Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün portalın oxucularına yazar Ulduz Qasım İmanova ilə müsahibəmi təqdim edəcəyəm. Kimdir o? Özündən soruşaq.
-Xoş gördük, Ulduz xabım. Öncə özünüz haqqında məlumat verərdiniz.
-Mən Ulduz Qasım İmanova Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuşam. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil almışam. Tələbəlik dövründə respubilkanın qəzet-jurnallarında, radio verilişlərində müxtəlif janrlı yazılarla, şeir və hekayələrlə, oçerk və esselərlə ardıcıl çıxış etmişəm.
-İlham mənbəyiniz nədir?
-İlham mənbəyim Allahın yaratdığı gözəlliklər, rəngarəng lövhələr, vətənimin təkrarolunmaz təbiətidi. Bir də, dünyada baş verən hadisələr. Müharibələr, günahsız insanların, uşaqların əzilməsi, ölümlər, insan alveri, biri harınlayarkən digərlərinin bir loxmaya möhtac qalmasıdı. Zorakılıqlar, zülmlər daim məni yazmağa məcbur edir.
-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz?
-Doğrusu gecələr yazmağı sevirəm. Sakit və kimsəsiz mühitdə işləmək gözəldi.
-Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Müxtəlif janrlarda kitablar oxuyuram. Lap uşaqlığımdan bədii ədəbiyyat oxumağı sevirəm. Çətinlik çəkirəm seçim etməkdə. Gözəl yazılmış nə varsa məni özünə valeh edə bilər.
-İlk dəfə nə vaxt böyük bir qətiyyətlə “yazar olacam” demisiniz?
-Yeddi yaşımda olub bu. İlk bir bəndlik şeirimi yazanda yazar olacağıma qərar vermişəm. Və bu istəyimdən məni döndərən olmayıb. Universitetə qəbul olunanda artıq mənim böyük arxivim vardı. Bu arxivdə şeirlər, oçerklər, məqalələr vardı.
-Əsərləriniz haqqında mümkünsə məlumat verə bilərsinizmi?
-“Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”, “Açılmayan sirlər”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Qarabağda qiyamət”, “Qaçan Aslan”, “Maral” kimi kitabların müəllifiyəm. “Qürbət zöhrəsi”, “Xocalı şikəstəsi”, “Ağ göyərçinlər” romanlarım Türkiyə türkcəsinə və müxtəlif dillərə tərcümə olunub.
“Xocalı şikəstəsi” (“Xocalı fəryadı”) 2019-cu ildə Türkiyə Mədəniyyət və Turizm nazirliyi tərəfindən ilin yaxşı əsəri seçilib.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq vərdişinə nail olmaq üçün kitabları sevmək lazımdı. Dünyada baş verənlərə, bədii ədəbiyyata aludə olmalısan. Bunu anlamalısan ki, oxumaq insana çox şey verir. Sən oxumaq vasitəsiylə dünyanı öyrənə bilərsən. Məsələn Drayzerinin əsərlərini oxuyanda Amerika haqqında, Tolstoyu, Dostoyevskini, Puşkini oxuyanda Rusiya barəsində çox biliklər əldə etmiş olursan. O ölkələrin adətini, yaşam tərzini, xarakterini öyrənmiş olursan. İnsanlar, onların talelərini, psixologiyasını öyrənirsən. Kitab oxumaq insana böyük dərs verir. Həm də heç bir universitetdə ala bilmədiyi dərsləri.
-Yeni bir kitab yazmaq fikriniz və ya fəaliyyətlərinizlə bağlı yeni planlarınız varmı?
-Yeni nəşrə hazırladığım əsərlərim çoxdu əslində. Qarabağ mövzusunda, azərbaycanlıların Rusyadakı yaşam tərzləri barəsində romanlarımı çapa hazırlayıram. Bundan əlavə, bir neçə mövzular var planımda. Sağlıq olsun!
-Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Yeni yazmağa başlayan gənclərə uğurlar diləyirəm. Bir də, onlara yazmağı və sevməyi məsləhət görürəm. Səbr və dözüm. Yazdığınız mövzunu dəqiq və dərindən öyrənin. Sadəcə yazmaq olsun deyə yazmayın. Bu yol zəhmət, dözüm, səbr istəyir. Bunu unutmayın. Çox oxuyun, çox axtarın. Dünyanın bütün yazarlarından öyrənin. Klassikləri çox oxuyun.
-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Ulduz xanım!
-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)