“Bir ovuc fındıq” - MİNİATÜR Featured

Pərviz Yəhyalı, “Ədəbiyyat və incəsənət” üçün

 

-Mən insan yox, ağac ola bilsəydim və seçimim öz əlimdə olsaydı söyüd ağacı olardım. Bilirsən necə xoşum gəlir söyüd ağacından? Harda salxım söyüd görürəmsə məni ağlamaq tutur. Elə bilirəm kədər yağır budaqlarından qulac-qulac. Uşaqlığım düşür yadıma. Mənim də söyüd salxımları kimi hörüklərim vardı. Maraqlıdı bəs sən nə ağacı olmaq istəyərdin?

-Çətin sulal oldu. Düzü bu barədə heç fikirləşməmişdim- deyə çiyinlərini çəkdi. Telefonu sağ əlindən sol əlinə keçirib susdu.

-Heç mən də səni hansısa ağac təki təsəvvür etmirəm. Amma…

-Amma nə?

Ucadan güldüyü telefonda aydın eşidilirdi. Bu gülüşdən çox şaqaraq qəhqəhəyə bənzədi. Heç gülüşünə ara vermədən əlavə etdi:

-Amma başqa canlı kimi təsəvvür edirəm səni.

-Nə?

-İlan!

-ilan?

- Hə! Bilirsən…

-Çox sağ ol!

-Bilirsən, hamı ilanlardan qorxur. Əslində ilanların insanlarla işi yoxdur. Quyruğunu tapdalayan olmazsa. Biçarələr özlərini qorumaq üçün sancırlar.

-Bəs onda niyə el arasında deyirlər ilanın ağına da lənət bozuna da

-Nə bilim. Yəqin kor-koranə qorxduqları üçün. -sonra əlavə etdi:-İncidin?

-Bilmirəmki…

-Yaxşı incimə, Bax mən də digər canlı ola bilmək şansına malik olsaydım dələ olardım.

-Hm. Dələ niyə?

-Nə bilim… Yaxşı xüdafisləşək. Hələlik.

-Hələlik.

 

* * *

 

-Bura bax, azı 10 dəfə zəng etmişəm. Açmırsan telefonu. Məcbur qalıb ismarıc yazmalı oldum. Hardasan?…

-…

-Aaa bu nədi, oxuyub da cavab vermirsən. Kimlə danışırsan? 

-…

-Yaxşı, yaxşı sən həmişə mənə belə diqqətsizsən. Allah bilir kimlə danışırsan. Danış! Mane olmayacam.

-…

-Bu nədi? 3 saatdı yoxa çıxmısan. Nə zəngimə cavab verirsən, nə də mesajıma. 

-Fındıqdı bir ovuc. Tez yetişən. Yay fındığı.

-Mənim başımı tovlayırsan? Uşağam?

Elə bilirsən diqqətsizliyini bağışlayacam? Mənə zəng etmə, mesaj da yazma! 

-Yadındadı, yazda sənə söyüd ağacının şəklini çəkib göndərmişdim.

-Hə, nə olsun. Tutaq ki yadımdadı

-O söyüd ağacı bizim evdən xeyli aralıdadır. Amma yolumun üstüdü deyə yanından keçirəm hər gün. 

-Bu sənin mənim zəngimə cavab verməməyinə əsasdı?

-Qulaq as da bir. Mən o söyüd ağacının budaqlarında dələlərin oynaşdığını görmüşdüm. Bağımızdan bir ovuc fındıq yığıb aparıb qoydum ağacın dibinə. Dələlər sevinsin deyə.

-Dəli.

-Amma nə bilim sən dələ beləcə hirslənəcəksən.

-Dəli.

-Çox istəyirəm səni!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.