“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə sevilən gənc şair Nigar Arifin “Olarsanmı gerçəyim” şeirini təqdim edirik.
OLARSANMI GERÇƏYİM?
Nigar Arif
Ay fikrimdən çıxmayıb
Dilimdən heç düşməyən,
Ad verə bilmədiyim
Olan-bitən hər şeyim,
Sənə get deyəmmədim,
İndi gəl nətər deyim?
Bəlkə çətin biriyəm,
Bəlkə də biraz dərin.
Sözlərim alaçiydi,
Duyğularım kəmşirin.
Qışım şaxtalı keçər,
Yayım da ki, lap sərin.
Nolsun soyuq adamam,
Tək bu olsun dərd-sərim.
Nə varsa düzələndi,
Neynirəm, nə gərəyim?
Əsas arzum, istəyim,
Yalanı bacarmıram…
Sən bu yalan dünyada,
Olarsanmı gerçəyim?
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)