edib ki, bəzi dərmanlar da öskürəyə səbəb ola bilər.

"Bu öskürək adətən gecələr başlayır, bir neçə dəqiqə davam edir və dayandırmaq olmur. Simptomdan xilas olmaq üçün dərmanı ləğv etmək lazımdır", - deyə Aleksandr Karabinenko izah edib.

Həkimin sözlərinə görə, bəzən öskürək ürək-damar xəstəlikləri ilə əlaqəli olur.

"Xroniki ürək çatışmazlığı zamanı öskürək baş verir. Belə xəstələrdə öskürək daha ağır fəsadların - ağciyər ödemi və ürək astmasının xəbərçisi ola bilər. Perikardit də öskürəklə müşayiət oluna bilər", - deyə o xəbərdarlıq edib.

Karabinenkonun fikirlərinə portalımızın tibbi eksperti Ruslan Quliyevsə belə şərh verib: “Heç zaman həkimə müraciət etmədən öskürək dərmanı qəbul etmək olmaz. Əvvəlcə müayinədən keçmək, simptomun səbəbini təyin etmək və onu aradan qaldırmaq lazımdır".

 

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)

 

Rəsm qalereyası: “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

Bazar ertəsi, 08 May 2023 14:20

Bəşər tarixinin 7 ən məşhur rəsmi

“Ədəbiyyat və incəsənət” portalı arts.com-a istinadən dünya mədəni irsinin qızıl fondunu təşkil edən 7 ən məşhur rəsm əsərini təqdim edir, o əsərləri ki, Qərbdə onları hansısa bir savadlı adamın tanımaması nöqsan hesab edilir.

 

1.”Ulduzlu gecə”. Van Qoq.

     Yerləşdiyi yer: Nyu-York, Müasir İncəsənət Muzeyi.

2.”Veneranın doğulması”. Sandro Bottiçelli.

     Yerləşdiyi yer: Florensiya, Uffitsi qalereyası.

3.”Mona Liza”. Leonardo da Vinçi.

    Yerləşdiyi yer: Paris, Luvr muzeyi.

4.”Adəmin yapılması”. Mikelancelo Buonarotti.

    Yerləşdiyi yer: Vatikan, Sikst kapellası.

5.”Sikst madonnası”. Rafael.

    Yerləşdiyi yer: Drezden, Əski Ustalar Qalereyası.

6. “Günəşdə Ruan kilsəsi”, Klod Mone.

    Yerləşdiyi yer: Paris, Orse muzeyi.

7.”Yerüstü həzzlər bağçası”, İeronim Bosx.

    Yerləşdiyi yer: Madrid, Prado muzeyi.

 

Fotolarda: .”Sikst madonnası”, ”Ulduzlu gecə”, “Günəşdə Ruan kilsəsi”.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.