Üçrəngli bayrağımız barədə hər şeyimi bilirik?

 

Nəsiman Yaqublu yazır

 

Bir neçə gün öncə böyük iftixarla Bayraq Gününü qeyd etdik. “Ədəbiyyat və incəsənət” portalı Xalq Cumhuriyyəti dövrünün ən tanınmış tədqiqatçısı olan Nəsiman Yaqublunun üçrəngli bayrağımız barədə bilmədiyimiz məlumatları diqqətimizə çatdırır. 

 

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əzizlənib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Birliyindəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdı:

 

Çoxdandır ayrı  düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan.

 

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı? 

1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azər-baycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır”.

 M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cümhuriyyət” olacağını hələ 1917-ci ildə “Açıq söz” qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cümhuriyyətə fərq var” deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cümhuriyyəti )”.

 M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərarda yazılırdı: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi. Qeyd edim ki, 1844-cü ilə qədər Osmanlı Türkiyəsinin (Osman Qazinin oğlu Orxan Qazi dövründən başlayaraq) bayrağı səkkiz guşəli olub. Bəzi mənbələrdə isə bayrağın qırmızı rəngini osmanlıların Səlcuq türklərindən götürdüyü bildirilir. 1844-cü ildə Osmanlı Türkiyəsi qırmızı bayraqda beşguşəli ulduz formasını qəbul edib.

 

İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Biz  bununla türk xal¬qı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni də  məhz Osmanlı Türkiyəsi ilə bağlamışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymində  fəaliyyət göstərən  Azərbaycan nümayəndələri də (onların sayı 40-dan çox idi) siyasi istiqamətin Türkiyə olacağını müəyyənləşdirmişdilər.

 

Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşandan  dörd gün sonra verilmişdi.

 

1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: 

 

Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

 

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl  rəng - islam ideologiyasını ifadə edir.

 

Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, avropalaşmaq (firəngləşmək)” üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub? 

 

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri,  Rusiya və Türkiyə universitetlərində təhsil almış,  əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.Əlavə edim ki, Ə.Hüseynzadənin 1905-ci ilin iyunun 7-dən Bakıda fəaliyyətə başalyan “Həyat” qəzetində də yuxarıdakı fikirlərə başqa formalarda rast gəlmək mümkündür.Onun bu haqdakı fikirləri ilə bağlı   ilk bilgiləri “Açıq Söz” qəzetində  M.Ə.Rəsulzadə yazmışdır.

 

Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoyulan, Z.Göyalp tərəfindən in¬kişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı Azər¬baycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət bayrağımızda rənglər bu ardıcıllıqla verilib: göy, qırmızı, yaşıl. Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?

 

1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək”. 

 

Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadə  1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq  müasirliyi  önə  çəkmişdi.

 

 M.Ə.Rəsulzadə 1916-cı ilin oktyabr ayında  yenə “Açıq söz” qəzetində çap edilən “Getdiyimiz yol” adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək – budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun – mümkün deyil...”.

 

M.Ə.Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da  təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa  artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən, yəni müasirləşmənin önə çəkilməsindən götürüldü. 

 

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir ( Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkən  bu musiqiyə oxşar bir marşla düşmən üzərinə hücum etmişdilər.

 

1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat” Partiyasının qurucularından olan M.Ə.Rəsulzadə öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri, yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini  tələb edirdilər.

 1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”.

Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

 

Qeyd edim ki, dövlət bayrağımızdakı  səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda  bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.

 

Beləliklə, “Türk dövrü” kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü” təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.

 

Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.

 

Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.

 

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr  tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların  zəfər  yürüşlərini  əks  etdirir.

 

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

 

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”.

 

Milli bayrağımızda  qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü ildə Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).Lakin əlavə edək ki, aypara həm də humanizm, xeyirxahlıq rəmzi kimi də qəbul edilmişdir.

 

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır. Şumerlərdə, Babil mədəniyyət sistemində də bu təsvirlərə rast gəlmək mümkündür. Qeyd edim ki, türkdilli və müsəlman xalqların bayrağında bu təsvirlər müxtəlif formalarda mövcuddur: Pakistanda- yaşıl parçada aypara - 5 guşəli ulduz, türkmənlərdə göy-ağ parçada aypara - 5 guşəli ulduz, Malayziyada - ayparanın qarşısında çox guşəli ulduz və s.

 

Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:

 

Bu ay, ulduz boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı.

Yaşıl boya- islamlığın sarsılmayan  imanı,

Ürəklərə dolmalı.

Bu al boya- azadlığın, təcəddüdün  fərmanı,

Mədəniyyət bulmalı.

 

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.

 

Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar. 

 

Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1957-ci ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra  üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan  12-13 ilə qədər həbsə məhkum etdilər.

 

1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı. 

 

DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

 

1. Bayraq. 1988-ci ildə  Azadlıq hərəkatı başladıqda Üçrəngli bayraq yenidən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Res¬pub¬likasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

 

2. Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlan¬mış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.

 

3. Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himnimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsasnamə təsdiq olunub. Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.