Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.
Öncə ARZULAMAQ barədə danışdıq:
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
Sonra qarşıya məqsəd qoymaq barədə danışdıq.
2.Qarşıya məqsəd qoymaq
İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.
Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.
Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.
Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.
Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.
Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.
Sonra Planlaşdırma barədə danışdıq.
3.Planlaşdırma
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.
Sonra da Hazırlaşmaq barədə danışdıq.
4.Hazırlaşmaq
Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək lazımdır, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq lazımdır.
Öncə öz vəziyyətiniz, hiss və emosiyalarınızı idarə etməyi öyrənməlisiniz. Məqsədin vizuallaşdırılması, xəyali obrazının yaradılması emosional vəziyyətlə bilavasitə bağlı olur. Məşhur deyim var, deyirlər – əgər varlı olmaq istəyirsənsə, özünü varlı hesab et, sağlam olmaq istəyirsənsə xəstəliyi və həkimləri unudaraq hər gün sağlam adam halı yarat, xoşbəxt olmaq istəyirsənsə, ol!
Heç vaxt naşükür olmayın, əlinizdə olan hər şey üçün şükür edin. Hər gün özünüzdə yaxşı əhval-ruhiyyə, optimizm, hər şeyə pozitiv münasibət yaradın. Unutmayın, yaxşı fikirlər sizə yaxşılıqlar gətirəcək, pis fikirlərsə pisliklər.
Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.
Məqsədə çatmaq üçün qərar qəbulunda müstəqillik şərti mütləqdir, eləcə də qətiyyət çox vacib keyfiyyətdir.
Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.
Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.
Karlos Kastenada yazır: «Biz gah özümüzü güclü, gah aciz edirik və bu halın hər ikisinə də eyni qüvvə sərf edirik».
Belə isə, niyə biz öz qüvvəmizi özümüzü aciz etməyə sərf edək?
İnsanın fiziki vəziyyəti də onun hissləri və emosiyaları ilə bağlıdır. Buna görə də dik oturmaq, dik gəzmək, gülümsər çöhrəyə malik olmaq çox vacibdir.
Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.
Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.
Və uğurlu insan olmaq üçün, unutmayın ki, mütləq özünüzdə intuisiya formalaşdırmağı bacarmalısınız. Düşünmə qabiliyyətinizə əl gəzdirməli, tez qərar qəbul etmə xüsusiyyətinizi formalaşdırmalısınız.
İntuisiya formalaşdırmaq üçün sakitliyi dinləmək effektiv rol oynayır. Gün ərzində heç olmasa yarım saat insan özü ilə qalmalı, bu zaman daxili dialoqu dayandırmalıdır.
İntuisiya nədir? Psixoloqlar buna bəzən daxili səs, bəzən altıncı hiss deyirlər. Amma heç bir halda intuisiyanı mifik bir şey hesab etmək olmaz. Amerikalı neyropsixoloq Robert Sperri 1981-ci ildə Nobel mükafatını məhz intuisiyanın fövqəladi bir hiss olmadığını, beyinin sağ yarımkürəsinin normal funksiyası olduğunu sübut etdiyi üçün almışdır. Belə ki, o, bəyan etmişdir ki, beyinin sol yarımkürəsi məntiqə və abstrakt təfəkkürə cavab verdiyi halda beyinin sağ yarımkürəsi informasiyanı obrazlar şəklində qəbul edib araşdırma xüsusiyyətinə malikdir. Bir sözlə, intuisiya şüuraltı alternativ ağıldır, əslində o, hamıda var, ancaq kimlərdəsə inkişaf edib, kimlərdəsə yox. Demək, treninqlər vasitəsi ilə onu hər kəs gücləndirə bilər. Bəs nə cür?
- Öz intuisiyanızla dostlaşın. İlk öncə öyrənin ki, şüuraltınız sizə hansı siqnalları göndərir;
- İntuisiyanızın necə yarandığını öyrəndikdən sonra onu lazımi anlarda işə salmağı öyrənin;
- İntuisiyanıza azadlıq verin, gün ərzində bir çox ağlasığmaz ehtimallar irəli sürün, get-gedə düzgün ehtimallarınız sayca xeyli artacaq;
- Məntiq çərçivəsindən qopun, daha çox yaradıcı təxəyyülə meyl edin.
Düşünmək, analiz etmək, tez qərar qəbul edə bilmək qabiliyyətinizə isə ən müsbət təsir edə biləcək bir şey şahmat oyunu ola bilər. Xüsusən seytnot vəziyyətindəki adi şahmat, yaxud, blits-şahmat oyunu.
Şəxsən mən özüm hazırkı düşünüb dərindən analiz edə bilmək, eləcə də ani qərar verə bilmək qabiliyyətim üçün şahmat oyununa çox borcluyam.
Sonra Fəaliyyətə başlamaq barədə danışdıq.
4.Fəaliyyətə başlamaq
Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».
Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.
Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.
Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.
Və ən sonda Nəticə əldə etmək gəlir.
1. Nəticə əldə etmək
Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.
Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Əlbəttə, kitab boyunca həm bu uğura gedən 6 addım, həm də digər addımlar barədə ən müxtəlif fikirlərlə, mövqelərlə də tanış olacaqsınız.
Hələlik isə bir şey deyim:
Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)