Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Zəfərimizə töhfəsi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu cür tədbirlər izsiz ötmür, əbədi yaddaşlara həkk olunur. 

Ötən gün Bakı Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü və şairə Nigar Həsənzadənin müəllifi olduğu “İgidlərin sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçirildi. Və bəri başdan bizi bu möhtəşəm tədbirə dəvət etdiyi üçün Nigar xanıma minnətdarlığımızı bildiririk. 

 

Tədbirin açılışını Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov etdi. O bildirdi ki, 44 günlük Vətən Müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəman oğullarının yüksək döyüş hazırlığı nəticəsində zəfərlə başa çatıb, bu qələbənin memarlarından sayılan Şəhidlərimiz və qazilərimiz bütün Azərbaycanın, eyni zamanda ölkəmizdən kənarda yaşayan soydaşlarımızın başını uca ediblər. Bu layihənin də möhtəşəm zəfərə həsr olunduğuna diqqət çəkdi. 

Növbəti çıxışçı - Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimizin xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardığını qeyd etdi. O da bu kimi tədbirlərin təşkil edilməsində məqsədin onların qəhrəmanlıqlarının hər zaman xatırlanması olmasını qeyd etdi.

Gecədə 2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli gözəl müsiqi nömrəsi ilə çıxış etdi, sözləri şair Arif Abdullazadəyə, musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı” mahnısı ilk dəfə səsləndi. Habelə Qazi Məbud Əhmədov, Qazi Fərid Atazadə və Qazi İdris Huseynov musiqi nömrələri ilə çıxış etdilər. Respublikanın Əməkdar artistı Lalə Məmmədova sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: şair Salam Sarvan, aranjiman Mahir Ordubadi), musiqisi isə Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnını ifa etdi. Bu mahnı da ilk dəfə idi ki, ifa olunurdu.

“İgidlərin sözü” layhəsinin qəhrəman şairləri - 44 günlük Vətən müharibəsindəki qələbənin memarları, qazilərimiz - Oguz Alparslan, Cavid Qasımov, Miri Abdullayev, Vusal Hətəmov, Eyvaz Əyyub, Emin Piri, Tamerlan Əsədov, Elvin İntiqam, Nicat Ağayev, Kərəm Aydın, Həsən Kür və Səbuhi Qurbanov tamaşaçılar qarşısında öz şeirlərini səsləndirdilər. 

Sonda səhnəyə çıxan “Söz” və “İqidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri Nigar Həsənzadə gecədə iştirak edən hər kəsə, xüsusən də şəhid və qazi analarına təşəkkürünü bildirdi və bu qələbədə onların əvəzolunmaz payının olduğunu diqqətə çatdırdı. 

Onu da söyləyim ki, bədii-musiqili gecə ilə yanaşı Muğam Mərkəzinin foyesində “Accent Group”un dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" (ideya müəllifi Rövşən Niat, rəssamlar Tərlan Eyvazov, İntiqam Ağayev, heykəltaraş-rəssamlar Cavid Rəhmətov, Fərid Məmmədov) layihəsi çərçivəsində Qazi rəssamların əsərləri nümayiş etdirildi.

Fürsətdən istifadə edib tədbir sonrası Nigar Həsənzadənin fikirlərini aldıq.

-Qələbəmiz! Bu Möhtəşəm anları Sizinlə bölüşmək istərdim... Beynəlxalq Muğam Mərkəzində, mənim fikrimcə, tarixi bir gecə keçirildi.  "İGİDLƏRİN SÖZÜ" hər kəsin  yaddaşında öz imzasını yazdı. Tədbirin təşkilatçısı olan Dünya Azərbaycanlılarının  Beynəlxalq Fonduna təşəkkür edirəm. Yeni "Döyüşən Rəssamlar" layihəsinə isə xoş gəldin deyirəm! 

 

Fotolar: Kamran Bagırovundur. 

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.