“Ədəbiyyat və incəsənət” portalı Fərman Qəhrəmanovun Qazax rayonunun Məzəm kəndində hökm sürən qəribə bir adət barədəki yazısını təqdim edir.
Azərbaycanda bir kənd var. Qazağın Məzəm kəndi. Bu kənd Azərbaycanda ermənilərin atəş xətti ilə bizim sərhəd qoşunlarının atəş xəttləri arasında yerləşirlər. Ermənilərin səngərdə səsləri bu kənddə aydın eşidilir. Məzəmlilər hətta gələn səslərin ahəngindən onların yeyib içdiklərini və kefli olduqlarını duyub həmin gün ayıq davranırlar.
Düz otuz ildir ki, məzəmlilər öndə düşmən gülləsi ilə arxada qaçqınlıq əzabından qorunaraq bu yurdu yaşadırlar. Bu kəndi bu kritik vəziyyətdə saxlayan onların mehribanlığı və birliyidir. Əgər bir adam ev tikdirirsə, bütün kənd yığışıb ona kömək edir.
Əgər bir evdə toy olursa bütün kənd böyüklü- kiçikli həmin toyda iştirak edir.
Bu kənddə dəvətnamə paylamırlar ev-ev .
Bütün kəndə bir dəvətnamə yazılır və bu dəvətnamə yazılıb kəndin mərkəzindəki çinar ağacının üzərinə yapışdırılır.
Bu çinar ağacı bəlkə də 50 ildir bu kəndin bütün toylarının carçısıdır. Birinci olaraq kəndin bütün adamları bu ağacdan evlənənlərin adlarını oxuyub onlara xoş arzularını və diləklərini bildiriblər.
Budur, şəkildə siz keçən həftəyə düşən növbəti toyun dəvətnaməsini görürsünüz.
Biz də bu yeni evlənənlərə xoşbəxt olsunlar deyək. Qazağın işğalda olan 7 kəndinin də qayıtmasını tezliklə görək. Orada da hər kəndin öz dəvətnamə ağacında ilk toy dəvətnaməsini görək, inşallah!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)