Leyla Əliyevanın “Sevgi”si

Könül, “Ədəbiyyat və incəsənət”

 

Proqram əlimdə yox idi, Xudafərin Təqdimat Zonasına gedirdim, bu zaman səsgücləndirici ilə gələn məlumat məni ayaq saxlamağa vadar etdi. Elan edilirdi ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Zəfər Təqdimat Zonasında Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olacaq. Leyla Əliyeva - Heydər Əliyev Fondunun vitse prezidentidir, Azərbaycan prezidentinin də qızı. 

 

Yeganə təəssüfləndirici məqam o oldu ki, Leyla xanım özü mərasimə qatılmamışdı. “Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı Elmira Axundova kitab haqqında ətraflı məlumat verdi, söylədi ki, Leyla xanımın kitabları zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət götürüb. O, dahi babası və atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla xanım çox istedadlı və yaradıcı insandır. 

Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışdı. Bildirdi ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. O səsi Leyla Əliyevanın əsərlərində də hiss etmək olar. Leyla rəsmlərində iki minimal rənglərdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır.

“Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd etdi ki, kitabın adının “Sevgi” olması heç də təsadüfi deyil. Çünki Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır. 

Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü hazırladığı şirniyyatların reseptləri də yer alıb.

Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan kataloq təqdim olundu. 

 

Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub. “Sevgi” kitabı Azərbaycan, türk, ingilis və rus dillərindədir.

Çox faydalı, ruhoxşayan, ən əsası, orijinal nəşrdir.

“Sevgi” oxuyun, sevginiz əskik olmasın.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.