Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Kainatda hər şey nəyinsə vasitəsilə, nəyinsə yardımıyla, yaradıcı tərəfindən yaranır. Güllər toxumdan yaranır. Təbiət yaradır. Bəs təbiəti?
İllərdir çox aktual olan bir sual var, xüsusilə ateistlər tərəfindən müsəlmanlara və digər din sahiblərinə verilən. "Kainatı Allah yaratdısa, bəs Allahı kim yaratdı?" Düzdür, ateist biri, Allaha inanmayan biri Allahın kitabına da inanmaz, amma ən gözəl cavabdır Qurani-Kərim. Allah doğmayan və doğulmayandır...
Hər birimiz müxtəlif inanclara sahibik. Hər birimizin öz zövqləri, öz qorxuları, öz imanı vardır. Bəs tarixdə bu necədir?
Çox maraqlı miflər, əfsanələr var ki, son zamanlar olduqca çox diqqətimi çəkir və bunlardan biri də yenə yaradılışla bağlıdır. Lakin bu səfər dünyanın yaranması, Allah və insan arasındakı bağlardan bəhs etməyəcəyəm. Keçən dəfə Simurq quşundan danışdım. Bu dəfə Bennu quşundan bəhs edəcəyəm.
Bennu — Misir mifologiyasında Günəş Tanrısı Ra'nın ruhuna sahib olduğu deyilən qarğayabənzər bir quşdur. Həmçinin, bu mifologiyaya görə, Bennu Ra məbədi ətrafında müqəddəs bir ağacın alovundan formalaşmışdır. Başqa bir inanca görə, Bennu Osirisin ürəyindəki çatdan çıxmışdı. Ən maraqlı versiya isə Misir mifologiyasına görə, Bennunun dünyanın yaradılmasında rol oynadığı deyilən, özünü yaradan bir varlıq olması haqda olan idi. Deyirdilər ki, tanrı yaradılışdan əvvəl mövcud olan Nun suları üzərində uçaraq qayaya enərək yaradılışın mahiyyətini təyin edən biri üçün çağırış verir.
Bennu quşunun nəsli kəsildiyi bilinir. Nisbətən son dövrlərdə Ərəbistan yarımadasında nəsli kəsilmiş böyük bir quş növü yaşayırdı. Bennu ilə bir çox xüsusiyyətləri paylaşır. Ola bilsin ki, Yeni Krallıq dövründə Bennu qədim misirlilər tərəfindən yazılmış, yaradılmışdır.
Mövzuya başlayarkən keçən dəfə Simurqdan danışdığımı dedim. Maraqlısı odur ki, Bennu quşunun elə Simurqla əlaqəsi olduğu deyilir. Keçən səfər də dediyim kimi, Simurq Misir mifində, ədəbiyyatında Feniks adlandırılır və yenidən doğulmanı, günəşi təmsil edir. Bennu quşunun özü-özünü yaratması sonrakı dövrlərdə Fenikslə əvəzlənir və bu da tarixi, yəni Bennunu bir çox araşdırmacının yadına salır. Olduqca maraqlıdır, elə deyilmi?
Nəticəyə gəlsək, heyvanlar aləminin necə möcüzəvi, necə qeyri-adi olması hər keçən gün insanı daha da dəhşətə salır. Haqqında əfsanələr yazılan bu möhtəşəm yaratıqlar həqiqətən varmı, ya da var olmuşmu, dəqiq bilə bilmərik. Amma bildiyim bir şey var ki, insan təfəkkürü nə qədər mükəmməl olur olsun, ən xırda bir ip ucuyla rastlaşmasa, uydurmaz. Atalar sözüylə desək, alov olmayan yerdən tüstü çıxmaz.
Texnologiya getdikcə daha çox inkişaf edir. İnsanlar, təfəkkür, zəka səviyyəsi, araşdırma potensialı getdikcə artır. Bizə boş durmaq düşməz. Oxumağa, öyrənməyə davam etmək lazım. Yaşadığımız dünya, bizi yaradan, onunla bağlı köhnə fikirlər, tarix. Hər bir insan övladının vəzifəsidir bunları öyrənmək. Koru-koruna sizə deyilənlərə inanmaq yerinə özünüz özünüzə dəlillər gətirəcək qədər inkişafa meyilli olun. Lenin demiş, oxumaq, oxumaq yenə də oxumaq.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)