Super User
İrlandiyanın “Rhythm of the Dance” qrupu yenidən Bakıda çıxış edəcək
Oktyabrın 15-də Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın əfsanəvi “Rhythm of the Dance” qrupu çıxış edəcək.
Bu dəfə tamaşaçıları orijinal kelt melodiyaları, möhtəşəm İrlandiya stepi, canlı musiqi və solistlərin heyranedici ifalarından ibarət sehrli bir performans gözləyir. İnanılmaz hərəkət enerjisi, dəqiqlik və sinxronluq, xalq elementlərinin böyük şəhərin müasir ritmləri ilə birləşməsi - bütün bunlar “Rhythm of the Dance” qrupunu dünyada daha da məşhurlaşdırır.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Sözün gücü” – HEKAYƏ
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
-Deməli,gedirsən...
-Bəli, gedirəm.
-Yuxumu qarışdırmışam, bəlkə bu gün çölə çıxmayasan...
-Yaxşı da...Sənin bu yuxuların necə də həyatımızın bir parçasına çevrilib.
-Yaxşı, incimə. Burnunu sallama...Balaca qızcığaza bənzəyirsən...Elə bil gəlinciyinin donunu çirkləndirmişəm. Sən də qaçıb anana şikayət edəcəksən...Ağlama, qızcığaz...
-Guya ki, hirsimi soyutdun?Qəlbim Antraktika buzları kimi donub. Bundan sonra Günəş olsan belə, qəlbimdəki buzları əritməyə gücün çatmaz.
-Yaxşı da, yenə başlama yazarlığa. Bilirsən axı, mən riyaziyyat müəllimiyəm, dəqiqliyi sevirəm.
-Gözüm aydın, Riyaziyyat müəllimi...
-Yazar xanım...
-Buyur riyaziyyat müəllimi...
-Dəyərli filoloq, səninlə mübahisə etməyəcəm, gecikirəm. Bir də, kim deyir ki, riyaziyyatçılar romantik olmur...Hipotenuz termini eşitmisən? Bax bu termin Pifaqorun həyat yoldaşının
adından götürülüb.Elə bilirsən, yenə zarafat edirəm? Hipotenuz Pifaqorun yeganə və əziz həyat yoldaşı Hipratranuzun adından götrülüb. Bax, sənə yaxşı mövzu verdim. Yaz öz təxəyyülünə uyğun...
-Kamil!
-Nədir?
-Xahiş edirəm, getmə.
-Yazar xanım, indi də yuxular bizi idarə etsin..
-Bilirsən ki, yuxularım düz çıxır.
-Başlama da...
-Ümumiyyətlə...
-Dayan, sən Allah, dayan. Sən ki "ümumiyyətlə" sözü ilə başladınsa, yazar xanım, deməli, məsələ uzundur. Gecikirəm axı...
-Sözümü kəsirsən, Kamil?Artıq sənin üçün Günəşdən bir nöqtəyə qədər kiçildim. Bəs sənin üçün sonsuz məhəbbət idim, sevgin də tükənməzdi...
-Ay Allah, mənim qıçım qırılardı kaş...Həmin gün niyə axı Filologiya fakültəsi olan mərtəbəyə qalxdım ki...
-Hə...Kamil...Əminsən...
-Yazar xanım...O gün...
-Bəli, riyaziyyat müəllimi, o gün nə...?
-O gün elə gözəl görünürdün ki...
-Necə idim, Kamil?
-Riyaziyyat müəllimi kimi deyimmi? Amma,söz ver, axıra kimi susacaqsan.
-Söz verirəm Kamil.
-Bax söz verdin ha...Başlayıram:O gün elə gözəl, elə məftunedici görünürdün ki, lap gözlərin Ser İsaak Nyutonun cazibə qüvvəsini izah edən almasına bənzəyirdi... Söz vermisən sus.. .Gözünü bərəltmə, ortahəcmli alma, yaxşıdımı? Sus davam edirəm... Alma gözlərindən ildırımlı baxışlar süzülürdü. Bilirsən də, planetimizdə hər dəqiqə beş yüzdən çox ildırım çaxır. İldırım çaxarkən radio, televizor, computer və mobil telefonlardan istifadə etmək olmaz.Şimşəyin bir dəfə çaxması zamanı Amerika Birləşmiş Ştatlarındakı elektrik stansiyalarından daha çox elektrik hasil edilir.
-Kamil, elə bil mənim xarici portretimi çəkirdin axı..
-Üzrlü say, yazar xanım, özümü bir anlıq sinif otağında hiss etdim.
-Dəhşətsən e, Kamil, gözünün qabağında ola-ola
məni unudursan.
-Yazar xanım, unudulmaqdan qorxursan ha.... Birdən başıma qəza gəlsə, səni unutsam... Nə edərsən?
-Sevinərəm.
-Niyə?
-Çünki...çünki...
-Söz tapmırsan? Niyə susdun, yazar xanım? Sən ki sözə aşiqsən. Nə əcəb dilin tutuldu... Sən ki sözün təsir gücünə bələdsən. Ədəbiyyat söz sənətidir.Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Məhəmməd Füzuli!
-Afərin, Kamil! Dahi qəzəl ustadımız Məhəmməd Füzulinin "Söz" qəzəlindən məqtə beyti söylədin. Etdiyin bütün günahlarından keçməyimi istəyirsənmi?
-Əlbəttə, yazar xanım.
-O zaman bu məqtə beytin açılışını təhlil et.
-Yazar xanım, Kosinuslar teoremini izah edə bilərsiniz?
-Kamil, məni duelə çağırma. Beytin təhlilin söyləyəcəksən?
-Əzizim, bu beytin açlışı belədir: Sözün hörmətli, dəyərli olmasını istəyirsənsə, miqdarını az et, çox danışmaq insanı hörmətdən salar.Hə düzdümü, yazar xanım? Nədir, yenə gözün bərəldi, sənin gözün bərələndə alma yadıma düşür... Niyə qeyri-adi bir şey eşitdin kimi donmusan... Sən riyaziyyatı sevməsən də, mən Ədəbiyyatı sevirəm. Səni də ədəbiyyatla bir yerdə sevirəm.
-Kamil, bütün günahlarından keçirəm.
-Yaxşı, yazar xanım, de görüm, bu dəfə də yuxunda məni ölü görmüşdün? Əgər günahlarımdan keçmisənsə, rahat ölə bilərəm... Sağ ol, gecikdirdin məni, indi rahat ol.
***
Kamili ötürüb qapını bağladım. Nədənsə, ürəyimdə bir sıxıntı var idi. Kamil hər dəfə şeir deyən deyildi axı...Həm də beytin mənasını tam da açdı. Amma mənə nə dedi, o kosinuslar nəyi..? Heç adın da yadımda saxlaya bilmədim.
Hava küləkli idi. Payızın gücü hiss olunurdu. Ağaclar dəbdə olacaq sarı donunu geyinməyə hazırlaşırdı. Hələ otlar da qonşudan qalma dala prinsipini rəhbər tutaraq sarı donlarını geyinməyə tələsirdilər. Lap Bakının mərkəzi küçələrindəki sarı rəng dəb olduqda geyinilən sarı donlar, ayaqqabılar, aksesuarlar yadıma düşdü. Elələri də var idi ki, əl dırnaqlarından tutmuş ayaq dırnaqlarına kimi sarı rəngdən istifadə edirdilər. Üstəgəl, saç üçün də sarı aksesuardan istifadə edirdilər. Deyim ki, heç xoş görünmürdü. Mən əsla bürünməzdim başdan ayağa sarı rəngə...
Külək güclənirdi.Yağış da yağmağa başladı. İkinci mərtəbədə yaşayırıq. Eyvana yağışla salamlaşmaq və toxunmaq üçün tələsdim.Yağışı çox sevirəm axı... Məni qınayan olmasaydı, yağışın lap gur yağan vaxtında saatlarla gözümü yumub altında dayanardım. Hiss edərdim ki, yağış bütün neqativ düşüncələrimi yuyub aparıb. Bəzən də yağışı buludların yerə qovuşma - vüsala çatması anı kimi canlandırırdım. Amma suyun kiçik və böyük dövranı yadıma düşəndə bu vüsalın tez bitməsini düşünərdim.
Of! Bu ayrılıqlar olmaya da...
Birdən üçüncü mərtəbədə yaşayan qonşum:-Ay qız keç içəri xəstələnəcəksən, - qışqırdı...
Lap utandım. O qədər öz daxilimdə danışırdım ki, ətrafı görmürdüm. Tez içəri qaçdım. Amma bu inadkar oğlaq bürcü olan yazar xanım yağışdan doymamış içəri keçməzdi ki.. .Qonşu içəri keçən kimi mən təzədən eyvana çıxdım. Külək də öz sözünü deyirdi. Ağacların budaqları yağışdan və küləkdən titrəyirdi. Lap qəzəbindən ağlayan və kükrəyən adamları xatırladırdı.
Birdən külək bir yarpağı düz üzümə çırpdı.Yarpaq üzümdən sürüşüb sol tərəfə, düz ürəyimin üstünə düşdü...Həmin an ürəyim sürətlə çırpınmağa başladı. Nə oldu axı mənə... Dilimdən Kamil kəlməsi qopdu. İçəri keçib əlimi telefona atdım. Kamilə zəng vurmaq istədim ki, telefonun enerjisi bitdi və söndü. Özümü qınadım, bayaq görmüşdüm axı telefon sönmək üzrədir...Niyə enerji ilə doldurmaq üçün cərəyana qoşmadım? Telefonun bir az enerji yığması üçün gözləməli idim. Təzədən eyvana çıxdım. Bayaqkı yarpaq isə ovucumda qalmışdı. Bir üzü yaşıl, bir üzü isə rəngini itirmişdi sanki... Düşünürdüm payızın firçası belə boyayıb. Axı bu rəssam soldurmağı sevir.
Birdən külək ovucumun içindən yarpağı aldı. Uzaqlara uçurtdu... Gözlərim isə onun arxasınca baxa-baxa qaldı. Sanki dəyərli bir şey əlimdən çıxmışdı.
Bu nə hissdir axı... Kamil düz deyirdi. Bu yuxular axrıma çıxacaq.
İçəri keçib telefonu açdım. Tez Kamilin nömrəsinə zəng vurdum. Telefon çağırırdı, amma Kamil cavab vermirdi. Həyəcanım artırdı... Özümə yer tapa bilmirdim. Ağlıma min fikir gəlirdi. Özümü gücsüz və aciz hiss edirdim. Yıxılan və kiminsə onu qaldırmasını gözləyən uşaq kimi kövrəlmişdim. Kamil, axı dedim getmə... Niyə mənə qulaq asmadın sən... Sonra Kamili qınamağa başladım. Düşündüm ki, bəlkə, mənə acığı tutub telefonuma zəng çatmayıb, o da mənə dərs vermək üçün telefona cavab vermir. Əslində haqqı da var. Mən niyə belə diqqətsizlik etdim ki...
İlahi, beynimə elə bil işgəncələr verirdilər. Ancaq pis hadisələr haqqında düşünməli idi.
Hələ o yarpağı da düşünürdüm. Bu nə yarpağa bağlılıq idi... Nə olmuşdu mənə, bilmirdim... Sinəmə ağırlıq çökmüşdü, boğulurdum. Elə bil, əlimi-qolumu bağlayıb üstümü torpaqlamışdılar. Qışqırtımı isə heç kəs eşitmirdi. Çünki ətrafdakılar hamısı eşitmə əngəli olanlar idi. Mən isə ümidsiz halda var gücümlə qışqırırdım.
Bu an telefonuma zəng gəldi. Tələsik sıçrayıb telefona cavab verdim... Amma zəng vuran Kamil deyildi, bir qız idi. O: "bu telefonun sahibi nəyinizdir"- soruşdu? Artıq bu sualdan sonra dizlərim taqətdən düşdü, yerə çökdüm. Gözlərim bir qara boya görürdü... Qəlbim isə döyünməkdən imtina etmiş kimiydi...
Özümü toparlayıb: " Kamilə nə olub soruşdum." Qulağım tutulmuşdu elə bil... Anladım ki, Kamil zəncirvari avtomobil qəzasında xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə əməliyyata alınıb. Xəstəxananın ünvanını öyrənib cəld ora qaçdım.
***
Kamili düz bir həftə reanimasiyada saxladılar. Onu görmək üçün nə desələr, edərdim, amma icazə vermədilər. Ax! Kamil ax... Bu bir həftə mənə o qədər uzun gəldi ki... Sanki işgəncə kameralarında əziyyət çəkirdim.
Nəhayət, Kamili palataya köçürdülər və mən onu görmək üçün ora atıldım.
"Kamil, Kamil"- deyə səsləndim. Kamil isə susqun baxışlarla mənə baxdı. Heç vaxt onun baxışlarında bu soyuqluğu görməmişdim.
Düşündüm ki, yəqin ağrıdandı... Zəncirvari qəzada onun günahı olmasa da, bir az onunla mübahisə etmək istədim. Axı çox darıxmışdım onun üçün...
-Kamil-riyaziyyat müəllimi! Getdiyin yolun sürətini hesablaya bildinmi? Düstur yadından çıxmamışdı ki...Yadına salım? Nə olsun ədəbiyyatçıyam. Sürəti tapmaq üçün gedilən yolu zamana bölürlər.
Kamil isə reaksiya vermədi... Sanki ayrı bir dünyaya düşmüsdü.
-Kamil niyə susursan danış da bir kəlmə- söylədim.
-Sən kimsən? - Kamil dilləndi.
Elə bildim zarafat edir.
-Yazar xanımı tanımırsan, riyaziyyat müəllimi?
Kamil: "Sizi tanımıram"- söylədi.
Yenə inanmadım.
-Kamil, sənə görə nə qədər həyəcan keçirtmişəm bir bilsən- söylədim.
O, həqiqətən, yaddaşını itirmişdi.
Həkim məni çölə çıxarıb sakitləşdirdi.
-Ola bilər ki, yaddaşını tez bərpa etsin- söylədi.
Amma Kamilə həyəcan, gərginlik olmazdı. Bu zaman onun vəziyyəti daha da pisləşə bilərdi...
İnsanın sevdiyi yaddaşını itirəndə necə də dəhşət olurmuş. Mən var idim, amma onun üçün yox idim.
Yox ikən var, var ikən yox...
Bir müddətdən sonra Kamili evə yazdılar. Ümid edirdim ki, isti yuvamızı görsə, bəlkə də, xatırlayacaq... Amma bu arzu olaraq qaldı...
Beləcə bir həftə keçdi... Sonra həftələr ay oldu...
***
Kamilin qəzaya düşməsindən düz bir il ötürdü...O günə nifrət edirdim. Qəzəlin məqtə beytini oxudu və...
Kamil evə qapanmışdı. Təsadüf hava almaq üçün həyətə düşürdü. Mən isə artıq ruhunu itirmiş cism idim. Yaxşı ki, evdə uşaqlara Ədəbiyyatdan dərs verirdim. Olmasa, lap psixikam pozulacaqdı. Ədəbiyyatla güc tapırdım.
Kamil yanımda idi, amma toxuna biImirdim. İstədiyim qədər söhbət edə bilmirdim. Aramızda şəffaf buzdan divar çəkilmişdi. Hər tərəf buz idi... Çox soyuq idi... Bəlkə də, göydəki ulduzların sayı qədər.
Bir sualı özümə verirdim: Kamil məni bir də xatırlayacaqmı?
...Adəti üzrə Kamil axşam həyətə düşərdi. Mən də dərslərimi qonsu usaqları olduğu üçün axşama salardım. Bu gün dahi qəzəl ustadı Məhəmməd Füzulinin " Söz " qəzəli haqqında şagirdlərimə danışacaqdım. Bu qəzəli çox sevirdim. Kamil bu qəzəldən son beyti deyən andan elə bil ki, bu qəzələ sevgim daha da artmışdı. Qəzəldə şagirdlərə sözün məna qüdrətindən söz açıldığını söylədim. Şairin ədəbi-ictimai fikirlərindən, hər bir insanın sözə dəyər verməsinin zəruriliyindən söz açdım. Başlıca ideyanın hər danışan adamın nitqinə məsuliyyətli yanaşması və mənalı söz seçməsindən ibarət olduğundan bəhs etdim. Bir-bir beytləri açaraq izah edirdim. Son məqtə beytə gələndə Kamilin bu beyti söylədiyi an yadıma düşdü...
Nitqim qurudu... Danışa bilmədim... Göz yaşlarım süzülməyə başladı. O anda isə sanki möcüzə baş verdi. Kamil yenə əvvəlki kimi :
-Gər çox istərsən, Füzuli izzətin az et sözü,Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.Məhəmməd Füzuli, - söylədi.
Bəli, qəzəlin məqtə beyti həyatımdakı xoşbəxtliyə başlanğıc verdi, riyaziyyat müəllimi artıq öz yazar xanımını xatırlamışdı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Bu gün “Yuğ” Teatrı Qazaxıstanda festivalda çıxış edəcək
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti Qazaxıstanda keçirilən "Biken" Beynəlxalq Teatr Festivalında iştirak edir.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı teatra istinadən məlumat verir.
Məlumata görə, festival çərçivəsində sənət ocağının yaradıcı heyəti C.Məmmədquluzadənin əsəri əsasında hazırlanmış "Toy dəsgahı" tamaşasını bu gün - oktyabrın 3-də Rimovoy adına Taldıkorqan Dram Teatrında nümayiş etdirəcək.
Quruluşçu rejissoru Günay Səttar olan "Toy dəsgahı" tamaşasında aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Nigar Mürsəlova iştirak edirlər.
Qeyd edək ki, festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar keçirilir.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Azərbaycan ədəbiyyatından bir neçə il əvvəl Qurban Səidin “Əli və Nino” əsərini oxudum…”
UELSİN ƏN YAXŞI YAZIÇISININ PORTALIMIZA MÜSAHİBƏSİ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Uelsdə İlin Kitabı Mükafatı qalibi, əsərləri 25-dən çox dilə tərcümə edilmiş, kitabları dəfələrlə "The Guardian" və "The Times" tərəfindən ilin ən yaxşı uşaq kitablarından biri adlanmış Sophie Andersondan internet üzərindən aldığım müsahibəni diqqətinizə çatdırıram.
-Özünüz haqda azərbaycanlı oxuculara məlumat verərdiniz. Yazmağa nə vaxt başladınız və bu istedadı necə kəşf etdiniz?
-Mən Cənubi Uelsdə anadan olmuşam və ən çox sevdiyim uşaqlıq xatirələrimə Prussiyalı nənəm və onun vətənindən mənə danışdığı hekayələr daxildir. Öz övladlarım olanda onlarla bölüşmək üçün bu nağıllardan bəzilərini yazmağa başladım və hekayəçilik sənətində böyük sevinc hiss etdim. Beləliklə, yazmağa davam etdim, sənətimi inkişaf etdirdim və bir neçə ildən sonra işimə agent və naşir tapdım. O vaxtdan bəri kitablarım çoxlu mükafatlar qazanıb, iyirmi beşdən çox dilə tərcümə olunub və “Toyuq Ayaqlı Ev” “Les Enfants Terribles” tərəfindən səhnəyə uyğunlaşdırılıb.
-Hansı mövzuda yazmağa üstünlük verirsiniz?
-Xalq və nağıllardan ilhamlanaraq hekayələr yazmağı çox sevirəm, xüsusən də nənəmin uşaq vaxtı mənə danışdığı pruss və slavyan hekayələrini. Mən bu nağılların insan olmağın nə demək olduğuna dair böyük ideyaları təxəyyüllü və sehrli şəkildə necə kəşf etdiyinə sevirəm. Mənə elə gəlir ki, nağıllardan ilhamlanan hekayələr təsəlliverici, tanış hissdir, eyni zamanda təzə və həyəcanlı ola bilər.
-Hansı əsərləriniz var?
-“Toyuq Ayaqlı Ev” Baba Yaqanın xalq xarakterini yenidən təsəvvür edir və ölüm və həyatdan maksimum yararlanma mövzularını araşdırır. “Ayı Danışan Qız” yarımayı olan bir uşaq haqqında xalq nağılını yenidən təsəvvürdə canlandırır və şəxsiyyət və mənsubiyyət mövzularını araşdırır. “Dolaşıq Sehrli Qala” Aleksandr Puşkinin mənzum nağılı olan “Ruslan və Lyudmila”nı yenidən önə çıxarır və səhv etmək ve səhvləri düzəltmək mövzularını araşdırır. “Fırtınaları oxuyan oğru” rus xalq şeiri “Oğru bülbül”ü yenidən təsəvvürə gətirir və birlik və parçalanma mövzularını şərh edir. Və mənim ən son kitabım “Qar qız” ənənəvi rus nağılı “Qar qız”ı yenidən önə çıxarır, təklik, dostluq və lazım gəldikdə köməyə əl uzatmaq mövzularını araşdırır.
-Uelsdəki bugünkü ədəbiyyat sizi qane edirmi?
-Uelsin canlı və müxtəlif ədəbiyyat səhnəsi, çoxlu istedadlı yazıçıları, həm yerli, həm də ingilis dillərində çoxlu maraqlı nəşrləri var. Bu il uelsli yazıçı Manon Steffan Ros “Karnegi” medalını (Böyük Britaniyanın ən nüfuzlu uşaq kitabı mükafatı) qazandı - ilk dəfə tərcümə olunmuş kitab qalib gəldi.
-Dünya ədəbiyyatının hansı yazıçılarını və əsərlərini daha çox bəyənirsiniz?
-Mən dünya ədəbiyyatını oxumağı sevirəm və bunu mümkün edən tərcüməçilərə çox minnətdaram. Uşaq vaxtı ən çox sevdiyim kitablar Fin rəssamı və yazıçısı Tove Janssonun “The Moomins” kitabı idi. Bu yaxınlarda mən polyak yazıçısı Olqa Tokarcukun kitablarından həzz aldım və hazırda yapon yazıçısı Natsu Miyaşitanın gözəl kitabını oxuyuram.
-Yazıçı üçün zaman nə deməkdir?
-İngilis yazıçısı Mett Heyqin gözəl bir sitatı var:
“Zamanı necə dayandırmaq olar: öpmək.
Zamanla necə səyahət etmək olar: oxumaq.
Zamandan necə qaçmaq olar: musiqi.
Zamanı necə hiss etmək olar: yazmaq.
Vaxtı necə azad etmək olar: nəfəs almaq.”
Mənim üçün yazmaq – sərbəst axdığı zaman – musiqi kimi hiss edilir və zaman kimi yox olur. Bununla belə, mən də Mettlə razıyam, yazı tez-tez mənə vaxtı kəskin hiss etdirir. Mənim yalnız çox vaxtım var; bir gündə, bir həftədə, bir ömür boyu yazmaq və ondan istifadə edərək, bu məhdudiyyətlər daxilində mümkün olan ən yaxşı əsərləri yaratmaq istəyirəm. Bir layihə ilə irəliləməyə davam etmək və onun durğunluğuna imkan verməmək çətin və hərəkətverici qüvvədir.
-Azərbaycan ədəbiyyatı ilə bağlı nəsə bilirsinizmi?
-Şübhəsiz ki, bu çox zəngin bir sahədir və kəşf ediləcək çox şey var. Bir neçə il əvvəl Qurban Səidin “Əli və Nino”, bu yaxınlarda isə Baninin “Qafqazda günlər” əsərini oxudum. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini oxumaq, Azərbaycan xalq ədəbiyyatından, xalq poeziyasından daha çox tərcümə tapmaq istərdim.
-Gənc yazarlara nə məsləhət görərdiniz?
-Birincisi, mümkün qədər geniş oxumaq. Oxumaq – mənim fikrimcə, hekayə yaratmağı öyrənməyin ən xoş yoludur. Oxumaqla biz şüuraltı olaraq nəyin yaxşı bir hekayə yaratdığını və ən təsirli hekayə anlatma üsullarının nə olduğunu öyrənirik. Bununla yanaşı, mənim məsləhətim sadəcə olaraq, mümkün qədər müxtəlif üslublarda – bədii, qeyri-bədii ədəbiyyat və poeziya ilə yazı yazmağı məşq etməkdir; qısa və uzun parçalar – heç bir yazı boşa getmir, hər söz gənc yazarlara öz unikal səsini tapmağa kömək edəcək.
-Dəyərli zamanınızdan vaxt edərək fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram.
-Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
Azərbaycan prokurorları haqqında film çəkildi
Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə film çəkilib.
Bu barədə Baş Prokurorluq sosial şəbəkədə paylaşım edib.
“İstintaq” adlı bədii-sənədli qısametrajlı filmin təqdimatı Baş Prokurorluqda təntənəli şəkildə keçirilib.
Filmdə cinayət işlərinin prokurorlar tərəfindən açılması ilə bağlı maraqlı məqamlar yer alıb.
Qeyd edək ki, filmin ərsəyə gəlməsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov, ssenarist və redaktor Vüsal Əhmədzadə, aktyor Əlixan Rəcəbov və başqaları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
BİRİ İKİSİNDƏ - Xuraman Hüseynin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində davamlı gələn Nəsrdən Nəzmə addımlayırıq, sizlərə Xuraman Hüseynin şeirlərini təqdim edirik.
ƏLLƏRİN
Hər dəfə
əllərin toxunduqca yanaqlarıma,
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.
təbəssümün düşməni kədər imiş –
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...
Gülə bilsən,
silahın qəhqəhələr olsa,
əliyalın düşmən kimi geri çəkilər
kədər...
gülüşüm gözlərimə qayıtdı,
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı,
sərçələr qürbət elləri unudan kimi...
AĞ SAP
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
Sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını...
Ürəyim sənindi,
bilirəm,
saçlarım
gözlərim
ruhum...
Amma daha çox əllərim sənin olsun, istəyirəm...
Saçını tumarlayar,
süfrə bəzəyər sənə
əllərim...
Bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
YAĞIŞ GECİKƏN KİMİ
Bir-birimizə gecikdik,
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı,
buludlar gecikməyəydi
mehriban olmağa…
Birimiz tez çıxaydıq evdən,
birimiz gecikəydik,
təsadüfən rastlaşaydıq,
qağayıya dönəydik...
görüşəydik dəniz yurdumuzda,
zaman bu zaman olmazdı,
illər də bu illər...
nə sən ruhuna xəyanət edəydin,
nə də mən.
sevəydik bir-birimizi
qağayılar dənizi,
dəniz qağayıları sevən kimi…
O YOL
Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi.
o yol mənim gəldiyim,
sənin getdiyin yerdi.
biz o yolda qarşılaşmalıydıq,
mən gəldim,
sən getmədin...
orda bir yol yoruldu –
səni gözləməkdən,
məni gözlətməkdən...
SAMAN ÇÖPÜ
Bulud aldı göy üzünü, batdı yenə günəşim,
Ruhumdakı son ümidi əsən yellər qopardı.
Mənim işim səninlədi, başqasıyla nə işim?
Saman çöpü, səni sular məndən əvvəl apardı.
Saman çöpü, sən də getdin, söylə, indi neyləyim?
İlk evimiz beşik olur, son evimiz də məzar.
Dayağım yox bu dünyada, kimə ümid eyləyim?
Dost da bəzən düşmən olub adama quyu qazar.
Əl uzatdım, əllərimi düşmən kimi sıxdılar,
Saman çöpü, de, hardasan? Səni gəzir əllərim.
Mən onları dost sanırdım, onlar düşmən çıxdılar,
Boğuluram, səndən başqa yoxdur bir ümid yerim.
SON VAQON
O gedən qatarın son vaqonu
sənin ürəyindi:
bomboş
soyuq...
Arada ürəyindən xəbər tut,
hörümçək tor qurar
mənsizlikdən...
Yazdığın şeirin
son misrası mənəm,
nöqtə qoya bilmirsən.
birdən ardını yazarsan deyə,
Bir zərrə ümidin qalıb –
bəlkə, işığı
geri qayıtmam üçün
yollarımı aydınladar deyə...
SİZİF YÜKÜ
Necə ki Sizifin əziyyəti hədər gedirdi,
dağ başına daşıdığı böyük qaya parçası
yerə düşürdü, ürək də ayrılığı o cür daşıyır.
Tanrıların ittihamı Sizifə zülm verirdi,
hədər gedirdi əziyyəti,
sevənlərin də ittihamı bir-birlərinə
elə zülm edir.
Niyə?
Axı niyə bu gözəl həyatda
sevgi varkən,
ayrılıq da olsun?
Ayrılmasaq, əzab çəkməsək,
olmazmı?
Ayrılıqla, əzabla qol-boyun keçir
həyatımız,
bir də baxırıq ki,
fəsillər dəyişir,
dəyişir illər,
ömür də, gün də gedir...
saç ağarır, üz qırışır, dişlər tökülür,
ürəklərdə də ayrılığın ən dəhşətlisi:
Nə qaldı ki ömrümün sonuna?..
Ömrümüzün sonuna
nə qaldığını düşünməmək,
sevənlərin ittihamından
qorxmamaq üçün
ayrılmayaq,
sevək,
sevilək və
həyatın nə demək olduğunu
bilək...
TAXT-RƏVAN
Qara buludlar
mürəkkəb kimi yayılıb
göy üzünü gizləmişdi
zülmətin bətnində.
Nə qədər baxsam da,
nənəmin sönən ulduzunu
görə bilməmişdim...
Tez-tez cilddən cildə girib
şəkildən şəklə düşən buludları
nağıllarda təsvir olunan
taxt-rəvana bənzətmişdim
həmin gecə.
Elə bilmişdim ki,
bu “taxt-rəvan”da
başqa buludlara qonaq gedib
nənəmin ruhu...
Həmin gün –
nənəm günəşdən qaçıb
qara torpaqda gizlənən gün...
ÖMÜR
Sənə yaxşı yol arzulamıram, ömür!
“Getmə” də demirəm,
bilirəm ki, yol üstəsən,
gedəni saxlamaq olar,
amma səni olmaz,
heç olmaz!
Yol üstəsən,
gedirsən saniyə-saniyə...
Qorxuram ki, sözüm düşəcək yerə,
peşman olacam.
Hələ ki hiss etmirəm
getməyini,
nə vaxtsa
onu da hiss edəcəm...
Naxələf ömür,
arzularımızı
ürəyimizdə qoyan namərd!
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Milli Dram Teatrının oktyabr repertuarını təqdim edirik
Azərbaycan Akademik Milli Dram Teatrı həmişəki kimi bu ay da maraqlı səhnə əsərləri ilə çıxış edəcək. Teatrın oktyabr repertuarını təqdim edirik:
1 oktyabr - “Ölülər”
5 oktyabr – “Küknarlara məktub”
6 oktyabr – “Ah, bu uzun sevda yolu”
7 oktyabr – “Şah Qacar”
8 oktyabr – “Xanuma”
12 oktyabr – “Manqurt”
13 oktyabr – “Şükriyyə”
14 oktyabr – “Cəhənnəm sakinləri”
18 oktyabr – “Qarabağnamə”
20, 21, 27 oktyabr – “Dantenin yubileyi”
28 oktyabr – “Göyçək Fatma”, “Dəli yığıncağı”
29 oktyabr – “Məlikməmməd”, “Filumena Marturano”
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
İlk rus imperatorundan son “prezident”ədək
Əkbər Qoşalı yazır
Xankəndidəki qondarma rejim özünü buraxdığını elan etdi! Qızıl qanlı qaranlıq dönəm qapandı! Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mümkünsüz sayılanı mümkün etdi! Müzəffər Ali Baş Komandan ilk rus imperatoru I Pyotrdan (Пётр Алексеевич Романов; 1672–1725) başlayıb Xankəndidəki qondarma rejimin son “prezident”i Samvel Şahramanyanadək (Սամվել Սերգեյի Շահրամանյան; 1978) uzanan uzaq-yaxın, irili-xırdalı, qanlı-qadalı (gələn il 300 ili tamam olacaq) uğursuz dönəmi əbədi qapatdı!
Bəli, uzun bir qaranlıq dönəm qapandı! Bu əbədi qapanış, bu özünü cəhənnəmə buraxma öz-özünə baş vermədi, təbii. Yeni gerçəkliklər İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, sarsılmaz siyasi iradəsi, beynəlxalq prosesləri zərgər dəqiqliyi ilə qiymətləndirməsi, güclü iqtisadiyyat, qüdrətli ordu qurması sayəsində yarandı! 44 gün içində 30 illik işğala son verən dövlət-xalq birliyinin memarı İlham Əliyevdir! İşğalsonrası dönəmdə azadlıqdan abadlığa sürətli keçidi təmin edən İlham Əliyevdir. Böyük qayıdışı gözləniləndən daha tez həyata keçirən, şəhərlərin təməlini atan, kəndlər salan da İlham Əliyevdən başqası deyildir. Müharibə bitdikdən sonra orduya büdcə ayırmalarının artırılması, “əvəzçıxma” ağılsızlığına düşənlərin (Daşkəsən-Kəlbəcər-Laçın yönündə) ötən ilin sentyabrındakı hücum cəhdinə ağır cavab verilməsi, Laçın rayonunun girişinə - Ermənistanla şərti dövlət sərhədinə post qoyulması... – məhz İlham Əliyevin adı ilə ən sıx şəkildə bağlıdır! Bu ilin sentyabrındakı ildırımsürətli antiterror tədbirləri də İlham Əliyev zəkasının məhsulu, İlham Əliyev qətiyyətinin təntənəsidir! İlham Əliyevin uzaqgörənliyi bizi yeni qələbələrə, uğurlara, böyük gələcəyə aparır!
100 il öncə - 07 iyul 1923-cü ildə yaradılmış (keçmiş) Dağlıq Qarabağ Muxtar Vilayəti, 26 noyabr 1991-ci ildə Azərbaycan mərkəzi hakimiyyət orqanları tərəfindən Konstitusiya normalarına uyğun şəkildə rəsmən ləğv edilmişdi; lakin 2 sentyabr 1991-ci ildə Xankəndi mərkəzli qondarma rejim qurulmuş və bununla (onsuz da gərgin olan) bölgə qan çanağına dönmüşdü... 32 illik çox ağır, üzücü və pozucu dönəmi ancaq Dəmir Yumruğun kəramətiylə qapamaq mümkün qılınmışdır, əfəndim!
Əsgəran, Hadrut (Ağoğlan), Ağdərə, Xocavənd, Şuşa rayonları və vilayət tabeli Xankəndi şəhərinin daxil olduğu Muxtar Vilayət təsis olunanda respublika hökumətinə Qəzənfər Musabəyov başçılıq edirdi (Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri; 07.05.1922–14.03.1930). SSRİ-nin rəhbəri (21.01.1924 – 05.03.1953) İosif Stalin, Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən sədri isə o illərdə (30.12.1922–19.03.1925) Nəriman Nərimanovuydu. Amma Azərbaycana faktiki rəhbərliyi 37 yaşlı Sergey Mironoviç Kirov (Azərbaycan SSR KP MK 1-ci katibi; iyul 1921–yanvar 1926) edirdi. Əsl soyadı Kostrikov olan Sergey Mironoviç (15 mart 1886–01 dekabr 1934), Azərbaycandan çox uzaqlarda – Rusiyanın Vyatka quberniyasının (indi RF-nin Kirov vilayətinin) Urjum şəhərində doğulmuşdu. Təbii, nə o, nə onun kimi digər yadelli bolşeviklər (Levon Mirzoyan, Ruben Rubenov, Nikolay Gikalo, Vladimir Polonski, Viktor Naneyşvili, Vladimir Dumbadze, Yelena Stasova...) Azərbaycan ruhunu, xalqın istəklərini, gerçəklikləri bilmirdi və bu bilməzliyin çanağı başımızda dəfələrlə çatladı... Onların öz bildikləri vardı...
100 ildən bir qədər də o yana gedək – ağsaçlı tarixin qara vərəqlərindən öyrəndiklərimizə, tarixçi alimlərimizin yazdıqlarına göz ataq:
Erməni-rus münasibətləri Rusiyanın Kazanı (1552), Həştərxanı (1556) tutması, Osmanlı ilə savaşları (1635-1639, 1711, 1768-1774, 1787-1791 və b.) ilə genişləndi, onun Xəzər qıyısı torpaqları tutmaq çabalarıyla daha da möhkəmləndi. Bu olayların gedişi zamanı ermənilərin Rusiya İmperiyasının ərazilərinə - yəni indiki Azərbaycan Respublikası ərazilərinə, ümumən Qafqaza köçürülməsi, burada erməni koloniyaları yaradılması başlandı.
Girişdə də vurğuladığımız kimi, bu işdə I Pyotrun 299 il öncə (10.10.1724) erməni xalqı üçün imzaladığı fərman böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskən salmaları üçün uyğun yerlərin ayrılmasına razılıq verilirdi.
I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı yüz il boyunca davam və inkişaf etdirildi. 1804-1813-cü illər rus-Qacar savaşlarında Rusiyanın qələbəsi və Azərbaycanı bölən “Gülüstan anlaşması” ermənilərin köçürülməsi tələbini bir daha (qəti şəkildə) irəli sürdü. 1826-1828-ci illərdəki rus-Qacar savaşının gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başlandı.
195 il öncə - 10 fevral 1828-ci ildə imzalanmış “Türkmənçay anlaşması”nın 15-ci maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu...
A.S.Qriboyedov, N.N.Şavrov və b. yazdıqlarından da bilindiyi üzərə, rus ordusunun tutduğu (Arazın o tayındakı şəhərlərimizdən) Təbriz, Xoy, Salmas və Marağadakı ermənilər (Arazın bu tayındakı ərazilərimizə) Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürüldü. Ermənilər Gəncə və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında – əsasən Qarabağın dağlıq hissəsi və Göyçə gölü qıyılarında məskunlaşdırıldı...
Budur, 299, 210, 195, 100 və nəhayət 32 illik gedişat Dəmir Yumruqla durduruldu! İlham Əliyev I Pyotrdan başlayıb II Nikolayla bitən çarlıq Rusiyasının, Leninlə başlayıb Qorbaçovla bitən sovetlər dönəminin canımıza yeritdiyi çibanı gorbagor elədi, cəhənnəmə göndərdi! Kreml öndə olmaqla ATƏT-in Minsk qrupu həmsədrlərinin balladığı-şalladığı qondarma rejim özünü buraxmaq zorunda qaldı!
Xalqımızın gözü aydın olsun!
Ordumuzun, dövlətimizin bayrağı ucalardan enməsin!
Əziz şəhidlərimizin ruhu şad olsun, qazilərimiz tez sağalsın!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Doha Ekspo 2023”də Azərbaycan pavilyonu işə başladı
Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) yaradılan Azərbaycan pavilyonu bu gündən fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 2-dən 2024-cü il martın 28-dək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” (“Green Desert, Better Environment”) mövzusunda təşkil edilib.
Milli pavilyonumuzda “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilir və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. Burada Qarabağ florasının tacı olan Xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə çatdırılır.
Pavilyonda, həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunur.
Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunur. Ziyarətçilər sərgi çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcəklər.
1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından biri olan Al Bidda parkında keçirilir. Burada ərazi 3 zonaya bölünüb: pavilyonların təqdim edildiyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil olunacağı Mədəniyyət Zonası.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Taledən yarımayanların ürkək baxışlarını içimdə hiss elədim”
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bəzi insanlar vardır, şam kimidirlər. Başqalarının qaranlığına işıq saçarkən öz ömürlərini əridirlər.
Allahın bəxş etdiyi ömür payında sadəcə özləri üçün deyil, mənsubu olduqları xalqın ümumi mənafey üçün çalışır, sadəcə özləri üçün deyil, insanlığın ümumi ideyaları üçün yaşayırlar.
Deyir, bir gün Abbas Səhhətdən soruşurlar ki: - Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?
O isə cavabında belə deyir: - Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.
Qənirə xanım da dövrümüzün Abbas Səhhəti idi deyəsən.
O da ixtisasca həkim olsa da, millətin vəkili olmağ missiyasını götürmüşdü öz üzərinə və layiqincə də daşıyırdı bu statusu.
Daim xalqının rifahı üçün çalışırdı. Əlindən gəldiyi qədər hər sahədə dəstəyini yurdunun insanından əsirgəmirdi.
İkinci Qarabağ müharinəsi dövründə də qızğın döyüşlərin getdiyi bölgələrdə olur, hərbiçilərə mənəvi cəhətdən dayaq olurdu.
Hətta təəssüf ki, mənfur düşmənin gülləsi ondan da yan keçməmiş, müharibə dövründə o da qolundan yaralanmışdı.
Onun xeyirxahlığı sadəcə ölkəmizlə çərçivələnmirdi. Onun xeyirxahlıq əli sərhədlər, kilometrlər aşıb Somalidəki xəstə uşaqların belə başını sığallaya bilirdi.
Təhsilli, güclü, öz ayaqları üzərində duran qadınları sevir, onlarla fəxr edirdi. Bütün şəhidlər haqqında məlumatı olur, hamısı haqqında fərəhlə danışırdı.
Təkcə özünün deyil, bütöv bir millətin dərdini, həsrətini, ağrısını, acısını, gətirməyən bəxtinin, yetişmədiyi xəyalının kədərini, təssüfünü daşıyırdı zərif çiyinlərində.
1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olan Qənirə xanım Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmiş, müxtəlif illərdə müxtəlif sahələrdə fəaliyyətlər göstərmişdi.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olmuşdur.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Səndən sonra”, “Təbriz”, “Türk ruhunun söz bayrağı Əhməd Cavad” kimi kitabların və “Apreldən əvvəl may”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Erməni soyqırımı. Türkün sözü” kimi filmlərin müəllifi olmuşdur.
Gürcüstanın fəxri vətəndaşı, Gürcüstanın "Şərəf" ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı, "Aşıq Ələsgər – 200" yubiley medalı (29 dekabr 2021) kimi mükafatlara layiq görülmüşdür.
24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir.
Qənirə xanım ailə həyatı qurmayıb, Firuzə adında bir mənəvi qızı var.
Sən söykənə biləcəyim
Tək varlıqsan...
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana.
Kədərimdən əzilməyəsən, deyə.
Əslində kədərimi tək sən gördün,
İlk sevdam daşa dəyəndə,
Məni təkcə sən anladın.
Mən səndə gördüm insanı anlamağın
necə səssiz olduğunu...
Sevdiyim mənə
- Sən mənim heç nəyimsən! -
Deyəndən beşcə dəqiqə sonra,
Sən mənə
- Sən mənim hər şeyimsən! – demişdin.
Sən mənə bunu deyəndə,
Mən sənin deyil,
onun hər şeyi olmaq istəyirdim.
Amma həmişə belə oldu,
Yanımda həmişə sən oldun, ana...
Sənin gözlərində
Qəzəblərin ən gözəli olurdu,
Kimlərsə məni ağladanda.
Gözlərində alovların ən qaynarı olurdu,
Kimlərsə məni aldadanda...
Qaçqınların yurd həsrətini,
Atılmış körpələrin göz yaşlarını
İçimdə hiss elədim.
Taledən yarımayanların ürkək baxışlarını
İçimdə hiss elədim.
Savaşda itirdiyim dostlarımın,
Gözlərini, arzularını, xəyallarını
Heç unutmadım, ana..
Məni ağrılar büyütdü,
Daha güclü oldum, ana!
Gəncliyin, eşqin, sevdanın dadı,
ağrılarda, savaşlarda itib getdi.
Sonra sevgini tanıyanda
O artıq məndən qaçırdı...
37 yaşıma çatdım, ana,
Tonqala atılan Jannadan,
Vətən ugrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana...
Əvəzində sənin hər şeyin oldum,
Məni uşaqlığıma apar, ana,
Sonu xoşbəxtliklə qurtaran nağıllar danış.
"Biri var”ları çox olsun,
37 yaşımın ilk sabahını
Sənin nağıllarına inanaraq açmaq istəyirəm.
Janna da Ark, Tomris, Nüşabə, Leyli olmaq istəyən Qənirə xanım onların hansısa biri olmadı bəlkə, amma elə onlardan biri oldu, xəbəri olmadı.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)