Super User
Sony World Photography Awards 2023-ün ən gözəl fotosu: şəhərdə ulayan boz qurd
İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi edib. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.
Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.
Sıra ilə sonuncu nominasiya üzrə qalibi elan edirik: Ən nəhayət, Çindən olan Ke Çun Zhang "Cənnət Bağı" seriyasına görə Natürmort nominasiyasında qalib gəldi.
Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.
İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi.
"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura olmuşdu.
Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.
Bunlar barədə də məlumat almışdınız.
Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar.
Sony Dünya Fotoqrafiya mükafatları münsiflər heyəti üç gün ərzində mükafatların hər biri üçün təqdim olunan 416.000-dən çox fotoşəkili qiymətləndirdi. Bu fotoqrafiya müsabiqəsi ən prestijli yarışmalardan biridir və son 16 ildə populyarlığı artmaqda davam edir. Bu müsabiqədə təqdim olunan fotoşəkillər təkcə güclü çəkilişlər yaratmayan, həm də həyatı dəyişdirən, humanitar məsələlər qaldıran və ehtiyacı olanlara səs verən hekayətlər barədə danışır. Layihələrin şəxsi və ya digər insanlar haqqında olmasından asılı olmayaraq, SVPA təkcə fotoqraflar üçün deyil, həm də bütün formalarda fotoqrafiya üçün bir bayramdır.
O ki qaldı ekspertimizin və portalımızın əməkdaşlarının fikrinə, bizcə ən gözəl Sony World Photography Awards fotosu
Corey-Arnolda məxsusdur.
ABŞ-dan Corey Arnold “Vəhşi şəhərlər" silsilə əsərlərinə görə "vəhşi təbiət və heyvanlar aləmi" kateqoriyasında qalib gəlib.
Şəkildə: Sony World Photography Awards qaliblərindən biri Cory Arnoldun “Vəhşi şəhərlər” kateqoriyasında şəhərdə ulayan boz qurd fotosu.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Baba Babanlı haqq dərgahına qovuşdu
Qazax mahalına ağır itki üz vermişdir.
Məşhur Babanlılar soyunun tanınmış nümayəndəsi, ömrünü müəllimliyə, təhsilə, təhsil təşkilatçılığına həsr etmiş, cəmiyyət üçün ləyaqətli övladlar və şəxsiyyətlər yetişdirmiş Baba Mahmud oğlu Babanlı ömrünün 96-cı ilində haqqın dərgahına qovuşmuşdur. Qeyd edək ki, Baba Babanlı akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, professor Məhəmməd Babanlının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının atasıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Baba Mahmud oğlu Babanlı 1927-ci ildə Qazax rayonun Şıxlı elində, Qazax mahalının ziyalı ailələrindən olan Babanlılar ailəsində dünyaya göz açıb.
Orta məktəbdə təhsil aldığı ilk illərdən müəllim olmağı arzulayan Baba Babanlı çalışqanlığı, zəhmətzsevərliyi sayəsində bu nəcib məqsədinə çatmış, dövrünün tanınmış pedaqoqlarından, məktəb qurucularından biri kimi tanınmışdır. Ömrünün 40 ildən çoxunu Saatlı rayonunda kənd məktəbində müəllim, direktor müavini və direktor kimi çalışmış Baba Babanlı tükənməz enerji ilə savadsızlığın aradan qaldırılması, Vətənimiz üçün layiqli, təhsilli gənc kadrların yetişdirilməsinə özünün töhfəsini vermişdir. O işlədiyi yerlərdə yorulmaz, fədakar fəaliyyəti sayəsində ictimaiyyət və xalqın böyük rəğbətini qazanmışdır. Baba müəllim riyaziyyat müəllimi kimi ömür-gün yoldaşı, həmin məktəbin ədəbiyyat müəllimi Dünya xanımla birgə işləmişdilər.
Təqaüdə çıxdıqdan sonra doğma elinə-obasına qayıdan Baba Babanlı müxtəlif vəzifələrdə çalışıb, Ağstafa rayonunun ictimai həyatında fəal rol oynayıb. Gənclər Ağstafa rayonunun ziyalı ağsaqqallarından biri kimi Baba müəllimə daim mürəciət edib, o da özünün nəsihət və tövsiyələrini gənc nəsldən əsirgəməyib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
O, apreldə öldü, mayda doğuldu
“Ədəbiyyat və incəsənət” portalı jurnalist Ramilə Qurbanlının dünən 85 illiyini qeyd etdiyimiz aktyor Kamal Xudaverdiyev barəsində yazısını təqdim edir.
“Ey ömür qatarım, belə tələsmə, Bir də bu dünyaya gəlməyəcəyəm...” Nədənsə aktyorun dilindən eşitdiyim bu misralar onun haqqında yazmaq fikrinə düşəndən beynimdə fırlanır. Tale insanın xarakterindən asılıdır. Birinci əksər halda ikincini, yəni xarakteri müəyyən edir. Xüsusən əgər şəxsiyyətlisən, yarınmağı bacarmırsansa, həyat sənə çətin olacaq, çox çətin. Xarakterinə əks xarakterli insanlar səni hər addımda əzməyə, sındırmağa çalışacqlar, sənin şəxsiyyətin isə onların mənəvi əzilməsi olacaq. Hamı biləcək ki, sən sınmadın, əyilmədin, yenilmədin, yıxılmadın, bu dünyaya dimdik gəlib, elə də getdin. Qiymətləndirməyi bacaranlar tərəfindən seviləcəksən, sən dünyadan köçəndə simalarda bir təəssüf ifadəsi yaranacaq. İllər ötəcək, hərdən yada düşəcəksən, səni insanlara misal çəkəcəklər, “rəhmətlik yaxşı şəxsiyyət idi” deyəcəklər. O birisinin isə adı çəkiləndə sifətlər əyiləcək, hər kəsin daxilindən dilinə gətirmək istəmədiyi bir söyüş keçəcək. Ailənin böyük övladı Kamal olub, amma bu Kamal yox, o, tez dünyasını dəyişib, sonra bu dünyaya gəlib və adını Kamal qoyublar. Bir qardaşı daha vardı. İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin neft mədənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütünlüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib. Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra atası dünyasını dəyişib, üç il sonra müharibə başlayıb. Yeddinci sinfə qədər gündüz oxuyub. Səhər saat beşdə yuxudan oyanıb dəri sexinə qaçırmış. Orda dəri təmizləyir, saat səkkizdə məktəbə gedərmiş. Sonradan orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub. “Beş ili birtəhər yola verdik, anam işə gedirdi. Mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac qalırdım”.
“Fəxri adlı çilingər”
Bu sözü ona dostu , həmkarı Eldəniz Zeynalov deyərmiş. Müharibədən sonra Qazaxstana xam torpaqlara işləməyə gedir. Burdan ora basanoşkalarda getmişdi, buna görə də ora düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm alır və özü müalicə edir. Qayıdandan sonra 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox sevdiyi iki məşğuliyyət varmış, biri hər gün Xəzər sahilinə gedib içinin bütün dərdlərini ona açıb demək, biri də hər həftəsonu teatra getmək. Bileti də həftənin əvvəlindən alırmış. Yenilikçi ruhlu 60-cıların nümayəndəsi bu münvalla İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Daha doğrusu birinci il rus dili imtahanından keçmir. İkinci il bir də ondan imtahan götürən Adil İsgəndərov soruşur ki, axı sən ötən il qəbul olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus dilindən kəsildiyini deyir. Adil İsgəndərovun kursunda təhsil alır. Onun sevimli tələbələrindən olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan və Rza Təhmasibdən də ixtisas təhsili alır. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. “Orlean qızı”nda Raul (Fridrix Şiller), “Yalan”da Fərmanı (Sabit Rəhman), “Günahsız müqəssirlər”də Murov.(Aleksandr Ostrovski), “Söz yarası”nda Lətif (Qeybulla Rəsulov), “Antoni və Kleopatra”da Demetr (Vilyam Şekspir), “Kəndçi qızı”nda Aslan (Mirzə İbrahimov), “Hamlet”də Laert (Vilyam Şekspir), “Məhv olmuş gündəliklər”də Ədalət. (İlyas Əfəndiyev), “Ümid”də Tahirov (Maqsud İbrahimbəyov), “Yollara iz düşür”də Loğman (Bəxtiyar Vahabzadə), “Kölgələrin oyunu”nda Sezar (Yuri Edlis), “Qızıl teşt” Hüseynov (Seyran Səxavət), “Kral Lir”də Kral Lir (Vilyam Şekspir), “Ah, Paris... Paris!..”də Süpürgəçi (Elçin), “Şah Edip”də Şah Edip.(Sofokl), “Sokratı anma gecəsi”ndə Çingizxa (Çingiz Aytmatov və Muxtar Şahanov), “Ulduz, yaxud Ədirnə fəthi”ndə İzzət paşa (Cəfər Cabbarlı), “Cəzasız günah”da Salman Tahirov (Bəxtiyar Vahabzadə), “Dar ağacı”nda Aqşin (Bəxtiyar Vahabzadə), “Kəllə”də Dolbanezo (Nazim Hikmət”. Bunlar dram teatrında onun yaratdığı obrazların yalnız bir hissəsidir.
Şöhrətin yox, sənətin əsiri
Deyirdi, bu sənətə gələndə gərək qazanc məqsədi güdməyəsən: “Dolanışığın olsa evlən, olmasa ona da cəsarət etmə, çünki fikri ailənin dolanışığının yanında qalan adamdan aktyor olmayacaq”. Elçinin “Ah, Paris, Paris” tamaşasında yaratdığı süpürgəçi obrazı tamaşanın əvvəlindən sonuna qədər səhnədə olan, yalnız danışmayan, mimikalarla yadda qalan bir obraz idi. Həmin rolu rejissor kimə tapşırmaq üzərində çox düşünüb. Sonda teatrın direktoru “bunu çox böyük aktyor oynamalıdır, ver Kamal Xudaverdiyevə” deyib. İlk çəkildiyi film isə “İstintaq davam edir” filmi idi. Əlisəttar Atakişiyev baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın direktoru kimi bu fikrin əlehinə çıxıb və təkidlə həmin rola Kamal Xudaverdiyevi təklif edib. Ondan sonra da aktyor çox filmlərdə - «Azərbaycanfilm» kinostudiyasında «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Otel də bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) - xaraktercə fərqli obrazlara çəkilib. Tamaşaçıların yaddaşında isə daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (Doktor). Doktor onun ən çox sevilən obrazı idi. Bir vaxtlar şöhrətdən başı gicəllənən insanın sonradan necə unudulduğunu Kamal Xudaverdiyev elə məharətlə yaradırdı ki, tamaşanı görənlər indi də onu yaddaşlarında saxlayıblar. Televiziyada son rolu Elçin Mehrəliyevin «Yurd yeri» film-tamaşasında Mahal kişi oldu. Aktyor ev-eşiyindən, doğma yurd yerindən didərgin düşmüş milyonların ümumiləşdirilmiş obrazı Mahal kişi ilə o dərdin nə olduğunu anlamayanlara da anlatdı. Bu o dövr idi ki, teatr tənəzzülə doğru surətlə gedirdi. Ömür boyu şöhrətin yox, sənətinin əsiri olan aktyor bu vəziyyətlə barışa bilmirdi. Oğlu Hüseyn Xudaverdiyev: “Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi hə, dedi, onda nə edirsiz edin. Əməliyyatdan sonra səsini itirdi. Dedi ki, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi. Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər. Sonra da Moskva həkimi “artıq gecdir” dedi. Dəfn günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim. Ailə onun üçün sənətdən sonra idi. Demirəm bizi sevmirdi, amma ailəni də gec qurmuşdu ki, sənətdə özünü təsdiq etsin sonra. Anamı sevmişdi, ona görə evlənmişdi. Xalamın əri atamın dostu olub. Onların toyunda atam anamı görüb, tez bir zamanda da evləniblər. Atamın 37 yaşı varmış. 25 ildən artıq mənzil növbəsində olub. Bir-iki dəfə öz növbəsinin tamam evsiz olan aktyorlara güzəştə getmişdi. Evi ona xəstələnəndən sonra verdilər. Ədalətsizlikdən narazı idi, teatrın vəziyyətindən nigaran getdi. Ona təqaüd kəsilmişdi, ev də verdilər, diqqətdən kənarda qalmadı. Teatrın düşdüyü ümumi durum onu incidirdi”. Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi. Adi məzarlıqda dəfn olundu. Bu gün ondan qalan iki oğul övladı, özünün hələ sağlığında adını verdiyi nəvəsi Kamal Xudaverdiyev, bir də şəxsiyyətinə hədsiz sevgidir. Beləcə xarakteri taleyini müəyyən etdi. O tale ki, bu gün də onun ruhunu, xatirəsini izləyir. “Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Məm öləndə ağlama” - Poetik qiraətdə Elxan Yurdoğludur
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
MƏN ÖLƏNDƏ AĞLAMA
Sən bir dəfə ağlamısan mənimçün,
Ona görə mən öləndə ağlama.
Yaşayanda yanıma çox gəlmisən,
Qəbrim üstə, bax, gələndə ağlama.
Mən bilirəm, sən ağlaya bilmirsən,
Ona görə mən öləndə ağlama.
Bəlkə, uzaq bir yerlərdə olassan,
Tez biləndə, gec biləndə ağlama.
Ağlayarsan deyə, ölə bilmirəm,
Ona görə mən öləndə ağlama.
Yoxluğuma sevinən də olacaq,
Sevinənlər hər güləndə ağlama.
Şeirlərim məni qoymaz ölməyə,
Ona görə mən öləndə ağlama.
Ağlasan da, “dost” çağırıb ağı de,
“Canım” deyib yar dilində ağlama.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Yuğ” Teatrı may repertuarını açıqlayıb
Azərbaycan Dövlət “Yuğ” Teatrı may ayı üçün repertuarını açıqlayıb.
Bu ay sənət ocağının kollektivi ilk tamaşasını mayın 6-da nümayiş etdirəcək, “Toy dəstgahı” tamasını. Mayın 7-də “Mənəm, mən” , 13-də “Şəbədə”, 14-də isə “Medeye. Sekvensiya 01” tamaşaları ilə teatrsevərlərin qarşısına çıxacaq. Bundan başqa, mayın 20-də “Lənət”, 21-də “Vəsvəsə”, 27-də “Mənəm, mən”, 28-də isə “Elçilik” tamaşaları göstəriləcək.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.
Tamaşalar müvafiq olaraq saat 19:00-da təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Beynəlxalq Muğam Mərkəzində cazmen Ələsgər Abbasovun yaradıcılıq gecəsi təşkil olunacaq
Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində cazmen, gitara ifaçısı Ələsgər Abbasovun yaradıcılıq gecəsi təşkil olunacaq.
Yaradıcılıq gecəsində Xalq artistləri Salman Qəmbərov, Cəmil Əmirov, Əməkdar artist Tofiq Cabbarov, tanınmış ifaçılar Ahmet Özkulalı (Türkiyə, zərb alətləri), Şəmsi Tağızadənin (nəfəs alətləri) və caz ustalarının çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Ələsgər Abbasov Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyası) simli alətlər fakültəsinin məzunudur. Hazırda Türkiyədə fəaliyyət göstərir. Vaxtilə “Abşeron” və Vaqif Mustafazadənin “Muğam” qrupunda çalışan musiqiçi daha sonrakı dövrdə Rafiq Babayevin idarə etdiyi Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada Orkestrinin və “Cəngi” qrupunun (1991) üzvü olub. Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi ansamblda çalışıb. Bir çox yerli və beynəlxalq caz festivalların iştirakçısıdır.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Heydər Əliyev və Azərbaycan Kinematoqrafiyası” adlı tədbir keçirilib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.
İttifaqdan məlumat verilir ki, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, tanınmış kino xadimləri, aktyor və rejissorlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İcraçı katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev Ulu Öndərin Azərbaycan kinosuna diqqət və qayğısı barədə söz açıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Onunla ilk görüşüm 1970-ci ilin mart ayına təsadüf edir. Həmin il martın 6-da paytaxtın teatr həyatında görünməmiş bir ilkə imza atıldı. “Xəyyam”ın premyerası yüksək peşəkarlıqla tamaşaçı mühakiməsinə təqdim olundu. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycan rəhbəri Heydər Əliyevin xanımı Zərifə xanımla və hələ çox gənc olan oğlu İlhamla birlikdə teatra gəlməsi oldu. Heydər Əlirza oğlu tamaşadan sonra Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, tamaşanın uğuruna görə təşəkkürünü çatdırdı. Mən həmin görüşdən aldığım təəssüratı yəqin ki, heç zaman unutmaram”.
Sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri Xalq artisti Oqtay Mir Qasımov , Əməkdar İncəsənət xadimləri Ayaz Salayev və Aydın Kazımzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevə həsr olunmuş filmlərindən, onunla çəkiliş zamanı olan xatirələrindən danışıb və kinorejissorun yüksək ustalıqla lentə aldığı Ulu Öndərə həsr olunmuş "Ata yolu" filmi tamaşaçılara nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
“Öz gücünü özünə investisiya qoymağa sərf elə” – Stiven Kovi
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Beləliklə ən yaxşı onluq.
10 -2-cü yerlərlə tanış olmuşduq. Bu gün 1-ci yerlə tanış olacağıq.
10-cu yer:
Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»
9-cu yer:
Riçard Brenson. «Çılpaq biznes»
8-ci yer:
Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»
7-ci yer:
Robert Kiyosaki. «Varlı ata, kasıb ata»
6-cı yer:
Ayn Rend. «Atlant çiyinlərini düzəltdi”»
5-ci yer
Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»
4-cü yer
Qay Kavasaki. «Startap»
3-cü yer
Napoleon Hill. «Düşün və varlan»
2-ci yer
Ceyms Allen. «Düşünən insan»
-----------------
1-ci yer
Stiven Kovi. Yüksək effektli insanların yeddi vərdişi
16 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.
Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kevi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.
Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?
- Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.
- Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.
- Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.
- İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.
- Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.
- Öz gücünü özünə investisiya qoymağa sərf elə.
- Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.
- İnsanlar dünyanı olduğu kimi görürlər.
- Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə qarşı o cür hərəkət etmələrini arzulayasınız.
Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.
Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».
Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:
- Siz nə iş görürsünüz?
- Beş saatdır ki, bu ağacı mişarlayıram.
- Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?
- Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.
Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Niyazinin mənzil-muzeyində Ulu Öndərin xatirəsi yad olunub
Mayın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş “Fortepiano musiqisi axşamı” adlı konsert proqramı təqdim olunub.
Muzeydən verilən məlumata görə, əvvəlcə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və tərəqqisində rolu, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısı haqqında ətraflı çıxış edib.
Tədbir konsert proqramı ilə davam edib.
Konsert çərçivəsində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Nazxanım Dadaşova və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ülkər Rüstəmli, Nəzrin Bayramova, Şəms Əsgərova tərəfindən Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib.
İfalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda videoçarx ilə müşayiət olunub.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)
Bakıda İƏT-in Turizm üzrə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib
Mayın 3-də Bakıda Azərbaycanın sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 10 dövlətin iştirakı ilə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib.
İclasda İƏT-in Baş katibi Hissein Brahim Tahanın tədbir iştirakçılarına salamlama mətni səsləndirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, toplantıya sədrlik edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edərək ölkəmizin turizm potensialının işğaldan azad olunmuş torpaqlar sayəsində daha da zənginləşdiyini, Qarabağın artıq beynəlxalq səyahətçilər üçün yeni turizm destinasiyası kimi tanıdıldığını bildirib.
O, iclasın ötən il Azərbaycanın sədrliyi ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində qəbul edilmiş mühüm qərarların icra vəziyyətinin və onların tətbiqi məsələlərinin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib.
Müzakirələr çərçivəsində İƏT-in “Turizm Şəhəri Mükafatı” üçün mövcud qiymətləndirmə meyarları haqqında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat tərəfindən müvafiq olaraq 2023 və 2024-cü illər üçün turizm şəhərləri seçilmiş Türkiyənin Şanlıurfa, Özbəkistanın Xivə şəhərlərinin fəaliyyət planları nəzərdən keçirilib və qəbul edilib.
Toplantıda Şanlıurfanın zəlzələdən təsirlənən şəhərlərdən olduğu bildirilib və iştirakçılar İƏT-in bütün müvafiq institutlarını şəhərin yaxın gələcəkdə yenidən qurulmasından sonra turizm potensialının bərpası məqsədilə səmərəli proqram və layihələr hazırlamağa çağırılıblar.
İclas iştirakçıları İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv dövlətlər arasında turizmin inkişafına dair qəbul edilmiş qətnamənin və “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin effektiv icrası ilə əlaqədar təqdimatlarla çıxış ediblər.
Tədbirdə üzv ölkələr İƏT-in noyabr ayında Qətərdə keçiriləcək sayca 3-cü turizm sərgisində fəal iştiraka dəvət olunub.
Əlaqələndirmə Komitəsinin 8-ci iclasının yekununda 9-cu iclasın İƏT Turizm Nazirlərinin 12-ci Konfransı çərçivəsində Özbəkistanda keçirilməsinə razılıq verib.
“Ədəbiyyat və incəsənət”
(04.05.2023)