Super User

Super User

Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib. Bu barədə “Ədəbiyyat və incəsənət” nazirliyə istinadən məlumat verir.

 

Müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin mədəniyyətə və mədəni irsə qayğısını rəhbər tutaraq, Azərbaycanın qədim tarixi, həmçinin zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur. 

Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir. 

Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı iyulun 20-dən sentyabrın 4-dək onlayn şəkildə təqdim edə bilərlər.

Bu barədə ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytından əldə etmək mümkündür.

Qeyd edək ki, müsabiqə qaliblərinin adları sentyabrın 20-də elan olunacaq.

Bu isə müsabiqənin çağırışı: 

“Milləti mədəniyyət, mədəniyyəti millət yaşadar! Sən də bu missiyanın bir hissəsi olmaq istəyirsənsə, müsabiqəyə qoşul, fərqli və yaradıcı yanaşmanı təqdim et, qalib ol”.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)

Çərşənbə, 19 İyul 2023 17:30

Saat 19.00! Qaçırmayın!

 

UZUN FASİLƏDƏN SONRA AFAQ BƏŞİRQIZI BU GÜN SƏHNƏYƏ QAYIDIR! 

 

Biz onu daha çox Söylü kimi sevmişik. Əslində isə hər bir rolu sevilməyə layiqdir. 

Uzun fasilədən sonra bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. 

 

TANINMIŞLARDAN İBARƏT HEYƏT

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan bu səhnə əsərində Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər. 

Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

 

TAMAŞANIN SÜJETİ

Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.

Mütləq baxın! Baxmağa dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

 

AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Portuqaliya və Albaniyada keçirilən beynəlxalq fotomüsabiqələrdə qızıl medallara layiq görülüb.

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) qızıl medalına Lissabonda keçirilən “Portuqaliya 2023” beynəlxalq fotomüsabiqəsində fotoqrafın “Həndəsədə həyat” fotosu layiq görülüb. 

FIAP-ın himayəsi altında keçirilən bu müsabiqədə dünyanın 46 ölkəsindən 158 müəllif iştirak edib.

Müəllifin “Gecə faciəsi” adlı digər əsəri Tiranada (Albaniya) keçirilən MİRAGE 2023 beynəlxalq fotomüsabiqəsində İAAP-ın (İnternational Association of Art Photographers) qızıl medalına layiq görülüb. 

Bu fotoda 2020-ci ildə II Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayət əks olunub.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Çərşənbə, 19 İyul 2023 11:05

İlin ilk günü

 

Bu gün biz Məhərrəm ayının ilk gününə qədəm qoyuruq. 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, astronomik hesablamalara görə, iyulun 18-dən 19-na keçən gecə Müsəlmanların yeni ili başlayır. İslamda bu tarix 1445-ci ildir. 

Və bir ayın tamamında - avqustun 17-si Məhərrəm ayı başa çatacaq və 18-dən Səfər ayı başlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Laçında “Sarı Aşığın dastanı” tamaşasının premyerası olub.

“Report" xəbər verir ki, tamaşanı “Səhnə” teatrı təqdim edib.

 

Tamaşanın prodüsseri Elçin Hacı bildirib ki, “Yaxşı və Aşıq” dastanının motivlərindən istifadə edilməklə Xaqani Əliyevin qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqrafı Zaur Əliyevdir.

Tamaşa Azərbaycanda bayatı janrının poetik imkanlarının açılmasında misilsiz xidmətləri olmuş, XVII əsrdə Laçının Güləbird kəndində yaşamış, şair Sarı Aşığın nakam məhəbbətindən bəhs edir.

 

Buludların arasından yerə enən Mələyin verdiyi sevgi badəsini içən gənc Abdullanın qəlbində eşq yuva salır, onu “Haqq Aşiqinə” çevirir. Aqillər deyiblər ki, Eşq hər qəlbdə qərar tutub qalmır. Bəs, qalsa nə olar? Onu ordan çıxarmaq olarmı? Məcbur etsələr də Aşiq qəlbindəki eşq alovunu söndürə bilmir. O, Yaxşısına qovuşmaq ümidi ilə, zülmətin içindən, sonunda işıq gördüyü yola çıxır. İnsanlar onu anlamaq istəmir, qarşısını kəsir, mənən əzir, döyürlər. Aşiq ölümlə üzləşir, lakin yolundan yenə də dönmür.

 

Tamaşadakı obrazları aktyorlar Vaqif Kərimov (Əməkdar artist), Ramil Məmmədov, Əhliman Ərşadlı, Mirzə Səfərov, Elçin Əmirov, Nazlı Quliyeva, Rəvan Hüseynzadə, Kənan Balakişiyev, Məleykə Cəfərova, Elvin Abbasov və Rəhimə Abdinova oynayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Yazıçı mövqeyi” rubrikasında yazıçı Yunus Oğuzun “Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinin təchizatına nə üçün qarşı çıxır?” sualına cavabını diqqətinizə çatdırır. 

 

Ötən həftə sonu Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə edilən məsələlərdən biri də Xankəndinə Ağdam vasitəilə humanitar yardımların çatdırılması olub. Paralel olaraq Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklif olunur. Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına Ermənistan tərəfi qarşı çıxır. Hər halda Brüssel görüşündən sonra İrəvandan sözügedən məsələyə verilən reaksiyalar belə deməyə əsas verir. Maraqlısı isə odur ki, Ermənistanla paralel olaraq Rusiya da Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu variantına qarşı çıxır. Həm Ermənstan, həm də Rusiyanın Azərbaycanın təklifinə qarşı çıxmasının səbəbi barədə danışan yazıçı-publisist Yunus Oğuz bildirib ki,  Moskva və İrəvanın Bakının təklifinə qarşı çıxması başadüşüləndir: "Çünki həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçirilən zaman aydın olacaq ki, Xankəndində nə qədər erməni yaşayır. Sözdə 120 min desələr də, əslində reallıqda bu say qat-qat aşağıdır. Həmçinin, sülhməramlıların sayı 1960 nəfərdən çox olduğu üçün saylarının bilinməsini istəmirlər. Çünki Ağdamdan həm Qarabağ erməniləri, həm də sülhməramlılar üçün ərzaq və digər təminat vasitələri göndəriləndə real say ortaya çıxacaq. Ona görə də həm Ermənistan, həm də Rusiya Ağdam-Xankəndi yolu ilə təchizat-təminat prosesinin həyata keçirilməsini istəmir. Ona görə də ciddi şəkildə Bakının bu təklifinə etiraz edirlər".
Yunus Oğuz hesab edir ki, Azərbaycan dövləti maksimum dərəcədə buna çalışıb nail olmalıdır ki, təchizat Ağdamdan həyata keçirilsin.
Rəsmi Bakının dirənişi qarşılığında Rusiyanın Azərbaycana qarşı daha aqressiv mövqe nümayiş etdirmə mümkünlüyünə gəlincə, Yunus Oğuz deyib ki, Rusiya onsuz da Azərbaycana qarşı aqressiv mövqe ortaya qoyur: "Separatçıları silahlandırır. Onları Azərbaycana qarşı körükləyir. Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq Qarabağdakı separatçılar tərəfindən atəşə tutulması da məhz Rusiyanın separatçıları körükləməsindən irəli gəlir".
Yunus Oğuz bildirib ki, son günlər separatçıların Xankəndində keçirdikləri aksiyalarda da Rusiyanın əli var: 
"Rusiya istəmir ki, Cənubi Qafqazdan çıxsın. Çünki sülhməramlılar Qarabağdan çıxan kimi , növbə Rusiyanın Ermənistandakı hərbi bazasının bu ölkədən çıxarılmasına gələcək. Bununla da Cənubi Qafqaz Rusiyanın asılılığından xilas olmuş olacaq. Rusiya isə öz növbəsində bu prosesin qarşısını almaq üçün öz planlarını həyata keçirir və bundan sonra da öz məkrli planlarını davam etdirəcək. Ancaq biz də öz növbəmizdə buna hazır olmalıyıq".

 

“Ədəbiyyat və incəsənət”

(19.07.20203)

Ötən gün xalq artisti, milyonların sevimlisi Telman Adıgözəlovun 70 yaşı tamam oldu. 

Deyilənə görə, hər ad günündə kövrələrmiş, gözləri dolarmış. Ömrünün qısa olacağını hiss edirmiş bəlkə də. Həyatı boyu 57 rəqəmindən qorxan bu möhtəşəm aktyor 57 yaşında həyatla vidalaşıb. Ürəyinə daman qorxu səbəbsiz deyilmiş. Ürəklərə sevinc verən adam ürəktutmasından dünyasını dəyişib. Ölümündən sonra biliblər ki, ürək damarlarında tromblaşma gedirmiş, amma həkimlər onu ürəyindən yox, osteoxondrozdan müalicə ediblər.

 

Aktyorun yaxın dostu, Xalq artisti Firəngiz Mütəllimova Lent.az -a onunla bağlı xatirələrini danışıb:

 “Telman bu fobiyasına görə, avtomobilinin 57 ilə bitən nömrə nişanını da dəyişmişdi. 57 yaşında ürək tutmasından dünyasını dəyişdi. Çox gözəl insan idi Telman. Çox gözəl geyinərdi. Deyirdi, aktyor baxımlı olmalıdır. Hərdən dostları deyəndə ki, dişlərini düzəltdir, deyirdi, “diş həkimindən qorxuram. Dişimə iynə vursalar, stoldan qalxmayacağam”. Baxmayaraq ki, öz qızı da diş həkimi idi, amma bu qorxusunu dəf edə bilmirdi”, - deyə Firəngiz xanım bildirib.

“O, hamının dərdinə yanan, fikrini çəkən adam idi. Hər kəs Telmanı gülüb-danışan, məclis adamı kimi görürdü, amma əslində çox fikir edən, hər şeyi ürəyinə salan insan idi. Çox ürəyiaçıq, şən, hazırcavab, mülayim insan idi. Kömək eləməyi sevirdi. Dostlarla məclisdə oturanda hamı elə bilərdi ki, içib. Halbuki ağzına bir damla da içki dəyməzdi, içən deyildi. Zarafatla deyirdi ki, məclisdəkilər içir, mən sərxoş oluram. Hələ də teatra girəndə elə bilirəm, qapılardan birindən çıxıb, “Firoş” deyə məni səsləyəcək”, - deyə aktrisa  qeyd edib.

 Firəngiz xanım Telman Adıgözəlovla ilk tanışlıqları barədə də məzəli xatirəsini bölüşüb: 

“Biz universitetdə oxuyanda hamı deyirdi ki, yaman çox sevgililəri var. Yaraşıqlı, populyar adam idi. Qadınların ürəyi gedirdi onun üçün. Hamı elə bilirdi ki, Telman şorgöz adamdır. Mənim də ağlıma batmışdı. Ona görə, onunla ilk dəfə tamaşada oynayanda rejissora tapşırmışdım ki, ona deyin mənə əl-qol atmasın. Toxunmasın. Sonralar rejissor bizi teatrda qol-qola, öpüşüb-görüşən görəndə zarafatla deyirdi, sizi çəkib hamıya göstərəcəyəm. Telman nəinki Akademik Milli Dram Teatrının, eləcə də ölkənin ən namuslu, düzgün kişilərindən biri idi. Haqqında gəzən şayiələrin hamısı yalandır. Onun nə sevgilisi var idi, nə də gözü orada-burada deyildi. Ona görə çox sevilirdi. Ona görə dəfnində elə böyük izdiham oldu. Bildiyimə görə, eşidib gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb, hətta polislər Fatmayı kəndinə qədər olan yolu bağlamağa məcbur olublar”. 

 

“Çox hazırcavab idi. İfa etdiyi monoloqlara özündən çox şey qatırdı. Belə istedad bir onda idi, bir də Yaşar Nuridə. Onların ifasında, xarakterlərində xüsusi kolorit var idi. Telmanın yeri həmişə görünəcək”, - deyə Xalq artisti bildirib.

Aktyorun oğlu Tural Adıgözəlov (mətn fotosunda) da atası ilə bağlı xatirələrini bölüşüb:

“Atamın çoxlu dostu var idi. Ciddi insan idi. Zarafatın, deyib-gülməyin yerini bilirdi. Onunla keçən hər anımız unudulmazdır. Dostları zəng edirlər, yada salırlar. Teatrdan tək-tük adam hərdən yada salır. Amma bu gün Mədəniyyət Nazirliyindən zəng gəlməyib”, - deyə o qeyd edib.

Tural Adıgözəlov bildirib ki, Telman Adıgözəlovun ocağında onun adını yaşadan 9 yaşlı nəvəsi var. Balaca Telmanın incəsənətə böyük marağı olsa da, babasının yolunu gedib-getməyəcəyini zaman göstərəcək.

 

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Növbəti Açıq Portfel xəbərini Azərbaycan Respublikası Dövlət Neft Fonduna istinadən veririk. Bu il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 915,1 milyon ABŞ dolları olub.

 

Cari ilin yanvar-iyun ayları ərzində Fondun büdcə gəlirləri 11 701,4 milyon manat, büdcə xərcləri isə 2 680,8 milyon manat təşkil edib.

Yanvar-iyun ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 3 077,1 milyon manat təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 977, 6 milyon manat olub.

Hesabat dövründə ARDNF-in 2023-cü il büdcəsinin icrası çərçivəsində 2 661,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat yönəldilib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 3,6 milyon manat yönəldilib.

Yanvar-iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11,0 milyon manat təşkil edib.

Bu ilin ilk yarım ilində aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə edilib. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sərt monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlama riskini artırıb. Eyni zamanda, inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrinin artmasını istisna etmir. Aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında “Cinayətkarlıqla və ekstremizmlə mübarizədə mədəniyyət və incəsənətin rolu” mövzusunda beynəlxalq elmi forum işə başlayıb. 

 

Təşkilatın baş qərargahından AzərTAC-a bildiriblər ki, yüksək səviyyədə qonaqların iştirak etdiyi bu forum Səudiyyə Ərəbistanı Krallığının Naif Ərəb Təhlükəsizlik Elmləri Universiteti (NAUSS) və Birləşmiş Millətlər Təşkilatının Körfəz Əməkdaşlıq Şurası Regionu üzrə Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNODC) ilə birgə keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd cinayətkarlıqla mübarizəyə mədəniyyət xadimlərinin verə biləcəyi töhfəni müzakirə etmək, birgəyaşayışın dəstəklənməsi üçün mədəni və bədii məzmunun əhəmiyyətinə işıq salmaq və bu sahədə ən yaxşı ərəb, regional və beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.

Üç gün davam edəcək forumun açılış sessiyasında təşkilata üzv ölkələrin Daxili İşlər, Ədliyyə, Sosial Məsələlər, İnformasiya və Mədəniyyət nazirliklərinin yüksəkvəzifəli şəxsləri və ekspertləri, regional və beynəlxalq təşkilatların nümayəndələri, universitet professorları və elm xadimləri iştirak ediblər. 

Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə açılıb. Sonra forumda çıxış edən ICESCO-nun Baş direktoru Salim Əl Malik mədəniyyət və incəsənətin insan həyatında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, cəmiyyətdə örnək olmayan cinayətkarlıq və ekstremizm ağır sosial şəraitin məhsuludur. Baş direktor mədəniyyət və incəsənət siyasətinin cinayətkarlıq və ekstremizm problemlərinin həlli vasitəsi kimi əhəmiyyətinə, ziyalıların sosial siyasətdə və sivilizasiya quruculuğunda roluna toxunub. O əlavə edib ki, universitetə qədər olan dövrdə bədii təlim materiallarının bolluğu, habelə mədəniyyət obyektlərinin sayının artması gənclərin ekstremizm meyillərindən uzaq durması baxımından əhəmiyyətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2013)

İyulun 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və din" mövzusunda üçgünlük seminarın açılış mərasimi olub.

 

AzərTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyevin məruzələri dinlənilib.

Sonra Fondun beşillik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar üçün seminarlar keçiriləcək, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, ədəbi tənqidçi, yazar Əsəd Cahangirin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin məruzələri dinləniləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, İsmayıllı rayonunda yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.