İtirilmiş cənnət Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

 

Minilliklər boyu insan evladı inanma ehtiyacı duyub. Yağışa, qara, təbiətə, heyvanlara, hətta daşlara. Bir yaradanın varlığına, onu kiminsə yaratdığına... Totemlər, ayinlər, daim axtarışda olub uca və ya uca olanlar haqda və nəhayət günü gəlib, suallarına cavab alıb insan. 

İlk dəfə o oturubmuş tanrıyla qarşı-qarşıya. Adam soruşub, məni niyə yaratdın deyə?

Tanrı cavab verib, mənə itaət et deyə. 

Adam soruşub, sənə niyə itaət etməyimi istəyirsən?

Tanrı cavab verib, sənə hər cür neməti sundum deyə.

Bu zaman adam başlayıb dərdlənməyə:

Ey Tanrım. Ey uca yaradanım. Yerin, göyün sahibi, gecənin, gündüzün qoruyucusu... Məni yaratdın, bəs niyə tək yaratdın? Bu boyda bəşəriyyət ikinci bir nəfəssiz mənə nə mükafatdır? Bu bağlar, baxçalar, naz-nemətlər, ağaclar canansız nə gərəkdir?

Adam anlamırmış. Anlamırmış ki, Tanrı ona ölümsüzlük vəd edib. Nə qədər izah etdisə də yaradan, anlamadı adəm övladı... Və tanrı ölüm arzulayan bəndəsinə bir sevda nəsib etdi... Bu bəşəriyyətin ilk faciəsi yazıldı tarixlərə. Kimiləri onlara Adəm və Həvva dedi, kimiləri ilk insanlar, kimiləri şeytanlar... Nə fərq edərdi ki? Onlar tək ikən cənnət bağıydılar, sevgiylə cəhənnəm oldular...

 

Sevgi bu idimi həqiqətən? Ölmədən hər gün torpağı dadmaq idimi? Qovulmaq idimi uğruna cənnətdən? Bəlkə də... Bəlkə də sevgi, çabaydı. Xoşbəxtliyə gedən yolda ölən son ümid idi. Bəlkə də sevgi cəhənnəmdən gələn səsi dinlərkən eşidilən fəryadlar idi.

Amma nə edəsən? Üzeyir Hacıbəylinin də dediyi kimi. "Bildim təriqi-eşq xətərnakdır, vəli. Mən dönməzəm bu yoldan, ölün olsa da qayəti..."

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.