Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Şırhaşır yağış yağır.
Elə gur yağır ki, həm də elə bil illərlə heç yağmayıbmış kimi.
Yer də elə bir yanğıyla, elə bir acgözlüklə içir ki, buludların göz yaşlarını, sanki illərlə bir damla suya həsrət qalmış quraq, səhra torpaqlar, yanğınlarda ağacları yanmış meşələr, susuzluqdan buğdası tələf olmuş tarlalar kimi.
*
Söz dinləyən, anlayışlı, uslu bir uşaqdım mən, digər uşaqlar kimi deyildim.
Məsələn, heç vaxt kiminsə mənə get dərslərini oxu deməyinə ehtiyac olmazdı. Bütün uşaqlar dərsdən qayıdandan sonra yeməklərini yeyər-yeməz, kimi məhlədə top dalınca, kimi evcik-evcik, kimi də gəlincikləri ilə oynamağa qaçanda, mən gedib sabahkı dərslərimi hazırlayardım.
Yalan yox palçıqdan qab düzəldib yemək bişirdiyim, güzgünün qarşısında durub jurnalistmişəm kimi danışdığım, balaca gəlinciklərə paltar tikdiyim də olub zaman-zaman...
*
Pəncərə önündə durub uzun-uzun düşündüm yağışı izləyərkən.
Şeh örtmüş pəncərə şüşəsində bir damla yağış suyu özünə cığır açmışdı, aşağı doğru süzülürdü. Yağışın şırıltısı sanki, gəl səninlə bir az yol gedək bu cığırda deyirdi mənə.
*
Xatırlayıram, yağış yağanda bütün uşaqlar qaçıb yağışda islananda, sevinclə yerdə yığılmış yağış suyunu ayaqlayıb ətrafa sıçradıb üst-başlarını batıranda mən çətir açardım.
Başqa uşaqlar mağazada ana bunu al, ata onu al deyəndə, istədikləri bir şeyi aldırmaq üçün təpinib, özlərini yerə sürtüb ağlayanda mən heç vaxt əlimi nəyəsə uzadıb bunu istəyirəm, bunu al deməzdim.
Uşaqlar hər gün evlərinə dava gətirəndə, bir dəfə olsun kimsə mənə görə söz eşitməzdi heç vaxt.
*
Nə papaq qoydum başıma, nə palto geyindim, nə də çətir açdım bu dəfə, bir an belə tərəddüd etmədən eləcə başı açıq, ayağı yalın çıxdım yağışa. Üzümü səmaya tutub, əllərimi yana açdım. Soyuq yağış damlaları üzümə, saçlarıma, əllərimə təmas etdikcə düşündüm.
Bax uşaqlar yağışda islandı, uşaqlar bir-birinə daş atdı, uşaqlar yaramazlıq edib, uşaqlar kirə, pasa bulaşdı, uşaqlar böyüdü.
Daha heç kim məhlədə top oynamır, daha heç kim qonşunun pəncərəsinə daş atmır.
Uşaqlar uşaqlıqlarını yaşayıb böyüdü, mən eyni mən olaraq qaldım, uşaqlar böyüdü mənsə sanki bu gün uşaqlaşdım..
Büsbütün islanıncaya qədər durdum yağışın altında, suyu puskürdüb qəhqəhə atdım, güldüm sevindim, palçığa bulaşdıqca yağış damlalarına təslim etdim hər bir zərrəmi.
*
Uşaqlar bir-biriylə dalaşanda, bir-birinə daş atanda, yıxılanda, yaralananda bunu gizlədər, mənsə bir yerimi yaralayan kimi dərhal anamın yanına qaçardım.
Bədənimdəki yaraları deyil də, başqa yaraları gizlətdim mən həmişə.
Bədənimdə sızlayıb qanayan, bir az keçər-keçməz ağrısı keçib, bir neçə günə qabıq bağlayan kiçik yaralardan deyildi bu yaralar.
İçimdə, canımdaydı, qəlbimin dərinliklərində, ruhumdaydı bu yaralar. Nə sızıltısı dinirdi, nə qabıq bağlayıb sağalmaq bilirdi.
Böyüdüyümdənmiydi ya nədəndi, bilmirəm, amma zaman keçdikcə, bu yaralarım da böyüməyə başladı.
Düşündüm də axı mən heç vaxt uşaq olmamışdım, necə böyüdüm ki?! Böyümək üçün öncə uşaq olmaq gərək deyildimi ?!.
*
Diz üstə yerə çökdüm, isti göz yaşlarım qarışdı yanağımla süzülən soyuq yağış damlalarına..
*
Nə uşaqkən, digər uşaqlar kimi olmadım mən, nə də indi deyiləm hamı kimi.
Görünməyən bağlı qandallar, həbs olduğum aşıla bilinməyən sərhədlər, içindən kənara çıxıla bilinməyən qəliblər vardı həmişə, hamısı da insanlardan, insan mentallığından ibarət olan. Gec də olsa, bu gün alacağım cəzaları gözə alaraq düşünmədən üsyan edib qırdım bütün qəlibləri, yaralanacağımdan qorxmadan özümü tikanlı məftillərə çırpıb aşdım bütün sərhədləri.
*
Baxmadım bu gün sözə.
Bütün bədənim buz kəsib soyuqdan titrəyənə, hərarətim qalxıb sümüklərim sızıldayana qədər balaca uşaq kimi ağladım islanarkən yağışın altında.
Nə xəstələnəcəyimi düşündüm bu gün, nə paltarlarımın kirlənəcəyini düşündüm, nə də ki, sabahı.
Əllərimlə, ayaqlarımla puskürtdüm gölməçəyə yığılmış yağışı. Palçığa, kirə buladım üstümü-başımı.
Əlimin altındakı daşları yığıb, bir-bir hara gədli atdım, boş verdim bədənimdəki yaraları.
Susmadım bu gün, gizlətmədim içimdəki yaraları, əksinə çox yorulmuşam deyə hayqırdım uca səslə. Zəncirlənmiş ruhumun, qandallanmış qanadlarımıın açılmağını istəyirəm deyə dəfələrlə çırpdım yumruqlarımı yerə..
Mən daha mənim olmayan səhvlərin, mənim olmayan günahların bədəlini ödəmək istəmirəm..
Hər şeyə, olanlara, olub keçənlərə, artıq olmayacaqlara, keçənlərə, heç vaxt keçməyəcək olanlara, itirilənlərə, qayıtmayacaqlara, səhvlərə, peşmanlıqlara, qayıtmayacaq zamana, gəncliyə, keçmişə, gələcəyə, özümə, arzulara, xəyallara, ölən ümidlərə, kaşlara, bəlkələrə, geclərə - hamısına iç çəkə-çəkə doyunca ağlayıb azad buraxdım bu gün əsrlərlə içimdə əsir saxlanılan bütün hiss, duyğu və düşüncələri..
Bu yağışla birlikdə hər şeydən arınıb islanmış torpağa gömülüb yox oldum mən də. Mavi göy üzü göz yaşlarıyla mənə xeyir- dua verib, su səpdi arxamca.
Kim bilir, bəlkə də bir gün başqa bir yağışın can suyuyla da yaşıllaşıb yenidən doğularam o torpaqdan...
Küllərindən yenidən doğula bilmək üçün əvvəl Zümrüd kimi kül olmaq lazımdı axı.
“Ədəbiyyat və incəsənət”
(06.11.2023)