Super User

Super User

Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı üçün maraqlı repertuar tərtib edib.

Sənət ocağının kollektivi oktyabrın 7-də “Toy dəsgahı”, 8-də “Metamorfoza”, 14-də “Vəsvəsə”, 15-də isə “Lənət” tamaşalarını təqdim edəcək.

Bundan başqa, oktyabrın 21-də “Koun Bizzz”, 22-də “Toy dəsgahı”, 28-də “Şəbədə”, 29-da isə “Elçilik” tamaşaları nümayiş olunacaq.

Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Tamaşalar müvafiq olaraq saat 19:00-da təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Acarıstan Muxtar Respublikasının Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın milli muğamı gecəsi” adlı konsert keçirilib.

 

AzərTAC xəbər verir ki, konsert Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində reallaşıb.

 

Tədbirin açılış mərasimində çıxış edən Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi və təşkilatçısı, Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsert çox mühüm tarixi əhəmiyyətə malikdir. Ona görə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan ilə Gürcüstan arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Gürcü xalqının yaxın dostu olan Heydər Əliyevin xatirəsi qəlblərdə əsrlər boyu yaşayacaq.

Acarıstan hökumətinin rəhbəri Tornike Rijvadze çıxışında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanı fəlakətlərdən qurtarıb inkişaf yoluna çıxararaq dünyanın aparıcı dövlətləri sırasına çıxaran fenomen şəxsiyyət Heydər Əliyev Gürcüstan və ümumilikdə Qafqaz xalqları üçün də çoxlu işlər görüb. Ona görə də deyə bilərəm ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Batumidə belə bir konsertin təşkili bizim üçün qürurvericidir.

 

Bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Qaribşvilinin səyləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan-Gürcüstan əlaqələrinin tarixinə nəzər salıb, müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində ölkələrimiz arasındakı münasibətlərin yeni müstəvidə inkişaf etməyə başladığını qeyd edib.

 

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. İl ərzində Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində müxtəlif yubiley tədbirləri keçirilir. Gürcüstanda “Heydər Əliyev İli” ilə bağlı artıq bir sıra mühüm tədbirlər keçirilmiş və ilin sonuna qədər önəmli layihələr ərsəyə gələcəkdir. Bunların məhz Gürcüstanda keçirilməsi xüsusi önəm daşıyır. Çünki Heydər Əliyev Gürcüstanın böyük dostu, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının banisi idi.

Onun sözlərinə görə, Batumi şəhərində musiqimizin, mədəniyyətimizin, tariximizin təbliğ və təşviq edilməsi xüsusi rəmzi xarakter daşıyır. Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi Əhməd Cavadın məhz Batumidə yazdığı “Çırpınırdın, Qara dəniz!” şerini xatırlatmaq yerinə düşərdi.

 

Diplomat deyib ki, ölkələrimiz arasında müxtəlif sahələrlə yanaşı, zəngin mədəni əlaqələr də mövcuddur. Mədəniyyət sahəsində əməkdaşlıq - münasibətlərimizin prioritet sütunlarından biridir. Bu birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlayan amildir və xalqlarımız arasında dərin iz buraxmışdır. Muğam başda olmaqla zəngin mədəniyyətimizin və mədəni sərvətlərimizin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutan dost Gürcüstanda nümayiş etdirmək, sizləri sevindirmək ikiqat ürəkaçandır: Ulu Öndər Heydər Əliyev Azərbaycan milli mədəniyyətinin, musiqisinin, incəsənətin dünya miqyasında təbliğ edilməsini və qorunmasnı hər zaman diqqət mərkəzində saxlayırdı. Bu gün bizlər bu istiqamətdə əldə edilən nəticələri görürük. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Azərbaycan mədəniyyətin inkişafına xidmət edən hər bir fəaliyyət dövlətimizin başçısının daima diqqət mərkəzindədir. Əlbəttə biz burada Azərbaycan mədəniyyətin tərəqqisinə, mədəniyyət siyasətinin reallaşması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi olaraq qeyd etməliyik və bu xidmətlər əvəzsizdir. Heydər Əliyev Fondu muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Məhz bunun bariz nümunəsi kimi, bu gün burada, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən unikal sərgi nümayiş etdirilir və sizlərin bu sərgi ilə ilkin tanışlıq imkanınız olmuşdur”.

Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə çıxış edərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri barədə ətraflı məlumat verib, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Sonra tamaşaçılar Azərbaycanın Əməkdar artisti Təyyar Bayramov və onun muğam qrupunun ifasında “Şur”, “Cahargah” muğam kompozisiyalarını, xalq mahnısı “Sarı Gəlin”, Cahangir Cahangirovun “Bana-bana gəl”, Əlibaba Məmmədovun “Min yaşasın”, Bəhram Nəsibovun “Qarabağ”, Rauf Hacıyevin “Azərbaycan” mahnılarını dinləyiblər.

Konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları böyük maraqla qarşılanıb. Konsertdə səhnədə qoraşdırılmış ekranda Azərbaycan mədəniyyəti, incəsənəti, milli sərvətləri ilə yanaşı, doğma Şuşanın görüntüləri nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Adətən premyeralara maraq böyük olur. Onda ki, bu premyera üç nəhəng teatrdan birində - ya Azdramada, ya Muzkomediyada, ya Opera və Baletdə olsun. Bəli, biz teatrların adlarını məhz dillərdə dolaşan şəkildə dedik. Ötən uik-enddə növbəti belə premyeraya şahidlik etdik - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının uğurlu premyerası baş tutdu. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib.

 

Gəlin bir qədər tamaşanın tarixinə rakurs edək. “Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biri sayılır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb. 

İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir.

Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb. 

 

Çaykovski əvvəlcə Puşkinin “Qaratoxmaq qadın” əsərinin süjeti ilə maraqlanmayıb. Amma zaman keçdikcə, bu novella onun təxəyyülündə daha çox yer tutub. German və qrafinyanın faciəli görüş səhnəsi bəstəkarın qəlbini riqqətə gətirib. Bu səhnənin dərin dramatizminin təsiri altında Çaykovskidə opera yazmaq arzusu baş qaldırıb və beləliklə, üç pərdə və yeddi səhnədən ibarət olan opera üzərində iş prosesi 1890-cı ilin baharında Florensiyada başa çatıb. Həm də bütün bu yaradıcılıq prosesi 44 gün ərzində - yanvarın 19-dan martın 3-dək yekunlaşıb. 

 

Qayldaq premyeraya. Bakı tamaşaçıları artistləri və Pyotr İlyiç Çaykovskinin dünya şedevri olan əsərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına daxil edilməsində əməyi olanları ayaq üstə alqışladılar. Ən gurultulu alqışlar isə gül dənizinə düşən Fidan xanıma yağdırıldı.

Tamaşanın təkrar nümayişi oktyabrın 14-də Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində olacaq. Təbii ki, yenə də anşlaqla!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Almaniyanın populyar “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayımına başlayıb.

 

Tərcümə Mərkəzindən verilən məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Elgün Niftəliyevdir.

 

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Signaturen.de” elektron ədəbiy¬yat jurna¬lı mütəmadi olaraq səhifələrində Andreas Qrifius, Frans Kafka, Kristian Morgenştern, Pablo Neruda, Stefan Malarme kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

 

Maraqlı proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.

Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.

Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbin direktoru Milli Qəhrəman Şahlar Şükürovun bacısı- Tahirə Şükürovadır. O, 09.09.1961-ci ildə  Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 01.09.1984-cü ildə Zülfüqarlı kənd orta məktəbində İngilis dili müəllimi və direktor müavini işləyib. 1993-cu ildən Kəlbəcər rayonu 17 nömrəli məktəbdə direktor müavini, 1996-cı ildən Bakı şəhəri 47 nömrəli məktəbdə İngilis dili müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. 2011-ci ildən isə 39 nömrəli məktəbdə direktor vəzifəsində çalışır. Tahirə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür.

Daxili dünyasının zənginliyinə görə müəllim, şagird və valideynlərin rəğbətini qazanıb. Rubrikamızın budəfəki istedadlı şagirdi həmin məktəbin 8-ci sinif şagirdi Aydan Aslanzadədir. Aydan Ədəbiyyatı çox sevməklə yanaşı, gələcəkdə həkim olmağı arzulayır. 

Beləliklə, Aydan Aslanzadənin yazısını   Sizlərlə paylaşırıq.

 

Zəfər tariximiz.

 

Azərbaycan! Nə qədər doğma, nə qədər əziz bir söz. Söz deyil, bir dünya, igidlərimizin canını, qanını qurban etdiyi bir kəlmə! 

Doğma Vətən, qədim və zəngin tarixin, mədəniyyətin, sərvətlərin daim düşmənlərə yağlı tikə görünmüşdür. "Başıbəlalı" torpağım. Sənin gözəl, dilbər güşələrini "qəddar ovçular" hədəf etdi. Biz onlara süfrə başında yer verdik, mənəviyyatımızın zənginliyəndən süfrə açdıq. Amma nə bilərdik ki, suyumuzdan və çörəyimizdən qidalanıb özümüzə düşmən kəsiləcəklər. Nə bilərdik ki, bu vicdanını itirmiş qonaqlar öz torpağımızda bizi yada çevirmək cəhdi edəcəklər. Düz otuz il  biz öz doğma torpaqlarımıza həsrət qaldıq. Məcburi köçkünlərimiz öz doğma yurdundan didərgin düşdü. "Qarabağ adlı" dərdlə neçə atamız, anamız öz dünyasını dəyişdi. İllərin həsrəti ürəkdə dözülməz bir ağrıya səbəb oldu.

Lakin biz inamımızı heç itirmədik ki, bizim olan bizimdir. Qarabağ həmişə bizim idi. Ali Baş Komandanımız bizə həmişə atasının vəsiyyətini gerçəkləşdirəcəyini söyləyirdi. Prezidentmiz informasiya müharibəsində də qətiyyətli addımlar atırdı. Əsgərlərimiz ön cəbhədə döyüşürdü, Ali Baş Komandanımız  bütün dünyaya Azərbaycan həqiqətlərini  əyan edirdi. Cəsur Prezidentmizin duruşunda, sözündəki qorxmazlıq bütün xalqımızda inam və ruh yüksəkliyi yaratmışdı. Bu inam və "Dəmir yumruq" xalqımızı Zəfərə apardı.

30 illik ağrı 44 gün əzrində yox edildi.

30 illik həsrət 44 gün ərzində yerini sevincə,  qürura verdi.

30 illik xəyallar 44 gün ərzində gerçəyə çevrildi.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Qorxmaz, cəsur Sərkərdəmiz İlham Əliyev cənablarının və müzəffər ordumuzun səyi nəticəsində biz öz doğma torpaqlarımıza qovuşduq.

Bu şanlı tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Biz bu tarixi "Zəfər Günü" kimi yaddaşımıza yazdıq. Bu gün düşmənin əbədi yas tutacağı bir günə döndü...

Mənfur düşmən əvvəldən anlamalı idi ki, torpaqdan pay olmaz. Cəsur sərkərdəmiz qətiyyən öz torpağından bir ovuc belə düşmənə pay verməzdi.

Müzəffər və rəşadətli Azərbaycan ordusu min bir əziyyətlə-canı ilə, qanı ilə torpaqlarına sahib çıxdı.

Vətən uğrunda ölən varsa, Vətəndir.

Torpaqla qan qarışırsa, Vətəndir. Azərbaycanın mübariz ruhlu oğulları bunu öz qanı və canı ilə sübut etdi.

Allah bütün Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə  şəfa versin. Millətimiz onların borcunu əsla ödəyə bilməz və heç vaxt unutmaz! 

Qəhrəman Şəhid anaları "Zəfər Günü"-nü Sizə borcluyuq. "Oğlum Vətənə qurban"- deyən dilinizə qurbanıq, mərd Azərbaycan qadını! 

 

Baxıram dalğalanan müqəddəs bayrağıma,

Oğul, deyirəm mən də qurbanam torpağıma.

Səninlə fəxr edirəm, ruhuna baş əyirəm,

Yaşasın Azərbaycan, bax qürurla deyirəm!  

                      (Ülviyyə Əbülfətqızı)

 

Ali Baş Komandanımız və müzəffər ordumuzun bizə yaşatdığı "Zəfər Günü"-nü xalqımız heç vaxt unutmayacaq.

"Bir igid oğul" ata vəsiyyətinə əməl etdi Azərbaycan xalqı isə Qarabağına qovuşdu. Yaşasın Ali Baş Komandanımız!

Yaşasın müzəffər ordumuz! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyera tarixi açıqlanıb.

Səhnə əsərinin premyerası oktyabrın 20-də və 21-də gerçəkləşəcək.

 

Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.

“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Çərşənbə, 04 Oktyabr 2023 13:00

Qənirə Paşayeva barədə rekviyem - Firuz Mustafa

“Ədəbiyyat və incəsənət” portalı Firuz Mustafanın Qənirə Paşayeva ilə bağlı “Qənirə xanım haqqında bir neçə kəlmə” yazısını diqqətinizə çatdırır. Yazı müəllifin Gündəliyindən sətirlərdir. 

 

 

28.09.2023

 

Bu dəqiqələrdə, yəni bu günün 2-ci yarısında, deputat Qənirə Paşayevanın dünyasını dəyişməsi xəbəri yayildı...

Qənirə Paşayeva parlamentin ən fəal üzvlərindən biri idi. Türk dünyasında yaxşı tanınırdı. Sadə adamlar tərəfindən sevilirdi. Gülərüz, nikbin, həyatsevər bir xanım idi. İncənətə böyük rəğbəti vardı. Arada şeir və esselər yazırdı. İxtisasca həkim idi. Bir xeyli müddət jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdu. Çox kasıb-kusubun qəlbinə yaxın və hakim idi. Eşitdiyimə görə, çox adama əl tutmuşdu. Hər mövzuya açıq idi. Maraqlı həmsöhbət kimi diqqəti cəlb edirdi. Aydın nitqi vardı. Emosional idi. Çalışırdı ki, imkanı daxilində həqiqətin, ədalətin, doğrunun yanında olsun. Bir rayondan deputat seçilsə də, bütün ölkədə nüfuzu vardı. Mən yaxın xaricdə- Türkiyədə və Özbəkistanda səfərlərdə olarkən onu çox adamın soruşurduğunun şahidi olmuşam. Məmləkətimizdə isə onu sevənlər lap çox idi. Həmişə kiməsə kömək etməyə tələsərdi. Adama elə gəlirdi ki, o, ölkənin bütün vətəndaşlarını adbaad tanıyır... Hələ ailə qurmasa da, hərəkətlərində bir müdrik ağbirçək, ana, qadın, xanım-xatun ədası, jesti duyulurdu. Eşitmişdim ki, mənəvi qızı var.

Qənirə xanımla hələ onun ANS-dəki “dövründən” tanış idik. Bir çox tədbirlərdə iştirak etmişdik... 

Təəssüf, min təəssüf... Doğrusu, bu dərin təəssüf hissimə indi, bu anlarda bir başqa bir hiss də əlavə olunmaqda. Bu, nəsə bir az da mənimçün narahatlığa bənzər bir hissdir... Belə ki, ötən ilin (2022-ci ilin) əvvəllərində MM-dən, Qənirə xanımım adından mənə istedadlı şair və ictimai xadim Əkbər Qoşalı zəng etdi. Ad günümü təbrik etdi. Sonra bildirdi ki, Qənirə xanım da Sizi sabah rəhbərlik etdiyi Mədəniyyət komitəsi adından təbrik etmək istəyir və bununçün MM-ə dəvət edir. Deyəsən hədiyyə də təqdim ediləcəyini bildirdi.

Həmin günlərdə xəstə idim. Düzü, bu cür sınıxmış və “sıxılmış” bir vəziyyətdə getməyi özümə yaraşdırmadım... Həmin anlarda növbəti iynəni venama vurmağa hazırlaşan tibb bacısı Qənirənin adını eşidəndə qeyri-ixtiyari: “Qənirə yaxşı qızdır”,-deyə əlavə etdi... 

Mən reallığı Əkbər bəyə izah etdim. O, dedi ki, oldu, onda nə zaman istəsəniz gələ bilərsiz... 

Sonralar bir müddət Gədəbəydə oldum, Türkiyəyə müalicəyə getdim...

Son aylarda müxtəlif tədbirlərdə Qənirə xanımla bir neçə dəfə görüşdük. Üzümə vurmasa da sonuncu dəfə onunla bu il sentyabrın əvvəllərində, haradasa bu faciəvi gündən yarım ay əvvəl, mədəniyyətlə bağlı bir toplantıda rastlaşdıq. Mənə elə gəldi ki, o, hədsiz dərəcədə arıqlayıb, sınıxıb. Uzun bir yolu piyada gəlmiş yorğun adam təsiri bağışlayırdı. Olsun ki, hansısa ciddi əməliyyatdan çıxmışdı. Amma hiss olunurdu ki, iradəsi hesabına bu “yorğunluğun” içindən sıyrılmaq durumundadır. Özünəməxsus bir yumor və təbəssüm hissi iə üzümə baxaraq əlimi sıxdı və asta, məxməri səslə:

  -Gəlmədiniz də,-dedi.

  -Onda imkan olmadı, inşallah, bir gün mütləq gələrəm, Qənirə xanım, -deyə, cavab verdim...

Nur içində yat, əzizimiz qənirsiz Qənirə xanım. 

 

 

29.09.2023

 

Qənirə Paşayeva bu Vətənin hər qarış torpağını canından çox sevirdi. Onun cismi bu gün 2-ci Fəxri xiyabanda Vətən torpağına tapşırıldı... 

Təzyiqimi ölçən tibb bacısı doluxsunmuş halda dedi: “Heyif Qənirədən. Ondan bir də çətin ola... Nədənsə yaxşılar tez gedir”... Bəli, doğrudan da yaxşılar həmişə tez gedir, hətta ömrün ən ahıl çağında, yüz yaşında olsalar belə. İnsan sevgisinin və insana sevginin yaşı isə, yaşın miqyası ilə yox, ürəyin hökmü ilə ölçülür...

Son günlər sosial şəbəkələr, bütövlükdə media, daha çox torpaqlarımızın işğaldan azad olunmasından və Qənirə Paşayevanın dünyasını dəyişməsindən yazır. Əminəm ki, indi onun Vətən göylərində dolaşan ruhu sakitdir, -azadlığa qovuşan torpaqlarımıza görə...

Yatdığı torpaq nurla dolsun...

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Çərşənbə, 04 Oktyabr 2023 12:30

DEBÜT-də Əlizadə Əlinin şeirləri

“Ədəbiyyat və incəsənət” portalında bu gün növbəti Debütdür, Əlizadə Əlinin şeirləri ilə tanışlıqdır. 

Əli klassik üslubda yazır, bu da günümüzdə az rast gəlinən haldır. Çoxəsrlik klassik poeziyamızın ənənələrini gənclərin davam etdirməsi, əlbəttə ki, gözəldir. 

 

 

Bu gün 

 

Dağılıb mülki-cahanım, olubdur viranə bu gün,

Divarları kədər olan qurmuşam qəmxanə bu gün. 

 

Oturduğum qəmxanəyə yenə yağır qəm yağışı,

Sevinc yağan o günlərdən qalmayıb nişanə bu gün. 

 

Gül üzünə əsir düşən hislərimin atəşində,

Kül eləyir öz canını gör neçə pərvanə bu gün. 

 

O misilsiz gözəlliyin bu şairi edib dəli, 

Sərsəritək fırlanıram, olmuşam divanə bu gün. 

 

Hüsnünə aşiq olmuşam, gözlərinin məhbusuyam

Gözlərində xəstə düşüb ölmüşəm mərdanə bu gün. 

 

Həkk olmusan yaddaşıma, unutmuşam varlığımı,

Qaldırıram şəninə mən badeyi-peymanə bu gün. 

 

Üz-gözümdən yağır kədər sənə heyran olan gündən

Sən Əlinin bu halına qalmısan biganə bu gün. 

 

 

Gəlməmişəm 

 

Yuxu getməz gözlərimə, ağlayaram sübhə qədər, 

Gözlərimdən yaş yerinə axar qüssə, axar kədər.

Ruhum artıq çox qocalıb cavanlığım olub hədər,

Hədər olan cavanlığın qiymətini bilməmişəm,

Mən dünyaya yas tutmağa, qəm çəkməyə gəlməmişəm. 

 

İşlədiyim günahlarım gecə-gündüz sıxır məni,

Xaricimdən dik göstərib daxilimdən yıxır məni,

Bilirəm ki, bu günahlar öldürəcək axır məni,

Mən ölümün belə ucuz olduğunu görməmişəm,

Mən dünyaya az yaşayıb çox ölməyə gəlməmişəm. 

 

Mən zamanla anladım ki, budur doğru, budur gerçək,

Bəxtimin də bəxti yoxdur, üz çevirib məndən fələk.

Çün yerinə yetməyibdir nə bir arzu, nə bir dilək,

Bir diləyim yoxdur daha, mən ki, ona yetməmişəm,

Mən dünyaya varlığımı heç etməyə gəlməmişəm. 

 

İstənilən çətinliyə tab gətirib mənim sinəm,

Tanımırsan bəlkə məni? İcazə ver deyim kiməm. 

Nəsiminin beytindəki zərrə mənəm, günəş mənəm,

Mən günəşin zərrəsiyəm, içim yanır sönməmişəm,

Mən dünyaya tez alışıb tez sönməyə gəlməmişəm. 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Azərbaycan Resöublikası Mədəniyyət Nazirliyinin dəstək verdiyi 7-ci “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatıb. 

 

Daim festivalı gündəmdə saxlayan “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival  boyu 29 ölkədən 60-dan çox film təqdim olunub. Bu il festivalın əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olub və təqdim edilən filmlərin əksəriyyəti sənədli film ustalarının dövrümüzün çağırışları ilə bağlı baxışlarına həsr edilib. Festivalın sponsorları Azərbaycan Respublikasının

Mədəniyyət Nazirliyindən başqa həm də Nizami Kino Mərkəzi, Almaniya və Fransa səfirlikləri olub. 

İndi isə qaliblər barədə: 

 

-“Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında festivalın qalibi Anastasiya Şubina və Timofey Qlininin (Rusiya Federasiyası) “Piblokto” filmi seçilib. 

 

-Rejissor Nəzrin Ağamalıyevanın çəkdiyi “Hədis” filmi ən yaxşı qısametrajlı Azərbaycan filmi elan edilib.

 

-Rejissor Leyla Qənbərlinin “Sanatoriya melodiyaları” filmi “DokuDarvin” nominasiyasında ən yaxşı qısametrajlı film nominasiyasına qalib olub. 

 

-Hindistanlı rejissor Nistha Jainin “Qızıl iplik” filmi  bu kateqoriya üzrə ən yaxşı xarici film nominasiyasına layiq görülüb.

 

-Danimarkalı rejissor Maykl Qraversenin “Mr. Qraversen” filmi ən yaxşı tammetrajlı film kimi tanınıb.

 

-Ən yaxşı “No Main” nominasiyasında mükafata italyan rejissorlar Davide Rizzo və Marsia Toscananın “Körpüdən sonra” filmi layiq görülüb. 

 

-Aşağıdakı filmlər müxtəlif nominasiyalar üzrə münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüblər. Livanlı rejissor Siril Arisin “Vulkanın kənarında rəqs”, Rajan Kathet və Sunir Pandeyin (Nepal) “Qış tətili yoxdur”. 

 

-Üç Azərbaycan filmi: “Hasarların arxasında” - Azad Əlizadə, “Dog Doc” Dadaş Musayev və Sitarə İbrahimbəyli, Səbinə Abubəkirovanın “Evdən səsləri eşidin” filmləri də münsiflərin xüsusi mükafatına layiq görülüblər.

 

-Qeyd edək ki, qaliblərin elan edilməsi ilə yanaşı, Rəhman Bədəlov və Toğrul Cuvarlıya kinematoqrafiyada xüsusi xidmətlərinə görə xüsusi “iCyborg” mükafatları da təqdim edilib. 

 

2017-ci ildə Bakıda əsası qoyulan festival dünyanın hər yerindən sənədli filmləri nümayiş etdirmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli filmlər festivalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.