Super User

Super User

8-11 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Təşkilat Komitəsinə istinadən xəbər verir ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ötən il isə qardaş ölkənin Bursa şəhərində həyata keçirilmişdi.

Builki festivalda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov, Özbəkistan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Matyakub Matçanov, Qazaxıstan Respublikası "Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi" QSC-nin İdarə Heyətinin sədri Kurmanbek Jumaqali, "Qazaxfilm"in prezidenti Azamat Satıbaldı və digər türk dövlətlərinin müvafiq sahə üzrə rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, eləcə də tanınmış türkiyəli kinorejissor Semih Kaplanoğlu – ümumilikdə türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox xarici qonağın iştirakı gözlənilir.

Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.

Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.

“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və oktyabrın 11-də bağlanış mərasimləri təntənəli şəkildə Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 09:00

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib

Heydər Əliyev Sarayının sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib. Bu barədə mərhumun yaxınları mediaya məlumat veriblər. 

 

Qeyd edək ki, o, 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb. Bu illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirib.

 

Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə ölkə başçısının müvafiq sərəncamları ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və "Şöhrət" ordeni ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 16:24

Turizm sahəsində fərqlənənlər təltif olundu

 

Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

 

Ağayev Həsən Şahkərəm oğlu

Axundov Fuad Hüseyn oğlu

Davudova Sədaqət Rəhim qızı

Əliyev Nəzər Mirzə oğlu

Əzimov İlqar Firudin oğlu

Kazımova İlhamə Əlixan qızı

Kərəmov Murad İslam oğlu

Qafarova Şükufə Bala Əhməd qızı

Qasımov Kənan İsrail oğlu

Qəhrəmanov Göydəniz İbrahim oğlu

Maqsudov Balaş Maqsud oğlu

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

 

Orucov Azər Aslan oğlu.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2023-cü il

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşdülər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Prezident.az saytına istinadən məlumat verir. 

Görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulandı, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edildi.

Dövlətimizin başçısı ICESCO-nun Baş direktorunun 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını yüksək qiymətləndirdi.

Salim bin Məhəmməd əl-Maliki ötən həftə Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında iştirakçıların yekdil qərarı ilə Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Bu qərarın qəbul edilməsinə görə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti bunu qardaşlığın və tərəfdaşlığın mühüm nümunəsi kimi dəyərləndirdi, bu hadisənin bütün Azərbaycan xalqında xüsusi qürur hissi doğurduğunu bildirdi.

Dövlətimizin başçısı Şuşada böyük bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini vurğulayaraq, burada digər obyektlərlə yanaşı, məscidlərin də artıq bərpa olunduğunu və bu prosesin davam etdirildiyini məmnunluqla diqqətə çatdırdı. Prezident İlham Əliyev bu cür genişmiqyaslı işlərin işğaldan azad edilmiş digər ərazilərimizdə də icra olunduğunu dedi.

Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik ifadə olundu.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

Bazar ertəsi, 02 Oktyabr 2023 14:42

II Milli Qurama Festivalı davam edir

 

II Milli Qurama Festivalı çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şəki Şəhər İcra Hakimiyyəti və Turizm Agentliyinin təşkilatı dəstəyi ilə Qurama marafonu keçirilib.

 

Tədbir Qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi ilə davam edərək satış yarmarkası ilə bitib.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər. Sərgidə, həmçinin, sağlamlıq imkanları məhdud şəxslərin əl işləri, o cümlədən azsaylı xalqların qurama əl işləri də nümayiş edilib.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

(AzərTAC-ın xəbəri əsasında)

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Özbəkistanda növbəti XV Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivala dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan  500-dən çox kinematoqrafçı, tanınmış aktyorlar, rejissor, operator, kino sahəsinin tanınmış simaları qatılıb.

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdiyi  "İpək Yolunun mirvarisi"  Daşkənd Beynəlxalq Film Festivalında ”5 günə film ” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.

Müsabiqədə ölkəmizi  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb. Müsabiqənin 3000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi- tələbələrə təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb.

Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat yayıb. 

Görüşdə Fond tərəfindən Qırğızıstanla bağlı həyata keçirilən layihələrdən söz açılıb. Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qırğız Respublikası arasında əlaqələrin gücləndirilməsindən, nəzərdə tutulan birgə planlardan bəhs olunub.

Tərəflər Fond ilə ölkənin qarşılıqlı iş birliyinin yeni sahələrinin araşdırılması istiqamətində müzakirələr aparıblar. Türk xalqlarının çoxəsrlik irsinin təbliğinə, mədəni mübadilələrinin artırılmasına, eləcə də təhsil və tədqiqat yönümlü əməkdaşlığın inkişafına dair layihə və təşəbbüsləri dəyərləndiriblər.

Görüş Fond ilə Qırğızıstan arasında mövcud tərəfdaşlığın gələcək perspektivlərinə dair fikir mübadilələri ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günü”nün açılışı olub.

Mətkəzdən aldığımız məlumata görə, Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin rəsmiləri, hər iki ölkənin kinematoqrafları, festivala gələn nümayəndə heyəti, mədəniyyət, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan nümayəndə heyəti və qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, Şəhidlər bağına gül və çiçəklər qoyublar.

Sonra onlar Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan kinosu – 125 və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun bir inkişaf dövrü keçmiş Azərbaycan kinosu və onun nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycanlılığa, milli düşüncəyə və ideologiyaya xidmət etdiyini və filmlərimizin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib. Diplomat Azərbaycan kino sənətinə yüksək qiymət verən Ümummilli Liderimiz Heydər Əliyevdən sitat gətirib: “Azərbaycan xalqının bir çox nəsli kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib, mədəniyyətə qovuşubdur. Xalqımızın inkişafında, inkişafında kinonun rolu misilsizdir”.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Özbəkistan Kinematoqrafiya Agentliyi təmsilçisi, “Kino Muzeyi”nin direktoru Gülnara Mahmudova ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıblar. “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır” kimi klassik filmlərimizin Özbəkistanda çox sevildiyini və hər il dəfələrlə nümayiş etdirildiyini bildirən çıxışçılar, Azərbaycan və Özbəkistan dövlətlərinin rəhbərləri İlham Əliyevlə Şavkat Mirziyoyevin vaxtaşırı görüşlərinin ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verdiyini, mədəniyyət sahəsində də yeni imkanlar açdığını qeyd ediblər.

Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq qeyd olunub və tədbir iştirakçıları Qənirə Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

“Azərbaycan kinosu günü”nün açılışı mərasimində rejissor Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş edilib. Filmin əsas süjet xətti Məryəm adlı qızın uzun illər sonra ruhi-əsəb xəstəxanada müalicə alan atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub.

“Məryəm” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda çıxış edən filmin rejissoru Elçin Musaoğlu filmin çəkilişləri, onun əsas məqsədi haqqında danışaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Daş Salnamə Muzeyində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur israilli yazıçı və tarixçi Yuval Noah Hararinin oxucularla görüşü keçirilib.

 

AzərTAC xəbər verir ki, Y.N.Harari tədbir iştirakçılarının müxtəlif mövzularda suallarını cavablandırıb.

İsrailli yazıçı, tarixçi Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb.

Y.N.Harari doktorluq dissertasiyasını 2002-ci ildə Oksford Universitetində müdafiə edib. Hazırda Qüds Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələri süni intellektin sürətli inkişafı və onun cəmiyyətə potensial təsirləri barədə, tədqiqatları isə “Tarix və biologiya arasında hansı əlaqə var?”, “Tarix öyrənildikcə insanlar daha çox xoşbəxt oldularmı?”, “XXI əsrdə elm və texnologiya hansı məsələləri gündəmə gətirir?” kimi makro tarixi suallar ətrafındadır.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)

 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar beynəlxalq "Xəzər şeir axşamları"nda iştirak edəcək. Türkiyənin ünlü ədəbiyyat tədbirlərindən hesab olunan "Xəzər şeir axşamları" bu il 26-cı dəfə Elazığ şəhərində təşkil olunacaq. 

“Ədəbiyyat və incəsənət” portalı İntiqam Yaşara istinadən xəbər verir ki, 6-7-8 oktyabr tarixlərində gerçəkləşdirələcək tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Baş Nazirlik Tanıtma Fondunun, Türk İş Birliyinin, Xaricdə Yaşayan türklər və Əqrəba İcmalarının Baş İdarəsinin, Elazığ Valiliyinin və s. qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Müxtəlif ölkələrdən ədəbiyyat nümayəndələrinin qatılacağı tədbir böyük şair Sezai Karakoçun xatirəsinə həsr olunacaq.

“Ədəbiyyat və incəsənət”
(02.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.