“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
59-CU DƏRC
Abel Aqanbekyan yerindən qışqırdı:
-Mən etiraz edirəm. Söhbət hansı millətçilikdən gedir?
Yerindən durub mikrofon tələb elədi, Divanın qaydalarına görə prosesin bu mərhələsində müttəhimə söz verilməməlidir, bununla belə Baş Hakim şəxsən bu şəxsi tanıdığı, onun necə (bu sözü başqa cür izhar edə bilməyib vulqarlığa yol verdiyimçün oxuculardan üzr istəyirəm) həyasız olduğunu bildiyi üçün onun mikrofonunun açılmasına icazə verdi. Akademik dərhal pafoslu nitqə başladı:
- Mən hardan millətçi oldum? Mən kosmopolitəm, Gürcüstanda anadan olub bütün şüurlu həyatımı da Rusiyada yaşamışam. Qızım Ekaterina Amerikada, oğlum Rubensə Moskvada yaşayır. Bizlərin Ermənistanla nə əlaqəsi ola bilər axı? Siz fərqinə varırsınız, 2012-ci ildə Rusiyanın nəhəng prezidenti cənab Vladimir Putin mənə “Dostluq” ordeni verib? Dostluq hara, millətçilik hara? Mən erməni millətçiliyinə yox, Sovet və Rusiya elmlərinə töhfələr vermişəm. Sizə maraqlı bir fakt danışım. “Link”də işi qurarkən... Onu da deyim ki, məni bu proektin başında görən Rusiya hökumətinə minnətdarlıq bildirirəm, yeri gəlmişkən, Rusiyada mənim bura gətirilməyimdən xəbər tutan hər bir kəs çox narahatdır, məni dəstəkləyirlər, yanımdadırlar... Hə, “Link”də işi qurarkən britaniyalı cənablar ilk günlər mənim təkliflərimə şübhə ilə yanaşdılar, deməzsənmiş, bunlar avropalılardır, britaniyalılardır, mənsə adi bir rusiyalıyam, bunlar bizdən ağıllı olmalıymışlar. Belə olanda mən onlara dedim ki, cənab britaniyalılar, yaxın əyləşin, sizin qarşınızdakı SSRİ akademiki, SSRİ prezidentinin məsləhətçisi, dünyaşöhrətli Abel Aqanbekyandır, o Aqanbekyan ki, Qərb dünyasının kapitalistləri SSRİ ilə soyuq müharibə aparanda o, Baykal-Amur magistralı adlı əsrin ən nəhəng layihəsinin Elmi Şurasına sədrlik edib, Sibirin, Tayqanın keçilməz yerləri ilə biz dəmir yolu xətti salıb Sovet iqtisadiyyatını yüksəltmişik. Dedim, siz heç bilirsiniz, mənə Lodz universitetinin, Barselona alli idarəetmə məktəbinin, Alikante, Seul, Sankt-Peterburq, Kinqston və Kaliforniya Universitetlərinin fəxri doktoru adını nə səbəbə veriblər? Soruşdum, xəbəriniz varmı, mən niyə Beynəlxalq İqtisadiyyat Assosiasiyasının fəxri prezidentiyəm? İnsanlar mənim qara gözümə aşiq olmayıblar ki, elmimə aşiq olublar, dünya iqtisadiyyatının ən krizizsli anlarda belə duruş gətirməsi təlimimə aşiq olublar. Dedim, cənab britaniyalılar, ağıllı olun. Onlara hətta çox ibrətamiz bir əhvalat da danışmalı oldum. 2009-cu ildə Rusiyanın baş naziri Dmitri Medvedyev Xalq Təsərrüfatları Nailiyyətləri Sərgisində, deyim ki, ora Sovetlər dönəmində VDNX adlanırdı, o qədər gözəl xatirələrim var ki, orayla bağlı, bir dəfə... Üzr istəyirəm, sözdən sözə keçirəm, hə Medvedyev məndən soruşdu ki, Abel Qezeviç, bu qədər nailiyyəti çiyninizdə necə daşıyırsınız, qayıdıb dedim, görmürsüz necə iriyəm, yüz əlli kiloyam, maşallah, niyə də daşımayım.
Abel Aqanbekyan uğunub getdi, tamaşaçıların da bəziləri gülümsədi, auditoriyanı ələ almaq qabiliyyətini davam etdirib Aqanbekyan daha bir neçə epizod danışıb özünü təmizə çıxarmaq istəyəndən sonra SSRİ Nazirlər Sovetinin Əmək və əməkhaqqı məsələləri komitəsində işlədiyi dönəmdə ucqar Sibir kəndindən gəlmiş bir vətəndaşı Kremldə necə qəbul etməsini izhar edərkən Baş Hakim onun sözünü kəsdi:
-Müttəhim Abel Aqanbekyan, əla danışırsınız, hər şey işıqlıdır, tərtəmizdir, amma mən sizə elə bir epizod xatırlada bilərəm ki, Qarabağ müharibəsinin ideoloqu olmağınızın altından sürüşüb çıxa bilsəniz belə, bunun altından çıxa bilməzsiniz. İndi fasilə zamanı yetişib, hamını çay, yaxud kofe işib azacıq dincəlməyə çağırıram, sonra isə proses davam edəcək.
Fasilə insanları isti və soyuq içkilər içməyə səfərbər etdi, gənc hakim bu arada fransız kruassanı ilə espresso ləzzətini dadan Baş Hakimdən qılıqla Aqanbekyanı faş edən epizodun nə olduğunu soruşdu, Baş Hakim də gülümsəyib ona səbirli olmağı tövsiyyə etdi.
Fasilə bitən kimi Baş Hakim nitqinə başladı:
-Cənab Aqanbekyana bir xırda epizodu xatırladım, cənab Aqanbekyan, siz Moskvanın “Zenit” işgüzar mərkəzinin tikintisinin təşəbbüskarısınız, deyilmi?
Onsuz da bayaqdan narahat görünən Aqanbekyanın üzü tutuldu:
-Təşəbbüskarıyam deyəndə ki... Lap təşəbbüskarıyam, ancaq bunun mətləbə nə dəxli var. Mən orda sadəcə...
Baş Hakim davam etdi:
-Sizin bu layihə Moskva şəhərinin tarixinə ən birinci “dolqostroy” kimi düşüb, yəni 20 il tikintisi davam edib bu zavallı obyektin. Niyə? Baş alan korrupsiyaya görə. Hüquq-mühafizə orqanları sizi istintaqa cəlb etmişdi, tikintini həvalə etdiyiniz tikinti kompaniyalarından külli miqdarda rüşvət alınmışdı, kompetent olmayan bu şirkətlər də sadəcə, tikinti işini bacarmırdılar deyə tikinti heç cür başa çatdırılmırdı, sizin adınız qəzetlərin manşetində hallanırdı, teleulduz olub getmişdiniz, niyə bunlardan danışmırsınız? Yeyintinin miqdarı yüz min, milyon dollarlarla ölçülürdü. Şərəfli akademik adı hara, dələduzluq, rüşvətxorluq hara? O gözəl türk məsəli var e, min dəfə imam üçün ağlayanda bir dəfə də yezit üçün ağla, onun sözü olmasın, özünüzü min dəfə tərifləyəndə niyə bir dəfə də pisləməyi bacarmırsınız?
Aqanbekyan sadəcə “Mən etiraz edirəm” söylədi, Baş Hakim yanında əlyəşmiş hakimlərlə pışıldaşıb ittiham aktının oxunmasını xahiş etdi.
Yaşlı hakim əlində kağız tribunaya çıxdı, eynəyini taxıb sanki akademik tərəfindən ola biləcək müdaxilələri dəf etməkçün lap uca səslə və sürətlə oxumağa başladı:
-Akademik Abel Aqanbekyanın qatı millətçi olması, vaxtaşırı erməni millətçi təşkilatları ilə sıx əlaqəsi təkzibolunmaz faktlarla və şahid ifadələri ilə cinayət işinə tikilib. 1980–ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri olub Abel Aqanbekyan. O, erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başladıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Buyurun, tanış olun, bu barədə düz 32 erməni mənbəyində təkzibolunmaz təsdiq var. Qarabağ hadisələrinə isə konkret olaraq bu şəxsin söylədiyi bircə bəyənatla start verilmişdir. Aqanbekyan 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri söyləmişdir: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana". Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də bəyan etmişdir.
Hakim bu yerdə dayanıb akademikə baxaraq belə bir sual ünvünladı:
-Hörmətli akademik, sizcə Qarabağ niyə Azərbaycandan alınıb Ermənistana verilməliydi? Qədim erməni torpağı olmasını lütfən söyləməyin, hətta içinizin ən qatı millətçisi Zori Balayan belə məcbur olub ermənilərin sonradan ora köçürülməsini etiraf edib. Bəs onda niyə?
Aqanbekyan xeyli düşündü, gözlərində işıq parlayanda ona yaxın əyləşib gözünü görənlər zənn etdilər ki, suala təkzibedilməz bir cavab tapılıb.
O dedi:
-Qarabağda yaşayan ermənilərin hüquqları pozulurdu, onlar işsiz-gücsüz idilər, azərbaycanlılar bizim ermənilərə ikinci sort adamlar kimi yanaşırdılar.
Bu yerdə yaşlı hakim bir siyahı oxumağa başladı:
-Qarabağ münaqişəsi başlayan ərəfədə Dağlıq Qarabağda bütün rəhbər vəzifələr ermənilərdə olub, ştat cədvəlindəki yüzlərlə vəzifəni burda sadalamaq yersiz olar. Amma vəzifədə bircə azərbaycanlı belə tapmaq üçün gərək gərgin axtarışlar edəsən. Mən Aqanbekyana bildirmək istəyirəm ki, Dağlıq Qarabağ o yana, hətta Azərbaycanın mərkəzi hakimiyyətində də ermənilər çox yüksək vəzifələrdə təmsil olumuşdular. Bəzilərini xatırladıram:
A. Ayriyan – Azərbaycan SSR Meşə və ağac emalı sənayesi naziri.
V. Nersesyan – Bakı şəhər Kirov rayon Partiya komitəsinin 1-ci katibi.
N. Qabrielyan – Azərittifaqın sədr müavini.
A. Becenyan – Azərbaycan SSR Prokurorluğu İstintaq İdarəsinin baş prokuroru.
S. Ohanesyan –Azərkəndkimya Birliyinin sədr müavini.
B. Ayrapetov – Bakı şəhər Plan İdarəsinin sədri, Bakı şəhər İcraiyyə Komitəsi sədrinin müavini.
A. Gevorkyan – Azərbaycan SSR Prokurorluğunun təsərrüfat müdiri.
N. Melkumyan – Azərbaycan SSR Prokurorluğunun baş mühasibi.
E. Petrosyan – Azərbaycan SSR Prokurorluğunun baş inspektoru.
A. Arzumanyan – Bakı Təmir-tikinti trestinin müdiri.
M. Bunyatyan –SSRİ Sənaye-Tikinti Bankı Azərbaycan Əməliyyat İdarəsinin rəisi.
S. Haykazyan –Bakı Qaz İstehsalat İdarəsinin baş mühəndisi.
A. Ohanyan – Bakı Kanalizasiya İdarəsinin baş mühəndisi.
N. Şahnazaryan –Nizami Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin sədri.
Buna nə deyərsiniz, cənab Aqanbekyan?
Akademik süni təəccüb ifadəsi nümayiş etdirib “Mən bunları bilmirdim” söylədi və söylədiyi auditoriyanın gülüşünə səbəb oldu.
Baş Hakim akademikin auditoriyanı ələ almaq, bu cür ağır prosesə yumor donu geyindirmək cəhdindən əsəbiləşdi, söylədi ki, biz Qarabağ müharibəsi faciələrinin apogey nöqtəsi olan Xocalı qətliamından geniş danışdıq, sabah da mövzu davam edəcək. Terrorçu Monte Melkonyan məhz bu qətli icra etməkdə suçlu bilinib cəzalanacaq, sizsə bu qırğınların ideoloqu kimi cəzalanacaqsınız. Mən bu məqamda istəyərdim Xocalı faciəsindən bilavasitə zərər çəkmiş azərbaycanlıları dinlədikdən sonra əcnəbi şahidlərə də söz verək. Onlar israrla danışmaq istəyirlər. Vaxt məhdud olduğundan onları bir-bir kürsüyə dəvət etməyəcəyik, mümkünsə auditoriya mikrofonuna hər biri öz fikrini qısa izhar etsin.
Mikrofon önünə bir neçə nəfər gəldi. Birinci əcnəbi şahid sözə başladı:
-Mən Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunetəm. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.
İkinci əcnəbiyə növbə çatdı:
- Fyodr Şellov-Koverdyayevəm, keçmiş Rusiya Xarici İşlər Nazirinin 1-ci müaviniyəm, hazırda ixtisasca vəkil işləyirəm. Həmin vəhşilik barədə bircə kəlmə demək istərdim: Xocalı soyqırımına aparmış Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış, həyata keçirilməsi Ermənistanın birvaxtlarkı kommunist rəhbərlərinin təşəbbüsü ilə başlanan, buna görə də məsuliyyəti onların üzərlərinə düşən aksiyadır. "Qarabağ hərəkatı"nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlamışdır.
Nəhayət, üçüncü çıxışçı söz aldı...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)