BİRİ İKİSİNDƏ – “Mənim ədəbiyyatım bu üç nəfərlə başlayır” deyən Azər Turanla müsahibə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Yazı masası rubrikası təqdim ediləcək,       Taleh Mansurun  bu günlərdə 60 illik yubileyini qeyd etdiyimiz Azər Turanla müsahibəsi diqqətinizə çatdırılacaq.                             

 

 

"...Atəşkədələr, fırtınalar yavrusu Azər

Coşduqca alеvlər və köpüklər kibi çılğın...

Bəzən bayılıb sərəli bir hеykələ bənzər,

Yorğun gözü həsrətli üfüqlər kibi dalğın.

Bəzən o baqışlar yеnə şimşək kibi parlar,

Qəsvət savuran hiçliyi bir anda yaqarlar".

 

Bu misralar Hüseyn Cavidin "Azər" poemasındandı... Az qala bir əsr öncə yazılıb.  Böyük ədib bu poemanı  qürbətdə – Almaniyada müalicə alarkən yazmağa başlasa da,  vətəndə bitirmişdi. O Cavid  ki,  ziddiyyət və məhrumiyyətləri nəzərə almasaq, işıqlı ömür yolu günəşli məmləkətində başlayıb,  soyuq qürbətlərdə  sona çatmışdı.

Azər Turanla müsahibəyə başqa cür başlaya bilməzdim. Başqa cür başlasaydım,  günah etmiş olardım, yaşadan  ruhlara, yaşayan ürəklərə toxunmuş olardım. Cavid əfəndinin altı misralıq xeyir-duasına sığınıb başlayıram. Bu misralarda təkcə Azər adı keçmir, həm də Azər Turan şəxsiyyətinin cizgiləri, taleyinin müəyyən nəzərəçarpan  və çarpmayan məqamları kodlaşdırılıb. Elə bir fövqəl düşüncəyə, bəsirət gözünə, duyuma-filana malik deyiləm. Cavid əfəndini anlamaq, duymaq elə də çətin deyil, onu görmək istəyəndə görürsən, eşitmək istəyəndə eşidirsən, oxumaq istəyəndə oxuyursan, sevmək istəyəndə... yox, sevmək istəyini duymursan, birbaşa sevirsən, vəssalam!

Adətim belədi, az və çox tanımağımdan asılı olmayaraq, müsahiblərimin yazdıqlarını, yaşadıqlarını müsahibə öncəsi təkrar-təkrar oxuyuram. Əvvəl oxuduqlarım öz yerində, ancaq indi Elnarə xanım Akimovanın  Azər Turanın həyat və yaradıcılığına işıq tutan “Uzun, incə bir yolda” kitabından başlayıram. Bu yerdə Azər Turanın əbədi ədəbiyyat ünvanlı  ömür və yaradıcılıq yolunu nəfəs qədər yaxına gətirən, daha da sevdirib  doğmalaşdıran Elnarə xanıma ruhani təşəkkür etməyi də özümə  borc bilirəm.

  Azər Turanın kitablarını oxumağa, televiziya çıxışlarını izləməyə başlamışdım ki, özümü Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin, Ömər Faiq Nemanzadənin, Məhəmməd Hadinin,  Xəlil Rza Ulutürkün və neçə-neçə vətən, millət təəssübkeşinin  yazdıqlarını, yaşadıqlarını oxuyan, izləyən yerdə tapdım. Dünyanın bu üzündə ürəyimə sevincqarışıq fərəh qondu, o biri üzündə isə  azman ruhlar şad oldu.  Ürəkləri şad etməyə nə var ki, bacarırsan,  ruhları  şad eylə.
Azər Turan: adı əzəli yurd, təxəllüsü əbədi vətən. Azər Turan adını da, təxəllüsünü də göz bəbəyi kimi qoruyub. O  təkcə ad və təxəllüsünün qoruyucusu deyil, onun çiyinləri zaman-zaman  Turan Cavidin cismani və ruhani yükünün ağırlığında bərkiyib. Ürəyi, düşüncəsi  Hüseyn Cavidin, Mişkinaz xanımın, Ərtoğrol Cavidin müqəddəs ruhlarının  ziyasında aydınlanıb. Əli bəy Hüseynzadə kimi bayraq şəxsiyyətin ömür yolunu   yaradıcılığının ən yüksək zirvələrindən birində dalğalandırıb. Saymaqla bitməz ki, nə yazıb, savaba yazılıb, deməsək, günaha batmış olarıq...

Təsadüfi ənənəyə sadiqəm, yenə də müsahibimin cismani yaşı altmışdır. Daha doğrusu, bu günlərdə altmış yaşa qədəm qoyacaq.  Mən   Azər müəllimə bilərəkdən 60 yaşıyla bağlı sual vermədim. Ona görə vermədim ki, onu ulu ruhların həmyaşıdı hesab edirəm, mübaliğəsiz-filan. Uzun sözün qısası, mən ona yaşına bağlı sual vermədim, o da  ürəyinin və düşüncəsinin ən yuxarı köşəsində qərar tutan bir nakam şairdən danışmadı.  “Ölüm süvarisi”   kitabında  abidləşən və abidələşən Faiq İsmayılovu nəzərdə tuturam.  Əslində, Azər müəllim Faiqdən baxışlarıyla,  ürəyiylə və ruhuyla danışdı, sadəcə,  dilə gətirmədi. Olsun, mən onun dilə gətirməyib danışdıqlarını da eşitdim. Əminəm və and içə bilərəm ki, Azər müəllim bu sətirlərə görə məndən yerdən göyəcən razı qalacaq.  Çox uzatmayacam,  Hüseyn Cavidin əzəmətli  misraları ilə  başladığım fikirlərimi  Faiqin İsmayılovun  əbədiyyətə ünvanlanmış cavabsız sual misraları ilə yekunlaşdıracam:


Qaranlıq pəncərəmdə
Qara pərdə kimi –
Nə mənim o üzdən xəbərim var,
nə o üzün məndən.
Divarlar nənəmin ağ kəfəni kimi –
bilmirən çitdəndi, ya bezdən.
Ən yaxın nöqtəyə söykənib
gözlərim dondu.
Bəlkə də, ölmüşəm,
bəlkə də, sondu?..

– Dünyaya professor İmamverdi Əbilovun cismani övladı kimi gəldiniz, Hüseyn Cavidin, Turan Cavidin mənəvi övladı kimi yaşayırsınız... Yeri gəlmişkən, bu məqamda Məmməd Aslanın  Turan xanıma həsr etdiyi “Turan mələyi” essesini xatırladım. Həmin essedə belə bir fikir var: “Çox böyük imkanı ilə Cavid irsinin təbliğində kimsənin bacarmayacağı  köməyi ilə seçilən Azər Turan bütün varlığı ilə Turan mələyinin müqəddəs ruhunun övladı ucalığında!”. Cismani övlad həqiqətində yaşamaq məsuliyyətlidir, ya mənəvi övlad ucalığında?

– Mənim üçün hər iki tərəf ucalıqdır və məsuliyyətdir. Azər də, Turan da həm cismanidən, həm də mənəvidən gəlir. Düşüncələrimin estetikasını İmamverdi Əbilovdan, həyat fəlsəfəmi Turan Caviddən miras almışam.

Məsələ burasındadır ki, mənim xatirələrim də sənədlidir. Hər şey 1969-cu ilin 10 sentyabrında başladı. Həmin gün atamın dostları: Bəxtiyar Vahabzadə, Məsud Əlioğlu və Xudu Məmmədov bizə qonaq gəlmişdilər. Onlar, ümumiyyətlə, bizə tez-tez gəlirdilər. Bir yerdə, ayrı-ayrı. Mən 1969-cu ilin 10 sentyabrını niyə fərqləndirirəm? 6 yaşımın tamam olmağına hələ 6 gün qalıb. İndi evimizdə bir lent yazısı və bir fotoşəkil var. Duman kimi xatırladığım o günün şəkli və səsləri... Atam danışır. Sonra bir-bir Bəxtiyar, Xudu və Məsud. Bəxtiyar Vahabzadə “Bu evdə Şekspirdən tutmuş, Sartra qədər hamı var” - deyir. Xudu Məmmədov “İnsan ziyarətgah yaradan olsa, onu Salyanda da yaradar, Qarabağda da yaradar” - deyir. Məsud Əlioğlu isə “Mən istəyirəm bu ziyarətgahın ən böyük şəхsiyyəti Əli bəy Hüseynzadənin şeirinnən ayrılaq burdan. Bəхtiyarın da ürəyindən olar” – deyib Əli bəy Hüseynzadənin “Hali-Vətən” şeirini öz şaqraq səsiylə sona qədər əzbər söyləyir: “Ucundadır dilimin Həqiqətin böyüyü...” və ardıyca da yenə ürəkdən gələn uca və işıqlı səsiylə “Eşq olsun Hüseyn Cavidə” deyib Şeyx Sənanın monoloquna keçir: “Arkadaşlar, şu parlayan günəşin feyzi birdir cahanda hər kəs için”. 
          Əli bəy Hüseynzadə və Hüseyn Cavid həyatıma bu şəkildə – ilk dəfə Məsud Əlioğlunun  vasitəsilə keçdi.  Sonra həyatda ilk əzbərlədiyim Cavidin bu iki misrası oldu: “Gəldin də niçin pənbə buludlar kimi axdın”. Onda heç bilmirdim pənbə buludlar nədir? Pənbə buludlar kimi axan kimdir, nədir? Bu mənada, mən 1969-cu ilin 10 sentyabrından başlayıram. Onda hələ bilmirdim ki, atam Cavidin “Azər”inə görə mənə Azər adını verib... Məndə Azər olmağımla bağlı 1963-cü ilin sentyabrında Bəxtiyar Vahabzadənin atama ünvanladığı bir məktub var: “Azər böyük azərbaycanlı olsun” yazıb. Sonralar Turan Cavidin istəyi ilə Azər Turan olanda və bu imza ilə ilk dəfə məqaləm dərc olunanda yenə də Bəxtiyar Vahabzadə sırf bu münasibətlə atama bir məktub yazdı: “Azərin Azər Turan olmasını təbrik edirəm. Bu ad onun  boyuna biçilib”.

Uşaq yaşlarımda,  xüsusən qış aylarında gecələr bəzən atamla yatırdım. Onun nəfəsindən gələn alma ətri indi də mənimlədir. Mənə rəsm  kitablarındakı şəkilləri  göstərərdi. İlk dəfə göstərib şərh etdiyi rəsm əsəri Petrov Vodkinin “Qırmızı atla çimən oğlan” tablosu olmuşdu. Atın rəngi niyə qırmızıdır? Oğlan niyə çılpaqdır? Qırmızı atın yüyəni niyə qaradır? Bu oğlan niyə dənizdə atla çimir? Verdiyim sualları da bir-bir cavablandırırdı. Onun yüksək estetik zövqü,  bənzərsiz mütaliəsi vardı. Təfəkkür tərzinə görə indi onu heç kimlə qiyaslandıra bilmirəm. Beləliklə, onun başlatdığı yol məni Əli bəy Hüseynzadəyə və Hüseyn Cavidə hazırladı. Mən isə onların, sadəcə, tədqiqatçısı olmadım. Mən Cavidi də, Əli bəy Hüseynzadəni də ömür kimi yaşadım. Cavidin qızı Turan mənə “Çoban şeyx”, Əli bəy Hüseynzadənin qızı Feyzavər “Yaramaz çocuk” deyə xitab etdilər. Turan Naxçıvana Cavid məqbərəsinə – atasının ziyarətinə sonuncu dəfə mənimlə bir yerdə getdi. Dünyasını dəyişəndə yanında məndən başqa kimsə olmadı. Son sözlərini də mənə deyib ruhunu tapşırdı, gözlərini mən qapadım. Feyzavər də İstanbulda Qaracaəhməd məzarlığında atasının ziyarətinə sonuncu dəfə mənimlə bir yerdə getdi. Hüseynzadənin məzarına səpmək üçün Salyan torpağı aparmışdım. O torpağı ikimiz bir yerdə səpdik Əli bəyin məzarına. Orda çəkilmiş şəklimiz də var. İndi sualınıza necə cavab verim, bilmirəm... Cismani övlad həqiqətiylə mənəvi övlad ucalığı arasındakı sərhədlər mənim həyatımda belə qaynayıb-qarışdı. Bu iki nəfərin ardıyca Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanımın da adını əlavə edə bilərsiniz. Turan Cavid dünyasını dəyişəndə, son anında əlimi möhkəm sıxdı. Çox möhkəm sıxdı. Məhz bu zaman telefon zəng çaldı. Bir əlim Turanın əlində, o biri əlimlə dəstəyi qaldırdım. Ömər Faiqin qızı Bəxtli xanım idi. “Azər əfəndi can, Turan hardadı?” “Turan yatır, Bəxtli xanım”, – dedim. “Yazıq Turan, narahat etmə onu, qoy yatsın. Mən sonra zəng vuraram” deyib dəstəyi asdı. Məhz o anlarda da Turan dünyasını dəyişdi...

 

– Daha çox ali məqsədlər, müqəddəs amallar uğrunda ömrünü fəda etmiş insanların həyatını araşdırıb gün üzünə çıxarmısınız. Bəlli ki, bütün bunlar ürəyinizin, düşüncənizin, ruhunuzun diktəsiylə baş verib. Alber Kamyu "Amal uğrunda ölmək-amala layiq olmağın yeganə yoludur" – deyirdi. Amala layiq olmaq üçün ölməkmi lazımdı?

– Bunu yalnız amal uğrunda ölənlər deyə bilər. Ölənlər isə heç nə demir. Sonradan onlar haqqında danışanlar, onların ömür yolu barədə yazanlar deyir ki, bu insan amal uğrunda öldü. Siz Kamyunun sözlərini xatırlatdınız. Mən daha çox Hadiyə inanıram: “Məfkurə yolunda tökülən qan hədər olmaz”. Gənclik illərimdə çalışdığım rəsmi işimlə əlaqədar 130 nəfərə yaxın şəhidi aparıb valideynlərinə təhvil verən biriyəm. Mən şəhid qanının ətrini bilirəm. Məncə, o ətir behişt ətridir. Mən o ətri Həcc ziyarətim əsnasında Məkkədə, Hira dağındakı məşhur mağaranın divarında da hiss eləmişəm. İkinci Qarabağ savaşında 3000 gəncimiz amal uğrunda şəhid oldu. Onlar öləcəklərini və sonra da qanlarının hədər olmayacağını hardan biləydilər. Onlar isə məhz o amal uğrunda öldülər və yenidən bu dünyaya gəldilər. Quranda Hz. İsanın dilindən deyildiyi kimi: “Doğulduğum gün də, öləcəyim gün də və   diriləcəyim gün də mənə salam olsun”. Bir az da mistik məntiqlə baxın. Tanrı şəhadətindən qabaq Xudayar Yusifzadəyə bir nəğmə oxudur, Əliağa Vahidin nəğməsini. Vahid hardan biləydi ki, yazdığı bu şeir neçə illərdən sonra Vətən savaşının simvollarından birinə  çevriləcək. Vətən belə bir anlayışdır. Ədəbiyyat da Vətən kimidir. Millətin ən çətin günündə Vətən və Ədəbiyyat belə birləşir. Əliağa Vahid İkinci Qarabağ savaşında Xudayarın oxuduğu təsnifin timsalında iştirak etdi. Sonra da Xudayar şəhid olur və o təsnifin mistikası bütün Azərbaycana sirayət edir. İndi Xudayarın səsində o mahnı qutsaldır, deyilmi? Mahnının sözlərinə diqqət yetirin: “Dumanlı dağların başında durdum, / Dumandan özümə bir xeymə qurdum. / Keçdi xəyalımdan öz gözəl yurdum...” Sabah şəhid olacaq bir əsgər oxuyur bunu... Bəlkə də, amal uğrunda ölənlər bunu öncədən duyurlar... Bilmirəm... Amma Xudayarın təsvir etdiyi məkan, dumanlı dağların başında  özünə dumandan qurduğu çadır... Bəlkə,  xəyalından keçən gözəl yurd elə behiştin özüydü....   

 

– 2014-cü ildə işıq üzü görmüş “Əli bəy Hüseynzadə” monoqrafiyanızda Əli bəy Hüseynzadənin bütün hallarda pərdə arxasında qaldığını, pərdənin önündə baş verənlərin, eləcə də türk dünyasının XX yüzilinin Əli bəyin əsəri olduğunu qeyd edirsiniz. Bu fikirdən çıxış edərək, XXI yüzili – türk dünyasının yaxınlaşmaqda olan intibahını kimin əsəri kimi xarakterizə etmək olar?

– Məfkurəsini yaratdığı, bayrağını mənalandırdığı müstəqil Azərbaycan qurulub artıq. Hüseynzadə bu gün pərdənin arxasında olmasa da, buna rəğmən, hələ halal haqqını da almayıb. Paytaxt olmasını təklif etdiyi Bakıda heykəlləşməyib, ev-muzeyi yoxdur və s. Yaxşı xatırlayıram. İnstitutu yenicə bitirmişdim. Kamal Talıbzadənin məsləhəti və səyi ilə Ədəbiyyat İnstitutunun dissertantı oldum və Cavidlə bağlı yazmağa başladım. 1984-cü  ildə,  Kamal müəllimlə ilk söhbətimizdə dediyi bir fikri unutmamışam: “Əli bəy Hüseynzadə nəhəngdir, sovet hökuməti elə nəhəng şəxsiyyəti çuvalda gizlədə bilməyəcək”. Caviddən yazdım və eyni zamanda Əli bəy Hüseynzadədən də ayrılmadım. Bir-birinin ardıyca Cavidlə bağlı üç kitabım nəşr olundu. Nəhayət, ömrümü verdiyim “Cavidnamə”ni qələmə aldım.  Bu kitabın bir hissəsi Əli bəy Hüseynzadənin Cavidə təsiri barədə, Cavidin düşüncə şəcərəsi haqqındadır. Cavidlə bağlı elmi işimi müdafiə etmədən 2008-ci ildə Moskvada “Əli bəy Hüseynzadə” kitabım həm Azərbaycan, həm də rus dillərində hər biri 5000 tirajla nəşr olundu. Kitabın Moskvada təqdimatı keçirildi. Sonra 2014-cü ildə dediyiniz kitab – “Əli bəy Hüseynzadə” Bakıda  nəşr olundu. Sualınıza keçək. Türk birliyi ideyası Əli bəy Hüseynzadəyə aiddir. Bu, birmənalı şəkildə belədir. Biz bu gün də ona istinad etməliyik. Hətta təkcə türk birliyi məsələsində deyil, bütün məsələlərdə. Qarabağ problemində də, erməni məkrinə münasibətimizdə də, Rusiyanın Azərbaycana yönəlik siyasəti barədə düşünəndə də… Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq konsepsiyamızı dövlətimizin altyapısında bərqərar edəndə də. Üçrəngli bayrağımızın elmi təsnifatını verəndə də. Ədəbiyyata, sənətə estetik baxışlarımızda da… Və təkcə sənət və ədəbiyyat deyil, hətta iqtisadiyyatda da. Axı Əli bəy Hüseynzadə 1928-ci ildə Adam Smitin  “Millətlərin sərvəti” əsərini də tərcümə etmişdi.
        

Türk dünyasının ünlü ədiblərinin, alimlərinin, fədailərinin həyat və yaradıcılığına, taleyinə işıq tutmusunuz. Bununla kifayətlənməyib türk dünyasının böyük sərkərdələrinin, deyək ki, əfsanəvi Alp Ər Tonqa  və Ənvər Paşa kimi qəhrəmanların taleyini də qələmin köynəyindən keçirmisiniz. Sizcə, türk ruhunu ayaqda tutan sözün qüdrətidi, ya qılıncın cəngi? Bəlkə, Tanrının qüdrətiylə  vəhdəti-vücud olmuş söz və qılınc ittifaqından qaynaqlanır bu əzəmətli ruh yüksəkliyi?

– Bu, türkün ruh halıdır. Əzizim Taleh Mansur, türk ruhu hər zaman qalibdir.  Gözəl ifadə etdiniz, türk qılıncı ilə türk qələminin vəhdəti-vücudu. Bu, dəqiq təyinat oldu. Mən təkcə ədəbiyyat yazıları yazmıram. Tutaq ki, bizim yerlərin – 2800 illik tarixinə həsr etdiyim “Darülmöminin” kitabım Salyanda, Neftçalada çoxlarının stolüstü kitabıdır. Qafqaz İslam Ordusunun 1918-ci ildə bizim tərəflərdə ermənilərlə apardığı savaşın tarixini və xronikasını da yerli qocaların – şahidlərin dilindən, arxiv sənədlərinə istinad edərək yazmışam. Bu, əslində,  nəyisə yazmaq deyil, tarixin bir hissəsini bərpa etməkdi. 1918-ci ildə həlak olmuş 11 türk şəhidinin məzarının dəqiq yerlərini müəyyənləşdirmişəm. Bunu danışsam, gördüyüm işin mənəvi vüsətinə, az qala, özüm də inanmaram.

 

– Biz inanırıq, elə özünüz də, danışın.

– Nağıl kimi bir söhbətdir. Mən hətta 1918-ci ildə bu yerlərdə qalmış, geri qayıtmamış türk əsgəri Həsən Çavuş deyilən adamın izinə düşdüm. Sonunda məlum oldu ki, burada qalan türk mehmetciyi sonralar adını, soyadını dəyişdirib, Hasan Çavuş Həsən Abdulova çevrilib. Burda evlənib, oğul-qız sahibi olub, Ərzrumlu Hasən Çavuşun, yəni Həsən Abdulovun nəvəsi neftçalalı Həsən Abdullov da Birinci Qarabağ savaşının şəhidlərindən oldu. Onun da nəşini aparıb Qazaxbərəsi kəndində valideynlərinə mən təhvil vermişdim, dəfnində iştirak etmişdim. O  dönəm Türkiyənin Azərbaycandakı səfiri Kadri Ecvet Tezcanla görüşdüm. Neftçaladakı türk şəhidlərinin məzarları barədə məlumat verdim. Kadrı bəy kövrəldi. “Demək ki, dədələrimin gəlib şəhid olduğu torpaqdayam”- dedi. Mən ona burda bir anıt yapılmasının münasib olduğunu söylədim. Yağışlı bir havaydı. Türk şəhidlərini ziyarət etmək istədi. Dedi ki, böylə bir iş olarsa, cümhurbaşkanı Süleyman Dəmirəlin o törənə qatılmasını təmin edərəm. Sonra Kadri Ecvet Tezcan bəy başqa ölkəyə səfir təyin edildi. Amma məsələ artıq gündəmə gətirilmişdi. Bu barədə çoxlu televiziya verilişlərində danışdım. Ən təsirli və effektiv verilişlərdən birini 1998-ci ilin sentyabrında İstiqlal dövrümüzün çox dəyərli tədqiqatçısı rəhmətlik Хanlar Bayramlı hazırladı, veriliş elə həmin il sentyabrın 16-da AzTv-də yayınlandı. Digəri isə rejissor rəhmətlik Rövşən Almuradlının yaratdığı film kimi bir veriliş idi. O da televiziyada 1998-ci ilin 17 sentyabrında göstərilmişdi. Yəqin ki,  hər iki veriliş AzTv-nin arxivində qalır. Bu verilişlərin əks-sədası böyük oldu. Xanlar Bayramlı ilə əlavə olaraq Azərbaycan radiosunda bu mövzuda beş silsilə söhbətimiz də  oldu. Sonralar “Kürün sahilində soyqırım” sənədli filminin ssenarisini yazdım. Film Ans TV-də yayımlandı. Türk  şəhidlərinin məzarı üzərində abidə  qoyulması mənim  idealım idi. Bir iş adamını bu işə cəlb edə bildim. İşə dəstək olacağına söz verdi. Cüzi hərəkət yarandı. 1999-cu il martın 22-də abidənin təməli qoyuldu. İlk daşı da ora mən qoydum. Amma təəssüf ki,  bu iş də yarımçıq qaldı. O zaman Alqış Həsənoğlu məni “Yeni Azərbaycan” qəzetinə humanitar şöbənin müdiri və “Ədəbiyyat” əlavəsinə məsul redaktor təyin etmişdi. Qəzetdə də bu barədə “Gülü gülşən edənlər” adlı silsilə yazılarım dərc olundu. Hər verilişdən, hər məqalədən sonra Türkiyə səfirliyindən məni arayırdılar. Nəhayət, türk iş adamları gəlib o yerdə möhtəşəm bir abidə - anıt ucaltdı. Və həmin abidənin açılışında mənim “Qafqaz İslam Ordusu Neftçalada” kitabımın təkrar nəşri tədbir iştirakçılarına paylandı.

Alp Ər Tonqa mövzusuna gəlincə. Alp Ər Tonqa barədə ayrıca bir araşdırma kitabını nəinki bizdə, heç Türkiyədə də heç kəs yazmamışdı. Təvazökarlıqdan kənar olsa da, deyim, mənim yazdığım “Alp Ər Tonqa” bu sahədə bir ilkdir.

 

– “Xalid Səid Xocayev” kitabınız da bir ilkdir.

– Bəli, o da bir ilkdir. Xalid Səid Xocayev barədə ilk kitabın müəllifi mənəm. Şükür ki, mənim ardıcıl yazılarımın nəticəsində 1937-ci ildən sonra itirilmiş əlyazma – Xalid Səid Xocayevin  tərcüməsində “Divani-Lüğət-it-türk” tapıldı və indi Dilçilik İnstitutunda nəşrə hazırlanır.

 

– Fevral ayında "Atam, anam, qardaşım, mən və Stalin" dramınız əsasında hazırlanmış eyniadlı tamaşanı izlədim. Bilərəkdən zalda  gözdən, belə demək mümkünsə, bir az da yad könüllərdən uzaq bir yerdə əyləşmişdim. Bilirdim ki,  tamaşanın necə alınmasından asılı olmayaraq,  göz yaşlarıma hakim ola bilməyəcəyəm. Gözlədiyim kimi də oldu və nə qədər qəribə səslənsə də, ilk dəfəydi ki, göz yaşlarıma görə sevindim. Bir də ona görə sevindim ki, o qədər ağrı-acının,  ölüm-itimin içində nə Hüseyn Cavid öldü, nə Mişkinaz xanım, nə Ərtoğrol, nə də Turan xanım. Eynən xatirimizdəki kimi diri və canlı qaldılar. Əminəm ki, siz də eyni hissləri keçirdiniz, türlü duyğulara qərq oldunuz, nəhayət, müəllif olduğunuzu unutdunuz. Bəs sizi tamaşaçı kimi ən çox kədərləndirən və sevindirən nə oldu?

– Bu sualın cavabına bir haşiyə ilə başlamaq istəyirəm. “Cavidnamə”ni yazdım, kitabı nəşrə göndərəndə qəribə hisslər keçirdim. Kitab həyatım boyu bir yerdə olduğum Cavidlə ayrılışım təsiri bağışlayırdı mənə. Bu kitab ömür kimi bir hadisəydi. O ömürdən Turan Cavid keçmişdi. Sonra Cavidlə bağlı elmi işin müdafiəsi. Sonra boşluq. Cavidlə yaradıcılıq irtibatımın tamamlandığını zənn edirdim. Tamamlanmayıbmış. Hüseyn Cavidin bütün əsərlərinin Türkiyədə ilk nəşrini hazırlamaq da mənim taleyimdəymiş.

 

Bu da bir ilk...

– Bəli, Cavidin ilk Türkiyə nəşri. Amma mən başqa mətləb barədə danışmaq istəyirəm. İlk Türkiyə nəşrinin – min səhifəlik kitabın mətbəəyə göndəriləcəyi gün İstanbulaydım. Gecə oteldə yatmışdım və Cavid yuxuma gəldi. Qara kostyum geyinmişdi.  Mənə bir sual verdi. Dedi: “Sən elə bilirsən Çingiz Atilladan əvvəldi?” Bunu deyib susdu. Təəccüblə üzünə baxdım. “Çingiz Attiladan sonradır” deyib getdi. Yuxudan oyandım. Gecəydi. Səhərə qədər İstanbulun Laləli səmtini gəzdim. Duyğularımı bölüşəcəyim adam – Turan Cavid dünyada yox idi. Dediyiniz tamaşadan sonra da eyni hissləri yaşadım. Sevincqarışıq kədər... Daha çox isə kədər...

Bir TV layihəsi var “Belə-belə işlər” adlanır. O verilişdə Cavidlə bağlı  danışdım. Baxış sayı yüz minlərlə oldu. Verilişdən sonra Amerikadan zəng oldu. Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru idi. Verilişə baxmışdı. Bakıya gəldi. Məni aradı. Redaksiyada görüşdük. Çox doğma söhbətimiz oldu. Vaşinqtondakı Amerika-Azərbaycan ticarət palatasının binasına Cavidin barelyefini vurmaq ideyası yarandığını dedi. Onlara Cavidlə bağlı, özü də Amerika kontekstində fakt lazım idi. Cavid haqqında 1937-ci ildən sonra və bəraətə qədər ilk araşdırmanın Vaşinqtonda azərbaycanlı siyasi mühacir Mustafa Haqqı Türkəqul tərəfindən yazıldığını dedim. Sonra həmin barelyefin Vaşinqtonda açılışı oldu. Demirəm ki, bu, həmin verlişlərdəki çıxışımın təsiri ilə oldu, amma o barelyefin yaranmasında həmin çıxışın müəyyən rolu olmamış deyildi. Gördüyünüz kimi, mən Caviddən ayrıla bilmədim. Allah buna imkan vermədi. İstanbulda və Avropanın müxtəlif şəhərlərində Cavidə həsr olunmuş tədbirlərə, konfranslara dəvət olunmağım da mənim Cavidlə bağlı davam edən tale missiyamdı.
        

– Araşdırmaçı kimi əbədi və ədəbi yaşam hüququ qazanmış dühalardan yazdınız. Yazmaqla kifayətlənmədiniz,  yazdıqlarınızı yaşadınız. Yaşadıqlarınız həm də taleyinizə çevrildi. Artıq on ilə yaxındır ki, "Ədəbiyyat qəzeti"nin baş redaktorusunuz. Sanki həyat missiyanızın ikinci dönəmini yaşayırsınız. Publisistik fəaliyyətinizi yaradıcılığınızın ilk dönəmlərinə təsadüf edən ruhsal missiyanın davamı hesab etmək olarmı?

– Bilmirəm, “Ədəbiyyat qəzeti” həyatımın neçənci dönəmidir... Amma bunu dəqiq bilirəm ki, məni başqa şəkildə təsəvvür edənlər çox yanılır. Yazdıqlarım, təbii ki,  yaşadıqlarımdır, yaxud əksinə, yaşadıqlarımı yazıram. Bu, mənim həyat tərzimdir. Hüseyn Caviddən necə yazmışamsa, tutaq ki, Şuşanın ilk fatehi orgeneral Cəmil Cahid Toydəmirdən də elə sevgiylə yazmışam. Sizə bir söz deyim, siz də buna inanın. Şuşa zəfərinə jurnalist gözüylə baxanların sevincini anlamaqda çətinlik çəkirəm. Şuşanı yazmaq deyil, yaşamaq lazım idi. Özü də zəfərdən sonra deyil, 30 il sərasər yaşamaq lazım idi. Gecə-gündüz, hətta yuxuda da.
          Məndə bir xarıbülbül süveniri var. Onu mənə iyirmi il əvvəl Turan Cavid bağışlayıb. Qarabağlı deyiləm. Amma iyirmi ildir ki, o süvenir yazı masamın üstündədir. 20 ildir yazılarımı o xarıbülbül simvolunun işığında yazıram. “Qarabağlı deyiləm” sözlərimə xəfif bir aydınlıq gətirmək istəyirəm. Əli bəy Hüseynzadənin 150 illik yubiley tədbiri, yəni Prezident sərəncamı ilə keçirilən yubiley tədbirlərinin yekunu,  salyanlıların istəyinə görə, onun doğma yurdunda – Salyanda keçirilirdi. Respublikanın bütün ədəbi-elmi ictimaiyyəti ordaydı. Türkiyədən də qonaqlar gəlmişdi. Əsas məruzələrdən birini akademik İsa Həbibbəyli, birini də mən etdim. Məruzəmin sonunda Tanrıdan bir təmənnamı dilə gətirdim. Dedim ki, beş ildən sonra Əli bəy Hüseynzadənin ən yaxın dostu Əhməd Ağaoğlunun da 150 yaşı tamam olacaq. Necə ki Ə.Hüseynzadənin yubileyini doğma Salyanda qeyd edirik, Tanrı nəsib etsin, Ağaoğlunun da 150 yaşını onun doğulduğu Şuşada qeyd edək. Dediyim sözlər özümü də kövrəltdi. Salona baxdım, qarabağlılar – Aqil Abbas da, Rəşad Məcid də, hərbi həkim Bəhruz Səfərəliyev də ordaydılar. Rəşad Məcid bu sözdən çox təsirlənmişdi, kövrəlmişdi. Sonra möcüzə baş verdi. Allah nəsib etdi, düz beş ildən sonra, yəni böyük zəfərimizdən sonra Şuşada keçirilən ilk Vaqif Poeziya günləri çərçivəsində ilk elmi simpoziumda çıxış etdim və bu epizodu, Salyanda Əli bəy Hüseynzədənin yubileyində dediyim sözləri xatırlatdım.

 

– Yuxarıda qəzeti həyatınızın sanki ikinci dönəmi adlandırdım. Amma belə görürəm ki, dönəmlər çoxdur.

– Hə. Çoxdur, hətta qatbaqatdır. Tutaq ki, yazdıqlarımı yaşamışam deyirəmsə, siz mənim səmimiyyətimə inanın. Bayaq dedim, Turan Cavid dünyasını dəyişəndə yanındaydım. Bunu indi bütün Azərbaycan bilir. Ömər Faiqin qızı Bəxtli xanım tək yaşayırdı. Dünyasını dəyişəndə onun telefon kitabçasına baxıblar, ilk yazılmış  ad mənim adım  olduğuna görə mənim nömrəmi yığıblar. Yeri gəlmişkən, bu iki nəfərlə bağlı  bir böyük təsəllim də var. Cavidin yubileyi ərəfəsində Prezident Heydər Əliyevin sərəncamı ilə sənədli film çəkilirdi. Rejissoru Şamil Nəcəfzadəydi. Ssenarisini mən yazmışdım. O zaman Turanı böyük çətinliklə razı saldım ki,  filmdə yalnız o danışsın. Film boyu təkcə Turan danışdı. Bir də Lider TV-də  rejissor Akif Arifoğlu mənim ssenarimlə “İşığımız sönməyəcək” adlı bir televiziya filmi çəkdi. Orda da əsasən, Bəxtli xanım danışdı və bu, Bəxtli Nemanzadənin dünyamızda qalan yeganə canlı görüntüsü oldu.   

 – Yaradıclığınızın ilk dönəmlərində, hələ “İrfan çobanı” kitabının  işıq üzü gördüyü zamanlarda sizə atılan iftiraları nəzərdə tuturam, sanki ruhunuza çökmüş Turan məfkurəsinə, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə sevgisinə qısqanclıqla yanaşıblar. Sizə elə gəlmirmi ki, bütün bunlar təkcə şəxsinizə qarşı yox, həm də sevdasına tutulduqlarınıza görə idi?

 – Əlbəttə. Amma mən bu barədə heç danışmaq istəmirəm. Cavid deyirdi: “Hər qaranlıqda çırpınır bir nur, Hər həqiqətdə bir xəyal uyuyur”.  

O xoş olmayan, o bədbin söhbətlərin sıxıntısından məni bir gün Mehdi Bəyazid xilas elədi. Ölümündən qabaq mənə bilmədiyim çox şeyləri anlatdı. Son görüşümüzdə mənə bir əlyazma verdi. “Sənin haqqında bunu yazmalıydım” – dedi. “İstəsən, çap etdir, istəsən, yandır. Məndən yazmaq idi. Yazıb rahatlandım” – dedi. Bu, bizim Mehdi ilə son görüşümüz oldu. Mən onu nə çap etdirdim, nə də yandırdım. Mehdinin həmin bir kitablıq əlyazısını arxivimdə saxlayıram. Təbiətimə uyğun olmasa da, o əlyazmadan bir pasajı burda xatırlatmaq istəyirəm. Mehdi Bəyazid yazırdı: “Onun ballı-pətəkli üslubuna, şərqlə qərbi, şimalla cənubu bir cümlədə qəfil improvizasiya edən cümlələrinə dodaq büzənlər, sanki əsrlərin dərinliyindən gələn uzun zindan siqlətli milli kədərinin mahiyyətinə vara bilmədən üzdən şütüyüb keçərək öz manqurt təfəkkürlərini dözülməz gülünclüklə faş edirlər və vaxtaşırı mənə də tənə oxu atırlar: “Muzey qoxusu gəlir sizin bu Azər Turandan, orta əsrlərdə qalıb. Anoxronizmdir!” – “Bəli, anoxronizmdir, – deyirəm, – amma sizin düşündüyünüz kimi yox, ən azı təyyarədə gəzən Roma papası kimi anoxronizmdir”. Əslində isə,  Azər Turan bu rəzalət maskaradının səbəbini hamıdan gözəl bilir və onun sərçeşməsinin hardan baş alıb gəldiyini cərrah tişəsində yarıb göstərir: “Vahid Turan məfkurəsi olmayınca mədəniyyətin coğrafiyaya təsiri baş verməyəcək”.

“İrfan çobanı”nı xatırlatdınız. Mənim  üçün o kitaba Xalq yazıçısı Anarın ön söz yazması ayrıca önəm kəsb edirdi. Sonralar Anar "İrfan çobanı"na yazdığı ön sözü özünün “LİK Azerbaydjana” kitabına daxil etmək üçün rus dilinə tərcümə etmək əvəzinə, "Türk düşüncəsi" adlandırdığı həmin yazıdan yola çıxaraq “Yaşamaq haqqı” traktatını yaratdı. 

 

– İş otağınızda Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin portretləri yanaşı asılıb. Əminəm ki, ürəyinizin ən ali köşəsində də bu üç şəxsiyyətin xatirəsi, sevgisi qərar tutmaqdadır...

– Mənim ədəbiyyatım bu üç nəfərlə başlayır…

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.