Zəfər Günü ərəfəsində “Nənə Qızlar” folklor ansamblının təqdimatı olub

Azərbaycan Yaradıcılıq Fondunun ofisində 8 Noyabr-Zəfər Gününə həsr olunan tədbir təşkil olunub.

 

Yaradıcılıq Fondundan verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə qazanılan tarix qələbədən danışılıb. Bildirilib ki, qarşıdan tarixi Zəfərimizin növbəti ildönümü gəlir. Üç il öncə Vətən müharibəsində işğalçı ölkə Ermənistanın ordusuna vurulan sarsıdıcı zərbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi parlaq Qələbə tarixi torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı. Darmadağın olan düşmən sonda ağ bayraq qaldırdı.

 

“Azərbaycan dövləti tarixi ədaləti bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, döyüş mövqelərini məhv edərək tarixi Zəfər çaldı. Bu Qələbə sevincini xalqımıza bəxş edən Ali Baş Komandanımız və hərbçilərimizdir”,-deyə natiqlər bildiriblər.

 

Sonra “Aşıq Valeh” İctimai Birliyinin nəzdində fəaliyyətə başlayan Aşıq Xaspolad adına “Nənə Qızlar” folklor ansamblının təqdimatı keçirilib.

 

Diqqətə çatdırılıb ki, 1982-ci ildə ustad aşıq Xaspolad Mirzəliyevin təşəbbüsü ilə yaradılan Aşıq Xaspolad adına “Nənə Qızlar” ansamblı Qarabağ torpağının işğalı nəticəsində məcburi köçkün düşdüyündən öz fəaliyyətini dayandırıb. Zəfər bayramı ərəfəsində, 30 ildən sonra ansambl “Aşıq Valeh” İctimai Birliyin nəzdində yenidən fəaliyyətə başlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.