“Qurudulmuş çiçəklərdən xatirə qoxusu…” - Aysel Nəsirzadənin şeirləri Featured

Gənc şair Aysel Nəsirzadə yeni şeirlərini “Ədəbiyyat və incəsənət” portalına təqdim edib. Onları sizin ixtiyarınıza veririk. 

 

 

NÖQTƏ QOYULDUQCA…

 

Kağız üşüyər-

Üstünə səpilən soyuq sözlərdən.

Nöqtə qoyulduqca

Ümid doğar isinməyə.

Səbəb olar günəşin doğuşu,

Ən kədərli insanda

Səbəbsiz gülməyə...

 

                             *

 

Saçını yola tökən

                  söyüd ağacı, 

Birləşməyən yol-

                    Sonu cığır.

Sevincdən doğan acı-

               Qanadı qırıq arzular.

Yüklənmiş beyin-

              Beyindən didərgin ağıl.

Gerçək- həyat,

Gerisi nağıl.

 

QURUDULMUŞ ÇİÇƏKLƏR 

 

Qurudulmuş çiçəklərdən 

gül ətri gəlməz bəlkə,

Ancaq xatirə qoxusu var

ruhu saran.

Hər kəsi bir gün keçirəcək,

Həyat ağır sınağından

Oğurlayacaq

ən məsum gülüşlərini dodağından.

Kirpiklərin nəm qalan hissəsindən

Asılacaq ümidlər.

Yalnızlığın rütbətindən

Yosun tutar ürəklər.

Uzaqlaşdıqca uzaqlaşarsan,

Ən yaxın saydıqlarından

Qürub çağı doğmalaşar,

Sübh çağı soyuyarsan həyatdan

 

KÖRPƏLƏR EVİ

 

Dünyaya gələn hər körpə,

Sevgidən doğulmur.

Sevgisizlikdən yaranan uşaqlar tamamlayır ‐ körpələr evinin siyahısını.

Ana sevgisi, ata zəhmətiylə böyümür onlar. O körpələrin ahıdır

göydəki qara buludlar, Lənətlənir yer üzü.

ʺAnaʺ kəlməsini

söyləyə bilməyən körpələrə

ʺBalamʺ‐ xitabı da gərəksiz,

dayə nəvazişi də soyuq.

Necə inanaq xoşbəxt gələcəyə?

 Bu sevgidən kasıb körpələr

 Böyüyəcək taleyini söyə‐söyə

Ehtiyacdan töküləndə küçəyə...

 

**

 

Dibçəklərə əsir edilən güllərin

Özgürlüyü yoluxa ürəklərə.

Sevgi hissiylə bəslənən,əzizlənən,

Qanadlanıb uçmadan

Ruh vücuda sarılaraq yaşaya azadlığı.

Bu dünyanı cənnət edə 

O dünyada cənnətə qovuşmaq istəyənlərin saflığı.

 

YOL BİR NƏFƏS

 

Öz dibinə kölgə salmaz 

şam ağacı

Dərd gözünü zilləyər

Sevinc baxar qıyğacı

Həyatları  ölçər zaman

Ömür adlı

Bir gün gəlib keçmək bilmir

İllər isə yel qanadlı

Uzaq gəlir hər şey uzaq

Ümid əsir arzu əbəs

Bu dünyadan o dünyaya

Uzaq deyil yol bir nəfəs

 

**

 

Lupanın bir üzünü tutsaq ümidimizin ən xırdaca zərrəsinə, 

Bir üzünü Günəşə.

Yenidən alov alsa ümidlərimiz, 

Buz bağlayan qəlbimizi sarsaq 

Ümid dolu atəşə.

Ömrü əmanət etsək

İkicə xoş kəlməyə,

Bir içdən gələn gülüşə

Yaşayıb getsək belə.

 

HƏSRƏT İLMƏ-İLMƏ HÖRƏR PAYIZI

 

Göylər qara bulud libasın geyər,

Sapsarı saralar yerin bənizi.

Rüzgar gah qaş çatar ,gah xəfifləyər,

Həsrət İlmə-ilmə hörər payızı.

 

Gündüzlər qısaldar boyun ölçüsün,

Gecə uzun-uzun cəng eyləyəndə.

Günəş min ədayla gülüşün yayar,

Arada-sırada yel səngiyəndə.

 

Qəm,kədər qovrular söz arasında,

Hər kəlmə kağızın sinəsin dağlar.

Düşərsən xatirə burulğanına,

Canlanar gözündə ən gözəl çağlar.

 

Çəkər tənhalığa öz havasıyla,

Milyonlar içində darıxarsan tək.

Bax belə yaşarsan xəzəl ömrünü,

Öl(ü)mü xatırladar “payız mübarək”

 

NƏ TEZ UNUTDUN MƏNİ

 

Viranə könlümdə bayquş ulayar,

Uğramaz səmtimə nə yaz, nə bahar.

Unudulmağın da bir zamanı var,

Nə tez unutdun məni?

 

Kimə gileylənim, kimə dərd yanım,

Bilməm kimi düşmən, kimi dost sanım.

Ay Məni hamıdan tez anlayanım,

Nə tez unutdun məni?

 

Sözə ümidlənib, səsə sığındım,

Ən çox güvəndiyim kəsə sığındım.

Deyilmiş ürəkdə əbəs sıxıntım,

Nə tez unutdun məni.

 

Bir quru hal xoşu, salamı kəsən

Əhsən yaddaşına qəlbinə əhsən,

Sən ki unutmağa həvəsliymişsən

Nə tez  unutdun məni

 

LÖVBƏR SALMAZ GƏMİLƏR

 

Bu limana lövbər salmaz gəmilər,

Susar qağayılar sahil boyunca.

Günəş də dənizə qıyğacı baxar,

Çəkilər qınına  yerdən doyunca.

 

Rüzgar qayalara çırpar dalğanı,

Dənizə atılmış dərdlər dağılar.

Buxarlanıb göyə çıxan hər dərdə,

Yağış söylər həzin-həzin ağılar.

 

Yer üzü islanar insan ahıyla,

Allahı unudan yadına salar.

Yenə o sahildə bərk qaya üstə,

Bəxtindən gileyli bir cavan ağlar.

 

APARDI

 

Budandı arzumun qolu‐qanadı, 

Solub xəzəl oldu, quşlar apardı. 

İntizarla açdım səhərlərimi, 

Gecəmi sel kimi yaşlar apardı.

 

Gülüşüm yarımçıq, kəm‐kəsir oldu, 

Arzum gözlərimdə lap əsir oldu. 

Ürəyim kədərə tələsir oldu, 

Ömrümü bəlkələr, kaşlar apardı.

 

Gedən karvanımı kim çəkib əylər? 

Həyat nə eləsə, tək mənə eylər. 

Deyin, sahib çıxsın ruhuma göylər, 

Cismimi torpaqlar, daşlar apardı.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.