“Tomu Cerrisiz qoymaq…” - Bu gün Ümumdünya Heyvanların Müdafiəsi Günüdür Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

“Əgər dünyanın tamamı insanlardan ibarət olsaydı, mən bütün ümidimi itirərdim”

(Mari Thoreau)

 

"Tom və Cerri" cizgi filmində belə bir epizod var: cənnətin qapısı təsvir olunur və pişiklər sıra ilə gəlib o qapıdan cənnətə daxil olurlar.

Lakin pişiklər cənnətə eyni ilə insanların xəstxanalara daxil olduqları kimi müxtəlif diaqnozlarla, müxtəlif səbəblərlə daxil olurlar. Və qapıda durub onları müşahidə edən başqa bir vəzifələndirilmiş pişik, onların hər birinin ora hansı vəziyyətdə girdiyini bir-bir qeyd edir.

Pişiklərin biri başı əzilmiş, biri əli-ayağı sındırılmış vəziyyətdə cənnətə daxil olarkən, bu vaxt bir məqam xüsusi ilə diqqət çəkir. Ağzı bağlı bir torba sıçrayaraq gəlib qapının ağzında dayanır, torbanın ağzı açılır və oradan üç balaca pişik balası çıxıb sevinclə cənnətə doğru qaçır.

Bu gün insanlar zövq üçün ov edir, orijinal dəri geyimlərin istehsalı naminə diri-diri heyvanların dərisini soyur, yeri gələndə, ehtiyac olduqda bir çox işdə insanlara yardım eləyən, darda olan insanları tapıb xilas edən, yeri gələndə terapiya vasitəsi kimi belə insanların sağalmasına kömək göstərən heyvanlara ehtiyac duymadıqda  onlarla pis davranır, işgəncələr verirlər. Bir qab suyu, bəzən sevgi umduqlarından sevgi dolu isti bir sığalı əsirgəyirlər.

Heyvanlar Allahın dilsiz-ağızsız, günahsız qulları, bu dünyada insana bəxş olunmuş nemətlərdən biri və insanların ən vəfalı dostlarıdır. Onlar bu gün insanoğlunun bütün əzablarına, işgəncələrinə susurlar, fəqət unutmayın ki, qiyamət günü gələndə mütləq danışacaqlar.

Peyğəmbərimiz buyurmuşdur ki, mərhəmət etməyənə mərhəmət olmaz, siz bu gün onlara mərhəmət edin ki, sabah qiyamətdə də, Allah sizə mərhəmət etsin.

Bu gün 4 oktyabr ümumdünya heyvanların müdafiəsi günüdür.  Bəlkə yer üzündəki bütün heyvanları qoruya bilməzsiniz, amma qapınızın ağzına bir qab su qoyub, küçədə bir pişik və ya bir it görəndə yemək verməsəniz, başını sığallamasanız belə, ən azından zərər də vermədən ötüb keçsəniz, avtomobil idarə edəndə onları vurub küçənin bir qırağına atmasanız, siz bununla belə, onlara çox yardımçı olmuş olacaqsız. 

 

"Heyvanlara yardım etmək və qorumaq hər insanın insanlıq borcudur"

Frida Kahlo

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.