Super User

Super User

İstedadlı gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, “Ədəbiyyat və incəsənət” ailəsinin üzvü İntiqam Yaşar ötən gün növbəti doğum gününü qeyd etdi. Bu münasibətlə Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının yazısını diqqətinizə çatdırırıq. 

 

 

Cənnətməkan Musa Dədəmin sağlığında tez-tez Buynuza ziyarətinə gedərdim… Həmişə mənə elə gəlirdi ki, İsmayıllının hər bir kəndi öz təbiətinə görə nə qədər füsunkar olsa da, Buynuz təkcə təbiətinə görə yox, həm də daşıdığı mənəvi dəyərə görə bizlər üçün çox doğmadır… Hətta bir qədər poetik yanaşanda elə bilirdin ki, o kənd özü də Musa Yaquba bənzəyir və Buynuz bu oxşarlıqdan, doğmalıqdan qürrələnib başını bir az da dik tutur. Haqqı da çatır əslində. Axı Azərbaycan coğrafiyasında Yazıçılar İttifaqının qeyri- rəsmi filialına çevrilmək hər kəndə, hər elə-obaya nəsib olmur…

 

Musa Dədəmin torpağı sanı yaşasın, uzun zamandır ki, İntiqam Yaşarın həyat tərzini müşahidə etdikcə ürək arxayınlığı ilə qələm dostlarımıza dedim ki, Yazarlar Birliyimizin bir mənəvi filialı da indi Gədəbəyin Çobankəndindədir… Şen olsun!

Böyük Məhəmmədhüseyn Şəhriyarın dilimin əzbəri bir misrası var. Yazır ki: “Mənim atam süfrəli bir kişiydi…” Əslində, insanın xasiyyətinin də, istedadının da ən gözəl yanı süfrəli olmağı bacarmağıdı… Bu gün dəyərlərin aşındığı, duz-çörək kəsməyin, ülfət bağlamağın unudulduğu bir məqamda İntiqam Yaşarın xarakterinin elə yaradıcılığı kimi özünəməxsus tərəfi süfrəli kişi olmağı bacarmağı, süfrəsindən dost bildiklərinə, özü bildiklərinə pay bölməsi, çörək kəsib, kəsdiyi çörəyin bin-bərəkətini qorumağı bacarmasıdı... Dağlar keşikçisi Gədəbəyin o ucalıqlarından süzülüb gələn büllur sutək dumduru qəlbi olan İntiqamın özü kimi, sözü kimi halal olan çörəyini kəsmək özü də bir səadətdir…

İntiqamın Türküstan boyda ürəyi var… O, təkcə, dağlar qoynundakı yurdunu, böyüyüb boşa-başa çatdığı kəndini deyil, Alagöldən, Çolpandağdan, Elləroyuğundan, Şahdağdan, Babadağdan, Murovdağdan, Haçadağdan Tanrı dağa yol alan bütün Türk dünyasını köksünə sığdırıb… Mən İntiqam Bəyin bu yaşına qədər “məsumiyyət muzeyi” kimi qoruduğu, körpə gözü təkin o dumduru ürəyindəki bu izahsız Turan sevgisini körpə bir yavrunun Anaya olan məhəbbətinə bənzədirəm... İntiqam Bəyin ürəyində göz açdığı beşikdən – Çobankənddən Tanrı dağa bir Yol uzanır və İntiqam Yaşar o Haqq yolunun ən halal yolçusudur... Yolu aydın olsun!

“Bizim yolumuz tikanlıdır, ayağını sevənlər bizimlə gəlməsin.” - deyir Seyid Qütbi... Bu gün İntiqam Yaşar Turan məfkurəli böyüklərimizin bizə mənəvi miras qoyub getdiyi o cəfalı Yolun tikanına, çökəyinə, kələ-kötürünə, çala-çuxuruna baxmadan yorulmadan, yenilmədən, ləyaqətlə, şərəflə o Haqq yolunu yürüməkdədir...

Məhəmməd Əmin Rəsulzadənin Cumhuriyyət işığını, İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” amalını, Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” yandıran türkçü düşüncəsini, Bütöv Azərbaycan məfkurəsini günümüzə daşıyan və hər daim gündəm olmasını qoruyub sağlayan milli məfkurəli, türk qanlı, islam imanlı, Turan sevdalı sağlam Əqidə Adamıdır İntiqam Yaşar...

Onun başqanı olduğu – canının parçası, övladı kimi əzizlədiyi, qoruduğu Dünya Gənc Türk Yazarlar Birliyi hər nə qədər Ədəbiyyat qurumu olsa da, qurumun gördüyü hər bir işdə Böyük Məhəmməd Əmin nəfəsi, gerçəkləşdirdiyi hər layihədə türkçülük hərarəti, Turan sevdası duyulmaqdadır.

Bakı küləklərinin hansı səmtə əsməyindən asılı olmayaraq İntiqam Yaşar Dağlar oğlu olduğunu, dağ əyilməzliyini, onurlu və məğrur duruşunu, yenilməzliyi, küləyin istiqamətinə yön dəyişməzliyi, peşə vicdanına, yoluna, qələminə sədaqətini öz dəsti-xətti ilə çoxdan ortaya qoyub – həm də ən gözəl hüsn - xətlə...

Bu dünyada dürüstlüyün, təmiz sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı ona nəsib edib, Tanrı bu Ucalığı İntiqamın alnına yazıb, həm də gözəl xətlə yazıb.

Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi Valideynin ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. İntiqam Bəyin Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı da var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Mən İntiqam bəyi dünyaya gətirən, bu cür mükəmməl tərbiyədə və düşüncədə yetişdirən Anamızın əllərindən öpürəm, Var olsun! – deyirəm. İntiqam bəyə həyata atdığı ilk addımlarından dili, sözü, əməli bir olmağı öyrədən, İntiqam bəyi bu cür mətin, dürüst, təmiz əxlaqda, böyüyə hörmətli, uşağa məhəbbətli, dosta sədaqətli yetişdirən Yaşar Atamızın qarşısında sayğıyla baş əyirəm!

Anamız o qədər böyük ürəkli qadındır ki, onu məhz bu gün 3 Ekim – Türk dünyası günü dünyamıza bəxş edib – Türk dünyasına ərməğan edib… Mən o anamıza həm də öz adımdan bir təşəkkür borcum var. Gədəbəydə Milli Yaylaq festivalı keçiriləndə Bakıdan gedən qonaqları İntiqam Yaşar adəti üzrə ata yurduna qonaq dəvət etmişdi. Qələmdaşlarımız səhər yeməyi süfrəsinin şəklini çəkib paylaşmışdılar ki, İntiqamın gözəl anası bizim üçün “köppəcə” bişirib. O şəkli görən balaca qızım “Ana, mənə də köppəcə bişir, - dedi. Həmin gündən “köppəcə” bizim də süfrəmizin əziz bir yeməyinə çevrildi. Bu yazımla alnının təri, əlinin qabarı , halal çörəyi ilə İntiqam kimi bir oğul böyütdüyü üçün Anamıza ürəkdolusu minnətdarlıqla gözüdolusu övlad səadəti diləyirəm ulu Tanrıdan!

Bütün bağlılıqların – dostluqların, doğmalıqların özəyində, təməlində güvənmək, inanmaq ehtiyacı dayanır. İntiqam Yaşar özü böyüklükdə güvən duyğusu sağlayan Adamdı... O varlığı, saf enerjisi ilə insana elə bir güvən bəxş edir ki, onunla Tanrı dağlarına qədər çiyin-çiyinə piyada yürümək olar...

Yaxşı ki, Varsan, Əzizim!

“Altun qələm”inlə iz açdığın Böyük ədəbiyyat yolunda yaradıcılıq uğurları, şərəflə yürüdüyün böyük Turan yolunda Tanrıdan Sənə güc, sarsılmaz iradə, möhkəm can sağlığı diləyirəm!

Doğum günün mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Uraqan Abdullayev, "Ədəbiyyat və İncəsənət"

 

Bu dəfə "Ədəbiyyat və İncəsənət" portalının ən gənc üzvü olan Nigar Həsənzadə ilə söhbət etdik. Mənim üçün sözün həqiqi mənasında yaş sadəcə bir potensial göstəricidir. İnsanları yaşına yox, bilgilərinə, müdrikliyinə görə dəyərləndirmək lazımdır. Şah İsmayıl Xətai 14 yaşında taxta çıxanda böyük deyildi. Eləcə də bir çox məşhur sayılacaq şəxs hələ gənclik illərində məşhurlaşıb. Sadəcə, illər ötdükcə bəzən fikirlər dəyişə bilir. Düşünürəm ki, bu müsahibəmiz də Nigar xanım üçün ən xoş təəssüratlarla yadında qalacaq. İllər keçsə belə, bu müsahibəni açıb oxuyanda üzündə bir təbəssüm tumurcuqlanacaq. 

 

-Xoş gəldiniz, Nigar xanım. Sizi tanımayanlar üçün özünüzü təqdim edin zəhmət olmasa.

 

- Təşəkkürlər, Uraqan bəy. Müsahibə təklifiniz də xoş oldu. Mən Nigar Həsənzadə. Bakı şəhəri Maştağa qəsəbəsində doğulmuşam və yaşayıram. 3-cü sinifdən bəri öz istedadımı anlamışam. İlk vaxtlar şeirlər səsləndirirdim, daha sonra maraqlı esselər və sərbəst şeirlər yazdım. Hal-hazırda da kiçik hekayələr, esselər, məqalalər, sərbəst və heca vəznində şeirlərin müəllifiyəm. Ən çox sevdiyim isə qiraətdir, şeir səsləndirərkən ruhum dincəlir və bunların içərisində özümü ən çox tapdığım da məhz qiraətdir, lakin başlayanda ağlımda şeir yazma qabiliyyətimi gücləndirmək idi. Gənclərdən ibarət könüllü birliyin - OYB-nin sədriyəm. "44 Gün və Əbədiyyət" adlı kitab nəşr edilib Maştağada, o kitabda iki şəhidmiz haqqında yazılarım, jurnallarda şeirlərim çap edilib. Həm öz qəsəbəmizdə, həm də kənarda tədbirlərdə iştirak etmişəm və uğurla qiymətləndirilmişəm. Hal-hazırda sizlərlə birgə "Ədəbiyyat və İncəsənət" portalında fəaliyyət göstərmək mənə xoşdur.

 

-Kumir kimi gördüyünüz biri varmı? Hansı ki, həm böyüklüyü, həm yazı stilini ondan öyrənirəm deyirsiniz.

 

- Təbii ki, hər kəsin həyatında nələrisə öyrəndiyi, özünə nümunə kimi bildiyi insan ola bilər, amma mən tam olaraq birisini özünə nümunə götürüb onun yoluyla getməyi düzgün bilmirəm. Hər kəsin öz yolu, öz izi olmalıdır. Bəli, elə biriləri var ki, nələrisə onlarla məsləhət etdiyim olur, əsasən də bu ədəbi dəryada.

 

-Həyatınızda var olan ən çox nə üçün özünüzü minnətdar hesab edirsiniz?

 

- Yaranan şanslar üçün özümü minnətdar hesab edirəm. Çünki şans, məncə, çox böyük şeydir,  bizə nə zaman qonaq gəlirsə, çox sevinməliyik. İnsan olaraq isə ailəm, bəzi müəllimlərim və bəzi insanlar var əhatamdə, onların varlığına minnətdaram.

 

-Əgər böyümə təbiətinizlə bağlı bir şeyi dəyişdirə bilsəydiniz, bu nə olardı?

 

- Çox diqqətciləm, əslində, bu çox gozəl bir şeydir, amma "çox həssas və çox diqqətcil insanlara bu həyat cəhənnəmdir" deyirlər. O səbəbdən, bir az həssaslıq səviyyəm az olsun istəyərdim. Amma bunlarla bərabər, həm də çox güclüyəm, mənəvi cəhətdən bir şeyə inada düşərəmsə əldə etməmiş dayanmaram, amma yenə də bəzən həssas olmaq insanın gücündən alır.

 

-Əgər öyrənmək istəyəcəyiniz hər şeyi söyləyə bilən bir kürəyə sahib olsaydınız, amma öyrənmək üçün sadəcə bir şansınız olsaydı nəyi bilmək istərdiniz?

 

- Özümdən sonra iz qoymağım üçün hansı addımı atmalıyam? "Bu həyat fanidir, əbədi yaşamaq üçün nə edə bilərəm?" də bu sualın sinonimidir.

 

-Koçing fəlsəfəsi deyilən bir fəlsəfə var. Bu fəlsəfə çətin vəziyyətdə olan insanları tövsiyələrlə xilas etmir, vermək istədikləri  suallar verərək cavabları özlərinin tapmasına kömək edir. Əgər bütün insanlara sual vermək şansınız olsaydı, onlara hansı sualı vermək istərdiniz?

 

- Niyə ədalət axtarırıb ədalətsiz olursunuz, niyə yaxşı kəslər axtarıb, yaxşı olmaq üçün addım atmırsınız?

 

-Oxuduğunuz kitablar arasında ən çox sevdiyiniz janr hansıdır?

 

- Romantika, detektiv.

 

-Azərbaycanda kitab industriyasının inkişafı üçün edilməsi gərəkən işlər hansılardır? Necə bir layihələr başladılmalıdır, sizin fikrinizcə?

 

- Bu işə müəyyən kəslər seçilməlidir, onlar rayon-rayon, lazımsa kənd-kənd gəzməli, istedadları üzə çıxarmalı, maddi kömək göstərməlidir, çünki bu gün maddiyyata görə çox istedadlar geri qalır, üzə çıxa bilmir. Eləcə də öz hesablarına kitab çıxaran gənclər var, onların uğurlularını müəyyənləşdirib diqqətə almaq, motivasiya olaraq ikinci kitablarına dəstək olmaq olar. Və çıxarılan kitablar geniş yayılmalıdır. Beləcə, bəlkə, elə bir kitab olacaq ki, seviləcək və həmin gənc bizim ədəbiyyatı dünyaya tanıdacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AzərTAC xəbər verir ki, iclasda 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin xalqımızın həyatında əlamətdar tarix olduğu bildirilib və ölkəmizin bugünkü uğurlarının təməllərinin qoyulduğu vurğulanıb.

 

Sonra komitə sədri Tahir Mirkişili iclasın gündəliyini təqdim edib. Bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Birinci məsələ “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.

Komitə sədri qeyd edib ki, son illər dünyada baş verən kataklizmlər iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatı üçün dövlətin əlavə funksiyaları üzərinə götürmək zərurətini yaradıb. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün dövlət ehtiyatlarının və ərzaq balansının yaradılması istiqamətində atılan mühüm addımlardan söz açan T.Mirkişili 4 fəsil 14 maddədən ibarət yeni qanun layihəsində dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunduğunu vurğulayıb.

Qanun layihəsi ilə bağlı danışan Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov əvvəlcə dövlət ehtiyatları sahəsində mövcud qanunvericilik, dövlət ehtiyatları sahəsində effektiv tənzimləmə sisteminin təmin edilməsi üzrə dövlət başçısı tərəfindən verilən tapşırıqlar və atılan addımlar barədə məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsinin ölkəmizdə dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi aktın, bu sahə üzrə vahid konseptual yanaşmanın qəbul olunması zərurətindən irəli gələrək hazırlandığını bildirib. Layihənin ümumi strategiyasından bəhs edən agentlik sədri sənəddə dövlət ehtiyatlarının strateji, fövqəladə və səfərbərlik olaraq 3 bloka bölündüyünü bildirib, onların əhatə dairəsi, strukturu barədə danışıb. O, deputatlara, dövlət ehtiyatlarının təyinatı və layihədə təsbit olunan digər tənzimləmə mexanizmləri barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi dövlət ehtiyatlarının dayanıqlılığını və onlardan düzgün istifadəni təmin etməkdir.

Layihənin müzakirəsində çıxış edən komitə sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Mahir Abbaszadə, Vüqar Bayramov, İqbal Məmmədov və Aydın Hüseynov sənəddə nəzərdə tutulan dövlət-özəl sektor əməkdaşlığının mexanizmləri, dövlət ehtiyatlarının hüquqi statusu, strukturu və dinamikası, yerli məhsulların tədarük şərtləri və qiymətləri kimi məsələlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

S. Sadıqov deputatların suallarına və qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra “Dövlət ehtiyatları haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra deputatlar “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanan “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də nəzərdən keçirərək, birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Mədəniyyət Nazirliyi və Azərbaycanın Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət olan muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.

 

Azərbaycan bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Ötən il Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və bu, Sammitin yekun bəyannaməsinə daxil edilib.

 

AzərTAC xəbər verir ki, şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.

 

Şəbəkənin təsis edilməsinə dair Bakı Bəyannaməsinin imzalanması oktyabrın 9-13-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil ediləcək “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Azərbaycan Respublikasının Kino Agentliyinin dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil etdiyi müsabiqənin ilk mərhələsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

İlk mərhələdə müxtəlif janrlarda  87 layihə müraciəti qeydə alınıb. Artıq Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim prosesinə başlanılıb.

 

Bu il müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd əsas istiqamət üzrə qəbul olunub: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.

 

Xatırladaq ki, müsabiqənin 1-ci mərhələsinə  18 iyul  tarixində start verilib. 

Artıq başlanan 2-ci mərhələdə isə Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək. 

 

Müsabiqənin 3-cü yekun mərhələsində Ekspert Şurası qarşısında müsabiqənin finalçıları tərəfindən layihələrin müdafiəsi (pitçinq) təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Əgər dünyanın tamamı insanlardan ibarət olsaydı, mən bütün ümidimi itirərdim”

(Mari Thoreau)

 

"Tom və Cerri" cizgi filmində belə bir epizod var: cənnətin qapısı təsvir olunur və pişiklər sıra ilə gəlib o qapıdan cənnətə daxil olurlar.

Lakin pişiklər cənnətə eyni ilə insanların xəstxanalara daxil olduqları kimi müxtəlif diaqnozlarla, müxtəlif səbəblərlə daxil olurlar. Və qapıda durub onları müşahidə edən başqa bir vəzifələndirilmiş pişik, onların hər birinin ora hansı vəziyyətdə girdiyini bir-bir qeyd edir.

Pişiklərin biri başı əzilmiş, biri əli-ayağı sındırılmış vəziyyətdə cənnətə daxil olarkən, bu vaxt bir məqam xüsusi ilə diqqət çəkir. Ağzı bağlı bir torba sıçrayaraq gəlib qapının ağzında dayanır, torbanın ağzı açılır və oradan üç balaca pişik balası çıxıb sevinclə cənnətə doğru qaçır.

Bu gün insanlar zövq üçün ov edir, orijinal dəri geyimlərin istehsalı naminə diri-diri heyvanların dərisini soyur, yeri gələndə, ehtiyac olduqda bir çox işdə insanlara yardım eləyən, darda olan insanları tapıb xilas edən, yeri gələndə terapiya vasitəsi kimi belə insanların sağalmasına kömək göstərən heyvanlara ehtiyac duymadıqda  onlarla pis davranır, işgəncələr verirlər. Bir qab suyu, bəzən sevgi umduqlarından sevgi dolu isti bir sığalı əsirgəyirlər.

Heyvanlar Allahın dilsiz-ağızsız, günahsız qulları, bu dünyada insana bəxş olunmuş nemətlərdən biri və insanların ən vəfalı dostlarıdır. Onlar bu gün insanoğlunun bütün əzablarına, işgəncələrinə susurlar, fəqət unutmayın ki, qiyamət günü gələndə mütləq danışacaqlar.

Peyğəmbərimiz buyurmuşdur ki, mərhəmət etməyənə mərhəmət olmaz, siz bu gün onlara mərhəmət edin ki, sabah qiyamətdə də, Allah sizə mərhəmət etsin.

Bu gün 4 oktyabr ümumdünya heyvanların müdafiəsi günüdür.  Bəlkə yer üzündəki bütün heyvanları qoruya bilməzsiniz, amma qapınızın ağzına bir qab su qoyub, küçədə bir pişik və ya bir it görəndə yemək verməsəniz, başını sığallamasanız belə, ən azından zərər də vermədən ötüb keçsəniz, avtomobil idarə edəndə onları vurub küçənin bir qırağına atmasanız, siz bununla belə, onlara çox yardımçı olmuş olacaqsız. 

 

"Heyvanlara yardım etmək və qorumaq hər insanın insanlıq borcudur"

Frida Kahlo

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

 

Azərbaycanın Latviyadakı səfirliyinin Liepaya Muzeyi ilə birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “İpək kainatı” adlı sərgisinin açılış mərasimi keçirilib.

 

Səfirlikdən AzərTAC-a bildirilib ki, Liepaya bələdiyyəsinin nümayəndələri, mədəniyyət xadimləri, jurnalistlər, eləcə də digər sənətsevərlərin iştirak etdiyi sərgidə rəssam İ.Kostina tərəfindən ərsəyə gətirilən və üzərində Azərbaycan mifologiyasındakı simurq quşu obrazları olan batika ipək boyama texnikasına aid əsərlər, kəlağayı kolleksiyası və Abşeron yarımadasının mənzərələrindən ibarət rəsmlər nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 12:07

Bu gün Türk Dünyası Günüdür

Təqvimimizdə axtarış verəndə 3 oktyabr Alkoqolizmlə mübarizə günü kimi görünür. Halbuki, 3 oktyabr böyük bir bayramdır, özü də məxsusi türk dünyası üçün. 3 oktyabr Türk Dünyası Günüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr 2009-cu il tarixində imzalanan Naxçıvan Anlaşması sonucunda bu anlaşmanın imza tarixi olan 3 oktyabrda  Türk Dilində Danışan Ölkələrin İşbirliyi Günü elan edilmişdir və bayram edilməkdədir. 

Xüsusən Türkiyə türkləri bu günü böyük coşğu ilə qeyd edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Çərşənbə axşamı, 03 Oktyabr 2023 19:00

POETİK QİRAƏTdə Əlizadə Nuri

Uzun fasilədən sonra Poetik Qiraət rubrikasında sizləri yenidən sevilən şair Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə o, “Uzaq” deyir. 

 

 

“Uzaq”

 

Əlizadə Nuri

 

Nə olsun yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni evin içində.

 

Eyni kupelərdəyik,

Amma ayrı qatarda....

Aradakı bu boşluq

Min adama çatar da.

 

Sən çiçəyə əl açdın,

Mən də kəpənəklərə.

Qoy bahar sənin olsun,

Payız qalsın təklərə.

 

Elə soyumuşuq ki-

Gec əriyən qarıq biz.

Bir dəryanın içində 

Ayrı damlalarıq biz...

 

Özümlə savaşanda

Özüm girdim araya.

Yanımdasan... özgəni 

Çağırıram haraya...

 

Eşqimiz oğurlanıb-

Boş bir muzey kimiyik.

Günümüz də ayrıdı-

Güney, quzey kimiyik...

 

Təkcə yaradan bilir 

Necə dostuq, yarıq biz.

Bir-birinə bitişik,

Uzaq adalarıq biz.

 

Dənizi  sevmədin sən,

Sevdin isti qumunu.

Nə olsun yanımdasan-

Sənə məktub yazmışam

Gəl, götür məktubunu...

 

...Nə olsun yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni evin içində...

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.