“Günəşə toxunan uşaq” - Bakıda qırğız hərarəti Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət”

 

Türk dövlətləri arasında mədəni əlaqələri çox alqışlayır, ölkəmizdə baş verən silsilə mədəniyyət tədbirlərini izləyir, bu tədbirlər çərçivəsində mədəni əlaqələrimizlə birlik olmağımıza çox sevincliyiəm. TÜRKSOY-un  bu yolda xidməti çoxdur. 

TÜRKSOY-un təşkil etdiyi I Beynəlxalq TÜRKSOY Teatr Festivalı çərçivəsində Qırğızıstanın Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının “Günəşə toxunan uşaq” tamaşasını izlədim. Bu yazı yarandı. Qeyd edim ki, tamaşa tanınmış qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Raevin dramaturji məhsuludur. 

Günəşi tutmaq görəsən necə olur? Günəş bizim içimizdə olan həqiqətdir. Günəşi tutan pak, təmiz olmalıdır. Çünki həqiqətin gözünün içinə yanız beləsi baxa bilər. Günəş bizim içimizdə olan həqiqətdir.

 

Tamaşaya baxdım və bütün gün boyu o tamaşanın təsiri altında oldum. O qədər təsirləndim ki, bu yazı doğuldu.

Qırğız türkcəsini başa düşməyə çətinlik çəksəm də aktyor oyunu, güclü mətn, istedadlı rejissor işi mənim üçün bir yeni dünya aça bildi. Bu dünya Sovet dövründə Türk insanının öz canında özgə ideologiya daşıya bilməməsidir. Türk dövlətlərinin çəkdiyi əzabları, onların canına xəstəlik kimi daraşan, yad cəmiyyət formasının  nə qədər dözülməz olması idi. O dövrdə doğulan hər körpə bunu qan yaddaşında, genetik kodunda hiss edirdi ki, düşdüyü dünya onun dünyası deyil. Ən çox analar uşaqlara oxuduğu laylalarla Türk soyunun nə qədər güclü olduğunu bildirirdi. Tamaşa hər şeydən əvvəl dramaturji əsərin gücündən asılıdır. Bunu hamımız bilirik. Sultan Rayev bu gözəl dramaturji əsərində istədiyi bütün məqamları öz oxucusuna çatdıra bilmişdir. Onun səhnə həlli isə ayrı, sehirli bir aləmdir.

Əsər sovetlər dövründə ucqar  kənd sakinlərinin  başından keçən bir hekayədir. Burda ayrı-ayrı xarakterlər vasitəsilə dövrün incə mövzuları ortaya çıxır. Rəhbərliyin idarəçiliyinin, partıya sıralarına keçməyin təntənəsinin, təmtəraqlı kürsülərin fonunda əslində hansı özbaşınalığın baş verməsindən bəhs edilir. Türk insanının, kəndlisinin çəkdiyi haqsızlıq ortaya çıxır.

Yazıçının yaratdığı xarakterlərın hər biri danışıq və rəftarıyla öz oxucusuna mesaj verir. Əsərin bəsit göstərdiyi bütün hadisələrinin altında məna, düşündürücü məqam var. “Mən bu rejimin altında əzilib məhv oluram, çapalayıram” məqamı.

Ən çox diqqətımi çəkən isə bu əsərdə olan zavallı qadınlardır. Heç bir haqqı olmayan, zülmlər, işgəncələr içində qovrulan qadınlar.

Günəşi tutmağa çalışan uşaq obrazı isə şikəstdir. O dövrün yaratdığı və beyinlərə möhürlədiyi bütün düşüncələr kimi. 

Türk insanı soyundan dönməzdir. Yalnız sovet dövrü bir çox məqamda onu dəyişməyə nail olmuşdur. Əsər həmin dövrü əks etdirir. Şikəst, sevgi dolu uşaq zorlanmış ananın atıb qaçdığı bir körpədir. O körpəni götürüb öz balası kimi böyüdən ana da vaxtıyla atılmış bir qadındır. Başqa bir zülmə düçar olan digər anadır. Bu iki ana obrazı, övlad sevgisi, paklıq simvolu gözlərimdən yaş düyünlənənə qədər sızlatdı ürəyimi. Şikəst övlada olan sevgi isə bütün analar adına bir gözəllik idi.

Tamaşa qara, çıxılmaz fonda günəşi unutmayan insanlardan bəhs edir. Bu əsərdə Ana və uşaq obrazları sevgi və əzabın içində gedən yoldu. 

Rejissor işi çox gözəldir. O baxımdan gözəldir ki, əsərdə olan bütün hadisələri bizə teatr diliylə anlatır, əsərin bütün məqamlarının haqqını verdiyi halda belə bunu ədəb, tərbiyə fonunda edir. Bu, ən önəmli məqamdır. Tamaşanın son dərəcə güclü olduğuna işarədir bu. Mən yüzlərlə  tamaşaya baxmışam və çox vaxt bunun şahidi olmuşam. Rejissorlar bu məqamı anlaya bilmirlər ki teatr xronika deyil, teatr ayrı bir aləmdir. Rejissor məharəti budur:  əsərin məqamlarını tamaşaçını sarsıtmağı bacararaq, eyni zamanda onu yormadan çatdırmaq.

Bu baxımdan “Günəşi tutan uşaq” tamaşasında rejissorun əməyini  çox yüksək qiymətləndirirəm. Aktyor oyununa gəldikdə isə orda bir kolzoz sədri obrazı var, nə qədər gözəl aktyor oyunu nümayiş olunub. Ömür boyu etdiyi günahlardan dualarla yuyulacağını düşünən obraz. Yusuf obrazı var, həqiqət üçün vuruşur və onu öldürürlər. Həqiqət axtaran bir tük kişisi obrazıdlr. Tamaşada güclü məqamlardan biri də budur: Şikəst Uşağı boyudən ana ölür. Uşaq onun ölümüylə barışa bilmir, anasının onu sevgiylə yuyundurduğu  kimi özünün və ananın sözləriylə özüylə danışa-danışa üstünə su çiləyir. 

Qırgız türkcəsində oxunan bayatılar xüsusilə diqqətimi çəkdi. Bu bayatılar qulaqlarımdan hələ də getmir. Bayatının musiqisindən nə deyildyini anlayırdım. Tamaşanın sonunda sovetlər birliyinin yaratdlğl bu zibillik həyatı insanlar yerdən götürüb təmizləyirlər və günəşə doğru gedirlər. Uşaq isə cəmiyyətin təpiyi altinda qalır, yalnız bütün eybəcərliklərin sonunda günəşi tutmağı bacarır.

Günəşi tutmağa çalışan hər halıma, hər ovqatıma uyğun bir tamaşa seyr etdim, bunu sizinlə bölüşmək istədim. Günəş bizim içimizdə olan həqiqətdir. 

Günəşlə qalın!

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.