Super User
“Önümdən gəlib keçir gəncliyim” - İosif Brodskinin şeirləri Səlim Babullaoğlunun tərcüməsində
İosif Brodski (1940-1996) XX əsr ədəbiyyatının görkəmli nümayəndəsi, yəhudi əsilli böyük rus şairidir, 1987-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Otaqdan çıxmayasan
Otaqdan çıxmayasan, səhv də buraxmayasan.
Çəkdiyin “Şipka”dırsa, “Günəş”ə baxmayasan.
Qapıdan o tərəfə puçdur hər şey,
xüsusən xoşbəxtəm hay-həşiri.
Yalnız ayaqyoluna və dönəsən tez geri.
Otaqdan çıxmayasan, nə gərək var taksiyə -
dəhliz boyda bir məkan səninlə isnişibsə
və sayğacla bitirsə? Şirin-şəkər birisi
ağzın açıb girirsə içəri, dəymə, getsin.
Otaqdan çıxmayasan, guya azarlamısan.
Yaxşı nə var dünyada stuldan və divardan?
Bir yerə eyni adam dönəcəksə axşamı-
bəlkə də daha əzgin, varmı bunun anlamı?
Otaqdan çıxmayasan, rəqs edəsən təkcənə
çılpaq bədəndə palto, yalın ayaqda çəkmə.
Giriş kələm qoxuyur, bir də ki kirşə yağı.
Çoxlu hərf yazmısan, nəyə gərək artığı.
Otaqdan çıxmayasan. Qoy təkcə elə otaq
bilsin ki, necəsən sən. Qoy qəlbində bir dodaq
inkoqnito ergo sum söyləsin zahiriyə.
Otaqdan çıxmayasan. Yaddır bura Parisə.
Axmaq olma! Başqası olmayan şeyə bənzə.
Otaqdan çıxmayasan! Mebelə bənzə bəzən -
divar üzlüklərinə qarış. Səngər qur, gizlən
aləmdən, eşdqən, irqdən, hər cürə xəstəlikdən.
Söyləmişəm həmişə, tale var ha - oyundur
L. V.Lifşitsə
Söyləmişəm həmişə , tale var ha - oyundur.
Kürü varsa balığı nə təmizlə, soyundur.
Qotik üslub qalibdir həmişə məktəb kimi,
Həm də gözə girirsə, batmır ki, iti tini.
Pəncərinin yanında oturmuşam. Və qovaq…
Az adamı sevmişəm. Amma ki, qoruyaraq.
Saymışam meşəliklər çox vaxt elə odundur.
Bütün qız nəyə gərək; bəyaz dizlər saçır nur.
Əsrin yeli qaldıran tozanaqdan yorulur
eston günbəzlərində rusun gözü yumulur.
Ev təmiz. Pəncərənin yanında oturmuşam.
Burda xoşbəxt idim mən. Bir də yəqin olmaram.
Yazmışam hər lampada var tavanın qorxusu.
Sevişmək bir iş kimi feillərdən yoxsuldur,
və Evklid səhv edir, dırmananlar konusa-
sıfır tapmaz axırda, yol açarlar kosmosa.
Pəncərənin yanında oturmuşam. Önümdən
gəlib keçir gəncliyim: gülürəm, tüpürürəm.
Demişəm, hə, yarpaqlar deşir tumurcuqları,
zay torpağa düşdüsə bir ağacın tumları
pöhrə verməz heç zaman; laləzar ilə çəmən
belə istimnanadır təbiətdə də bəzən.
Pəncərənin yanında oturmuşam. Dizimi
qucub söhbət edirik - yorğun kölgəm… ikimiz.
Nəğmənin bir mənası yoxdursa da nə eybi,
xorla ki, oxumurlar, bu da bir cür təsəlli.
Belə çıxışlar üçün heç olmasa bir kimsə
boynuma minə bilmir. Oturmuşam bu gecə
pərdələri dalğalı pəncərənin yanında,
dəniz-təcili yardım qıyya çəkir o yanda.
İkinci növ zamanın vətəndaşıtək, diri,
ikinci növ mal sayıb ən yaxşı fikirləri-
acı təcrübəsini gələcək əsrlərə
boğanaqla davamın vəsiyyət eləyirəm.
Oturmuşam, gecədir. Nə fərq edər otaqda
qaranlıq nə cürədir, ya necədir qıraqda.
Kənddə Allah künc-bucaqda deyil ki...
Kənddə Allah künc-bucaqda deyil ki,
hər yerdədir, qoy danışsın təlxəklər,
qab-qacağa, dam-daşa nur ələyər,
düz ortadan qapını bölər iki.
Kənddə Allah aşıb-daşar. Çuğunda
axşamları o mərçimək bişirər,
o duyular yeməklərin buğunda,
şahid kimi hələ mənə gülümsər.
Çəpər çəkər. Qızı meşəbəyiyə
qismət edər. Yayındırar ördəkdən
gülləsini qoruqçunun o Yiyə
hər dəfə bir zarafatla, ürəkdən.
Düzü baxsan, bu şeyləri seyr etmək
duyulanda vıyıltısı payızın
yeganə bir nemətdir ki, bəxtinə
düşübdür bu ateistin, yazığın.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Bizim kaskadyorlar Özbəkistanın istehsal etdiyi bədii filmə dəvət olunublar
Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov Özbəkistanın istehsal etdiyi “Üç qəhrəman” adlı tammetrajlı bədii filmə dəvət olunub.
Assosiasiyadan verilən məlumata görə, Özbəkistanda dövlət sifarişi ilə çəkilən “Üç qəhrəman” filmi “Spectre” kinostudiyasında istehsal olunub.
“Kaskadyor qrupumuzla birgə Özbəkistanda filmin çəkilişlərindəyik. Filmdə Qazaxıstanın peşəkar kaskadyor qrupu ilə birgə çalışırıq, burada Azərbaycanı təmsil edirik. Filmin böyük səhnələri daxil olmaqla, bir çox səhnələrində Qazaxıstanın peşəkar kaskadyorları iştirak edir. Hələlik hazırlıq mərhələsindəyik. Bir neçə gün sonra çəkilişlərə start veriləcək”,- deyə Əli Məmmədovv qeyd edib.
Onun sözlərinə görə, filmin süjeti üç qəhrəman üzərində qurulub, onlardan ikisi polis işçisidir. Şəhərdə cinayət dəstəsi yeni bir hadisə törətməyi planlaşdırır. Böyük bir yük maşınına bütün qurğular qurulub və həmin maşın şəhərdə sürətlə hərəkət edir. Polislər həmin plandan xəbərdardır və partlayışın baş verməməsi üçün yük maşınını şəhərdən uzaqlaşdırmaq istəyirlər.
Ə.Məmmədov onu da qeyd edir ki, məhz həmin səhnələrdə maşınların sürətli yol qət etməsi, polis postunu dağıtması, yük maşınının polis maşınına çırpılması və s. məqamları bizim qrup film üçün qurur.
Filmdəki döyüş və atışma səhnələrinə isə Qazaxıstan kaskadyorları çəkilir. “Üç qəhrəman” bədii filminin avtomobil tryuklarının quruluşçusu və icraçısı Əli Məmmədovdur. Digər kaskadyorlar isə Əhməd Cəfərov, Fərid İbrahimov, Ağababa Fətullayev və Vuqar Xudaverdiyevdir.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Güneydən səslər: “Gəlin tanınmaq üçün maskalarımızı taxaq” - Zaman Paşazadə
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Zaman Paşazadə öz şeirləri ilə hüzurunuzdadır.
O, bu dəfə “klaustrofobiya” deyəcək.
KLAUSTROFOBİYA
Qapıdan içəri keçən əşyaları alkollayıramsa
Pəncərədən sızan hər bir şeyi
Quşların səsini
Çiçəklərin qoxusunu
Havanı
Və uzaq keçmişdə öpüşdüyümü xatırlayıb alkollayıramsa
Fikir vasvasılığı deyil
Ardı kəsilməyən faciələrin normal qorxularıdır.
Hələ ayaqla görüşmək nədir ki,
Plastik geyimlə izolə sevişmək ehtimalı da var.
Bütün gücsüzləşdirən ölümcül viruslardan
Öldürməyib də gücləndirən kabuslara qədər
Dünya sonu sinemasının ssenari qaynağıdır qorxularımız.
Biz möcüzələrə inandığımız yerdə
Tanrının şapkasından bir dovşan çıxıb dişlərini ağardır
Acizliyimiz möcüzələrdən daha böyük
İnanmaq kələməsi daha kiçikdir.
Biz qum saatının boğazında ilişən nisbilik nəzəriyyəsiyik
Biz hər səhər tanrının ümidi ilə yuxudan durub, hər gecə ateist giririk yatağımıza
Bütün günü yuxuda gördüyümüz dörd divarı unutmağa çalışırıq.
İndi gəl “Evdə qal” çağırışına ləbbeyk de
İndi gəl qərəntinə trendinə qoşul
İndi gəl klaustrofobiyanı açıqla polislərə
Çörək klaustrofobiyası
Ev kirası klaustrofobiyası
Leylanın gözlərinin klaustrofobiyası
İndi gəl evdə qal və bütün fobiyalara yolux.
Gəlin tanınmaq üçün maskalarımızı taxaq əziz vətəndaşlar
Çünki “taclı adam yeyənlər” əli silahlı gəzir şəhərdə
Çünki ölüm maskalılara toxunmur.
Bir gün tanrı da yer kürəsini billiard topu kimi qara dəliyə salıb
Maskasını götürəcək üzündən
Biz o zaman tanıyacağıq tanrını
Və oyun bitəcək.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Bakıdakı Rus evində Poeziya gecələri keçirilir
Bakıdakı Rus evinin Poeziya Klubu çərçivəsində “Na Buynakskoqo” Ədəbi məclisi (Dağıstan Respublikası) ilə telemost təşkil olunub.
Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Tədbirdə klub sədrləri Lalə Həsənova, İndira Zubairova və Dağıstan Yazıçılar İttifaqının sədri Marina Əhmədova iştirak ediblər.
Poeziya gecəsində Rəsul Həmzətov, Vladimir Mayakovski, Anna Axmatova, eləcə də Bakı və Dağıstanın gənc şairlərinin yazdığı şeirlər səsləndirilib.
Həmin gün baş keşiş Qeorgi Tsurikovun yaradıcılıq gecəsi keçirilib, eləcə də fotoqraf və videoqraf Vsevolod Tsurikovun sərgisi açılıb.
Qeyd edək ki, Qeorgi 50 ilə yaxındır ki, şeir yazır, o, dəfələrlə “stihi.ru” portalında “İlin şairi” mükafatına layiq görülüb.
Sərgidə təqdim edilmiş fotoşəkillər baş keşiş Qeorginin şeirlərinə illüstrasiyalardır.
Yaradıcılıq gecəsində Vsevolod Tsurikov, Lalə Həsənova və Günatay Hüseynovanın ifasında müəllifin şeirləri səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Barbara Şer: “Kənardan özünüzə baxmağı bacarın”
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.
Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki, 1) «Hər şey arzulamaqdan başlayır»; 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»; 3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»; 4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»; 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».
Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.
Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.
Arzuları necə həyata keçirməyin Barbara Şer təlimi
Əlbəttə, biz hamımız müvəffəqiyyətli adam olmağa cəhd edirik, amma çox vaxt bunun üçün nə edəcəyimizi bilmirik. Tanınmış motivasiya spikeri Barbara Şerin Enn Qotliblə birgə yazdığı «Arzulamaq ziyanlı deyil» adlı təlimi ilə tanışlıqdan hədsiz məmnun olmuşam. Belə ki, xanım Barbara arzuları həyata keçirmək metodikasını açıqlayır. Özü də o, «arzulara inan, onlar mütləq həyata keçəcək» kimi banal məsləhət vermir, «sabahkı gündən hər şeyi yenidən başla» kimi taftalogiyaya müraciət etmir. O, həyat tərzinizi dəyişmədən hər gün məqsədə, uğura doğru bir kiçik addım atmağın yolunu göstərir. Çox maraqlıdır, deyilmi?
«Arzulamaq ziyanlı deyil» - bəzən biz bu frazanı kinayə ilə, ironiya ilə işlədirik. Amma Barbara Şer isbat edir ki, arzulamaq heç də ziyan deyil, əksinə, olduqca faydalıdır. Ən əsası – düzgün arzulamaq lazımdır, bəxtəvərlikdən göylərdə üçmaq, dünyaya sahib olmaq, xoşbəxtlik istəmək kimi mücərrəd arzulardan qopmaq, konkret olaraq nə istədiyini bilmək lazımdır.
Möcüzəyə ümid bağlamamaq, arzulara addımbaaddım çatmağın planını tutmaq lazımdır. Nizam-intizamla, şansları düzgün dəyərləndirməklə, köməyə ehtiyac olanda utanmadan kömək istəməklə siz arzunuza çatacaqsınız.
Barbara Şer arzuya çatılmasını ağır, monoton bir iş hesab edir, hamıya da arzulara məhz bu prizmadan baxmağı tövsiyə edir.
İş ondadır ki, müəllifin özünün də həyatında çox ağır dönəmlər olub. Dul qalan qadın iki övladını böyütmək üçün bir neçə il ərzində ofisiant işləyib. Hədsiz ehtiyac çəkiblər. Öz rastına çıxan çətinliklər, öz acı həyat hekayəsi onu motivasiya kitabları yazmağa vadar edib. İlk belə kitabı xanım qırx yaşında yazıb. Bu gün, 37 ildən sonra onun hesabında artıq yeddi bestsellər vardır və o, dünyanın ən yaxşı motivasiya spikerlərindən biridir.
Tam adı «Arzulamaq ziyanlı deyil. Doğrudan da, istədiyin şeyi necə əldə etməli» olan kitabın məğzi budur: «Arzuların həyata keçməsi üçün özünühipnozla məşğul olmaq, ekstrasens – falçı yanına getmək lazım deyil. Lazım olan arzuya çatmaq məsələsinin praktiki metodikasını işləyib hazırlamaq, planlaşdıra bilmək bacarığı, özünü yeniliklərə hazırlamaq xüsusiyyəti, lazımi material və informasiyalara yol tapmaq, yeni kontaktlar qazanmaqdır».
Barbara Şerin kitabında çox dəyərli bir hissə var: həyatdan nə istədiyinizi bilmək, özünüzə yaxın olan emosional obrazı tapmaq, öz arzularınızı daha yaxşı ifadə etmək üçün 5 sadə çalışma.
Ötən günlərdə ilk çalışmalarla tanış olmuşdunuz.
Birinci çalışma.
Sizdə müsbət emosiya yaradan rəngi seçin. Bu, vacib deyil ki, ən çox sevdiyiniz rəng olsun. Rəngi seçdikdən sonra təsəvvür edin ki, həmin rəng siz özünüzsünüz. Rəngin adından mətn yazmağa başlayın: «Mən göy rəngəm. Mən səmanın və dənizin rəngiyəm. Mən də bu iki varlıq kimi azad, güclü və üsyankaram».
İkinci çalışma.
Özünüzü kəşfiyyat məqsədi ilə sizin mənzilinizə daxil olmuş xəfiyyə təsəvvür edin və xəfiyyənin gözü ilə «ilk dəfə evinə girdiyiniz adama» qiymət verməyə çalışın. O nəyə meyil edir? Hansı həyat tərzini keçirir?
Məsələn, «Bu insan mətbəx sirlərini gözəl bilir. Belə ki, onun mətbəx şkafında dünyanın ən gözəl ədviyyatlarına rast gəlmək mümkündür, o, bunlardan xörək bişirəndə həmişə istifadə edir», - kimi.
Siz xəfiyyənin adından nə yazacaqsınızsa, bu, sizin portretiniz olacaq. Özünüz barədə təəccüblü, gözlənilməz şeylər öyrənəcəksiniz.
Bu günsə növbəti çalışma ilə tanış olacaqsınız.
Üçüncü çalışma.
Yaxın bir adamdan xahiş edin ki, üç dəqiqə ərzində sizin ən yaxşı keyfiyyətlərinizi söyləsin. Bunları bir vərəqə köçürün. Özü də, həmin şəxs «Sən çox ağıllısan», «Sən çox yaraşıqlısan» seriyasından olan komplimentlər səsləndirməməlidir:
«Sənin çox zəngin fantaziyan var», «Sən çox nizam-intizamlı adamsan» və s. kimi keyfiyyətlər söylənilməlidir.
Bu çalışma sizə kənardan özünüzə baxmaq, öz üstün cəhətlərinizi görə bilmək üstünlüyü verəcək. Və çox yəqin ki, sizi yeni düşüncələrə və ideyalara kökləyəcək.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
54 günə çəkilən “Oppenheimer” filmi rekord qırıb
Rejissor Kristofer Nolan “Oppenheimer” filmini rekord müddətdə lentə alıb. Bu barədə “Oppenheimer” filmində çəkilən aktyor Killian Mörfi CNN-ə deyib.
Onun sözlərinə görə, K.Nolanın filmi inanılmaz dərəcədə sıx qrafiklə çəkilib: “Ekran əsərini inanılmaz sürətlə çəkdik. Bunu 57 gündə bacardıq. Müqayisə üçün qeyd edək ki, Kristofer Nolanın İkinci Dünya müharibəsindən bəhs edən “Dunkirk” filmi 68 günə, digər casus trilleri olan “Tenet” isə 96 günə çəkilib”.
“Oppenheimer” filminin əksər səhnələrində Killian Mörfi diqqət mərkəzindədir, bu da o deməkdir ki, sıx çəkiliş cədvəli aktyor üçün daha gərgin keçib.
“Çəkiliş prosesi gərgin keçsə də, bu əziyyətə dəyərdi. Çünki 20 ildən artıq müddətdə əməkdaşlıq etdiyim sənətini sevən rejissorla davamlı işləmək hər bir çətinliyi üstələyir”, - deyə aktyor qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib
Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib. Bu barədə “Ədəbiyyat və incəsənət” nazirliyə istinadən məlumat verir.
Müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin mədəniyyətə və mədəni irsə qayğısını rəhbər tutaraq, Azərbaycanın qədim tarixi, həmçinin zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur.
Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir.
Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı iyulun 20-dən sentyabrın 4-dək onlayn şəkildə təqdim edə bilərlər.
Bu barədə ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytından əldə etmək mümkündür.
Qeyd edək ki, müsabiqə qaliblərinin adları sentyabrın 20-də elan olunacaq.
Bu isə müsabiqənin çağırışı:
“Milləti mədəniyyət, mədəniyyəti millət yaşadar! Sən də bu missiyanın bir hissəsi olmaq istəyirsənsə, müsabiqəyə qoşul, fərqli və yaradıcı yanaşmanı təqdim et, qalib ol”.
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)
Saat 19.00! Qaçırmayın!
UZUN FASİLƏDƏN SONRA AFAQ BƏŞİRQIZI BU GÜN SƏHNƏYƏ QAYIDIR!
Biz onu daha çox Söylü kimi sevmişik. Əslində isə hər bir rolu sevilməyə layiqdir.
Uzun fasilədən sonra bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.
TANINMIŞLARDAN İBARƏT HEYƏT
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
TAMAŞANIN SÜJETİ
Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.
Mütləq baxın! Baxmağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
Azərbaycanlı fotomüxbiri İlqar Cəfərov beynəlxalq müsabiqələrdə qızıl medallara layiq görülüb
AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Portuqaliya və Albaniyada keçirilən beynəlxalq fotomüsabiqələrdə qızıl medallara layiq görülüb.
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) qızıl medalına Lissabonda keçirilən “Portuqaliya 2023” beynəlxalq fotomüsabiqəsində fotoqrafın “Həndəsədə həyat” fotosu layiq görülüb.
FIAP-ın himayəsi altında keçirilən bu müsabiqədə dünyanın 46 ölkəsindən 158 müəllif iştirak edib.
Müəllifin “Gecə faciəsi” adlı digər əsəri Tiranada (Albaniya) keçirilən MİRAGE 2023 beynəlxalq fotomüsabiqəsində İAAP-ın (İnternational Association of Art Photographers) qızıl medalına layiq görülüb.
Bu fotoda 2020-ci ildə II Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayət əks olunub.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)
İlin ilk günü
Bu gün biz Məhərrəm ayının ilk gününə qədəm qoyuruq.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, astronomik hesablamalara görə, iyulun 18-dən 19-na keçən gecə Müsəlmanların yeni ili başlayır. İslamda bu tarix 1445-ci ildir.
Və bir ayın tamamında - avqustun 17-si Məhərrəm ayı başa çatacaq və 18-dən Səfər ayı başlayacaq.
“Ədəbiyyat və incəsənət”
(19.07.2023)