Ədəbiyyatımızın beynəlxalq müstəvidə rolu necədir? Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günüdür bu gün və sərgi çərçivəsində Yazıçılar Birliyi və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə” mövzusunda panel müzakirəsi xüsusi diqqət qazandı. 

 

Gənc yazarların, elm, incəsənət və media xadimlərinin, məktəblilərin iştirak etdiyi panel Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varisin moderatorluğu ilə keçdi.

Varis ədəbiyyatımızın beynəlxalq müstəvidə yeri, görülən və görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı. 

Tədbirdə çıxış edən yazıçı Yunus Oğuz Azərbaycan tarixinin və mədəniyyətinin çox qədim olduğunu dedi: “Bizim başlıca məqsədimiz ölkəmizin qədim tarixini dünyada tanıtmaqdır. Bu vəzifə balaca oxucularımızın və gənclərimizin üzərinə düşür”.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz qeyd etdi ki, Azərbaycan xalqının böyük və zəngin ədəbiyyatını yalnız ümumiləşdirərək dünyaya çatdırmaq mümkündür. O, həmçinin Cənubi Azərbaycan ədəbiyyatı barədə də bilgilər verdi. 

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar bildirdi ki, dünyada ədəbiyyatın təbliğ edilməsi nəşriyyatların üzərinə düşür. Beynəlxalq əlaqələrin qurulmasında isə keçirilən ənənəvi kitab sərgiləri və festivallar mühüm rol oynayır.

Onun sözlərinə görə, hər il Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdən nəşriyyat evləri iştirak edir. Bu isə gələcəkdə əməkdaşlıq etmək üçün gözəl bir fürsətdir.

Sonra tədbir panel diskussiyalarla davam etdi, moderator və məruzəçilər sualları cavablandırdılar. 

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.