“Bu da bir sevdaydı, yaşadıq, bitdi…” - Təranə Dəmirin şeirləri

“Ədəbiyyat və incəsənət” ötən gün sizə heyrətləndirən və təəccübləndirən şeirlər silsiləsindən Təranə Dəmirin 3 şeirini təqdim etmişdi. Bu gün onun daha bir şeirini ixtiyarınıza buraxırıq. 

 

 

BU DA BİR SEVDAYDI…

 

Bu da bir sevdaydı, yaşadıq, bitdi,

Keçdik ayrılığın Qıl körpüsündən.

Keçdik adamların söz bazarından,

Qeybət körpüsündən, qal körpüsündən.

 

Zülməti dolaşdıq, işıqdan keçdik,

Aldatdı həm gündüz, həm gecə bizi.

Adlaya bilmədik bu ayrılığı,

Azdırdı bu şəhər, bu küçə bizi.

 

Dünəndə yoruldu bu günümüz də,

Bir yol tapmadıq ki, sabaha gedək.

Elə addım-addım geri çəkildik,

Gücümüz olmadı qabağa gedək.

 

Nə tapdıq  içindən ayrılıq çıxdı, 

Təzədən sınadıq baxtı, uduzduq.

Gördük payız həsrət, qış ayrılıqdı,

Uduzduq zamanı, vaxtı uduzduq.

 

Bu da bir sevdaydı, yaşadıq, bitdi,

Əvvəli də qınaq, sonu da qınaq.

Keçmədik bu divar, hasar həsrəti,

Babalın payızın boynuna yıxaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.