SEVGİ ŞEİRLƏRİ - “Gedəcəyini bilə-bilə sevdim səni…”

Bu dəfə “Ədəbiyyat və incəsənət” portalının Sevgi şeirləri rubrikasında Naxçıvanda yazıb-yaradan gənc şair Gülay Tahirlinin “Gedəcəyini bilə-bilə sevdim səni” şeiri təqdim olunur. Nə xoş bizə ki, bu rubrikanın şeirlərini sevənlər bir-birinə göndərirlər. 

 

 

Gedəcəyini bilə-bilə sevdim səni,

salamında əlvidanın qoxusu...

 

Hər saniyə bir az da gedirsən,

Gözümün önündəcə

ilim-ilim itirsən.

Sarılan əllərində

Ayrılığın buzu var,

Sarıdığın yaraların 

Hələ tökülməmiş duzu var.

 

Dərib gətirdiyin güllərin də rəngi

Gündən-günə saralır,

Qərənfil ətri gəlir hər çiçəkdən,

Elə bil ölüm ayağında olan adamların

Ömrünə hər gün

bir gün daha dilənirsən fələkdən...

 

Mən "Getmə" deməyi bacarmıram, adam!

Mən ölməyi bacarıram.

Gedənlə bütünləşə bilmirəm,

Hər gün özümü

tikə-parça bölməyi bacarıram.

 

Bilirsən, tək adamlıq canınla

Bir dünyalıq adam olmusan mənə.

Bu yetim dünyada

Olanım da, qalanım da tək sən idin...

Qazancım da, itkim də,

Doğulanım da,

Ölənim də tək sən...

 

Mən ayrılıq yaşamamışam ki,

Amma ölüm nədir, yaxşı bilirəm.

Ölümləri yaxşı bilirəm, adam!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.