Zəfər bizə yaraşır! - GƏNCLƏR KİTABXANASINDAN REPORTAJ

Könül, “Ədəbiyyat və incəsənət”

 

Zəfər Günündən bizi cəmi 2 gün ayırır. Yenə ölkəmiz başdan-başa üçrəngli bayraqlara bürünəcək. Artıq hər yerdə bayram abu-havası duyulur. O cümlədən də mədəniyyətimizin mərkəzlərindən birinə çevrilmiş Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında. Yolumuzu bura saldıq və şahid olduq ki, burada Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi, milli qürur və şərəf tariximiz olan Zəfər Günü ilə əlaqədar “Tarixi Qələbə - Zəfər Günü”, “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı ənənəvi, “Şuşa Şəhəri Günü”, “8 Noyabr - Zəfər Günü” adlı virtual kitab sərgiləri hazırlanıb.

 

Məlumunuz olsun ki, eyni zamanda “Milli qürur, milli ləyaqət, tarixi qələbə” adlı videomaterial hazırlanaraq oxuculara təqdim edilib.

“Şuşa Şəhəri Günü” və “8 Noyabr - Zəfər Günü” adlı virtual sərgilərdə Ümummilli Lider Heydər Əliyevin Şuşa şəhərinin tarixi dəyəri və əhəmiyyəti haqqında söylədiyi fikirlər, bir gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa ediləcəyinə, mənfur düşmən tapdağı altında olan əzəli Azərbaycan torpaqlarının geri qaytarılacağına dair sarsılmaz qətiyyətini, inamını əks etdirən videogörüntülər, səs yazıları nümayiş edilir.

Materiallarda Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında qəbul edilən Sərəncamın tam mətni, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dönəmində xalqa olan müraciətləri, xarici mətbuat orqanlarına verdiyi müsahibələr, qırx dörd günü əhatə edən şanlı zəfər tarixinin xronologiyası, Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi ilə artıq üçüncü ildir ki, təşkil edilən zəfər paradının qürurverici görüntüləri əks olunur.

Virtual sərgilərdə Qarabağın incisi Şuşa şəhərində keçirilən mədəniyyət tədbirləri- “Xarıbülbül” festivalları, Vaqif Poeziya günləri, qardaş Türkiyə Respublikası ilə müttəfiq münasibətlər haqqında məlumatlar əks olunur.

Eyni zamanda 2020-ci ildən başlayaraq, şanlı zəfər tarixi mövzusunda dərc edilən 20-dən çox kitabın və dövrü mətbuat nümunələrinin biblioqrafik təsvirləri də yer alır.

Kitabxana əməkdaşlarının hazırladığı videomaterialda “Qələbəyə doğru dəmir yumruq əməliyyatı”, “Rəşadətli Azərbaycan Ordusu Qarabağ müharibəsində qələbə çaldı”, “Ata vəsiyyətinin həyata keçirilməsi”, “Yenidən qurulan şəhər, canlanan torpaq, yurda qayıtmağın sevincini yaşayan Qarabağ sakinləri”, “Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür”, “Qarabağın incisi Şuşa” və sair bu kimi rublikalar vasitəsilə qədim tarixə malik olan Şuşa şəhəri haqqında geniş, ətraflı və maraqlı məlumatlar və görüntülər təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən Zəfər Günü və 8 noyabr Şuşa Şəhəri Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Zəfər bayramımız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.