Super User
Güneyli şair Zaman Paşazadənin “Klaustrofobiya”sı
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla xəbər verir ki, güneyli şair Zaman Paşazadənin “Aynada öl-dirilmək” adlı ilk şeir toplusunun Farsca çevirisi “Şəkildən asılmış divar” adında Tehranın Şalgərdən nəşriyyatı tərəfindən çap olunubdur.
Qeyd edək ki, Zaman Paşazadənin şeirlərini güneyli şair, publisist və mütərcim Sürəyya Xəliq Xiyavi Azərbaycan Türkcəsindən Farscaya tərcümə edibdir. Bundan öncə Güneydən gələn səslər rubrikasınıda şeirləri paylaşılan Zaman Paşazadənin Tehranda kitabının çap olunması Güney Azərbaycan ədəbiyyatının geniş yayımlanmasında dəyərli işdir.
KLAUSTROFOBİYA
Qapıdan içəri keçən əşyaları alkollayıramsa
Pəncərədən sızan hər bir şeyi
Quşların səsini
Çiçəklərin qoxusunu
Havanı
Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa
Fikir vasvasılığı deyil
Ardı kəsilməyən faciələrin normal qorxularıdır.
Hələ ayaqla görüşmək nədir ki,
Plastic geyimlə izolə sevişmək ehtimalı da var.
Bütün gücsüzləşdirən ölümcül viruslardan
Öldürməyib də gücləndirən kabuslara qədər
Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.
Biz möcüzələrə inandığımız yerdə
Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır
Acizliyimiz möcüzələrdən daha böyük
İnanmaq kələməsi daha kiçikdir.
Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik
Biz hər səhər tanrının ümidi ilə yuxudan durub,
Hər gecə ateist giririk yatağımıza
Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.
İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de
İndi gəl qərəntinə trendinə qoşul
İndi gəl klaustrofobiyanı açıqla polislərə
Çörək klaustrofobiyası
Ev kirası klaustrofobiyası
Leylanın gözlərinin klaustrofobiyası
İndi gəl evdə qal və bütün fobiyalara yolux.
Gəlin, tanınmamaq üçün maskalarımızı taxaq, əziz vətəndaşlar
Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə
Çünki ölüm maskalılara toxunmur.
Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb
Maskasını götürəcək üzündən
Biz o zaman tanıyacağıq tanrını
Və oyun bitəcək.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Unudulmaz xanəndə Sabir Mirzəyevin xatirəsi anılacaq
Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist, unudulmaz xanəndə Sabir Mirzəyevin xatirə gecəsi təşkil olunacaq.
Tədbiri tarzən Rövşən Qurbanovun müşayiəti ilə ansambl idarə edəcək. Eyni zamanda, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, eləcə də Mirələm Mirələmov, Rəvanə Qurbanova, Səbuhi İbayevin ifaları səslənəcək.
Qeyd edək ki, Azərbaycanın görkəmli xanəndəsi, “Çahargah” muğamının mahir ifaçısı Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S.Mirzəyevin layiqli yeri var. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamış və 40 il ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Sabir Mirzəyevin eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizin daha da inkişaf etdirilməsi istiqamətində böyük əməyi olub. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşiqəm" xalq mahnıları, "Çahargah" və "Rast" muğamları Azərbaycan musiqi mədəniyyətinin qızıl fonduna daxil olaraq xalqın milli mədəni sərvətinə çevrilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Xalq artisti Arif Məlikovun anım gününə
Ötən gün müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun vəfatından dörd il ötdü. Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Arif Məlikov şöhrətə gedən yolu çox gənc yaşlarından fəth etdi. 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” operası ilə milyonların məhəbbətini qazandı. Amma bu uğur heç də onu arxayın salmadı. Gecəsini gündüzünə qataraq daha böyük inadla yazıb-yaratdı. Nə yazdısa ürəyinin səsi, qəlbinin hökmü ilə yazdı. Bir an da olsun belə sənətə ötəri həvəs kimi yanaşmadı.
O, öz simfoniyaları ilə XX əsrin sonu–XXI əsrin əvvəlində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etdi, bu sahədə aparıcı rol oynadı. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlayıb, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəldi.
Arif Məlikov belə möhtəşəm əsərləri - “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqiləri ilə çoxdan əbədiyaşarlıq qazanıb.
A.Məlikov, eyni zamanda, ən gözəl Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.
Görkəmli bəstəkarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan, sevilən əsərləri eyni həyəcan və coşqu ilə dünyanın hər bir ölkəsində dinlənilir, səhnələşdirilir. Arif Məlikov musiqisi ilə Azərbaycan musiqi sənəti dünyanın bir çox ölkəsində təmsil olunaraq rəğbət qazanır. Buna misal olaraq bəstəkarın hələ gənc yaşlarında yazdığı, dünyanın 60-dan çox ölkəsinin səhnələrini gəzən “Məhəbbət əfsanəsi” baletini göstərmək olar.
Əgər iri janrlarda bəstəkar alovlu bir natiq kimi geniş kütlələrə, milyonlara müraciət edərək ümumbəşəri problemlərdən, hamımızı narahat edən həyat məsələlərindən söz açırsa, miniatür əsərlərində – romanslar, fortepiano pyeslərində o, qəlbinin dərinliklərində gizlədiyi ən məhrəm duyğuları, lirik düşüncələri ilə dinləyicilərin ürəyinə yol tapır.
XX əsrin məktəblərinə, cərəyan və təmayüllərinə gözəl bələd olan, müasir kompozisiya texnikasına mükəmməl yiyələnən bəstəkar ən yeni yazı üsullarından sərbəst istifadə edir. Lakin müəllimi Qara Qarayev kimi, o da əvvəla, ən yeni vasitələrin məqsədə çevrilməsinə heç vaxt yol vermir, ikincisi isə heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlardan ayrılmır. Vaxtilə təhsilini Asəf Zeynallı adına məktəbin xalq çalğı alətləri şöbəsindən başlayan, Əhməd Bakıxanov, Mansur Mansurov kimi sənətkarlardan tar ifaçılığının sirlərini öyrənən, öz barmaqlarını tara toxunduraraq muğamların, xalq musiqisi nümunələrinin cövhərini qəlbinə hopduran A.Məlikov bəstəkar kimi püxtələşib yetişdikdən sonra öz əsərlərində bu milli musiqi incilərinə yeni həyat vermişdir.
Onun bir bəstəkar kimi qazandığı nailiyyətlər özlüyündə təkcə musiqimizdə deyil, ümumilikdə, milli-mədəni tərəqqi naminə göstərilən xidmətlər hesab edilməlidir.
A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibi idi. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bəlkə bundan daha vacib olan keyfiyyətləri – Vətənə, xalqa məhəbbət hissini, milli-mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edib, onun himayəsi altında böyük həyat məktəbi keçib.
Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazıb. Kitabda bu hadisələrdə günahı olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırıb.
Arif Məlikovun sənət yaşını heç kəs bilmir. Onun yaşı musiqimizin yaşı qədər qədimdir.
Və sonda istəyərdik dahi bəstəkar Dmitri Şostakoviçin “Məhəbbət əfsanəsi” baleti haqqında söylədiyi dəyərli fikirləri diqqətinizə çatdıraq:
“Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxili inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri vardır. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib”.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
“Kədərim - həmişə geyindiyim köhnə libasımdır əynimdə” – Zaur Ərmuğanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı istedadlı şair Zaur Ərmuğanın şeirlərini təqdim edir.
Zaur Ərmuğan (Əsgərov) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda çap olunur. "Ədəbiyyat qəzeti", "Ədalət", "Kredo" və digər qəzetlərdə, "Mədəni-maarif", "Sözün işığı", "Xəzan" kimi jurnallarında çap olunub. Şeirləri özbək dilinə də tərcümə edilib, "Mənəviyyat çeşməsi" qəzetində və "Müasir Azərbaycan şeirləri" antologiyasında dərc olunub.
“Muğanın səsi", "Türk dünyası şeir seçkisi", "Xəzər nəğmələri ədəbi birliyi", "Xarıbülbül", "Zirvə", "Şərqin səsi", "Rəvan" kimi müxtəlif toplu, məcmuə, antologiya və almanaxlarda, ədəbi-bədii nümunələrlə çıxışlar edib.
2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucularla görüşə gəlib.
2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
QONAĞAM
Dünya dərin bir dəryadır,
Toruna düşən balığam.
Yeri, göyü də səhradır,
Yolundan keçən çarığam.
Əlimdədir əl ağacım,
Duamdan yetə əlacım.
Məzara gedir bir ucum,
Beşikdəki o uşağam.
Ömür ucuzmuş, gün baha,
Gördüyümü gördüm daha.
Diş altındadır iştaha,
Dişi ağrıyan damağam.
Hərə öz bəxtini yeyir,
Ağız dediyini deyir.
Dünyadan umum nə xeyir?!
Yola verilən qonağam.
ÇIXIB GEDƏSƏN
Bir səssiz gecəni bələdçi tutub
Qaçasan bir ayaq dəyməyən yerə.
Bütün olanları elə unudub
Gedəsən gümanın gəlməyən yerə.
Gedəsən, gözündə ümid solmaya,
Gedəsən, gedəsən axıra kimi.
Gedəsən, qəmlənib könlün dolmaya,
Gedəsən, nə deyim, yol hara kimi?!...
Saxta sifətlərdən, süni nəfəsdən
Canını qurtaran addımın ola.
Boşboğaz ağızdan, hay-küylü səsdən
Uzaqda balaca bir damın ola.
Ağzı açıq qala yalançı dostlar,
Yalançı qonşular, yalançı qohum.
Daha səslənməyə yalançı tostlar,
Bir məclis qurasan, keflənə ruhun.
Arxanca qarğıyıb üzə gülənin
Üzü də, gözü də yada düşməyə.
Bir yerə gedəsən, gəlib gedənin
Heç tapılmaya da bir görüşməyə.
Hər dedi-qodudan gen dolanasan,
Düşüb daban-daban güdənin ki yox!
Onda nəfəs alar rahatlıqla can,
Səni səndən özgə görənin ki yox!
Düzünü min yerə əyri yozanlar,
O yaman ağızlar, o bəd çənələr,
Sənə diri-diri qəbir qazanlar
Elə yox ola ki, nə var dinələr?!
Gecə sübhə kimi yol yorğunutək
Ulduzlar, bir də ay işığın, nurun...
Başını götürüb lap o başadək
Qaşasan, təki bu qurğudan qorun!
Qovub ömürlərdən çəni, dumanı,
Zülmətdə qalana gün bağışladım.
Olmadım əllərin nəsnə umanı,
Mən səsə səs verdim, ün bağışladım.
Əritdim canımı yanar şam kimi,
Yanıram, üstümə su tökənim kim?!
İçildim bir dolu qızıl cam kimi,
Görmədim, gözümə mil çəkənim kim.
Aldanıb fəndgirə saflıq ucundan,
Hiyləgər məkriylə tora düşdüm hey.
Çoxunu qurtardım dar ağacından,
Özüm də çıxılmaz dara düşdüm hey.
Hənirsiz ürəkdir odsuz adamlar,
Titrədər köksümü buz soyuqluğu.
Hələ adından da adsız adamlar
Elə pay yedilər, oğru ki oğru!
Nə deyim, kimlərə tutum üzümü?
Mənim göz yaşımı silsin içimdən?
Bircə bu düyünün budur çözümü,
Allah! Bir bəxt doldur bu bir içimdən.
Gedəsən bir yolluq, çıxıb gedəsən,
Sevdiyin o qız da unuda səni.
Qəlbin nə deyirsə, onu edəsən,
Səsin sığal-sığal ovuda səni.
Dönüb geriyə də baxmaya gözün,
Gedəsən bulaqlar ağlayan yerə.
Qəlbə sirdaş olan sirr daşın özün,
Gedəsən çağları çağlayan yerə.
O yerin nə yolu, cığırı ola,
O yerin adını kimsə bilməyə.
Getdiyin o yolda uğurun ola,
Arzular sönməyə, ümid ölməyə.
Dünyanın bir dağı, çölü, meşəsi,
Dünyanın quşqonmaz daşı deyimmi?
Dünyanın elə bir rahat guşəsi
Ola, bir çıxasan başa deyimmi?
Bir səssiz gecəni bələdçi tutub
Gedəsən ayağın dəyməyən yerə.
Nə varsa, nə varsa, daha unudub
Gedəsən dönməyin gəlməyən yerə.
DÜNYA
Dünya tərsinə fırlanır,
Cızından çıxıbdır dünya.
Sınıb çarxı, sınıb oxu,
Özündən çıxıbdır dünya.
Düşdük bu yollar ardına,
Tapıb gətirək yurduna.
Tapşıraq dağda qurduna,
Düzündən çıxıbdır dünya.
Bu göyərən, bu solanı,
Niyə saldı bu talanı?
Üzə duran ağ yalanın
Yüzündən çıxıbdır dünya.
Vədələri nağıl imiş,
Bəxtimiz nə ağır imiş?!
Gör bir necə cığal imiş,
Sözündən çıxıbdır dünya.
ÜMİD PUÇ OLANDA
Tale yüküm dağdan ağır,
özümü daşıyıram çiynimdə.
Kədərim
təzələnən dərdim kimi
həmişə geyindiyim
köhnə libasımdır əynimdə.
Ümidimin qaralıb nəfəsi,
Başı üstə dayanıb
tutmuşam üzünü qibləyə.
Allahımdan səs çıxmır.
Bağlanıb qapılar sabaha.
Əl-ələ tutub dayanmışıq ölməyə.
SƏNƏ SARI
Elə duyuram səni,
günəşi
kor öz içinin nurunda görən kimi,
işığı sevən kimi.
Xoşbəxtliyin yaşanırkən
görünməz olduğu qədər,
bilinməz olduğu qədər
bir həsrətsən.
Sevgin
yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.
Hələ də axtarıram səni
qəlbin qəlbimdə var ikən
əllərini əlimdə tapmağa.
Sənə yol gəlirəm
daha bu sənsizlikdən qopmağa.
Qarşıla məni.
ÜRƏYİMƏ
Gözümdən axır göz yaşı,
Nəmi yığdım ürəyimə.
Dərdin mənə yol yoldaşı,
Qəmi yığdım ürəyimə.
Ərşə çəkdin sən yuxumu,
Həm azımı, həm çoxumu.
Əkdin bircə dərd toxumu,
Zəmi yığdım ürəyimə.
Bir gileyin min havası,
Bir talanam, eşq yuvası.
Köklənmişəm, var havası,
Dəmi yığdım ürəyimə.
Məni məndən alan aldı,
Məni məndə oda saldı.
Kimim getdi, kimim qaldı?
Kimi yığdım ürəyimə?
Ərmuğan, bil, dərdim çoxdur,
Başım üstə şimşək çaxdı.
Vayıma el şərik çıxdı,
Cəmi yığdım ürəyimə.
ƏBƏDİ BAHAR
Bir zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
DARLIQ
Ayaqlarım ilişib
Yer kürəsi tələsinə.
Təpiklərimlə döyəcləyirəm
divarlarını dünyanın.
Nə qaça bilirəm,
Nə uça bilirəm
bu darlıqdan.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
“Min bir gecə” yenidən səhnədə
Mayın 17-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.
Və tamaşanın nümayişi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.
Təqdim olunacaq balet tamaşasında əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər.
Tamaşanın dirijoru Orxan Həşimov, balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır
Biletlər şəhərin bütün kassalarında və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Nigar Həsənzadə yaradıcılığı dünya poeziyası antologiyasında
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, istedadlı, sevilən şairə Nigar Həsənzadənin şeirləri Nepalın paytaxtı Katmanduda işıq üzü görmüş “Poeziyanın sərsəmliyi” antologiyasında yer alıb.
Redaktoru Keshab Sigdel olan, Redpanda nəşr evinin WPM ilə birgə ərsəyə gətirdiyi antologiyada dünyanın seçilən şairlərinin seçmə şeirləri toplanıb.
Həmin gün
məxməri səssizliyə bürünəcək ev bütün.
Eşidilməz nə bir yağış, nə də bir külək səsi,
asta-asta duyular əşyaların nəfəsi.
Amma mən,
MƏN elə bir sükunətəm
divarlar da elə bilər yoxdu evin yiyəsi…
Mən donaram,
gözləyərəm heykəl təmkini ilən
“gecə-gündüz” gülü kimi bükülərəm özümə.
Ki, eşidim ürəyimə atılan güllə səsin.
Bir də ürək hanı axı,
büsbütün ürək olubdu
üstüm-başım, bədənim…
Həmin gün
ayaqlarım altında xışıldayanda tozlar,
divarlar xəz manto kimi qucaqlayar çiynimi,
mən isə ot tayasında gizlənən iynə kimi tapılmaram,
təhlükəmi anlamasınlar onlar.
Həmin gün
aram-aram nəfəs alıb pəncərəyə qısılmaq,
ötüb-keçən zamanın qoxusunu da duymaq,
təzələnmək, dirilmək, bir cümə günü olmaq,
yumruqlarını açmaq və dualar oxumaq…
Bilirsənmi əvvəl-axır çin olur
ən ölü yuxular da.
Çırıl-çılpaq dura bilsən Tanrının qarşısında
yavaş-yavaş yoxa çıxar günahlar, qorxular da.
Səadətə ümid də lap qırmızı sap olsun,
nə olar ki… biləyimə bağlamaq istəyirəm.
Həmin gün
gözlərinə baxacam və yəqin, ağlayaraq
deyəcəm ki, indi daha yaşamaq istəyirəm…
Həmin gün
məxməri səssizliyə bürünəcək ev bütün.
Eşidilməz nə bir yağış, nə də bir külək səsi,
puça çıxar hər nə var, yox heç nəyin kölgəsi.
Və sən demə
SƏNdən başqa yoxmuş bu evdə kimsə…
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Sən əvvəl yıxılmağı öyrənəcəksən, sonra yıxmağı…
Statusman Hümbət Həsənoğlunun seçmə aforizmlərini “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırmaqla sizlərə növbəti həyat həqiqətlərini aqil insanın dili ilə çatdırır.
1.Heç kimi günahlandırmasan, işlərinin yaxşı getdiyinin şahidi olacaqsan.
2. Pul kisənlə dostluq et, əvvəl sən onu “sevindir”, sonra o səni sevindirsin.
3. Şəlalənin gözəlliyi suyun azad uçuşundadır.
4. Ən mənasız hiss qısqanclıqdır. Sənin olan sənindir, sənin olmayanı özünə dərd etmə.
5. Çox vaxt sənin hadisələri dərk etməyin heç nəyi dəyişmir, sən axının içindəsən.
6. Uğurunun böyüklüyü arxanca danışanların sayı ilə ölçülür.
7. Cavab vermək istəmədiyiniz insana gülümsəyin, hər iki tərəf razı qalacaq.
8. İdmanın insana verdiyi ən önəmli həyat dərsi: əvvəl yıxılmağı öyrənəcəksən, sonra yıxmağı.
9. Hər gələn bahara ümidlərimiz təkcə hava ilə bağlı deyil.
10. İnsan, adətən, dalana dirənməyənə qədər yeni yol haqqında düşünmür.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Məşhur kamança ifaçısı Mark Eliyahu yenidən Bakıda çıxış edəcək
Milliyyətcə yəhudi olan məşhur kamança ifaçısı Mark Eliyaxu iyunun 4-də Heydər Əliyev Sarayında çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, tanınmış ifaçının Bakıda çıxışı The Show is about Love” (“Sevgi haqqında şou”) adlı turne çərçivəsində reallaşacaq.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Sonra ailəsi İsrailə köçüb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. On altı yaşında o, Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovun rəhbərliyi ilə kamançada ifa sənətinə yiyələnməyə başlayıb. Bakıda iki il qaldıqdan sonra İsrailə qayıdıb, Qərb və Şərq musiqisini daha dərindən öyrənib.
Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqləri aşaraq, dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Elçin - “Dünya axirət əkini”
“Ədəbiyyat və incəsənət” portalı Xalq Yazıçısı Elçinin “Dünya axirət əkini” (Heydər Əliyev haqqında söz) adlıessesini təqdim edir. Esse 28 iyul 1992-ci ildə yazılıb, “Aydınlıq” qəzetində 16 oktyabr 1992-ci ildə dərc edilib. Elçin Ümummilli liderin 100 illiyi münasibəti ilə esseni yenidən oxucuların ixtiyarına verir.
ELÇİN
Yaxşı xatirimdədir ki, mən bu yazını indi çox uzaqlarda qalmış o iyul gecəsi birnəfəsə yazdım və burada açıq-aşkar hiss olunan pərişanlıq ab-havası da, əslində, o zaman Azərbaycan rəhbərliyinin, dönük insanların, ovcuna alıb qaldırdığı vəzifə sahiblərinin – bir sözlə, nankorların, cahillərin və tərbiyəsizlərin Heydər Əliyevə qarşı etibarsızlığı, hörmətsizliyi, kəmfürsətliyi nəticəsində mənim daxilimdə yaranmış pərişanlığın ifadəsi idi.
O zaman xalqın çağırışı və təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi hələ irəlidə idi və mən bu yazını ovaxtkı əsas qəzetlərdə heç cürə çap etdirə bilmədim, sonralar ona yaltaqlanan bir sıra mətbuat “rəhbərləri” və qeyri-“rəhbərləri” bu yazını yaxına buraxmırdı (vəfat etdikləri üçün onların adlarını çəkmirəm, hələ sağları da mənim üçün elə vəfat etmişlər kimidir).
Nəhayət, bu yazı “Aydınlıq” qəzetində dəc olundu və 31 ildən (!) sonra Heydər Əliyevin 100 illiyi münasibətilə bir sözünə də toxunmadan onu yenidən oxuculara təqdim edirəm.
"DÜNYA AXİRƏT ƏKİNİ..."
(Heydər Əliyev haqqında söz)
1987-ci ildə Heydər Əliyev xəstələndi, Mixail Qorbaçovun ətrafında get-gedə tamam dekorasiyaya çevrilən rəhbərliyin arasında görünmədi və Bakıda obıvatel şayiələrindən tutmuş, səriştəli və səriştəsiz siyasi proqnozlaracan cürbəcür fikirlər, gümanlar, yozmalar tüğyan eləməyə başladı.
Həmin ilin payızında mən Moskvada növbəti Beynəlxalq Kitab Yarmarkasının işində iştirak edirdim və Heydər Əliyev xəstəlikdən sonra ilk dəfə o yarmarkanın açılışına gəldi. Azərbaycan pavilyonunda başqa iştirakçılarla bərabər, onunla görüşdük. Arıqlamışdı, aşkar hiss olunurdu ki, ağır xəstəlikdən qalxıb və mən ona baxa-baxa 70-ci illəri, 80-ci illərin əvvəllərini yadıma salırdım. Bakıda, rayonlardakı cürbəcür aktivlərdə, görüşlərdə, iclaslarda saatlarla sinədəftər və ehtirasla danışıqları gözümün qabağından keçirdi, Şuşada Vaqifin məqbərəsinin ziyarəti zamanı qarın-çovğunun içində başıaçıq, iri və möhkəm addımlarla getməyini xatırlayırdım (elə bil ki, Leonid Brejnevin dediyi və indi hamının lağa qoyduğu "Şiroko şaqayet Azerbaydjan!" sözləri məcazi yox, fiziki mənada elə bu adamın özü haqqında deyilmişdi) və fikirləşdim ki, elə bil qorxunc sistem bu dəfə təbiətlə də əlbir olub və qopardığını ondan qoparıb...
Yarmarkadan sonra mən Almaniya Demokratik Respublikası Yazıçılar İttifaqının dəvətilə "Drujba narodov" jurnalının baş redaktoru, ədəbiyyatımızın ozamankı İttifaq səviyyəsində tanınmasında müəyyən xidmətləri olan Serqey Baruzdinlə birlikdə Şərqi Berlinə getdim və orada eşitdim ki, Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olunub.
Təkcə elə S. Baruzdinin simasında "sovet cəmiyyəti" deyilən o ictimai əxlaq pozğunluğunun bu hadisəyə necə münasibət bəsləyəcəyi mənim üçün tamam aydın idi: bütün səfər boyu yeri düşdü-düşmədi, mənə və mən iştirak edən məclislərdə başqalarına Heydər Əliyevi şit-şit tərifləyən yazıq Sergey Alckseyeviç birdən-birə 180 dərəcə dəyişdi, onu tənqid etməyə, haqqında şovinist bir istehza ilə danışmağa başladı. Təbii ki, cavabını verirdim və Baruzdin də artıq dünyasını dəyişdiyi üçün bu barədə təfərrüata varmaq istəmirəm, amma məsələ burasındadır ki, onun o gözlənilməz dəyişikliyi küləyin səmt göstəricisi idi.
Berlindən qayıdanda gecə Moskvada "Moskva" mehmanxanasına ayaq basarkən ilk gördüyüm dost adam Elmlər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salamsız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də. Dedim: "– Görəcəksən, birinci ermənilər başlayacaq!.."
Təəssüf ki, belə də oldu.
Heydər Əliyev nüfuz sahibi idi və o nüfuz, hətta erməni daşnak irqçiliyinin belə qarşısında bir səddə çevrilmişdi.
Bu yaxınlardakı müsahibələrdən birində mənə belə bir sual verdilər ki, 70-ci illərdə, 80-ci illərin əvvəllərində Azərbaycanda "dalğalanan" Qırmızı Bayraqlar haqqında nə deyə bilərsiniz? Belə cavab verdim ki, o Qırmızı Bayraqlar tarixin faktıdır, onları danmaq olmaz və lazım da deyil. Doğrudan da, belədir. Bu günün nəzərləri ilə yaxın (eyni zamanda çox uzaq!) keçmişimizə nəzər salanda, o "təntənəli" iclasları xatırlayanda, indi onlar adama fantosmoqrafik, əcaib, hətta sürrealist təsir bağışlayır. Ancaq bu, məsələnin bir tərəfidir: görünən və yekdilliklə pislənən, tənə gətirən tərəfi. İkinci tərəf isə görünmür, dərindədir və mürəkkəbdir. O da bundan ibarətdir ki, həmin "təntənə"lərin arxasında konsperativ şəkildə, xəlvətcə, bəlkə də, təhtəlşüur, sövq-təbii olaraq xalqın nüfuzunun artması, uzun illərin sarsıntısından sonra akvarellə nəzərə çarpacaq milliyyətçi dirçəliş prosesi başlamışdı. Yüksək bürokratiya xalqın lideri ilə necə hesablaşırdısa, yavaş-yavaş onlarda xalqın özünə də münasibətdə, bəlkə də, daxilən istənilməyən, arzu olunmayan bir ehtiram yaranırdı.
Bu sətirləri yazıram, xəyal isə məni bu dəfə 1985-ci ilə apa¬rır: onda da Moskvada Beynəlxalq Kitab Yarmarkası idi (iki ildən bir keçirilirdi) və "təntənəli" açılış mərasimini keçirmək üçün yüksək rəhbərlik, görkəmli ictimai xadimlər, yazıçılar yarmarka pavilyonunun qarşısına toplaşmışdı.
Mən o zaman da yarmarkada Azərbaycan nümayəndəliyinin üzvü idim. Yavaş-yayaş yağış yağırdı, mərasim isə başlamırdı. Məlum oldu ki, hamı, o cümlədən, Sov.İKP MK-nın yüksək vəzifəli çinovnikləri, nazirlər Heydər Əliyevin gəlişini gözləyir, o isə gəlib çıxmır. Yağış get-gedə bərkiməyə başladı. Nazirlər, MK-nın şöbə müdirləri xaricdən gəlmiş qonaqların istehzalı nəzərləri altında başlarının üstünə qəzet tutub eləcə yağışın altında dayanmışdılar və mərasimi başlamağa cürət etmirdilər. Nəhayət, Heydər Əliyevin maşını gəldi və indiki kimi mənim gözlərimin qabağındadır ki, Aleksandr Nikolayeviç Yakovlev – gələcək Siyasi Büro üzvü və bu gün köhnə üsul-idarəni ifşa eləyən adam, o zaman isə Sov. İKP MK-nın yeni təyin olunmuş şöbə müdiri o yağışın altında axsaya-axsaya necə maşının qabağına yüyürdü, Heydər Əliyevi necə yaltaqcasına qarşıladı...
Sistemin bir xüsusiyyəti var idi: qorxanda yaltaqlanırdı və sənə yaltaqlanırdısa, mənsub olduğun xalqa da ehtiyatlı yanaşmaq məcburiyyəti qarşısında qalırdı. Stalin zamanı gürcülərə münasibəti xatırlayaq və bu cür misalları çox gətirmək olar.
O Qırmızı Bayraqlarla bərabər, xüsusən 80-ci illərin əvvəllərində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışın ayrı-ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi. Yalnız elə Hüseyn Cavidin cənazəsinin Sibirdən gətirilib doğma yurdda torpağa tapşırılması faktını xatırlayaq. Yaxud 1981-ci ildə Azərbaycan Yazıçılarının VII qurultayındakı sözün yaxşı, sağlam mənasında millətçilik əhvali-ruhiyyəsi, "İran Azərbaycanı" ifadəsinin "Cənubi Azərbaycan" ifadəsi ilə əvəz olunmasının rəsmiləşdirilməsi...
Əlbəttə, bütün dövrlərdə olduğu kimi, o dövrdə də haqlı işdən çıxarılanlarla bərabər, haqsız işdən çıxarılanlar da olub, haqsız incidilənlər də olub, amma onilliklər boyu insani hisslərə yad olan ictimai əxlaqı (daha doğrusu, əxlaqsızlığı!) zorla həyata tətbiq edən, insanı mənən əzən və lazım gəldikdə cismən də məhv edən Sistemi də yəqin ki, yaddan çıxarmaq olmaz və mənim dediyim odur ki, həmin Sistem daxilində şəxsiyyətə və onun fəaliyyətinə hərtərəfli, obyektiv, düşünə-düşünə qiymət verməyə, fikir söyləməyə çalışmaq lazımdır. Başa düşürəm ki, bəzən bu, çətin olur, şəxsi inciklikləri, şəxsi narazılığı boğmaq bir o qədər də asan deyil, ancaq mənim təsəvvürümə görə, həqiqi yol budur. Onsuz da dünyanın hər üzünü görmüş qoca tarix belə də edəcək.
Yadıma gəlir, Heydər Əliyevin həyat yoldaşı vəfat edəndə bu gün onun üzünə duranlar, kölgəsini qılınclayanlar, həm də yalnız nomenklatura yox, bəzi ziyalılar, ictimai xadimlər necə bir cidd-cəhdlə, canfəşanlıq göstərə-göstərə Moskvaya getməyə, kişiyə şəxsən başsağlığı verməyə çalışırdılar. Bunlar hamısı mənim (və yəqin ki, yalnız mənim yox!) gözlərimin qabağındadır... O zaman mən də Heydər Əliyevə başsağlığı məktubu yazdım. O məktubdakı sözlər, təbii ki, indi olduğu kimi yadımda deyil, amma fikirlər, əhvali-ruhiyyə yaxşı yadımdadır. Əlbəttə, o şəxsi məktubdakıları təkrar etmək düzgün olmaz, yalnız onu deyə bilərəm ki, mən yenə də həmin fikirdəyəm və məni tanıyanlar yaxşı bilir ki, heç bir konyukturada da bunu gizlətməmişəm.
Artıq çox uzaqlarda qalmış aspirantlıq illərində haradasa oxumuşdum ki (deyəsən, akademik Tarlenin fikridir), sarsıdıcı inqilablardan, yakobinçilikdən və cəmiyyətin lyumpenləşməsindən sonra XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Fransada Napoleon hadisəsi zərurət idi, amma bu adamın məhz Korsikalı Bonapart olması təsadüfdür.
Bu fikri şəxsiyyətlərin müqayisəsi üçün yox, iqtibas etmək üçün xatırladıram. Fikirləşirəm ki, görünür, Azərbaycanda da 28 apreldən, "bəysizləşdirmə"dən, kollektivləşdirmədən, 37-dən sonra, o dövr üçün Əliyev hadisəsi zərurətin ifadəsi idi. Bəlkə də, fatalizmə qapılıram, amma dediyim odur ki, Azərbaycanın öz tam müstəqilliyi uğrundakı mübarizəsindən əvvəl imkan daxilində özünütanıtma və özünütəsdiq mənasında, yəqin ki, "Əliyev dövrü"ndə bir zərurət var idi.
Bu yaxınlarda hardasa belə bir məlumata rast gəldim ki, Todor Jivkov on cildlərlə "Seçilmiş əsərləri"nə toplanmış məqalələrini nəinki özü yazmayıb, ümumiyyətlə, heç onları oxumurdu da! "Sosializm komediyası, farsı" üçün bundan gözəl bir illüstrasiya tapmaq, güman ki, çətindir... Leonid Brejnevi yaxından tanıyanların dediyinə və yazdığına görə, bu rəhbər də öz adına çap olunan, nəşr edilən yazıları oxumurdu.
Və həmin kontekstdə Heydər Əliyev şəxsiyyətinin "inkişaf etmiş sosializm" çərçivələrinə sığışmayan bir cəhəti də mənim üçün əlamətdardır: mətbuatı şəxsən izləmək. Onun çıxışlarında, söhbətlərində (mən həmin çıxışların sıravi dinləyicilərindən, o söhbətlərin təsadüfdən-təsadüfə sıravi iştirakçılarından biri kimi fikir yürüdürəm) dərhal hiss olunurdu ki, qələm əhlindən kimin kim olduğunu, hansı məzhəbə qulluq elədiyini yaxşı bilir və bu, köməkçilərin hazırladığı (eləcə də xeyirxahların, daha artıq dərəcədə isə bədxahların verdiyi) məlumatların nəticəsi deyil, öz müşahidəsi, öz biliyidir.
Səksəninci illərin lap əvvəllərində mənim "Literaturnaya qazeta"da bir məqaləm çap olunmuşdu. O vaxt "Litqazeta" bir ədəbi problem, yaxud əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim məqaləm də Yuri Boldırevin məqaləsi ilə yanaşı verilmişdi və onunla kəskin ədəbi mübahisə edirdim. Onda Həsən Həsənov Mərkəzi Komitənin ideoloji katibi işləyirdi və birdən-birə gecə mənə evə zəng elədi. Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və zəng eləyib bu barədə Həsən Həsənova ətraflı fikrini bildirib. Burada, yəqin ki, fəxr eləməli bir şey yoxdur, amma o var ki, cavan bir yazıçının, özü də sırf ədəbiyyat problemlərinə həsr olunmuş yazısı da diqqətdən (və maraqdan!) kənarda qalmırdı və bu diqqət "rəhbər diqqəti" yox, oxucu diqqəti idi. Məsələnin maraqlı bir cəhəti də o idi ki, ətrafındakıların xeyli qismi mətbuatla, ümumiyyətlə, mədəniyyətlə maraqlanan adamlar olmasa da, rəhbərdən çəkindikləri üçün özləri də mətbuatı izləmək, ədəbi ictimaiyyətin problemlərinə məhdud qabiliyyətləri daxilində diqqətlə yanaşmaq məcburiyyətində qalırdı.
Dəfələrlə bunun şahidi olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıqdan sonra səhnə arxasında yaradıcı kollektivlə görüş keçirib və heç bir mübaliğəyə yol vermədən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi tamaşanın təhlilini verib. Orasının da şahidiyəm ki, həmin görüşlərdən sonra yaradıcı kollektivin həvəsi birə-on artırdı. Əsl sənət adamına, sənət kollektivinə nə lazımdır? İlk növbədə xalqın onun sənətinə qiymət verməsi, onu başa düşməsi. Xalqa rəhbərlik edən adam da qiymət verməyi bacarırsa, bu, əlbəttə, çox təqdir ediləsi cəhətdir.
Bu cür görüşlər Moskvada da keçirilirdi: görkəmli arxitektorlarla, yazıçılarla, teatr kollektivləri ilə və deməliyəm ki, onların əks-sədası Azərbaycan mədəniyyətinin inkişafı üçün münbit şərait yaranması baxımından çox xeyirli olurdu.
Həmişə öz-özümə fikirləşəndə təəccüb, bəzən hətta heyrət etmişəm ki, Heydər Əliyev kimi, ucqar bir yerdə boya-başa çatıb təhsil alasan, uzun illər boyu DTK kimi sənətdən, yaradıcılıq mühitindən uzaq bir yerdə işləyəsən və bu dərəcədə də ədəbi-estetik təfəkkür tərzinə malik olasan. Yadıma gəlir, 1976-cı il idi, onda lap cavan bir yazıçı idim və Yazıçılar İttifaqına yenicə katib seçilmişdim. Moskvada Səməd Vurğunun anadan olmasının 70 illiyini keçirdik və sonra Daimi Nümayəndəliyimizdə yubiley iştirakçıları üçün kiçik bir qəbul düzəltdik. Adamların sayı az idi – 30-35 nəfər, amma kimlər idi: Leonid Leonov kimi "canlı klassik"dən tutmuş, o zamanın böyük "ədəbiyyat generalları" – Georgey Markov, Aleksandr Çaykovski, Nikolay Qribacovacan rus ədəbi ictimaiyyətinin "rəsmi" və qeyri-rəsmi ən irəlidə gedənləri. Heydər Əliyev də orada idi və söhbətləri, çıxışları ilə miz arxasında əyləşənlərin, xüsusən də "ədəbiyyat generalları"nın çoxundakı "böyük qardaş" təkəbbürünü sözün əsl mənasında məhv etdi və o danışdıqca həmin "ədəbi generallar" gözgörəti kiçilirdi...
Bu – şəxsiyyətin miqyasıdır.
O məclisdə yalançı məlumatfuruşluqla, əvvəlcədən hazırlaşma ilə, gözə, lap ustalıqla da olsa, kül üfürməklə, hətta Siyasi Büro üzvlüyünə namizədliyin hipnozu ilə iştirakçıları ovsunlamaq mümkün deyildi, çünki onların özləri sovet "hakimiyyət mətbəxi"nin aparıcı fiqurları, funksionerləri idi. Yalnız şəxsiyyətin təbii özünüifadəsi, fitri qabiliyyət onları o cürə gözgörəti kiçildə və hərəni öz yerində oturda bilərdi.
Bir vacib məsələni qeyd eləmək istəyirəm: şəxsiyyəti, əlbəttə, cəmiyyət yetişdirir və bu mənada Heydər Əliyev də sovet cəmiyyətinin yetişdirməsi idi və özünün də son çıxışlarından birində dediyi kimi, həmin cəmiyyətə xidmət etmişdi, bunun məsuliyyətini də dərk edir. Lakin şəxsiyyətin miqyası cəmiyyətin ideoloji-inzibati sərhədləri, çərçivələri ilə məhdudlaşdırıla bilməz. Bu baxımdan mən Heydər Əliyevin son dövr fəaliyyətindəki (və ümumiyyətlə, həyatındakı!) ideoloji dəyişikliyi təbii hesab edirəm.
Ales Adamovic yazır ki, sosializmdən pis yalnız onun xarabalıqları ola bilər. Burada, yəqin ki, "sovet sosializmi" demək daha dəqiq olar. Xalqımızın "sovet sosializmi"nin həmin real xarabalıq təhlükəsi ilə üzbəüz durduğu vaxtlarda Heydər Əliyevin bir az qəmli-kədərli, olsun ki, bir az da "heyhat..." əhvali-ruhiyyəli, amma təhlükəsiz, acılı-şirinli xatirələrlə dolu, rahat öz-özünə dərdləşmək üçün vaxt verən, heç kimdə və heç nədə işi olmayan (onda onunla da heç kimin, xüsusən Kreml mafiyasının işi olmayacaqdı!) "fərdi təqaüdçü" həyatından imtina edib yenidən mürəkkəbliyin, çətinliklərin, xislət naqisliklərinin, min bir xarici və daxili fitnə-fəsadın içinə daxil olmasına, öz xalqının arasına qayıtmasına da mən məhz şəxsiyyətin Əvvəldən Axıra, Başlanğıcdan Sona gedən yoldakı təbii addımları, təbii yolçuluğu kimi baxıram.
Mən Heydər Əliyevi idealizə etmək fikrində deyiləm və heç bu mümkün də deyil, ən azı ona görə ki, ideal xisləti təbiət yox, romantik ədəbiyyat yaradır. Heydər Əliyev bir rəhbər kimi onu (əslində isə bizim hamımızı!) yetişdirən cəmiyyətin bir hissəsiydisə, deməli, cəmiyyətin səhvləri, eyni zamanda onun da səhvləri idi. Yetmişinci illər, səksəninci illərin əvvəlləri artıq tarixin səhifələrinə çevrildiyi bir vaxtda, o dövrə nəzər saldıqda bir rəhbər kimi onun özündən asılı olan səhvləri də indi gün işığı kimi aydın görmək mümkündür. Misal üçün, ətrafına yığışmış və özü Moskvaya getdikdən sonra respublikada qalan "kiçik rəhbərlər" kolleksiyası...
Mən fikirləşirəm ki, yəni Heydər Əliyev kimi iti zehnə, fəhmə malik bir adam ətrafındakıların bir çoxunun miskinliyini, riyakarlığını, konformistliyini görmürdü? Ola bilməzdi ki, görməsin...
Bu yerdə biz, görünür, cəmiyyətin şəxsiyyəti üstələməsi hadisəsi ilə qarşılaşırıq. Və görünür, bu da bir Allah işidir ki, bunun ən böyük acısını Heydər Əliyev özü daddı. Əlindən tutub çörək verdiyi və rəyasət heyətlərində barmağının kiçicik bir işarəsi ilə minlərlə, hətta milyonlarla adamın gözü qabağında (televiziyanın sayəsində) top kimi yerindən atılıb onun qabağına yüyürən (və bununla özlərini xoşbəxt hiss edən, qürurlanan!) adamların, o, iqtidardan düşdükdən sonra, necə bəd üz göstərmələri hamıdan əvvəl Heydər Əliyevin özünə təsir etməli idi və emosional adam olduğu üçün, yəqin ki də, etdi.
Bu barədə çox danışmağa, xırdalamağa, elə bilirəm ki, ehtiyac yoxdur. Yunus İmrənin dediyi kimi: "Dünya axirət əkini, əkib götürən bilər", amma etiraf etmək istəyirəm (ümumiyyətlə, mənim bu ekspromt yazım, bir növ, etirafnamədir) ki, o zamanlar – Heydər Əliyevin Bakıya qayıdışı və ona qarşı hücumlar vaxtı beynimdə bir obraz məni xeyli müddət rahat buraxmadı: Kral Lir. Şekspir ona görə əlçatmaz bədii-fəlsəfi zirvədir ki, öz yaradıcılığında insan xisləti kimi dəhşətli bir labirintin bələdçisi olub. Bu xislət nələrə qadirdir! Həmin vaxtlar mənim aləmimdə Heydər Əliyev o cürə xislət dəyişmələri ilə üz-üzə gələrkən, hərgah belə demək mümkünsə, Kral Lir dərəcəli bir pərişanlıq içində idi. Bəlkə də, bu fikir, bu bənzətmə mənim fantaziyamın nəticəsidir? Bilmirəm... Amma mən belə hiss edirdim, belə görürdüm.
İndi, gecə saat üçün sakit qaranlığında bu sətirləri yazarkən orasını da fikirləşirəm ki, Kral Lir dərəcəli bir pərişanlığı yaşayan şəxsiyyəti heç vaxt kin-küdurət, intiqam ehtirası ələ ala bilməz, əksinə, kiçikliyi, miskinliyi gördüyü üçün o, bağışlamağı üstün tutar.
Əlbəttə, vaxt gələcək, bizim bu günlərimiz (çətin, özünü axtarışlarla dolu, ziddiyyətli, qanlı-qadalı, amma şübhəsiz ki, tarixi günlərimiz!) də Azərbaycan yazıçılarının, şairlərinin, dramaturqlarının qələminin zəngin, Şekspir ehtirasları ilə dolu materialına çevriləcək, əsərlər yaranacaq, o əsərlərin real tarixi qəhrəmanları olacaq, ancaq o həqiqəti ki Heydər Əliyev özü yaza bilər, onu heç kim yazmayacaq. Bilmirəm, Heydər Əliyev gündəlik tutub, bilavasitə iştirakçısı olduğu epoxal əhəmiyyətli hadisələrlə bağlı heç olmasa qeydlər aparıb, yoxsa yox? Mən çox istərdim ki, gələcək nəsillər o gündəlikləri, qeydləri, fikirləri oxumaq imkanına malik olsun. Və eyni zamanda o yazılar da tamam obyektiv yazılsın, yaxşıya yaxşı, pisə pis deyilsin. O yazılar yazılarkən daxili "qlavlit" – şəxsi təəssübkeşlik bir tərəfə atılsın və "cəmi məxluqatın əşrəfi" olan insan müəllifin simasında o tarixi sənəddə bütün vüsəti ilə təsvir olunsun – yaxşısı da pisi ilə bərabər, müdrikliyi və pərişanlığı, Xeyir ilə Şər arasındakı ədəbi mübarizədə qadirliyi və səhvləri, aldanışları ilə birlikdə.
Bu yaxınlarda yaxın adamlarla xudmani bir söhbət zamanı dostlardan biri məndən soruşdu: "– Heydər Əliyevi bir sözlə necə səciy-yələndirərdin?" Özüm üçün də gözlənilməz bir cavab verdim: "– Tənha adam." Bilmirəm nə üçün belə dedim? Nəyə görə? Hansı əsasla? Bəlkə, ona görə ki, istedadlı şəxsiyyət həmişə tənha olur? Bilmirəm... Amma belə dedim və indi də belə düşünürəm.
Şəkillərdə: 1997-ci il. Heydər Əliyev “Ah, Paris, Paris” tamaşasına baxdıqdan sonra; 1981-ci il. Azərbaycan yazıçılarının VII Qurultayında
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)
Beynəlxalq Muğam Mərkəzində “Bir axşam Bakıda” adlı konsert proqramı təşkil edilib
Beynəlxalq Muğam Mərkəzində müğənni Cəlal Abbasov və pianoçu Nizami Əliyevin "Bir axşam Bakıda" adlı birgə konserti təşkil edilib.
Mərkəzin mətbuat xidmətinin məlumatına görə, gecədə xalq, bəstəkar və bir neçə dildə müxtəlif çeşidli mahnılar səsləndirilib.
Cəlal Abbasov və Nizami Əliyevin birlikdə çalışdığı musiqi heyətinin tərkibi Bakının ən yaxşı musiqiçilərindən ibarətdir. Uzun illərdir ki, konsertlərdə musiqiçilərin solo ifaları səbirsizliklə gözlənilir və bu ənənə dəyişmir. Sevilən pianoçu Nizami Əliyevin improvizələri, caz elementləri konsertə xüsusi rəng qatıb. Proqramda olan vətənpərvərlik ruhlu mahnılar, eyni zamanda, xalq, bəstəkar, klassik və estrada kompozisiyaları tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Cəlal Abbasov 2008-ci ildə keçirilən gənc ifaçıların birinci "Bakı gecələri" müsabiqəsində Qran-Prinin sahibi, eləcə də bir neçə yerli və beynəlxalq musiqi festivallarının iştirakçısı, həmçinin qalibidir. İfaçı Bakının "ÜNS" teatrının səhnəsində "Notterdam" dünya musiqisinin premyerasında Febusun partiyasını ifa edib. Eyni zamanda o, 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatının himninin ifaçısıdır. Müğənni Cəlal Abbasov 2011-ci ildə Türkiyədə TÜRKSOY-un dəstəyi ilə keçirilən "Silifke musiqi haftası" layihəsi çərçivəsində xalq və pop musiqisi ifaçılarının 38-ci Beynəlxalq festivalının qalibi olub. O, həmçinin Heydər Əliyev Sarayında və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsertlərlə çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)