Super User
Əməkdar artist Afaq Abbasova İtaliyada səhnələşdirilən operada çıxış edib
Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyada səhnələşdirilən operada çıxış edib.
AzərTAC xəbər verir ki, İtaliya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kalabriya regionunun Tropea şəhərində dahi bəstəkar Cüzeppe Verdinin “Traviata” operası konsert formatında tamaşaçılara təqdim olunub. Tamaşada baş rolu Əməkdar artist Afaq Abbasova ifa edib. Opera italiyalı dirijor Alberto Veronesi tərəfindən idarə olunub.
Afaq Abbasova xoş təəssüratlar yaşadığını və bu ay ərzində İtaliyada dünyaşöhrətli ifaçılarla ikinci dəfə eyni səhnəni bölüşməkdən məmnunluğunu bildirib. Əməkdar artist ona dəstək olan hər kəsə təşəkkür edib.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
“Libraff”da yazıçı Varis ilə görüş keçirilib
QARABAĞ MÜHARİBƏSİNDƏN BƏHS EDƏN ƏN TƏSİRLİ ROMAN MÜZAKİRƏ EDİLİB
Ötən gün “Libraff” Mağazalar şəbəkəsinin Elmlər filialında "Böyük Qayıdış" Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər" romanının müzakirəsi əsasında baş tutub. İki saat davam edən görüşdə iştirak edən gənclər bu dəyərli əsər haqqında müəllifin özündən məlumat alıblar, fikir mübadiləsi aparıblar, onları düşündürən suallara cavab tapıblar.
Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevlə belarus gözəli Qalina Mankonun Belarusiyada başlayıb Xocalıda bitən müdhiş sevgi əhvalatından bəhs edən, erməni vəhşiliklərini və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarını tərənnüm eləyən bu roman təsadüfi deyil ki, oxucular tərəfindən çox sevilir, ilk tirajı bitdikdən sonra təkrar nəşr edilərək kitabsevərlərin ixtiyarına verilib.
Tədbirdə gənc ədiblər də iştirak ediblər, onlar yazıçıdan oxunaqlı yazı yazmağın sirlərini öyrəniblər.
Tədbirin sonunda “Böyük Qayıdış" Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının gənc auditoriya ilə gördükləri işlərin böyük faydasından, o cümlədın kitab təbliğatına verdikləri dəyərdən bəhs edilib, təşkilatlara gələcək fəaliyyətlərində uğurlar, yazıçıya isə Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməsi işində bol enerji və yeni-yeni müvəffəqiyyətlər arzulanıb.
Fotolar Sərxan Rüstəmovundur.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
“Qoy işığı yandırım” kitabının təqdimatı olub
Yox, düşünməyin ki, söhbət Xalq artisti Aygün Kazımovanın məşhur mahnısından gedir. Söhbətimizin qəhrəmanı Gülgün Quliyevadır.
Bir vaxtlar motivasiya kitabları əsla məşhur deyildi, tanıdığımız da Deyl Karneginin “Dostu necə qazanmalı” sayaq kitabları idi. Amma günümüzdə kitab rəflərində onlarca motivasiya kitabları görmək olar. Üstəlik, əcnəbi kouçlarla yanaşı öz milli kouçlarımız da fəaliyyət göstərməkdədir.
“Özümün kimliyi, haradan gəlib hara getməyi, üzləşdiyimiz həyat problemləri, bəzən baş aça bilmədiyimiz dolanbaclar, bizi qoynuna alıb aparan burulğanlar həmişə, lap uşaq yaşlarımdan məni düşündürüb. Həyatımın 25-30 ilini məhz bu suallara cavab axtarmaqla keçirmişəm. Bu gün sizlərə təqdim olunan kitab da məhz həmin axtarışların bəhrəsi olaraq araya-ərsəyə gəldi…” - Nizami Kino Mərkəzində keçirilən “Qoy işığı yandırım” kitabının təqdimat mərasimdə çıxış edən müəllif Gülgün Quliyeva özünün ilk yaradıcılıq məhsulunun yaranmasını belə izah edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə çıxış edən “Xalq qəzeti”nin redaktoru Əflatun Amaşov kitabın özünü axtaran hər kəs üçün faydalı vəsait olduğunu qeyd edərək deyib: “Hətta ilk baxışda bizim bildiyimiz, yaşadığımız və tanış duyğuların alt qatında anlaya və duya bilmədiyimiz çox şeylər yatır, onların hamısını işığa çıxarmaq lazımdır və Gülgün Quliyevanın yandırdığı işıq bu mənada çox gərəkli və hər kəsə lazım ola bilən bir işıqdır..”
Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə yeni olan, şəxsi inkişaf kouçunun təqdim etdiyi bu kitabda hər kəsi düşündürən və onun üçün maraqlı olan məqamlara işıq tutulur. “Qoy işığı yandırım” ardınca aparmaq istədiyi oxucuya, arzu və istək vurğunlarına hökm etmir, yaşam variantlarını nişan verir. Bu sadəcə kitab deyil, çətin həyat yolunda sıxıntılardan xilas olmağın ən uğurlu layihəsini canlandıran könül təsviri, çağırış və onlara doğru uzanmış xeyirxah və etibarlı əldir. Əbəs yerdə deyil ki, “Qoy işığı yandırım”ın “Ön söz”ünün müəllifi fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel da bunu xüsusi olaraq vurğulayır: “Həyatın labirintlərində dolanır, gəzişir, eşələnir… və birdən gün işığına çıxanda gözlərimiz qamaşır. Gülgün xanım işığı ona görə yandırmır ki, qaranlığı qovsun. Yandırır ki, insan içindəki işığı görə bilsin”.
Təqdimat mərasimindən sonra müəllif tədbir iştirakçılarına hədiyyə edilən kitabını imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Qasım Qasımzadənin anım günündə oğlu Nəriman Qasımoğlunun paylaşımı
Yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Qasım Qasımzadənin bu il 100 illiyidir.
1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991) Qasım Qasımzadə özündən sonra çox dəyərli ədəbi irs qoyub.
28 iyul onun anım günü idi.
Bu münasibətlə onun oğlu - məşhur islamşünas Nəriman Qasımoğlu bir paylaşım edərək “Ədəbiyyət” şeirini təqdim edib.
ƏBƏDİYYƏT
Bir adamın bütün nəsli
Yer altından qalxsa əgər,
Neçə rəngli, neçə səsli,
Neçə-neçə qiyafəli,
Neçə cəsurluq heykəli
Milyon-milyon cərgələnər.
Cərgələrdən biri mənim
Arxamdakı insanlardır:
Damarımda çox-çox qədim
Ulusların, obaların,
Nəcib qəlbli babaların -
Əcdadımın qanı vardır.
Bir zəncirdir — o cərgənin
Nə ucu var, nə bucağı.
Onun sirli həlqəsinin
Getsə idi biri bada,
Göz açmazdım mən həyata
Əsrimizin oğlan çağı.
Nəhayətsiz bu zəncirin
Son həlqəsi bəlkə mənəm?
Düşündükcə dərin-dərin,
Gördükcə dən düşən saçı,
Fikr edirdim acı-acı,
Ürəyimi sarmışdı qəm.
Övlad eşqi min həsrətlə
Xəyalımda yandırdı şam —
O zamanlar çox riqqətlə
Bir ataya nəzər salıb,
Qibtə edib, ilham alıb
Bir şeir də mən yazmışam.
Bəxt üzümə güldü, nə qəm,
Gəldi evdən körpə səsi
Sanki təbrik etdi aləm
O güldükcə şirin-şirin,
Çünki artıq o zəncirin
Mən deyiləm son həlqəsi.
Bir ağacdan neçə budaq
Şaxələnib çıxacaqdır.
Öyünməsin ölüm nahaq —
Mənim qanım milyonların,
Nəsil-nəsil insanların
Damarında axacaqdır.
Mənim gözüm milyonların,
Nəsil-nəsil insanların
Gözləriylə bu dünyaya -
Ulduzlara, Günə, Aya
Zaman-zaman baxacaqdır.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı çox bəyənildi
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı üçüncü gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyulun 29-da axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi axşamında musiqisevərlər qarşısında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.
Solistlər Atəş Qarayev (tenor), Mahir Tağızadə (bariton), Osman Mustafazadə (skripka), Humay Hacızadə (viola), Ərol Rzayev (violonçel), Nərminə İsmayılova (piano), Əli Günəşov (faqot) , Əhməd Əhmədov (klarnet), Rebekka Maqomedova (piano), Əzizə Abdullayeva (piano) və Ləman Seyidovanın (piano) çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə M.Qlinkanın “Patetik trio”, F.Listin “2 nömrəli konsert etüdü”, Q.Donizzetinin “Luçiya di Lammermur” operasından Edqarın ariyası, P.İ.Çaykovskinin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, C.Puççininin “Canni Skiki” operasından Canni Skikinin ariyası, V.A.Motsartın “Hamı belə edir” operasından Qulyelmonun ariyası və digər bəstəkarların əsərləri səsləndirilib.
Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da açıq hava konsert səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə növbəti konsert proqramı təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
“Quyu” - Cəfər Atayevin hekayəsi
“Ədəbiyyat və incəsənət” portal “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Cəfər Atayevin “Quyu” hekayəsini təqdim edir.
Əslində hər şey qaydasında gedirdi. Davutlu kəndinin sakinləri həmişəki kimi öz həyatlarına davam edirdilər. Ta ki o günə kimi...
İl 1989. Qəribə bir yay günü idi. Ağaclar yaşlı insan kimi görünür, budaqları isə vahimələndirirdi. Hələ ayda qırmızımtıl parıldayırdı. Sanki təbiət bu günü özəl edəcək nəsə hazırlamışdı. Yorğun bir günün sonunda Nazlı, sanki illərin yorğunluğunu göstərən gözləri yumulmasın deyə özünü zar-zor tuturdu. Yelləncəyində mürgüləyərək yellənən Nazlı arxadan gələn bir səsi eşitcək diksindi. Astaca balaca əlləri ilə yorğun gözlərini, iri, açıq, zilqara bəbəklərini sanki “bir azca da oyaq qal” deyərmişcəsinə ovuşdurdu.
Səs bağın ortasındakı ağacların arasından gəlirdi.
Nazlı az sonra olacaqlardan xəbərsiz, ağlında “bu toyuqları hinə salmaqdan bezdim, bunlar çıxmaqdan bezmədi”- deyə deyinərək ora yaxınlaşdı.
Nəhayət üç yaşlı, bədheybət ağacın arasından gələn səsə boylandı. Orada heç nə yox idi. Az öncə gələn səs isə gah sağdakı ağac tərəfdən, gah soldakından, gah da tam qarşısındakından gəlirmiş kimi əks-səda verirdi. Nazlı reaksiya vermədən donub qalmışdı, olanlara kiçik beynində bir anlam verməyə çalışırdı. Alnından süzülən soyuq tər damcılarının neçəsi qara iri bəbəklərinin içinə gedib göynədir, neçəsi yanağından çartlamış dodağlarını yandıraraq süzülürdü. Ağzı açıq, dəli kimi gah sağa, gah sola boylanırdı. Sanki ayaqları yerə yapışıbmışcasına bədənini tərpədə bilmir, bu hadisədən qaçıb qurtulammırdı.
Bu dəmdə yanındakı quyudan gələn körpə çığırtısı Nazlının bütün bədənini titrətdi, bu səs indiyə qədərki vəziyyəti tamam dəyişmişdi. Elə bil ruhu bədənindən çıxdı, yox-yox, sanki ruhu bədəninə daxil oldu, ya da yox, bu ruh deyildi... Bu tam başqa bir şey idi. Bu şey Nazlının zülmət qarası gözlərini parıldadıb, beynini keyləşdirmişdi. Lakin quyudakı inilti dinməmişdi.
Az sonra özünü uşaq ağlaması və ara bir fəryad səsi ilə əvəz edən bu inilti Nazlının balaca qəlbində həm qorxu, həm mərhəmət hissi oyatdı. Quyunun qapısını açmağı tapşırırdı içindəki səs, belə də etdi. Çətinliklə də olsa bu dəmiri yerə salmağı bacarmışdı. Amma quyunun suyu çəkilmişdi. Su yerinə yerdə üçbucaq şəklində bir-birinə yaxın üç yanılı şam var idi, ortasında isə bir gəlincik. Bunca fəryadın bu vahiməli gəlincikdən çıxması nə qədər ağılasığmaz olsa da, o şamları ora kimin qoyması və hələ yandırması düşüncəsi daha betər qorxudurdu adamı... Bu, başdan ayağa dəlilik idi.
Bütün bədəni qan tər olan Nazlıya içindəki səs o gəlinciyi xilas eləməyi tapşırdı. Uzun kəndir tapıb, bir ucunu belinə bağlayıb, digər ucunu isə quyunu əhatə edən 3 ağacın ətrafında dəfələrlə dolayaraq nəhayətində bağlaya bildi. Dərindən nəfəs alıb quyunun üstünə çıxdı. Astaca birinci ayaqlarını, sonra bədənini quyuya saldı.
Sağa-sola baxır, sanki çırpınırdı bu boşluğun içində.
Nəfəsi daralır, quyunun dərininə düşdükcə ciyərləri ağırlaşırdı. Getdikcə uzanan uzun yolun sonunda quyunun dibinə enməyi bacardı, amma bu dəmdə bədəni yüngülləşmişdi, sanki illərlə bədənində həbs olan bir şey azad olmuşdu.. Bir qədər donub, daha sora gördüyünə inana bilmədi. Yerdə nə şamlar, nə də gəlincik var idi.
Nazlının gözlərinin parıtlısı itdi. Tez əlini bura düşdüyü kəndirə atanda orda kəndirin olmadığını gördü. Son dəfə çabaladı, başı gicəlləndi, yerə yıxıldı. Gözünü açanda özünü qaranlıq bir otaqda tapdı. Bu, otaq da deyil, tunel idi, damdar idi, məzar kimi. Yox-yox, geniş idi.
Nazlı getməyə başladı, get-gedə uzanan yol isə onu yorurdu. Budur, o çatmışdı. Qarşısında yol ayrıcı və hər yol ayrıcında bir qapı durmuşdu. Sağdakı qapı tərəfdə qışqırıq, fəryad, soldakından isə gülüş səsləri yüksəlirdi. Nazlı özü də bilmədən bir-birindən bağımsız iki kainatın ortasında idi. Bir qədər düşünüb gülüş gələn qapıya tərəf qaçdı. Nazlı qaçdığca qapı ondan daha da uzağa düşürdü..
Yorulan Nazlı içindəki bir səslə daha da şiddətli qaçmağa başladı.
“Get, get, sən bacararsan!”
Nazlı qapıya yaxınlaşanda artıq təmiz taqətdən düşmüşdü, yorğunluq ifadə edən qara gözləri bozarmış, göz altları sallanmış, ayaqları isə sanki bədənindən uzaqlaşmaq istəyirmiş kimi qaçırdı. Boğazı o qədər qurumuşdu ki, elə bil, illərlə suya həsrət olan səhra yerləşirdi ağzının içində.
Bayaqdan yanında qaçıb fikir vermədiyi bir budağa gözü sataşdı. Bu budaq Cənnətdən çıxmışdı. Budağın üstündə isə parıldayan almalar göz oxşayırdı.
Sol əlini bir ümüdlə atıb almanın birini qopardı...
***
Səhər saatları.
Ailə 9 yaşında Nazlını bütün qorum-qonşudan sorub-soruşdurandan sonra, ümidini üzüb, ən yaxın polis şöbəsinə üz tutdu. Həyətdə axtarış zamanı qapağı yarımçıq qoyulmuş bir yer quyusu polislərin diqqətlərini çəkdi. İçində isə Nazlının şişmiş, cansız bədəni. Əlində isə bir dişlənmiş alma.
Uzun tərəddüddən sonra ailə qızın yuxuda gəzdiyini etiraf etdi və cinayət işi bağlandı.
O hadisədən bir həftə keçmişdi ki, ailəni gecə yarısı bir səs oyatdı. Quyudan uşaq çığırtısı səsi gəlirdi...
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Mədəniyyət naziri Azərbaycanın Aİ ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, mədəniyyət naziri Dövlət Komissiyasının tərkibində təmsil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
"Ulduz"un iyul-avqust sayı çapdan çıxıb
NİGAR ARİFİN ŞEİRLƏRİNDƏN MAYİS HƏSƏNLİNİN RƏSMLƏRİNƏDƏK
"Ulduz" jurnalının iyul-avqust sayı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, oxucular ilk olaraq Nigar Arifin özüylə söhbəti və şeirləri ilə tanış olacaqlar.
"Nəsr" rubrikasında Alpay Azərin "Hörüksüz qızın imtahanları", Məmməd Məmmədlinin "Zülmətdən doğan günəş", Könül Məmmədovanın "Möcüzələr diyarı", Murad Köhnəqalanın "Buğdanın göyə çəkilməsi", Mahir Rəsuloğlunun "Daltonikin etirafı", Vüsal Bağırlının "Köhnə avtomobil" hekayələri, Ayna Əhmədlinin "Ümidlərin yenidən doğulduğu gün-Zəfər günü", Arzu Muradın "Məktub" silsilə esseləri, eləcə də Bakı Dövlət Universitetinin tələbələri arasında keçirilmiş və görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri yer alıb.
"Şeir vaxtı"nda Müşfiq Cəbinin, Firəngiz Sabirqızının, Ceyhunə Mehmanın, Rəşad Abidoğlunun, Qismət Məsimin, Təranə Dəmirin, Yusif Mürsəlin, Zahid Əzizin, Əziz Yaqubzadənin və Nuranə Təbrizin şeirləri təqdim edilir.
Professor Cəlal Məmmədovun hazırladığı "Qısa fikirlər xəzinəsi"ni Nəcib Fazil Qısakürəyin, Somerset Moemin və başqalarının deyimləri bəzəyir.
Taleh Mansurun "Yazı masası"nın budəfəki qonağı şair İbrahim İlyaslıdır.
Professor Məti Osmanoğlunun təqdim etdiyi "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu İppolit Tenin "Mədəni-tarixi məktəb"i və müəllifin Sent-Bövə həsr etdiyi "Sənətdə ideal haqqında" başlıqlı mülahizələridi.
Aytac Sahədin "Sələf-xələf"inin qonaqları "M-Teatr"ın rəhbəri, Xalq artisti Vidadi Həsənov və teatrın aktrisası Oksana Rəsulovadır. İlham Abbasovun "Latın Amerikası ədəbiyyatının şahzadə xanımı" sərlövhəli yazısı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriela Mistralın həyat və yaradıcılığının mühüm məqamlarına işıq tutur.
Tatar ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, tərcüməçi və rejissor Rabit Batullanın "Canından can ver" hekayəsi Məleykə Mirzəlinin tərcüməsində təqdim edilir. Dayandur Sevginin tənqidçi Vaqif Yusifli ilə müsahibəsi xüsusi maraq doğurur.
"Dərgidə kitab"da Əvəz Qurbanlının şeirləri, "Dərgidə sərgi" rubrikasında isə qrafist-rəssam Mayis Həsənlinin əsərləri yer alıb.
Bu cür maraqlı bir jurnaldan zövq almaq fürsətini qaçırmaqmı olar?
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
“Globaltika-2023: Qdınya dünya mədəniyyəti” festivalında Azərbaycan muğamı təbliğ edilib
Polşanın Qdınya şəhərində “Globaltika–2023: Qdınya dünya mədəniyyəti” festivalı təşkil olunub.
AzərTAC xəbər verir ki, iyirmiyə yaxın ölkənin təmsil olunduğu festivalda ilk dəfə olaraq Azərbaycan musiqiçiləri də iştirak ediblər.
Əməkdar artistlər Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadə və BMM-in solisti, nağaraçı Kamran Kərimov festivalda muğam sənətimizi instrumental ifa ilə layiqincə təmsil etməyə nail olublar. Musiqiçilərimiz festivalın açılışında çıxış etməklə yanaşı, musiqi bayramının ilk konsertini də veriblər.
Qeyd edək ki, Qdınya Beynəlxalq Film Mərkəzində birsaatlıq proqramla çıxış edən təmsilçilərimizin performansı böyük maraq və alqışlarla qarşılanıb. Onların repertuarı Azərbaycan muğam və təsnifləri, həmçinin kompozisiyalardan ibarət olub.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Azərbaycanlılardan Yekaterinburqun 300 illiyinə töhfə
Azərbaycan diasporunun ən ləyaqətli övladları harada yaşamalarından asılı olmayaraq Azərbaycan mədəniyyətini təbliğ etməyi ən ümdə vəzifə kimi qarşılarına məqsəd qoyurlar. Belə azərbaycanlılardan biri də Rusiyanın Sverdlovsk vilayətindəki “Azərbaycan – Ural” ictimai milli-mədəniyyət təşkilatına sədrlik edən Şahin Şıxlinskidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avqust ayının 15-17-si tarixlərində Sverdlovsk vilayətinin baş şəhəri olan Yekaterinburqun 300 illiyi təntənə ilə qeyd ediləcək. Bu münasibətlə vilayətdə yaşayan azərbaycanlıların bayram törəninə böyük töhfələr verməsi nəzərdə tutulur. Belə ki, Sverdlovsk vilayətinin qubernatoru Y.V. Kuyvaşevlə Şahin Şıxlinskinin razılaşması əsasında Azərbaycanın iki məşhur mədəniyyət kollektivi – 36 nəfərlik heyyətlə Azərbaycan Respublikasının Dövlət Nəfəsli Alətlər orkestri (bədii rəhbər Azərbaycanın Xalq Artisti Əlibaba Rzayevdir) və 14 nəfərlik heyətlə “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı (bədii rəhbər Azərbaycanın Əməkdar Artisti Aqil Cəfərovdur) Yekaterinburqa gələrək “Kosmos” kinokonsert teatrında, Mayakovski Parkındakı Yay Teatrında, Tarixi Bağda və “Veer Mol” səhnəsində konsertlər verəcəklər. Əlavə olaraq yekaterinburqlulara Azərbaycan təamlarından dadmaq, xalqımızın mətbəx ənənələri ilə də tanış olmaq imkanı yaradılacaq. Eyni zamanda Şahin Şıxlınskinin təşəbbüsü ilə Azərbaycanın ən tanınmış nemətləri oaln və urallıların həddən artıq sevdikləri çay və nar şirələri xüsusi “Yekaterinburq 300” qablaşdırılması ilə istehsal edilərək yubiley günlərində yekaterinburqlular üçün əlçatılan ediləcək. Şahin Şıxlınskinin şəhərin 300 illiyinə daha bir sanballı hədiyəsi isə şəhərin simasını gözəlləşdirəcək art-obyekt olacaq.
Təbii ki, bütün bunların arxasında bir Azərbaycan sevdası, Azərbaycanı tanıtmaq və sevmək dayanır. On minlərlə həmyerlimiz bu diyarda ən müxtəlif işlərdə çalışırlar. Yerlilərdə Azərbaycan mədəniyyətinə, məişətinə sevgi oyatmaq həm də orada yaşayan soydaşlarımıza hörmət və diqqət oyatmaq deməkdir. Və bütün bu fədakar əməyə görə də Şahin Şıxlinskini alqışlamağa dəyər.
Avqust ayında portalımız “Yekaterinburqun 300 illiyinin qeyd edilməsi təntənəsində Azərbaycan izləri” adlı xüsusi buraxılışlarını oxucularına təqdim edəcək.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)