Super User

Super User

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti, bəstəkar Rauf Hacıyevin doğum gününə həsr olunmuş konsert təşkil edib.

 

Baş İdarənin məlumatına görə, tədbirdə görkəmli bəstəkarımız Rauf Hacıyevin musiqisinin daim yaşayaraq, xalqımızın musiqi zövqünün inkişafında mühüm rol oynadığı vurğulanıb. 

Bildirilib ki, adı mədəniyyət tariximizə böyük hərflərlə yazılmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək. 

Sonra bəstəkarın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Konsert proqramında məktəbin müəllim və şagirdləri, xor kollektivi, skripka ifaçıları Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 10:30

Qara kürü buterbrodu çox dadlıydı

Mişlen ulduzlu baş aşpazla birgə təqdimat keçirməyi kim istəməz?

 

 

İngiltərədən dəvət olunmuş dünya miqyaslı məşhur, fərqlındirici Mişlen ulduzlu baş aşpaz Jeff Tan Bakıdadır. Ləziz təam həvəskarları, qurmanlar və aşpazlar üçün bundan gərəkli xəbərmi olar? 

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, agentlik tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının gənc üzvləri  Jeff Tan ilə birgə təqdimatda iştirak ediblər.

CASA Kulinariya Mərkəzində keçirilən mərasimdə Jeff Tan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının qalibi Emil Zeynalzadə, “WSSE 2022” müsabiqəsinin medalçısı, Qlobal Aşpazlar Müsabiqəsinin Avropa Qran-Prisində bürünc medal qazanmış Leyla Vəliyeva və baş aşpaz Kənan Balaşovla birgə xüsusi menyu hazırlayıb.

CASA-nın aşpaz məzunları məşhur Jeff Tan ilə birlikdə qonaqlara 12 fərqli təam təqdim ediblər.

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova çıxış edərək Dövlət Turizm Agentliyinin qastronomiya sahəsindəki fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, gənc aşpazlarla aparılan işin bu strategiyanın əsasını təşkil etdiyini bildirib. 

O, Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının fəaliyyətinin aktivləşdirilməsi üçün təlim-tədris, tədqiqat, marketinq-kommunikasiya, institusional inkişaf, təcrübə mübadiləsinin vacibliyindən söz açıb. Yaxın gələcəkdə gənc aşpazlarla birlikdə Azərbaycanın biomüxtəliflik potensialını nümayiş etdirməyə imkan verən menyuların tərtibatı üzərində işlərin başlanılacağını da bildirib.

S.Əsgərova Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi - “Worldchefs”lə əməkdaşlığın yalnız qastronomiya sənayesinin canlanmasına deyil, həmçinin Azərbaycanın qastronomiya destinasiyası kimi təbliğatına zəmin yaratdığını vurğulayıb.

Qeyd edək ki, Mişlen ulduzlu şef Jeff Tan 30 ildən çox kulinariya təcrübəsinə malikdir və özündə Qərb elementlərini daşıyan Asiya ölkələrinin mətbəxləri üzrə ixtisaslaşıb.

 

Qapaq şəklində Jeff Tan SACA-nın aşpaz məzunu ilə qara kürü buterbrodu hazırlayır; iç şəkildə prosesi izləyənlər məmnunluq duyurlar, az sonra buterbrodu da dadacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

İyunun 18-dən 25-dək Azərbaycanda “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı təşkil olunacaq.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçiriləcək festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edəcəklər. Festivalda iştirak üçün beynəlxalq ifaçıların qeydiyyatı isə mayın 20-də başa çatır.

 

Mədəniyyət Nazirliyinin məlumatına görə, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Musiqi bayramına iyunun 18-də Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək.

İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək. 

“Muğam aləmi” festivalı çərçivəsində növbəti ifalar iyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinləniləcək. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olacaq. 

Festivalın növbəti günü – iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.

Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

Bakıdakı konsertlərə biletlər tezliklə iTicket.az saytı və kassalarında satışda olacaq.

Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək. 

Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. 

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 10:00

Bu gün Beynəlxalq Muzeylər Günüdür

Parisdə Luvr, Nyu-Yorkda Metropoliten, Sankt-Peterburqda Ermitaj, İstanbulda Topqapı… Yəqin duydunuz, söhbət muzeylərdən gedir. 

Bu gün muzeylərdən danışmaq lap yerinə düşür. Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü - International Museum Day kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə “açıq qapı” günü elan olunur. 

Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları bu gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər. 

Amma tək bu yox. 

Beynəlxalq Muzeylər Günü ilə bağlı bu il də paytaxtdakı aparıcı muzeylərdə, eləcə də ölkə üzrə muzey müəssisələrində bir sıra tədbirlər təşkil edilib.

Mayın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü çərçivəsində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı təşkil olunacaq.

Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq tərtib edilən layihə ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Layihə BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf məqsədlərini dəstəkləyərək modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.

“Qorunan təbiət” multimedia layihəsi çərçivəsində İsveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təqdim olunan “Dayanıqlı moda” multimedia layihəsində iki rəssam – isveçli Lyudmila Kristeseva və azərbaycanlı Günel Ravilova multimedia dialoqu yaradaraq, modanı, tekstili və ekologiyanı öz yaradıcılıqlarının prizması ilə incələyib, cinsiyyət, identiklik, həmçinin bunun müxtəlif mədəniyyətlərdə təsviri ilə bağlı mövzuları araşdırırlar.

Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.

Mayın 16-da muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.

Mayın 17-də gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Mayın 18-də isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Mayın 16-da Azərbaycan İstiqlal Muzeyində “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.

Mayın 18-də isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Bülbülün Memorial Muzeyinin birgə təşkilatçılığı ilə “Təbiətin musiqisi” adlı tədbir keçiriləcək.

Çıxışlardan sonra Qədim musiqi lətləri ansamblı (bədii rəhbər və konsertmeyster – Xalq artisti Munis Şərifov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən “Təbiətin musiqisi” adlı konsert proqramı təqdim olunacaq.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Bir günəşin altında!” adlı tədbir keçiriləcək. Mayın 18-də gerçəkləşəcək tədbirdə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Tədbir çərçivəsində musiqili proqram təqdim ediləcək.

Milli Azərbaycan Tarixi Muzeyində əlamətdar gündə “Qlobal sağlamlıq və xoş rifah” şüarı altında fiziki məhdudiyyəti olan şəxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarovanın iştirakı ilə şahmat seansı keçiriləcək.

Bir sözlə, əlamətdar gün yetərincə rəngarəng qeyd olunacaq.

 

Şəkillərdə: Milli Xalça Muzeyinin Şuşa filialının binası; Azərbaycan prezidenti İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva və prezident köməkçisi Anar Ələkbərov filialın eksponatları arasında; Milli Xalça Muzeyinin əlamətdar günlə bağlı tədbirlər afişası.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filmi artıq yekunlaşıb.

 

İttifaqdan bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunan, rəsm əsərlərində təsvir edilən Qazax xalçalarından istifadə edilib.

Z.Şıxlinski bildirir ki, xalçaların təsvirləri Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqisinin müşayiəti ilə və bir neçə dildə titrlərlə təsvir olunacaq: “Azərbaycan xalçaçılıq sənəti dünyada tanınır və qiymətləndirilir. Gözəl Azərbaycan xalçaları dünyanın ən böyük muzeylərini bəzəyir. Filmin ideyası mərhum sənətşünas alim Rasim Əfəndiyevin 1971-ci ildə ABŞ-da çap olunmuş “Qazax xalçaları” kitabını mənə göstərməsindən sonra yarandı. Kitabın müəllifi xalçaçı Raul Şəbuldur. Əsərdə, xaricdə Azərbaycan xalçalarına olan maraqdan söhbət açılır”.

Onun sözlərinə görə, amerikalı yazıçı, detektiv romanların müəllifi Reks Stautun qələmə aldığı “Yekun qərar” əsərində Qazax xalçalarından bəhs olunub. Bu da onu göstərir ki, Azərbaycan xalçaları artıq dünya ölkələrinin də diqqətindədir.

Z.Şıxlinski filmi Azərbaycan xalçalarının böyük sərrafı olmuş anası Cəmilə xanım Şıxlinskayanın əziz xatirəsinə ithaf edib. Bakıda və Qazaxda çəkilən sənədli filmin operatoru Yuri Varnovskidir.

 

Şəkildə: Qazax xalçası

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasının növbəti rüblük iclası keçirilib.

 

İdarənin məlumatına görə, iclasda Müşahidə Şurasının üzvlərinin yekdil qərarına əsasən, ŞŞDQİ-nin icraçı direktorunun səlahiyyətlərini icra edən, icraçı direktorun müavini Tural Novruzov icraçı direktor vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, T.Novruzov beynəlxalq münasibətlər ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili alıb. O, həmçinin Uestminister Universitetində diplomatiya və Kembric Universitetində biznes idarəçiliyi üzrə magistr pillələrini bitirib.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə bir aydır davam edən “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir. 

Müsabiqəyə 11 nəşriyyat və 4 müəllifdən 237 adda kitab daxil olub. Müsabiqəyə daxil olan kitablar arasında Azərbaycan, ingilis və rus dillərində ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan kitablar üstünlük təşkil edir.

Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib. Belə ki, əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində Komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

Sabahkı Beynəlxalq Muzeylər Gününə (International Museum Day) Azərbaycanın əksər muzeyləri öz töhfələrini verməkdədirlər. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi də muzeyçilərin bayramına ciddi hazırlaşıb. Ötən gün muzeydə “Heydər Əliyev və Azərbaycan muzeyşünaslığı” adlı elmi-praktik konfrans keçirilib. “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı layihə çərçivəsində təşkil olunan konfransda Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva və başqaları çıxış ediblər.

Bu gün də tədbirlər səngiməyəcək, istiqlal tarixi eksponatlarının xüsusən məktəblilər üçün əlçatan olması yönündə işlər həyata keçiriləcək. Sabah - bilavasitə bayramın özündə isə muzeydə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə konsert proqramı təşkil ediləcək. Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Cəbrayıl rayon 7 nömrəli tam orta məktəbi, rayon və Mahmudlu kənd uşaq musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

Bildiyiniz kimi, sabah - mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunacaq. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi əlamətdar günü bir neçə tədbirlə qeyd edir. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə keçirilir.

Dünən muzeydə 10 yaşdan yuxarı uşaqlar üçün “Mənim dünyam” adlı art terapiya təlimi keçirilib. Uşaqların özünü rahat və azad formada ifadə etməsinə, onların gizlin saxladıqları duyğularının üzə çıxarılmasına şərait yaradan təlim Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə tərəfindən təqdim olunub. “Çələbi” otağında təşkil olunan art terapiyaya qatılan uşaqlara təşəkkürnamələr verilib.

Bu gün gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək məqsədilə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Sabah isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksi şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Bir sözlə, Milli Xalça Muzeyi peşə bayramına layiqli töhfələr verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

Meksikada fəaliyyət göstərən Diplomat Həyat yoldaşları Assosiasiyasının (ACD) təşkilatçılığı və paytaxtın mərkəzi Migel İdalqo munisipalitetinin dəstəyi ilə Mexiko şəhərində xeyriyyə məqsədli diplomatik yarmarka keçirilib. 

AzərTAC xəbər verir ki, yarmarkada 40-dan çox ölkənin Meksikadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib. Bu məqsədlə hər bir ölkə üçün ayrılan masada milli suvenirlər, yeməklər və şirniyyatlar təqdim olunub.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin yarmarkadakı guşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan guşəsini ziyarət edənlər, həmçinin milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

Səfirliyin guşəsi ictimaiyyətin geniş marağına səbəb olub.

Yarmarkadan əldə olunan vəsait təşkilat tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.