Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi Featured

Ramiz Göyüşov, “Ədəbiyyat və incəsənət” üçün

 

Bizim bayrağımız qürur mənbəyimizdir.

Bizim bayrağımız canımızdır, qanımızdır.  (İlham Əliyev)      

 

Tarixdə Azərbaycanda mövcud olmuş bütün dövlətlərdə əsas dövlət rəmzlərindən biri də bayraq olmuş və ən müqəddəs bir dövlət atributu kimi simvollaşmışdır. 1918 –ci ildə uzun mübarizələrdən sonra öz müstqilliyinii əldə etmiş Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi üçrəngli ay-ulduzlu bayrağımza verilən dəyər daha böyük önəm kəsb etmişir.

 

Müstəqil Azərbaycanımızın üçrəngli bayrağının keşməkeşli tarixinin bugünkü möhtəşəm səhifəsini Prezidentimiz İlham Əliyev yazır. Hər sahədə olduğu kimi, dövlətçilik sahəsində də, dövlət rəmzlərimizə, bayrağımıza münasibətdə də O, Ümumilli liderimiz Heydər Əliyevin varislik missiyasını öz fəaliyyətində uğurla və müvəffəqiyyətlə davam etdirir.

2004-cü il 8 iyun tarixində “Azərbaycan Respublikası Dövlət Bayrağından istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, “Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması haqqında” 2007-ci il 17 noyabr tarixli, “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında”  2009-cu 17 noyabr tarixli Sərəncamların imzalanması, 9 noyabrın “Dövlət Bayrağı Günü” kimi təssis edilməsi, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və nəhayət, 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyinin yaradılması deyilənlərin əyani sübutu və dövlət bayrağına Prezidentin münasibətinin ifadəsidir.

Bu gün ölkəmizin elə bir bölgəsi, rayonu yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə və vüqarla dalğalanmasın. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, gün gələcək, bayrağımız işğal olunmuş torpaqlarımızda - Şuşada, Ağdamda, Laçında, Xankəndində - digər işğal altında olan qəsəbə kənd və şəhərlərimizdə dalğalanacaqdır. Bəli o gün yetişdi. İndi üçrəngli bayrağımız həmin şəhər və kəndlərdə vüqarla dalğalanır və hər bir Azərbaycan vətəndaşı bu mənzərəni seyr edərkən böyük  sevinc və qürur hissi keçirir. 

1991-ci  ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən müstəqil dövlətimizin rəmzinə çevrilmiş üçrənli bayrağımıza sevgi və məhəbbət hissi daha   qabarıq şəkildə büruzə verdi. Xüsusilə yeni yetişən gənc nəsildə bu sevgi və məhəbbət daha güclü və möhtəşəmdir. İndi Dövlət Bayrağı Gününü bayram etdiyimiz bu əlamətdar gündə bayrağımıza sevgi və məhəbbətin bir nümunəsini - Birinci Qarabağ Müharibəsində Natiq Qasımovun göstərdiyi  misilsiz  qəhrəmanlıq nümunəsini oxucularla bir daha bölüşmək istədim.

Bu hadisə 1992-ci ilin martında  Qarabağın Xramort kəndində baş vermişdir.

Qısa arayış: Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəsi ilə birlikdə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra Mingəçevirdəki texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1991-ci ildə Sovet ordusu sıralarında xidmətini başa vuraraq Vətəni Azərbaycana qayıdıb və  həmin ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Ağdamda «Qarabağ şahinləri» könüllü dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş müdhiş Xocalı faciəsi Natiqin sonrakı qəhrəmanlıq və acı taleyinin başlanğıcı olub. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilməyib və yenidən döyüşə yollanıb. Natiqin qəhrəmanlığının təfərrüatı belədir:

1992-ci ilin mart ayının əvvəllərində könüllü «Qarabağ şahinləri» batalyonunun Natiqin də daxil olduğu 31 nəfərlik  dəstəsi Ağdamın Xramort kəndi yaxınlığında  qədim Alban kilsəsinin yerləşdiyi stratej bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, döyüşdə komandir və bir neçə nəfər həlak olur. Sağ qalan döyüşçülərin bir hissəsi batalyonun yerləşdiyi qərargaha qayıdır. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Natiqin rəhbərlik etdiyi bölük kilsənin damında Azərbaycan bayrağını ucaldaraq burada möhkəmlənirlər. Ermənilər aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Lakin onların  bütün cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə böyük bir döyüşçü bölüyünün olduğunu zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən istifadə etmək  qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini- bir vaxtlar Xocalıda məktəb direktoru işləmiş Cəfər müəllimi çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. (II Dünya müharbəsinə həsr olunmuş “Uzaq Sahillərdə”  filminin finalında əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin son ölüm səhnəsini yada salın.) 

22 nəfər Xocalı sakinini xilas etmək xatirinə Natiq əsir düşməyə razılaşır, silahını atır məbədin damındakı Azərbaycan bayrağını götürərək kilsədən çıxır və ermənilərə təslim olur. Natiqin bu misilsiz qəhrəmanlığı keçmiş SSRİ-nin ən məşhur mətbu orqanlarından olan “Oqonyok” jurmalının 1992-ci il tarixli 14-15-ci nömrəsində jurnalist Konstantin Smirnovun “Qorxu”(“Strax”) adlı məqaləsində və italiyalı fotomüxbir Enriko Sarzininin bir fotosunda öz əksini tapmışdır. Fotoşəkildə Azərbaycanın üçrəngli bayrağını əlində tutmuş Natiq Qasımovun saqqallı ermənilərin arasında hərəkətdə olduğu bir məqam  əks olunmuşdur. Dərc olunan şəkildə Natiqin simasında olan qorxu qarışıq məğrur görkəmini hiss etmək elə də çətin deyil. Təsəvvür edin, 5 gün ərzində ac- susuz, az bir sursatla təkbaşına böyük bir dəstə ilə vururşaraq ermənilərə xeyli itki verən, onların komandirini cəhənnəmə vasil edən Natiq sonrakı aqibətininn necə sonuclanacağını dərk edərək, əsirlikdə olan 22 Xocalı sakinini xilas etmək xatirinə özünü qurban verir. Natiq hətta bu son dərəcə ağır və psixoloji cəhətdən gərgin bir durumda qarı düşmənin qarşısına Azəraycan bayrağı ilə çıxır. Təbii ki, bir həftə ərzində Xromort kilsəsində ermənilərə dağ çəkmiş, elə təslim olduğu məqamda da Azərbaycan bayrağı ilə onların qarşısına çıxaraq bu bayrağı onların gözünə soxmuş Natiqin taleyi barədə müsbət nə isə düşünmək sadəlövhlük olardı.

Qeyd etməyi zəruri hesab edirəm ki, Natiq Qasımovun bu misililsiz qəhrəmanlığı haqqında çoxsaylı məqalələr, şahid ifadələri, araşdırmalar, bədii yazılar, şeirlər poemalar yazılmış (bu qəhrəmanlığı “Mingəçevir şahinləri “ kitabında ilk dəfə qələmə alan Mingəçevirli şair Alim Dərələyəzli olmuşdur), televiziya verilişləri hazırlanmış, Natiqin bu təkrarsız qəhrəmanlığı orta məktəb dərsliklərinə daxil edilmiş , “Xocalı Soyqırımı”nın 30 illiyi ərəfəsində onun haqqında, Böyük Britaniyanın “Broken Bot Media“ Ltd studiyasının istehsal etdiyi  “Oğul” adlı film çəkilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Broken Bot Media”studiyasının və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə 2022-ci il fevralın 28-də və bu il oktyabrın 16-da Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Cənab Prezidentimiz İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım və Arzu xanım Əliyevalar iştirak etmişdir. Ssenari müəllifi və rejissoru Karan Singh olan filmin əsas süjet xətti 1992-ci ildə Qarabağ müharibəsi zamanı məcburi olaraq ermənilərə əsir düşmüş bir OĞULUN- Natiq Qasımovun qəhrəmanlığından, onun ailəsinin ağrı və əzablarından, böyük kədərindən,  həqiqət axtarışlarından bəhs edir. 

Prezidentimiz İlham Əliyevin bayraq haqqında kəlamları yada düşür: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, qanımızdır.”

Bu mənada bayraq uğrunda canını qurban vermiş Natiq Qasımovun  bayraq sevgisinin  bərabəri hələlik yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.