Ötən gün Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünə həsr olunmuş “Zəfər Zirvəsi” adlı “workshop” keçirib. Bu gün və sabah da nümayiş davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Xətai Sənət Mərkəzinə istinadən xəbər verir ki, tədbir rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini və texnika incəliklərini öz aralarında və sənətsevərlərlə bölüşmə imkanına xidmət məqsədilə elan olunub.
“Workshop”da iştirak üçün 18 yaşdan yuxarı rəssamlar (yağlı boya, qrafika, akvarel, qarışıq texnika, vitraj, gil) və heykəl ustaları müraciət ediblər. “Workshop” iştirakçı sayından asılı olaraq hər dəfə 20 rəssam olmaqla noyabrın 6-7-8-də növbəli şəkildə Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunur. Sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)