Kərim Kərimli yazır
Şəkil Şamaxı rayonunun Göylər kəndində dostum Sevincək Muradlının evinin yanında çəkilib.
Təbiətdən ilhamlanıb “Ay şəhər, mən səni atıb gedəcəm” adlı şeir yazmışam o gözəllikdə.
Ay şəhər, mən səni atıb gedərdim,
Getməyə bir yerim yoxdur, neyləyim?!
Dünyanın sənintək şəhəri çoxdur,
Kəndimtək bir kəndi yoxdur, neyləyim?!
Ay şəhər, mən səndə dustağam, dustaq,
Azadca nəfəs də ala bilmirəm.
Sinəndə insantək yaşamaq – yasaq!
Bu nəhəng qəfəsdə qala bilmirəm...
Ay şəhər, mən səni atıb gedərdim...
Ancaq ki, nə yazıq, atılmış mənəm.
Qismətim faciə, qəmdir, kədərdir,
Vətəni, torpağı satılmış mənəm.
Ay şəhər, sən məni alıb qoynuna,
Milyonların biri eyləməkdəsən.
Mənim varlığımı məngənələrtək
Sıxmaqda, əzməkdə, çeynəməkdəsən.
Ay şəhər, mən səni atıb gedəcəm,
Haraya, hayana, özüm bilmirəm.
Rahatca uyuyub, yatıb gedəcəm,
Nə qədər alçalım, dözüm, bilmirəm!
Ay şəhər, mənimki səninlə tutmaz,
Mən səni atacam, atıb gedəcəm.
Sənin “təbəssüm”ün məni ovutmaz,
Mən bu “təbəssüm”ü “satıb” gedəcəm.
Satılan Vətəndə, satan Vətəndə
Hər şey satılırsa, hamı satırsa,
Atılan Vətəndə, atan Vətəndə
Hər şey atılırsa, hamı atırsa,
Mənim ürəyimi al- qan edənlər,
Ata ocağımı viran edənlər,
Vətəni düşmənə bəxşiş qoyanlar,
...
Sənin sinən üstə yaşayırlarsa,
...
Mən necə yaşayım belə Vətəndə?!
Ay şəhər mən səni atıb gedəcəm!!!
Belə yazmışdım, amma getmədim. Azərbaycandan kənarda iki həftədən artıq yaşaya bilmirəm...
İndi isə, Allaha şükür, kəndim də azaddır, şəhərim də!..))
Şeir "Şuşasız" (Bakı-2010, səh. 32) adlanan ikinci şeirlər kitabıma daxil edilib. "525-ci qəzet", "Ədalət", "Gənclik", "Şuşa" kimi qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə dərc edilib, yayılıb.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)