Super User
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.
35–ci dərc
Qırmızı lampalı otaqda oturmuş adam az əvvəl ona verilmiş son məlumatı götür-qoy edirdi. Bu məlumat onu dərin fikrə getməyə vadar etmişdi. O, uzun illər xidmətində olan, ən çətin və əslində ən çirkin işləri həvalə etdiyi, bacarığına hədsiz dərəcədə güvəndiyi adamının sıradan çıxmasına heç cür inanmaq istəmirdi. Bu illər ərzində bir dəfə də olsun onu pis vəziyyətdə qoymayan adamının özü indi son dərəcə pis vəziyyətə düşmüşdü. Həkimlər adamın bir də heç vaxt gəzə bilməyəcəyini demişdilər.
Oturduğu kreslodan qalxıb otağın ortasındakı masaya yaxınlaşdı və masanın üstündə qoyulmuş düyməni basdı. Zəng səsi kəsilər-kəsilməz içəri girən köməkçisinə baxıb sakit, amma amiranə səslə dedi:
-Detektiv Bəxtiyar Nəzərli haqqında hər şeyi bilmək istəyirəm.
Köməkçi, -Baş üstə, -deyib otaqdan çıxdı.
Adam nazik ipək köynəyin üstündən geyindiyi toxunma naxışlı, uzun xalatın kəmərini açıb kresloya oturdu. Bir qədər fikirləşdikdən sonra cib telefonunu götürüb zəng etdi. Xəttin o biri başından cavab verilən kimi dedi:
-Başlaya bilərsən.
-Başa düşdüm, -xəttin o başındakı adam da, onun kimi qısa cavab verdi.
Telefonu bir kənara atıb yenə fikrə getdi. Az əvvəl səsləndirdiyi iki kəlmə ilə o, uzun illər tanıdığı, bel bağladığı «Qızılbaş»ın ölüm hökmünü vermişdi. «Qızılbaş» səhv buraxmışdı. Bu səhv ilk baxışdan xırda görünsə də, nəticədə peşəkar polis zabitləri olan qarşı tərəfin «Qızılbaş»a çıxdıqları məlum olmuşdu. Həmin küçənin yaxınlığında işləyən maşın ustası vəziyyəti öyrənmək üçün göndərdiyi adamına bir qızın «Nexia» markalı maşını axtardığını demişdi. Cavan usta gözəlliyi onu cəlb etdiyi üçün, uzaqlaşan qızın arxasınca baxanda, onun «Qızılbaş»ın villasının qarşısında dayanıb yerə diqqətlə baxdığını, sonra bir qədər aralıda əyilib yerdən nə isə götürüb cibinə qoyduğunu görmüşdü. Bir gün sonra isə villanın izləndiyi üzə çıxmışdı. «Qızılbaş»ın adamının buraxdığı səhv hər şeyi alt-üst etmişdi. Qarşı tərəf ağılsız adamlar deyildilər və onlar bu səhv nəticəsində araşdırdıqları qətl hadisəsində kimlərin əli olduğunu öyrənə bilmişdilər. Bu çox pis nəticə verə bilərdi. İlk gündən onlar bu araşdırmanın müəyyən həddə qədər gəlib sonra daşa dirənəcəyini fikirləşmişdilər. Bu onları qane edirdi və bu halda, bir növ, öz işlərini də qarşı tərəfə həvalə edib özləri hər şeydən kənarda qalmış olurdular. Ancaq məsələ əndazədən çıxmışdı və ona görə də gecikmədən yuxarıya aparan bütün ipləri kəsmək tələb olunurdu. Bu iplər isə «Qızılbaş»dan uzanırdı. «Qızılbaş» hər bir adamının buraxdığı səhvə görə başı ilə cavabdeh olduğunu bilirdi. Ancaq bu səhvin qarşısını ala bilməmiş və hamını təhlükə qarşısında qoymuşdu. İndi cavab verməsi qaçılmazdır. Başqa günahı da var idi onun. Səhv etməsi bir yana, bu səhvi də gizlətməyə çalışmaqla «qaydalara» xəyanət etmişdi. Vaxtında onun yanına yerləşdirdiyi aşbaz qadın, onun səhvinə görə adamını necə danladığını eşidib bu barədə xəbər verməsə idi, «Qızılbaş» baş verənləri ondan gizlədəcəkdi. Belə şey isə heç bağışlanmır. Üstəlik, yanına yerləşdirdiyi aşbaz qadını deşifrə edib işdən çıxarması da onun əleyhinə işləmişdi. Deməli, «Qızılbaş» baş qaldırmağa başlayıb. Bundan sonra buraxa biləcək səhvlərini də gizlətməyə çalışacaq. Bu isə «müqəddəs» olan qaydalara ziddir.
Adam kresloya yayxanıb gözlərini tavana dikdi. Sonra əli ilə çənəsini ovub başını yellədi. O, özü də uzun illər ona xidmət etmiş «Kölgə»nin səhvinə görə cavab verməli olacaqdı.
* * *
Ofisdə iş saat 9-da başlayırdı. Ona görə də 8 tamamda mən də, polkovnik də artıq oyanmış, səhərə yaxın dəmlənmiş çayı qızdırıb peçenye ilə içmişdik. Sonra da polkovniklə sağollaşıb ofisi tərk etmişdim. Öyrəncəli olduğum üçün, təxminən üç saat yatmağım mənə kifayət etmişdi. Özümü gümrah hiss edirdim. Nəhayət ki, araşdırmada növbəti fasilə yaranmışdı və mən Salamın yarımçıq qalmış işi ilə maraqlana biləcəkdim. Polkovnik Əmirxanın işi ilə bağlı daha heç bir addım atmamağımı tapşırmışdı. Salamın məsələsində isə sərbəst idim. İndi sakit bir yer tapmalı, bu işdə ilk gündən bu günədək öyrəndiklərimi yenidən bir-bir yaddaşımda geri qaytarıb təhlil etməli idim. Ancaq əvvəlcə Elbrusla görüşəcəkdim. Siyahılar istisna olmaqla, onun son günlərdə apardığı işlər barədə məlumat almağım işimə yaraya bilərdi. Avtobus dayanacağına gəlib lazım olan marşrut avtobusuna mindim. Təxminən iyirmi dəqiqədən sonra rayon polis idarəsinin qarşısında idim. İş vaxtı yeni başladığı üçün Elbrus yerində idi. Növbətçi zabitə gəlişimin səbəbini deyib yuxarı qalxdım. Müstəntiqlər ikinci mərtəbədə otururlar. Otağının qapısını döyüb açdım. Məni görən Elbrus ayağa qalxıb görüşdükdən sonra dedi:
-Gəlməyiniz yaxşı oldu. Bir azdan Salamın işi ilə bağlı prokurorluğa gedəcəm. Çalışacağam bir-iki gün də vaxt alım. Bəzi yeni məqamlar çıxıb ortaya. Sizdə nə xəbər var, siyahılar bir şey verdi?
Bu sualı gözləyirdim. Amma heyif ki, cavabı hələ qənaətbəxş deyildi.
-Mən də elə son vəziyyəti öyrənmək üçün gəlmişəm. Bu gün boşam, bütün günümü bu işə sərf edəcəm. Gözlədiyimin əksinə olaraq, siyahılar lazım olan nəticəni vermədi. Ancaq hələ ki, onları bir kənara atmıram. Çünki bunun belə olmayacağına çox əmin idim. Onların üzərində bir qədər də işləyəcəm. Bəs sizdə nə yeniliklər var?
Elbrus qalxıb axşamdan bağlı qalan kabinetin havasını dəyişmək üçün pəncərənin nəfəsliyini açdı.
-«Karat»ın sürücüsü dəfndən sonra yoxa çıxmışdı. Nəhayət dünən uşaqlar tapıb gətirdilər, ifadəsini aldım. Maraqlı şeylər üzə çıxdı. Ölümündən üç gün əvvəl axşam saatlarında «Karat» maşını «İzmir» parkına sürdürüb. Ona maşında qalmasını deyib, özü parkın içərilərinə gedib. Gec gəldiyini görən sürücü maşından düşüb boylananda uzaqdan onun bir kişi ilə söhbət etdiyini görüb. Bundan bir qədər sonra «Karat» qayıdıb maşına oturub və evə sürdürüb. Yolda bir şüşə konyak da alıb. Dediyinə görə parkdan qayıdan «Karat» çox əsəbi imiş. Yəqin konyakı da elə əsəbini soyutmaq üçün alıbmış.
-Bəs o kişi haqqında heç nə deyə bilmədi sürücü?
-Yalnız onun orta boylu və yaşının yetmişdən yuxarı olduğunu deyə bildi, uzaq olduqları üçün başqa heç nə görə bilməyib.
Sual dolu baxışlarla Elbrusa baxdım. Mənim nə demək istədiyimi göydə tutan müstəntiq tez əlavə etdi:
-Hə, təkcə «Karat»ın maşından düşüb getməsi və qayıdıb maşına oturması kameralara düşüb. O parkı tanıyırsız, hər yan sıx ağaclıqdı. Bunları müəyyən etdikdən sonra görüş yerinin təsadüfi seçilmədiyi qənaətinə gəldim. O adam kimdirsə, bu görüşün məxfi qalmasını istəyib.
-Başqa?
-Bundan sonra sürücü «Karat»ı iki gün adi qaydada işə aparıb-gətirib. Ölən günü isə saat 23-də sevgilisinin evinə düşürüb gedib. Adətən belə olanda səhər saat 9-da onu götürməyə gedirmiş. Bu dəfə «Karat» ona gəlməməsini tapşırıb.
-Aydındır. Böyük ehtimalla onun gecə saatlarında gedəcəyi yer var imiş və daha o evə qayıtmayacaqmış. Sürücüyə də ona görə səhər gəlməməsini tapşırıb. Ancaq o saatda onu evdən çıxmağa və harasa getməyə vadar edən səbəb nə ola bilərdi?
-Bax bunu aydınlaşdırmaq hələ ki, mümkün olmayıb, -Elbrus bunu deyib qaşlarını yuxarı qaldırdı.
-Daha vaxtınızı almayım. Bu gün nə isə aydınlaşdıra bilsəm, sizə zəng edəcəm.
Qalxıb Elbrusla sağollaşdım və kabinetdən çıxdım. Səhər sakit bir yer tapıb Salamın işini təhlil edəcəyimi düşünmüşdüm. Ancaq Elbrusdan aldığım məlumat planlarımı dəyişməyə vadar etdi. İndi polkovnikə veriləsi bir sual ortaya çıxmışdı. Ancaq daha az əvvəl tərk etdiyim ofisə qayıtmayacaq, sualı şəhər telefonu ilə zəng edib verəcəkdim. Cavabı gələnə qədər isə, Gülanənin yanına gedəcəkdim. Cavabı da elə şəhər telefonu ilə Gülanənin evinə zəng edib verəcəkdilər. İşlərin belə alınması çox yaxşı oldu. Gülanəni çox intizarda qoymuşdum son günlər. Elə özümə də duş qəbul etmək lazım idi. Təhlillərimi aparmaq üçün də ən ideal məkan elə bu sevimli qadının evi idi.
Əvvəlcə avtomat telefon tapmalı idim. Rayon polis idarəsindən çıxıb sola döndüm, iki tin getmiş telefon aparatını gördüm. Aparat boş idi. Mobil telefonlar dəbə mindikdən sonra avtomat telefonlardan çox az istifadə edilirdi. Yaxınlaşıb nömrəni yığdım. Zəngə polkovnik özü cavab verdi.
-Mənəm, Arif müəllim, -az əvvəl ayrıldığımız üçün salamlaşmadım.
-Danış, Bəxtiyar, -polkovnik aramla dilləndi.
-«Karat» ölümündən üç gün əvvəl, axşam saatlarında orta boylu, yaşlı bir adamla görüşüb. Böyük ehtimalla aralarında mübahisə olub. Mən Rəmzinin əlamətlərini bilmirəm. Ancaq mənə maraqlıdır, onun brilyant biznesi olub, ya yox?
-Rəmzinin yaşı bəllidir. Boyu da «Karat»ın görüşdüyü adamın boyu kimi ortadır. Brilyant biznesinin olub-olmamasını da qısa müddətə öyrənərik. Bu maraqlı məlumatdır. Deyəsən, hadisələr doğrudan da toqquşur.
-Hə, mən də elə düşünürəm. Sizə verdiyim şəhər nömrəsində olacam.
Sağollaşıb dəstəyi asdım və yenidən qaldırdım. Bu dəfə Gülanənin nömrəsini yığdım. Gülü zəngə dərhal cavab verdi.
-Mənəm, -dedim.
Araya uzun bir sükut çökdü. Nəhayət Gülü dilləndi:
-Gözləyim? -nə qədər gizlətməyə çalışsa da, səsindəki təlaş hiss olunurdu.
-Yarım saat.
-Yaxşı.
Dayanacağa tərəf gedib mikrorayonlar istiqamətinə işləyən avtobusa mindim. İyirmi dəqiqədən sonra avtobus məni ikinci mikrorayona çatdırdı. Gülünün evinə beş dəqiqəlik yol var idi. Yolumu tanış mağazadan saldım. Bir qədər bazarlıq etdim.
Zəngi basan kimi qapı açıldı. İçəri keçdim. Gülü zənbilləri əlimdən alıb mətbəxə keçdi və tez qayıtdı. Pencəyimi alıb asılqana asdı, sonra gülərüzlə dedi:
-Sizi görməyə şadam, cənab detektiv.
-Antirekord vuran biri belə şadyanalıqla qarşılanırmı? -zarafatla dedim.
-Baxır o antirekordun sahibi kimdir, -deyən Gülanə boynuma sarıldı. Bir müddət belə dayandıq. Onun saçlarının ətrini sinəmə çəkəndə bütün varlığımı bir doğmalıq bürüdü. Bu qadınla tapdığım rahatlığı yaşadığım otuz doqquz ildə heç kimlə tapmamışdım.
Gülü, sanki birdən ayılmış kimi aralaşıb üzümə baxdı:
-Səni də qapıda saxlamışam. Keç içəri, nahara az qalıb, yəqin acsan, tez yeməyi hazırlayım.
-Əvvəlcə çiməcəm.
-Yaxşı, sən çim, mən də süfrəni düzəldim. Üst-başın da nə gündədir. Paltarlarını dəyişərsən.
Yarım saatdan sonra çimib, üzümü qırxıb süfrədə oturmuşdum. Gülü həmişəki kimi süfrəni cürbəcür naz-nemətlərlə doldurmuşdu. Dadlı nahardan sonra bir stəkan da çay içib yerimi kresloya dəyişdim. İndi Salamın işi ilə bağlı öyrəndiklərimi bir daha beynimdən keçirəcək, nəyin harada qırıldığını tapmağa çalışacaqdım. Əvvəl öyrəndiklərimlə yanaşı bu gün Elbrus Cavadovun söylədikləri də mənim bu məsələdə doğru yolda olduğumu təsdiqləyirdi. Ancaq nəticə fərqli idi. Bunun bir açıqlaması olmalıdır.
Kresloda yerimi rahatlayıb ayaqlarımı jurnal masasının üzərinə uzatdım. Deməli belə, gecə növbəsində işləyən Salamla münasibəti olan birisi arabir onun yanına gəlir. «Karat» öldürülən gecədən əvvəlki gecə növbəsində Salamın qonağı olub, birlikdə çay içiblər, böyük ehtimalla qonaq elə dediyim adamdır. Elbrusla görüşündə Salam bu adamın adının Xamməd olduğunu deyib. Ruhi xəstələrlə bağlı spesifik qapalı müəssisə olduğu üçün yalnız konkret adamların gəldiyi bu müəssisədən təqdim olunacaq siyahılarda Salamın Elbrusa deyəcəyi adın mütləq olacağına əmin idim. Ancaq belə olmadı. Siyahılarda Xamməd adlı birisi yox idi. Əslində heç mən də Xamməd yox, başqa bir ad gözləyirdim. Bax «zəncir» burada qırıldı.
Təbii ki, xəstəxana yalnız stasionar müalicə üçündür, sonradan belə xəstələr poliklinikada qeydiyyata düşüb ambulator müalicə üçün müraciət edirlər. Salamın işlədyi xəstəxana Mərkəzi Şəhər Xəstəxanası olduğu üçün poliklinika da onun nəzdində yerləşir. Deməli, həm orada yatan, həm də gəlib-gedən xəstələr hamıya bəllidir. Salam isə, Xammədin xəstələrdən biri deyil, sadəcə tanışı olduğunu bildirib. İndi gələk kamera məsələsinə. Qətldən təxminən bir ay əvvəl xəstəxananın gözətçi otağındakı yeganə kamerada mütəmadi nasazlıqlar baş verməyə başlayır. Bu əvvəlcə iki dəfə aprel ayında gündüz saatlarında, sonra isə iki dəfə may ayında gecə saatlarında baş verir. Sonuncu iki nasazlığın hər ikisi məhz Salamın növbəsinə təsadüf edir, biri may ayının on üçünə, ikincisi isə on altısına. Bu, özü-özlüyündə çox şeydən xəbər verir. Orada apardığım araşdırma zamanı kameranın təsadüfən sıradan çıxmamasına əmin olmuşdum. Bunu edəninsə, bu xəstəxana ilə birbaşa əlaqəsinin olmasını təxmin etmişdim. Bu adamın orada hər şeyə yaxşı bələd olmasını təsdiqləyən sübutlar var idi. Belə fikirləşmək olar ki, konkret məqsədlə Salamla dostluq münasibəti quran adam, əvvəlcə kameranın naqilini kəsməklə, sonradan isə həmin yerdəki calağı zədələməklə iki dəfə gündüz saatlarında kameranı sıradan çıxarır. Bunu o, yalnız bir məqsədlə edib - hamıda, daha doğrusu aidiyyəti olan adamlarda kamerada nasazlıq olması fikrini yaratmaq üçün. Əsas məqsədi isə sonradan ona lazım olacaq iki gecə növbəsi imiş. Həm gündüz, həm gecə belə etməklə hər ehtimala qarşı şübhələri ona lazım olan gecə növbələrindən yayındırıb. Naqili kəsdikdən sonra, onun tam şəkildə yenisi ilə əvəzlənmədiyini, sadəcə kəsilən yerə calaq vurulduğunu öyrənib. Ona da elə bu, daha dəqiq desək bu calaq lazım idi. Məqsədi Salamın maşınını qaçırmaq olan bu adam çox güman ki, tək fəaliyyət göstərməyib. Ola da bilər ki, özü «Karat»ı güdərək onun sevgilisinin evinə getdiyini gördükdə, təcili xəstəxanaya gəlib, Salamı əvvəldən planlaşdırdığı kimi yatızdırıb, surətini çıxardığı açarlarla onun maşınını qaçırıb. Əlbəttə ki, sonradan bütün şübhələri ona yönəltmək üçün və buna da nail olub. «Karat»ı vurduqdan sonra maşını yerinə qaytarıb, çıxıb gedib. Sonrası məlumdur.
Bu ehtimallarıma çox əminəm. Adətən qətli sifariş verilən adam uzun müddət izlənilir, onun vərdişləri, getdiyi yerlər müəyyən olunur. Bundan sonra «Karat»ın sevgilisinin yaşadığı sakit, qaranlıq küçə qətl üçün ideal yer kimi seçilib. Belə düşünürəm ki, izləyən adam onun həftənin hansı günlərində sevgilisi ilə görüşdüyünü dəqiqləşdirib, bunun mütəmadi təkrarlandığına əmin olduqdan sonra, üç gündən bir işləyən Salamın növbəsi ilə eyni gecəyə düşəcək gedişinin də vaxtını bir ay əvvəl hesablaya bilib. Sonra hazırlıqlara başlayıb. Ancaq onun vərdişlərini öyrənən adam, «Karat»ın oradan həmişə səhər saat 9-da çıxdığını da bilməliydi. Bu zaman qətli həyata keçirmək üçün kimsə onu gecə saatlarında evdən çıxmağa sövq etməli idi. O kimdirsə, bunu hansısa yolla əvvəlcədən «Karat»la razılaşdırıb və heç də sıradan birisi deyil. «Karat» kimi biri hər adamın sözü ilə vərdişlərini dəyişib, sevgilisini tək qoyub gecə harasa getməz. Bu səbəbdən «Karat» sürücüyə səhər dalıyca gəlməməsini tapşırıb. Bu da, dediyim kimi, qatilin tək hərəkət etmədiyini, həm də az əvvəl dediklərimi sübut edir.
«Karat»ı gecə evdən çıxaran adamın ən azı onun kimi nüfuz sahibi olduğunu ehtimal etdikdən sonra, şübhələrim birbaşa Rəmziyə yönəldi.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Hər şey rasionallar üçün! Bəs irrasionallar?
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Psixologiyada da, astrologiyada da, numerologiyada da, fizioqnomikada da insanların bir çox tiplərinə və alt tiplərinə rast gəlmək mümkündür. Ancaq onları bütövlükdə iki böyük kateqoriyalara bölürlər:
Rasionallar:
- Bu insanlar ardıcıldırlar, planlaşdırılmış, təşkilatlandırılmış, öncədən düşünülmüş həyat sürürlər.
İrrasionallar:
- Bunlarsa impulsiv, nizamsız, improvizəedilmiş, düşünülməmiş həyat sürürlər.
Demək olar ki, bütün zamanı idarə etmək, planlaşdırmaqla bağlı təlimlər rasionallara uyğun gəlir. Öz həyatlarını qrafiklə idarə edən bu adamların əksəriyyəti böyük kompaniya və korporasiyalarda idarəçilik bürokratiyası atmosferində, bəziləri isə öz şəxsi bizneslərinin monotonluq atmosferində məqsədə, uğura doğru addımlayırlar. Cari və perspektiv planlar, aylardan, rüblərdən, dekadalardan, illərdən ibarət zaman bölgüsü, qrafiklər, hesabatlar və s. və i. onların həyatlarının ayrılmaz hissəsidir.
Amma irrasionallar üçün bütün bunlar yad şeylərdir, tam azad mühit, yaradıcılıq atmosferi, sərt tələbkarlığın olmaması – onlarçün ən ideal variantdır.
Adətən sivil cəmiyyətlərdə rasionalları ciddi, irrasionalları isə qeyri-ciddi hesab edirlər. Yer kürəsində, hesablamalara görə, rasionalların irasionallara nisbəti 49%-in 51%-ədir.
Əziz oxucum, sən hansı insan tipindən olduğunu bilirsənmi?
Psixologiyada bu iki tip insanların əlamətlərinin dəqiq bölgüsünə rast gəlmək olur. Bu bölgülərə nəzər yetirsən sən də öz tipini müəyyənləşdirə bilərsən. Belə ki, rasionallar:
- Qayda-qanunu sevirlər, hər şeyin öz yerində olmasını xoşlayırlar;
- İşə ciddi yanaşır, nizam-intizama riayət edirlər;
- Situasiyaya nəzarət varsa, hər şey müəyyənlik içindədirsə, onlarçün çox rahatdır;
- Yekcins işə rahat alışırlar;
- Dəqiq planlar qurub onlara əməl etməklə öz məqsədlərinə çatmağı sevirlər. Onların bir qlobal, əsas hədəfləri və bir neçə alt hədəfləri olur;
- Dəqiq və punktual işləyirlər, keyfiyyətlə işləyirlər.
- İşgörmə qabiliyyətləri, qarşıya qoyulan işlərin yerinə yetirilməsi onların əhval-ruhiyyəsindən olduqca az asılı olur;
- Qənaətçil olur, vəsaitlərini növbəti günlərə bölürlər;
- Rasionalların hədəfə çatmaq üçün həmişə bir neçə planları, vasitələri olur. Biri alınmayanda onlar digərlərinə keçirlər;
- Daim mütaliə edir, yeni biliklər almağa çalışır, istifadə etdikləri ədəbiyyatı əvvəldən sonadək oxuyurlar;
- Naharda və şamda nə yeyəcəklərini səhərdən bilirlər, həftənin ortasında şənbə və bazar günlərinin qrafikini cızırlar;
- Gözlənilməzliklər, qeyri-stabilliklər və xaos onlara çox pis təsir göstərir, planlarının pozulması onları stress halına belə gətirir;
- Seçdikləri hər hansı sahədə, adətən, onlar böyük peşəkar olur, öz işlərinin ağasına çevrilirlər.
İrrasionallar isə:
- Bir neçə məqsədli olurlar, ən müxtəlif sahələrdə uğur qazanmağa çalışırlar;
- Rasionallardan fərqli oalarq hədəfə çatmaq vasitələri keçərli olmayanda vasitəni yox, hədəfi dəyişirlər;
- Yekcins işə alışa bilmirlər, hətta buna məcbur olsalar belə eyni işi görməyə müxtəlif formalar düşünüb tapırlar;
- Monotonluq onların düşmənidir;
- Tam gözlənilməz, proqnoza gəlməz olurlar;
- Situasiyaya nəzarəti itirmək, qəfildən gözlənilməzliklərlə rastlaşmaq onları narahat etmir, cəld qərar qəbul edib situasiyaya uyğun hərəkət edə bilirlər;
- Qayda-qanun, nizam-intizam onlarçün xoşagəlməzdir;
- Səliqə-səhman yaratmırlar, dağınıq şəraitdə belə heç nə olmayıbmış kimi yaşaya bilirlər;
- «Naharda nə yeyəcəksən?», «Bu işi neçə vaxta görə bilərsən?», «Qonaqlıqda neçə saat oturacaqsan?» kimi suallara cavab verməkdə çətinlik çəkirlər;
- Kitab oxuyanda ardıcıllığa riayət etmir, daha maraqlı yerləri axtarır, maşın sürürlərsə tıxacla rastlaşanda gözləmir, cəld həmin küçədən çıxıb alternativ yolla hərəkət edirlər;
- İş qabiliyyəti tam əhval-ruhiyyələrindən asılıdır. Kefləri yoxdursa, asanca bugünkü işlərini sabaha qoyurlar;
- Qənaət nə olduğunu bilmir, əllərinə gələn vəsaiti elə həmin gün də xərcləyib qurtarmağa çalışırlar.
- Həyatda daha çox uğursuzluqla rastlaşırlar. Sabaha doğru gözü bağlı getmək, «harada qırıldı, qırıldı» devizi ilə yaşamaq onlara, adətən, ziyan gətirir.
- Uğurlu irrasionallar çox az olur. Amma belələri olursa da, artıq onlar düha olurlar, ətrafındakıları sözün həqiqi mənasında təəccübləndirirlər. Bu insanlar eyni zamanda bir neçə dil bilir, bir neçə biznes idarə edir, bir neçə idman növü ilə məşğul olur, səyahət edir, incəsənətə meyil göstərir, bir çox tədbirlərə qatılır, yeni-yeni insanlarla ünsiyyələ can atırlar.
Söhbətimizin əvvəlində mən qeyd etdim ki, uğurlu adam olmaq, lider olmaq üçün bütün təlimlər rasional adamlara yönəlib. Çünki uğurlu olmaq hədəfi vurmaq üçün nizam-intizamlı, planlı, vaxta nəzarət edən insan olmaq vacib sayılır. Demək, bizim bu kitabımızda yazılanların da böyük əksəriyyəti rasionallar üçündür. Bəs onda irrasionallar necə olsunlar? Məgər mənim oxucularım arasında belələri azdır?
Heç narahat olmağa dəyməz! Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş. Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düstürların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!
Maraqlıdır, deyilmi?
Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:
a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.
Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.
Bəs nə etməli?
Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!
b) İrrasionallar yekcins, monoton işdən bezirlər.
Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.
Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.
c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar
Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.
Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.
Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Diqqət! “Azərpoçt” vətəndaşlara müraciət edib
“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vətəndaşlara poçt şöbələrində nağdsız əməliyyatların aparılması ilə bağlı müraciət edib.
“Azərpoçt” MMC artıq 2 ildir yenilənmə, şəffaflıq və inkişaf istiqamətləri üzrə müəyyən işlər görür. Ölkədə nağdsız əməliyyatlara dəstək, xüsusilə də “Azərpoçt”da poçt əməliyyatları zamanı maliyyə şəffaflığının təmin edilməsi məqsədilə artıq 700-dən çox poçt şöbəsi POS-terminalla təmin olunub. Ölkə üzrə bu rəqəm Bakı şəhərində yerləşən bütün poçt şöbələrini, regionlarda isə mərkəzi və şəhər tipli şöbələri əhatə edir. Bu barədə vətəndaşları bir daha məlumatlandırmaq və sizdən şöbələrimizdə poçt xidmətlərindən faydalanan zaman nağdsız əməliyyatlara üstünlük verməyinizi xahiş edirik.
Bu müraciət “Azərpoçt”da müştərilər və əməliyyatçılar arasındakı xidmət prosesi zamanı maliyyə şəffaflığının təmin olunması məqsədini daşıyır və bu məqsədə nail olmaq üçün vətəndaşların dəstəyinə ehtiyac var.
“Şöbələrə yaxınlaşan zaman, sizə POS-terminal xidməti bu və ya digər səbəbdən təklif olunmadığı halda, mütləq bizimlə təqdim olunan mobil nömrə vasitəsilə əlaqə saxlayaraq, şikayətinizi bildirməyinizi xahiş edirik”, - müraciətdə deyilir.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Somersat Moem: “Həyatın mənə öyrətdiyi ən dəyərli şey bu oldu: heç nəyin peşmançılığını çəkməyəsən”
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikir xəzinəsindən” rubriikasında bu gün sizlərə Somerset Moemin aforizmlərindən seçmələri təqdim edəcək.
Nəyi isə azadlıqdan üstün tutan millət azadlığından məhrum olacaq. Gülməlisi odur ki, var-dövləti ya firavanlığı azadlıqdan üstün tutsa, onlara da həsrət qalacaq.
***
Mənasız məxluq olmamağı üçün İnsana çox böyük bir bədəl ödəmək lazım gəlir.
***
Nə qədər dansaq belə, qəlbimizin dərinliyində bilirik ki, başımıza gələnlərin hamısına layiqik.
***
İnsanın ki ümidi qırıldı, daha onda heç nə qalmır.
***
Həyatın mənə öyrətdiyi ən dəyərli şey bu oldu: heç nəyin peşmançılığını çəkməyəsən.
***
İnsanlar anlamadıqları şeyləri ələ salmaqdan xoşlanırlar.
***
Sadə və aydın yazmaq eynilə səmimi və xeyirxah olmaq qədər çətindir.
***
Həyatın ən böyük faciəsi insanların ölümlü olmaları yox, sevməyi bacarmamalarıdır.
***
Keçmiş haqda ki düşünməyə başladınız, deməli, artıq gələcəyiniz yoxdur.
***
Ölmək cansıxıcı və kədərli şeydir. Sizə tövsiyəm: belə şeydən uzaq durun.
***
İnsanlar ancaq deyəcəkləri söz olanda danışsaydılar, ünsiyyət qurmağı az vaxtda tamam yadırğayardılar.
***
İnsan – olmaq istədiyi deyil, olmaya bilməyəcəyidir.
***
Həyatda uzun sürən xoşbəxtliyə bir tək başqaları üçün yaşamaqla nail ola bilərsən.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Sərdar Aminin “Atamın əlləri” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün nəsr saatı davam edir və sizlərə Sərdar Aminin “Atamın əlləri” hekayəsi təqdim edilir.
ATAMIN ƏLLƏRİ
Başdaşından boylanan gözəl qadınlara...
Günəş sıx ağacların arasından həyətmizə günorta yol tapardı ki, onda da Reyhan xala şəfəqə qoşulub çəpərimizin kənarında görünər, uşaq çarığı kimi bərkimiş palıd yarpaqlarının arxasından bağımızı pusardı. Üzünü görməzdim, ona baxmaq istəyəndə gün gözümü qamaşdırar, şəfəqlərin narıncı çərçivəyə saldığı kölgəsinin çəpərimizin kənarında günahkar-günahkar tərpəndiyini sezərdim. Reyhan xala həyətimizi elə güdərdi ki, ona diqqətlə baxan olsaydı, qadın anında yoxa çıxar, şəfəqləri bizə qısqanan qatanqaz palıd yarpaqları xışıldayardı.
O, çəpərimizin kənarına Niftullah dayının atamla bağımızda şərab içdiyi günlərdə gələrdi.
Hər dəfə Reyhan xalanın güddüyü tərəfə qanrılanda qış uzunu şəhərdə dərs deyib, yayda doğma kəndində dincəlməyə gələn atamın təmiz qırxılmış üzünü, çal saçlarını və müəllimliyi ucbatından bədəninin bir hissəsinə çevrilmiş ağ köynəyini görərdim.
Əvvəllər elə bilərdim, atamı güdür. Anam bir gün qulağıma pıçıldadı:
– Elə deyil. Reyhan xala atanın uşaqlıq dostu Niftullah dayının arvadıdı, əri içib evdə dava salır. Yazıq... Niftullah içməsin deyə, əsir-yesir olub küçələrdə.
Niftullahın bir söhbətinə qulaq kəsilsən, cavanlığı gözünün önündə sərgilənərdi. Adamın bir əlinə sığmayan biləklərindən kiminsə xatirə bölüşməsinə ehtiyac yox idi: biləklər özləri danışırdı.
Reyhan xalanın həyətimizə gizlicə boylanmasını uşaq ağlımla ancaq bir yerə yoza bilirdim: yəqin, Niftullah dayıdan qorxur.
Yoxsa bu yaşda qadın niyə balasından cüda düşmüş ahu kimi kolların arasından ürkək-ürkək boylansın!
Niftullah dayının kefindən qalmadığı günlərin birində Reyhan xala öldü. Uşaq idim, bu ölüm məni zərrə qədər də kədərləndirmədi. Anam ağladı. Mən də düşündüm, artıq titrək yarpaqların arxasında ruh kimi dolaşan o qadın kölgəsini heç vaxt görməyəcəm. Belə də oldu. Baharda kəpənəklərlə gəlib, payızda xəzəllə ayrıldığımız kəndimizdən Reyhan xalanın kölgəsi birdəfəlik qeyb oldu.
***
Uzun illər gecələmədiyim kənd evimizdə yorğanı üstümə çəkən kimi gözümün önünə uşaqlığımın yuxu karvanı – kəndimizin ayağından başına uzanan saman sarısı təpələri və bu təpələrin kölgəsində dinşəyən – qadın kimi sirli dərələri gəldi.
Ta uşaqlıqdan yuxum qaçanda xəyalımı kəndimizin dərələriylə süründürür, onların haradan başlayıb, harada bitdiyini düşünə-düşünə özümü yuxuya verirdim. Qısa yay gecələrində anam lampanın fitilini çəkən kimi yerimə girər, şər qarışana qədər qaçışdığımız həmin təpələrdən çığırtılarımız ərşə çəkilməmiş, səksəndirdiyimiz kəkliklər dincini almamış, qırdığımız böyürtkən kollarının yarpaqları solmamış onların xəyalını gövşəyərdim.
O dərələrə sahib olan təpələrin necə boy verdiyini, öləziyib hansı düzənə təslim olduğunu yaxşı bilirəm. At çapdığım, mal otardığım bu yerlər mənə adıyla bəllidir.
Ancaq bir dərə var ki, onunla sıx ağaclı kəndimizə girəndə kələfin ucunu itirirdim. Hər gecə dərəylə üzüyuxarı sürünən xəyalım kəndin o başından ürkək girib, bu başından pərişan çıxırdı; nə etsəm, çözə bilmirdim, dərələrin sayı az gəlirdi. Xəyalım kəm dərənin qeyb olduğu yeri axtara-axtara bu gecəyə qədər kimlərin həyətinə pənah gətirməmişdi! Hər gecə məni başqa bir ocaqda yuxu tutur, səhər tamam ayrı fikirlərlə oyanırdım. Həmin dərə mundarçadan hazırlanmış zəhərli beşik kimi xəyallarımı yırğalayır, məni üstümə duman kimi gələn yuxuya yenildir, gecələrim ən şirin anda güdaza gedirdi.
Ən çox Gülpəri xalanın üzüm tənəyində, keçiməməsi üzüm salxımlarında, bir də İlhamın gözəl qızlarının gecə kimi uzun saçlarında təslim olurdum. Ha illah etsəm də, o dərəni var edən təpələrin kəndin harasında bitdiyini çözə bilmirdim.
Bəlli təpələri mənə atam göstərmişdi; Saray, Qeybi, Heyvalıq... Yəqin, ona görə həmin təpələr atamın barmaqlarına oxşayırdı. Bircə sonu pünhan o dərə və onun yanıyla koramal kimi qıvrılıb başını gizləyən o laübali təpə canıma üşütmə salırdı. Yuxu məni aparmamış indicə aşkar edəcəyimə əmin olduğum o yer 30 ildən çox idi ki, sehrini qorumuşdu.
Uzun illərdən sonra xəyalımı “Nayman ananın sızlayan yaylığı” kimi yenidən həmin sirli dərəyə saldım, asta-asta kəndin üstünə gəlməyə başladım. Haqq-hesab gecəsiydi! Daha nə mən köksündə dovşan balası gəzdirən arıq uşaq, nə də bu gecə hər yerindən nalə qopan sirli yelda idi. Beş-on bayquşu var bu gecənin, onlardan da biri köksümdə ulayır.
Dərəylə üzüyuxarı uçuşan xəyalımda artıq İlhamın gözəl qızlarının gecə kimi uzun saçları da hörüklənə bilməzdi. Gülpəri xalanın keçiməməsi üzüm tənəyi də, bir Allah bilir, nə vaxt qurumuşdu. O həyətdən bu yola, bu yoldan o bağçaya...
Dərəni çözə-çözə meşədən ancaq bətnində boy verən qəbir daşları ilə seçilən qəbiristana girdim. Sıx palıd ağaclarının arasındakı – bir zamanlar üzündə min cizgi, qırış gördüyüm ətli-qanlı insanların illər sonra ömrünün ən sevimli təbəssümləri ilə boylandıqları qəbir daşları içimdə qopuq bir qımıltı yaratdı. Mənimlə mal otaran, gizlincə çıxdığım üzümdən düşürüb dədəmə söyən kişilərin köhnə illərdən qalma simaları ilə başdaşından gözümün içinə zillənməsi fikrimi oğurladı. Ha elədim, qoca palıd ağaclarıyla qəfəslənmiş qəbiristandan çıxa bilmədim. O sirli dərənin can verdiyi yer də, yəqin, buraydı. Amma o “məzar” qəbiristanın harasındaydı? O təpə başını hansı daşın dibinə qoyub əbədi yuxuya getmişdi? Çox düşündüm, ağacların arasında can verən o dərənin qəbrini yenə görə bilmədim. Xəzəli torpağına, otları xəzəlinə qəbir olan bu yerdə dəfinə kimi basdırılan kişilər yuxumu oğurladı.
İllərdir yuxularımın ovçusuna çevrilən dərin dərənin mənə sözü vardı. Sirri olmasa, illərlə pünhan qala bilməzdi, usanardı.
Sabah oyanan kimi birbaşa qəbiristana yollandım.
Şəkilsiz başdaşlarıyla aram yoxdu, həmin yerdə kimsənin uyuduğuna inana bilmirəm. Qəbiristanımızdakı bu cür qəbir daşları yadımda əzbər qalıb. Reyhan xalanın mamır basmış şəkilsiz başdaşına da dəfələrlə baxmışam: Həsənova Reyhan Qoçu qızı... 1939-1992...
Kəndimizdə böyüyən uşaqların fərqinə varmasam da, qəbiristanımızda qoyulan yeni başdaşılarını uzaqdan sezirəm. Hər dəfə bura gələndə qəbirlərə yaxınlaşır, sonra özümü o dünyaya açılan şəkil-şəkil pəncərələrə xatirələrimi pıçıldayan yerdə yaxalayıram.
Qəbiristanın paslı bala qapısını qaldırdım ki, cırıldamasın. Qapını bağlamamış yeni bir qəbrə saplandım: Həsənov Niftullah...
Uzun illər atamla, sonra mənimlə badə yoldaşı olan bu dəcəl qocayla uzaqdan-uzağa salamlaşmaq içimi güldürərdi. Tələsmədən qapını sıxıb Niftullah dayının qəbrinə sarı yollandım. Başımı qaldırmırdım ki, yenə uzaqdan Niftullah dayının şəklini görərəm, xatirələrimi israf edərəm. Qəbrə çatanda, elə bil şimşək çaxdı. Başdaşı kimi donub qaldım.
Niftullah dayıya qəbir daşı qoyulanda 30 il əvvəl ölmüş Reyhan da yada düşmüşdü, onun mamır basmış şəkilsiz daşını söküb mərmərdən tikmişdilər.
Qadının gözlərimə zillənən gənclik şəklini görəndə əlim-ayağım əsdi. Bunca gözəllik qara mərmərdən necə boylana bilirdi? Yəqin, Reyhanın üzünə ay işığı düşəndə fələk bu gözəlliyə baxıb gülümsəyir.
Qəbiristanda bəni-adəm yox idi, amma yenə də bu gözəlliyə çox baxmağın cəzası olacağını hiss etdim. Ürəyim yerindən qopacaqdı. Gözucu bir də baxdım, Reyhanın iki gözündə bir ildırım var idi, durmadan çaxırdı. Astadan palıdın arxasına keçib çökdüm. Yarpaqların arasından Reyhanın noyabr bədiri kimi şəffaf və amansız üzünə xeyli baxdım. Az əvvəl tapdadığım yabanı çiyələklərin cənnət ətri burnuma çatdı. Palıd yarpaqları xışıldadı.
Narahat ruh kimi qəbiristanda dolaşır, arabir başdaşına boylanırdım. Nə qədər kənardan baxmaq istəsəm də, mən onu görən kimi Reyhan da gözlərimə zillənirdi. Utandığımdan yerə baxır, sonra baxışlarımı sinə daşında gəzdirir, asta-asta şəklə doğru qalxırdım. Qara mərmərdə ay işığı kimi ahəstə öləziyən barmaqlarına çatanda ürəyim dovşan balası kimi çırpınmağa başlayırdı.
Niyə məni bu yaşa qədər heç bir gözəllik bu qədər tərksilah etməmişdi? İlahi, bu nə sirdir?
Qəbiristana qaranlıq Reyhanın mərmər başdaşından çökdü. Ardınca illər əvvəl Saratovdan meyiti gətirilən Cavad dayının dəfndən sonra kənara atılan qara tabutunun ətrafı qaraldı, az keçdi zülmət dən kimi torpağa səpildi. Yuxarı baxdım, sürməyi səma uca palıd ağaclarının qıydığı qədər görünürdü. Havalanmamış getməli idim.
Qəbiristanın şeh çökmüş paslı qapısı cırıldamadı. Toranlıqda birbaşa evə gəldim. Anam halımdan duyuq düşüb əlini alnıma qoydu. Mərəkə bundan sonra başladı:
– Yaman fərasətlisən! Aydan-ildən bir kəndə gəlib özünü soyuğa vermək hər oğulun işi deyil.
Atam uzandığı yataqdan astaca səsləndi:
– Yayın günündə soyuq nə gəzir?
– Qızdırması var.
Kişi dikəldi.
– Nə yemisən, a bala?
Özümü ələ verəcəkdim. Ağzımın içində “yaxşıyam, qızdırma deyil, hava istidi” deyib yan otağa keçdim.
Yatağıma uzandım. Ayı görməsəm də, işığı uşaqlığımda olduğu kimi otağı ağuşuna almışdı. Heyva ağacının gur yarpaqlı, nazik budaqları astaca yellənir, kölgəsi pəncərədən içəri axan ayın süd işığında qadın donu kimi yırğalanırdı.
Alnıma toxundum, gördüm tərləyib. Məncə qızdırmam yoxdu, ürəyim bir az tələsir, vəssalam.
Reyhanın şəkli ağlımdan çıxmırdı. Gərək telefonla çəkərdim. İndi, yəqin, qəbiristandakı palıd budaqları da nazla yellənir, xışıldayan yarpaqlar aramla ayın gümüşü işığının qabağını kəsir, Reyhanın gül üzünə kölgə salır.
Bir ovuc yuxu tapıb içində beşik kimi yırğalana bilmirdim. Bu qızdırmalı gecəmi qıvrıla-qıvrıla quşlara təslim etdim.
Dan sökülürdü. Səhərə qədər oyaq qalsam da, canımda yorğunluq yox idi. Quşlar fəğan edirdi.
Şeh tül kimi qəbiristanın üstünə çökmüş, başdaşlarından baxan bütün şəkillər bulanmışdı. Köynəyimin qoluyla Reyhanın üzünü yaxşı-yaxşı sildim. Şeh üzündən yox olan kimi yenə gözlərimə zilləndi. İndi çox rahat idim. Yanında yatan Niftullahın da üzü şehli idi. Bu dərin meşədə bizə baxan kimsə yox idi. Bir mən idim, bir məni gecədən səhərə qədər qızdırmada saxlayan qadın, bir də su tülündə pünhan qalmış bəşəriyyət...
Tapdadığım çöl çiyələklərinin ətrinə oyandım. Şeh sıx ağacların arasından sızan şəfəqlərdə sehrlə buxarlanırdı...
Vaxtında qayıdıb yatağıma girə bilmədim. Yenə özümü ələ vermişdim. Anam sobadan xəkəndazla götürdüyü külü bağın ətəyinə boşaldıb qayıdırdı. Ağzını açmamış balaca buket kimi yığdığım yabanı çiyələkləri ona uzatdım. Amma nə fayda?
– Qızdırman düşdü?
– Hə.
– Gətir, baxım.
– Əlin küllüdü, düşüb, narahat olma.
Qızdırmamı hiss eləmirdim deyə, başımı rahatca anamın əlinə verə bilməzdim.
– Sən tez qalx, süd köpübsə, götür ocaqdan. Mən də gəlirəm.
Anam bunu deyib xəkəndazı divarın dibinə tulladı. Əllərini çırpa-çırpa toyuq hininə tərəf getdi.
Hardansa peyda olan atam da evə qalxdığımı görüb ardımca gəldi.
Üz-üzə oturduq.
– Gözlərin qızarıb, ay bala.
– Yaşıllıq görüb.
– Yaxşı yatmamısan, yəqin, ona görədi. Qızdırman düşdü?
– Hə.
Anamın mətbəxdən narazı səsi gəldi. Söhbəti dəyişmək üçün özümü mətbəxə diqqət kəsilmiş kimi göstərdim. Nə dediyi eşidilmirdi, yəqin, süd daşırmış...
Atam indicə əlini alnıma qoyacaqdı ki, araya söz qatdım:
– Niftullah dayının başdaşını nə vaxt qoyublar?
– İlində. Reyhana da qoyublar.
– Gördüm.
Bir az susandan sonra astadan dedim:
– Reyhan da gözəl qadın imiş...
Atamın üzündə uzun illərdir görmədiyim köhnə təbəssüm hardansa çatdırdı özünü: səhv eləyəndə bürüyərdi simasını belə qırışlar:
– Həə... Reyhan... Çox gözəl idi.
Sözlü adama oxşayırdı. Amma bilmirdim. Bilmirdim, nə desəm, Reyhandan danışar.
Xeyli susdu. Vaxt ürəyimə qurğuşun kimi dolurdu. Söhbət dəyişsə, bir də Reyhandan söz sala bilməyəcəkdim.
– Bağlarının yanında dərin xəndək var idi. Qardaşları da yaman ağır adamlar! Niftullah görüşmək istəyirdi Reyhanla, qorxudan gedə bilmirdi. Hardan gedəcək? Bu yan dərə, o yan başqasının həyəti. Qapıya da qardaşlarının qorxusundan yaxınlaşa bilmir. Tüfənglə vurardılar Niftullahı. Güclü olmağına baxma, ürəyi yox idi bizimkinin. Birinci dəfə görüşə gedəndə kömək eləmişdim ona.
Bunu deyib qoca qəddarlığıyla susdu. Sonra mətbəxə boylandı. Bilmədim, anamın süd gətirməsini gözləyirdi, yoxsa söhbətimizi arvadından gizləmək istəyirdi.
– Necə kömək elədin?
– Reyhangilin bağına xəndəyin üstündən ağac novda su gedirdi. Köhnə nov idi, Niftullahı onun üstüylə birtəhər keçirdim bağa. Yalvardı, sən də gəl. Qardaşlarından yaman qorxurdu.
Anam atama da, mənə də kasada süd gətirdi. Kişi söhbəti kəsməyə bəhanə gəzirmiş kimi anama səsləndi:
– Boyat çörəkdən gətir. Bəlkə, uşaq südə çörək ovub yemək istəyir!
– Yox, çörəksiz içəcəm.
Amma ürəyim dilimin dibində döyünürdü. Nə süd, iksir də keçməzdi boğazımdan.
– Necə oldu, sən də keçə bildin novdan?
– Hə, keçdim. Bağda xeyli gözlədik Reyhanı. Handan-hana düşdü.
– Gecəydi, hə?
– Hə də. Yox bir, gündüz! Deyirəm, qardaşları görsəydi, ikimizi də güllələyərdi. Gecədir. Ancaq ay da var. Gəldi yanımıza. Mən kənara çəkilmək istəyirdim ki, bunlar söhbət eləsin, Reyhan Niftullahdan gizli əlimdən tutdu. Astadan dedi ki, o getsin, sən qal.
Ürəyim ilan deşiyə qayıdan kimi qayıtdı yerinə. Rahatlaşdım. Südün qoxusunu hiss elədim. Atamın üzünə yenə həmin təbəssüm qondu: səhvinin üstü açılanda, calağı tutmayanda, cücəsi öləndə baxdığı kimi baxdı əllərinə.
– Əlləri buz kimi idi.
Nəhayət, qızdırmalı olduğumu hiss elədim. İsti yumağa dönüb yumrulana-yumrulana can bədəndən çıxan kimi çıxdı boğazımdan.
Reyhanın başdaşından baxan gözlərindəki qığılcımın sirrini indi bildim.
Atam əllərinə baxa-baxa davam elədi.
– Gördün Niftullahın başdaşını?
– Hə.
– Oxşayır özünə?
– Cavanlıq şəklini vurublar. O qədər də oxşamır. Sən görməmisən?
– Yox.
– Gözlə, Reyhanın şəklini göstərim.
Reyhanın telefona çəkdiyim şəklini ekrana bir az da yaxınlaşdırıb atama uzatdım. Bütün qocalar kimi telefonu ehtiyatla tutub gözlərini qıydı.
– Bax e... Reyhanın da cavanlıq şəklini vurublar.
Atam mənə də eynisindən miras qoyduğu uzun barmaqlarını astadan Reyhanın üzündə gəzdirdi. Ağıllı telefona öyrəşməyən barmaqları sensorda gəzişdikcə Reyhanın ekrana yaxınlaşdırdığım şəkli atamın əmriylə şıltaq-şıltaq tərpəndi. Kişi titrəyən barmaqlarını hərlədikcə Reyhan ekranın bu tinindən o tininə dəyir, sanki bundan həzz alır, qəhqəhə çəkirdi. Dünəndən şəmşir kimi parıldayan gözləri də sevincdən qıyılmışdı, ağ üzü telefonun ekranında pişik balası kimi atılıb-düşürdü.
Anam qəhərli səslə “bala, südünü iç” deyəndə bayaqdan buxarı çənəmə dəyən isti südü canım çəkdi. Asta-asta qurtumlayan kimi gözümə quş mürgüsü qondu. Yan otağa keçməyə ərindim. Astaca atamın yatağına uzandım. Bir az ot, bir az at qoxuyan bu qoca yataqda canıma illərin rahatlığı gəldi.
Pərdəsi azca çəkilən pəncərəyə zillənmiş gözlərim asta-asta bağlanırdı. Hələ bərkiməyən palıd yarpaqları dərə uzunu əsən tanış küləkdə pəncərəyə doğru əyilir, yenidən qeyb olurdu.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Milli Kitabxanada “Özbək ədəbiyyatı guşəsi”nin açılışı keçirilib
MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİ TƏDBİRDƏ İŞTİRAK EDİB
Xəbər verdiyimiz kimi, 1-4 avqust tarixlərində ölkəmizdə Özbəkistan mədəniyyəti günləri keçirilir. Mədəniyyət günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin və özbək ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Abdulla Qodirinin (1894-1938) “Ötən günlər” romanının Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimatı olub.
(Bu barədə ayrıca yazı dərc edəcəyik)
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, hər iki ölkənin tanınmış ədəbiyyat və elm xadimləri iştirak ediblər. Qonaqları kitabxananın foyesində Özbəkistanın milli folklor ansamblı öz ifaları ilə salamlayıb. Əvvəlcə qonaqlar "Özbək ədəbiyyatı guşəsi” ilə tanış olublar. Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən tədbirlərdən danışıb. O, kitabxananın fondunda mövcud olan qardaş ölkənin ədəbiyyatı və burada yaradılan daimi guşə haqqında nümayəndə heyətinə ətraflı məlumat verib. Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərindən söz açıb. Həmçinin iki ölkənin ədəbi əlaqələrinin qədim kökləri olduğunu diqqətə çatdırıb. Tədbirdə görkəmli Özbəkistan nasiri Abdulla Qodirinin Azərbaycan dilinə tərcümə olunmuş “Ötən günlər” əsəri haqqında məlumat verilib. Romanın ideya-bədii məziyyətlərindən bəhs olunub. Xatırladaq ki, avqustun 4-dək davam edəcək Özbəkistan mədəniyyətinin zəngin proqramı var. Mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramları, tamaşa nümayişləri və s. tədbirlər keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
40 ildən sonra
“Asif, Vasif, Ağasif”in qəhrəmanları çəkildikləri filmi uşaqlarla birlikdə izləyiblər
Elə filmlər var ki, tariximizdə qalıblar. O cümlədən də “Asif, Vasif, Ağasif” filmi. Milli Kino Günündə bu film bir daha xatırlandı. Özü də necə.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən ənənəvi “Kino həftəsi” layihəsi bu dəfə 2 avqust-Azərbaycan Kinosu Gününə həsr olunmuşdu. Layihə çərçivəsində milli kinomuzda özünəməxsus iz buraxan və adını yuxarıda çəkdiyimiz “Asif, Vasif, Ağasif” filmi nümayiş etdirildi. Tamaşaçılara milli kinomuzun yaranması və bu günün təsis olunması tarixi ilə bağlı məlumat verildi. Eləcə də adı çəkilən filmin.
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükugə Yusupova və Leyla Bədəlbəyli ifa edirlər.
Filmin əsas rollarında çəkilən-Asif rolunun ifaçısı Emil Pənahov və Ağasif rolunun ifaçısı Hökümə Cəlilova Mərkəzin qonağı idilər. Qonaqlar filmin təqdimatından əvvəl tamaşaçılara çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən danışdılar. Hazırda fəaliyyətlərini fərqli sahədə davam etdirən film qəhrəmanları rejissor Rasim İsmayılovun 1983-cü ildə ekranlaşdırdığı əsərin kadrarxası məqamları ilə bağlı təəssüratlarını bölüşdülər. Sonra filmin qəhrəmanlarını canlandıran aktyorlar tamaşaçılarla birgə filmi izlədilər.
Layihəyə ümumilikdə sosial cəhətdən həssas əhali qruplarına aid 70 nəfərədək uşaq və yeniyetmə, onların valideynləri və qəyyumları cəlb olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Anar Kərimli: “Mədəniyyət Nazirliyi olaraq bütün fəaliyyətimiz kino sahəsində olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaqdır”
Milli Kino Günü qeyd olunub
Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş “Kinokonsert” adlı multimedia şousu təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası mövzusunda videoçarxın nümayişi ilə başlanıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıb. Nazir bildirib ki, 125 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət nümayiş etdirib: “Biz sevinirik ki, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlarımız, ustadlarımız var. Bu sahədə yetərincə istedadlı və öz sözünü deməyi bacaran gənclərimizi də xüsusən qeyd etmək istərdim. Azərbaycan kinematoqrafiyasının hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyev milli kinonun inkişafına xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda, Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, həmçinin milli kinematoqraf məhsullarının nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi məhz bu sahəyə olan qayğının və diqqətin göstəricisidir. Bu gün də Mədəniyyət Nazirliyi olaraq təşkil edilən Kino Forumundan başlayaraq bütün fəaliyyətimiz komanda şəklində bu sahədə olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaqdır. Kinomuzun tarixi uğurları timsalında düşünürəm ki, zamanla bizim kinematoqrafiya öz layiqli inkişaf yolunu tapacaq. Mən, eyni zamanda, bu günlərdə iki ittifaqın könüllü olaraq birləşməsini xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə bizim dəyərli sənətkarlarımız olan Rasim Balayev və Şəfiqə Məmmədova çox böyük bir addım atmış oldular. Düşünürəm ki, bu, Azərbaycan kinematoqrafiyası üçün böyük bir çağırış oldu. Bu sahəni inkişaf yoluna çıxara bilmək üçün bu cür birləşmək ən gözəl addımdır”.
Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan mövcud işlərin təşkilindən məmnunluqlarını bildirərək, kino xadimlərinə uğurlar arzulayıblar.
Sonra bir qrup kino xadimləri və gənc kino işçiləri bir neçə gün əvvəl birləşmələri barədə bəyanat verən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi xüsusi fəxri fərmanlarla təltif olunublar. Mükafatları Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayev təqdim ediblər.
Tədbirin davamında “Avanqard” kamera orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Əcnəbi jurnalistlər Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri barədə məlumatlandırılıb
Avqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-da fəaliyyət göstərən, BMT-nin Baş Qərargahında akkreditə olunmuş bir qrup jurnalist və media eksperti ilə görüşüb.
Komitənin yaydığı məlumata görə, görüşdə qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, öz yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının üzləşdiyi məhrumiyyətlər, onların sosial müdafiəsinin təşkili və dövlət komitəsinin fəaliyyət istiqamətləri, həmçinin 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, Böyük Qayıdışla bağlı görülən işlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həllini Prezident İlham Əliyev sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərlə bağlı bütün məsələlərə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət göstərir.
Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşünə nail olmaq üçün məqsədyönlü iş aparılır. Böyük Qayıdış prosesi getdikcə genişlənir, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür. Zəngilan rayonda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınmış Ağalı kəndinə indiyədək artıq 86 ailə (420 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (94 nəfər), Laçın şəhərinə 180 ailə (700 nəfər) köçürülüb.
Qonaqlara komitənin beynəlxalq təşkilatlarla əlaqələri, birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.
Sonra Dövlət Komitəsinin sədri və məsul əməkdaşları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Əcnəbi media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü, ABŞ-ın Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan jurnalist Vüsalə Abbasova səfərin məqsədinin ermənilərin tarixi torpaqlarımızda törətdiyi vəhşiliklər, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin postmüharibə dövründə regiondakı vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib.
Qonaqların Füzuli və Zəngilan rayonlarına səfər etdikləri, həm işğal dövründə törədilmiş dağıntılar, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olduqları diqqətə çatdırılıb.
Nümayəndə heyətinə “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın tanınmış media qurumlarının (Fox TV, CNN, Al Jazeera) hərbi müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiyanın nüfuzlu televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və Vaşinqtondakı müxbiri, tanınmış bloger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, Anadolu Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)
Abdulla Qədirinin “Ötən günlər” kitabı Azərbaycan dilində təqdim olunub
BU, BÖYÜK ÖZBƏK YAZIÇISININ İKİ ŞEDEVRİNDƏN BİRİDİR
Bəli Bakıda Özbəkistan mədəniyyəti günləri uğurla davam edir və mədəniyyət günləri çərçivəsində ötən gün Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Abdulla Qədiri 1984-cü ildə Daşkənddə varlı tacir olan Qədir kişinin ailəsində doğulmuşdur. Yazıçının atası Qədir kişi 102 il ömür yaşamışdır. Abdulla Qədiri uşaq olarkən atası müflisləşmiş və sonra o, bağçılıqla-üzümçülüklə məşğul olmağa başlamışdır. Oğlunu təhsilli, ziyalı görmək istəyirdi. Ona görə də Abdullanı əvvəlcə köhnə müsəlman məktəbinə, sonra isə yerli rus-özbək məktəbinə qoymuşdu. Bu məktəbdə Abdulla rus dilini öyrənmiş, sonralar bu imkan ona rus ədəbiyyatı ilə yaxından tanış olmağa kömək etmişdi. İbtidai təhsilini başa vurduqdan sonra o, müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir varlının-mülkədarın yanında mirzəliyə (katibliyə) başlamışdır. Beləliklə, qeyd edək ki, onun uşaqlıq və yeniyetməlik dövrü tacirlər, varlı və kasıb təbəqələr, peşəkar sənətkarlar, daim bir yerdə məskunlaşaraq xırda alış-veriş edən alverçilər və torpaqsız kəndlilər arasında keçmişdir. Gördüyü bu insanların həyat tərzi, yaşam dünyası, eləcə də şəhər mühiti onun – gələcək yazıçının dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Bunlar əsas verir deyək ki, o, öz xalqını eşitdikləri və yaxud oxuduğu kitablar vasitəsilə yox, məhz gördükləri, müşahidələri əsasında daha yaxından tanımışdır. Nəvainin, Lütfinin, Muqiminin, Fitrətin, Çolpanın və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur.
XX əsrin əvvəllərində Asiyanın, Avropanın bir hissəsini inqilab dalğası bürümüşdü. Belə bir dövrdə özbək yaradıcıları, millətçi ziyalılar da milli-azadlıq mübarizəsinə qoşulmuşdu. Təbii ki, Azərbaycanda baş verən ədəbi hadisələr, "Molla Nəsrəddin", Mirzə Cəlil, Sabir kimi nəhəng satirik – inqilabçı demokratların yaradıcılıqları özbək ədəbi həyatına böyük təsir etmişdir. Bu təsir Abdulla Qədirinin da yaradıcılığından yan keçməmişdi. Özbəkistanda millətçilik ideyalarının təbliğində, yayılmasında vətənsevər, millətsevər ziyalılar fəallıq göstərirdilər. Dini xurafat, mövhumat əleyhinə mübarizə genişlənir, yeni təhsil sistemi, dünyəvi biliklərə yiyələnmək, savad almaq uğrunda təbliğat getdikcə güclənirdi. Abdulla Qədiri ərəb və fars dillərinə yiyələnmək üçün yeni üsullu mədrəsədə-müsəlman seminariyasında təhsilini davam etdirir. Buradakı təhsil proqramında milli burjuaziya tələbləri əks olunurdu, onun ideoloqları cədidçilər adlanırdı. "Cədid" – ərəb sözü olub, "yeni" anlamını verir. Bütün Rusiyanı, Azərbaycanı, Türküstan ellərini bürümüş inqilabçı-demokratlar hərəkatının aparıcı ideyalarını Özbəkistan həyatında da cədidizm nümayəndələri həyata keçirməyə cəhd edirdilər. Cədidçilər, feodal təfəkkürünün ləğvinə, xurafat yönümlü dini məktəblərin köklü islahatı, islamın yüksək dini elm səviyyəsində tədrisi lehinə çıxışlar edirdilər.
Sovet ideologiyasında qeyd edilir ki, cədidçilər Türkiyə pantürkistlərinə meyl edir, tatar və Azərbaycan pantürkistləri ilə əlaqə saxlayır, xalq kütlələrini inqilabi çıxışlardan çəkindirirdilər. Müəyyən proqramı, rəhbərlik mərkəzi və nizamnaməsi olmayan cədidçilər Türküstan və Buxaradakı leqal nəşrlər ətrafında, yeni üsullu məktəblərdə, xeyriyyə cəmiyyətlərində və s. yerlərdə toplaşırdılar. Bəzən cədidçilərə demokratik ziyalılar da qoşulurdu, lakin onların siyasi cəhətdən cədidçilərlə yaxınlığı yox idi. Məsələn, H. H. Niyazini, S. Aynini, A. Qədirini və başqalarını göstərmək olar.
Adları qeyd olunan və olunmayan o dövr yaradıcılarının ümdə vəzifəsi xalqının gözünü açmaq - maarifləndirmək, elmə-ədəbiyyata marağı gücləndirmək və beləliklə, xalqının dünyaya baxışını zənginləşdirmək idi. Hər kəs öz sözü, qələmi ilə bu ideyalarını həyata keçirmək əzmində idi. Bunun adını isə nə qoyurlarsa qoysunlar, Abdulla Qədirinin gənclik yaradıcılıq dövrü məhz belə zamana təsadüf etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, o, elə bir ailədə, əhatədə doğulub böyümüşdü ki, kifayət qədər formalaşmış dünyagörüşü var idi. Həyatın hər üzünü görmüş və təfəkküründə saf-çürük etməyi bacarırdı. Abdulla Qədirinin "Millətimə", "Bizim vəziyyət" şeirləri məhz bu ruhdan doğmuşdur. "Əxlaqsız" (1915) adlı nəsr əsəri 1916-cı ildə "Türküstan vilayətinin qəzeti"ndə dərc olunmuşdu. Bu əsərdə yazıçı mülkədar oğlu Saqdullanın timsalında gənc ticarətçilərin nöqsanlarını, onların əxlaqsız, məhvə məhkum həyat tərzlərini açıb göstərərək ifşa etmişdir. Elə həmin illərdə yazdığı "Bədbəxt adaxlı" dramında isə yazıçı israfçılığı, bədxərcliyi ifşa etmişdir. Əsərdə mülkədarın yanında işləyən kasıb gəncin faciəli taleyi təsvir olunur. Bu gənc adaxlıdır, öz məsrəfinə uyğun olmayan böyük toy ziyafəti təşkil edir, bununla borca düşür və borcunu ödəyə bilmədiyi üçün özünü öldürür. Əsər əldə olunan afişaya görə, yazıldığı tarixdə yerli teatr xadimləri tərəfindən səhnələşdirilibmiş.
Yazıçının qələmə aldığı mövzular onun həyatda çox tez-tez gördüyü və şahidi olduğu hadisələrdir. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – "Müştüm" ("Yumruq") jurnalının banilərindən və fəal müəlliflərindən biri olmuşdur. O, gördüklərini gah satirik yolla, gah faciə şəklində qələmə almışdır. Sovet hökuməti Özbəkistanda qurulandan sonra cədidizm aradan götürüldü. Lakin milli azadlıq mübarizəsi, vətənsevərlik, millətçilik duyğusu elə bir şeydir ki, onun başqa adı olmur. Müxtəlif cərəyanlar, təşkilatlar, hərəkatlar, siyasi quruluşlar ötüb keçə bilər, amma qanla, təfəkkürlə doğulan millətçilik duyğuları ölməzdir (İllahdakı hürlüksevər türk soylarından olub Turan məfkurəsinə, Türküstan idealına tapınanlar nəslindən olasan).
İnqilablar, cəmiyyət dəyişiklikləri Abdulla Qədirinin dünyagörüşündə böyük dönüş yaratmışdır. O, mətbuatda çox tez–tez dərc olunurdu. 1919-22-ci illərdə yazdığı felyetonlarını, hekayələrini "İştirakiyun" ("Kommunist") və "Qızıl bayraq" qəzetlərində, "İnqilab" jurnalında çap etdirirdi.
1922-ci ildə "İnqilab" jurnalında "Mənim atam bolşevikdir" əsəri dərc olunmuşdur. 1923-cü ildə isə "Müştüm dərgisində çalışmağa başlamışdı. Hekayələrini, felyetonlarını, məqalələrini "Cul qunbay", "Dunbul", "Ciyən", "Sovrunbay", "Ovsar", "Dumbulnisə" və başqa gizli imzalarla nəşr etdirən Abdulla Qədiri alverçiləri, kəndxudaları, ikiüzlü çinovnikləri, bürokratları, qadın azadlığı əleyhinə olanları, maarifçiliyin düşmənlərini tənqid atəşinə tutur, xalqını yeni günə, işıqlı, ziyalı sabaha çağırırdı. O, öz yazıçı, ziyalı təfəkküründən doğan bu arzularını qələmə almağa çalışırdı.
Buna görə də onun satirik janra müraciət etməsi, bu janrda yazmağı bacarması daha uğurlu cəhd idi. Çünki, az sözlə böyük məna, böyük mətləblər açırdı. Yumorla, gülüşlə eybləri göstərmək, oxucu əhatəsini genişləndirmək digər ölkələrin də ədəbi üsullarından biri idi. Onun xalq aforizmlərinə, özbək folkloruna müraciət etməsi təbii hisslərdən doğurdu.
"Mənim tərcümeyi-halım" hekayələr silsiləsindən olan "Kalvayı Məhzum", "İnadcıl Taşpulat nədən danışır" və "Şarvon xala nədən danışır" hekayələrində yazıçı öz obrazlarını satirik dillə ifşa edir. Yazıçı istər Kalvayı Məhzumun, istərsə də işsiz, gücsüz, avara Taşpulatın – qəhrəmanlarının daxili dünyasını satirik-psixoloji təhlil vasitəsilə açıb tökür. Satirik hekayələrində obrazlarını psixoloji cəhətdən son dərəcə güclü təsvir edən müəllif bir yazıçı kimi özü də qələmini möhkəmləndirir. Real həyatdan götürdüyü obrazlarını bədii ifadələrlə oxucusuna tam şəkildə açır. Bütün bunlar, əlbəttə, yüksək yazıçı təxəyyülündən, qabiliyyətindən, istedadından irəli gəlirsə də, eyni zamanda, onun həyatı gözəl dərketmə, insan xarakterini olduğu kimi təhliletmə bacarığındandır.
Təbii ki, bədii yaradıcılıq xalq qəlbinə, xalq ruhuna yaxın olmalıdır. Oxucu əsəri oxuyarkən, əhatəsini, lap özünü, yaşadığı cəmiyyəti, hökm edən qanun-qaydaları, haqsızlıqları, narazılıqları orada görsün və qəlbinə doğma-həmdəm, həmfikir sansın, sirdaş bilsin. Abdulla Qədiri 1924-25-ci illərdə Moskvada B. Y. Bryusov adına Ali Bədii Ədəbiyyat İnstitutunda təhsilini mükəmməlləşdirmişdir. Satirik fikirləri ilə qələmini möhkəmləndirən yazıçı "Ötən günlər" adlı romanını 1922-ci ildən hissə-hissə çalışdığı "İnqilab" jurnalında dərc etdirirdi. Bu əsərini Abdulla Qədiri 1925-ci ildə ayrıca kitab şəklində çapdan buraxdırmışdı. Əsər 3 hissədən ibarətdir. Birinci hissə 23, ikinci hissə 17, üçüncü isə 16 hekayətdən (cəmi 56 hekayət) ibarətdir. Burada XIX əsrin I yarısında özbək xalqının həyatı təsvir edilmişdir. Əsərin başlanğıcında yazıçı "Müəllifdən" adlı giriş sözündə qeyd edir ki, "biz yeni əsrə qədəm qoymuşuq və bütün ölkəni yeni yolla getməyə çağırıram. Yazıçılar müxtəlif janrlarda – roman, hekayə və şeir olsun, yeni yaradıcılıq nümunələri yaratmaq əzminə dolublar. Öz dövrümüzün "Tahir və Zöhrə"sini, "Fərhad və Şirin"ini, "Bəhram Gur"unu və "Dörd dərviş"ini yazmalı, yaratmalıyıq. Bu mənada "Ötən günlər" romanı ilk cəhddir. İstənilən işdə ilk addımda zəiflik, çatışmazlıq olur. Təcrübə artdıqca həmin çatışmazlıqlar görünür, dolğunlaşdırmağa çalışırsan. Bu fikri bəyənərək, amma təcrübəsizliyimə də qulaq asmayaraq, gücümü sınamağa can atdım. Deyirlər ki, nəyi isə yeni başlayırsansa, keçmişinə nəzər sal, onda uğur qazanmaq mümkündür. Ona görə də mən keçmişdən, yenicə ötən günlərimizdən, axırıncı xanlıq dövrünün – tariximizin çirkin və qara günlərindən yazmağa başladım. " (96, s. 6)
1928–ci ildə Azərnəşrdə nəşr olunan "Ötən günlər" kitabının giriş hissəsində əsəri ilk dəfə Azərbaycan dilinə tərcümə edən, milliyyətcə özbək olan, amma Bakıda yaşayıb – yaradan Xalid Səid Xocayev yazmışdır: "İndiki Özbəkistan Cümhuriyyəti Türküstan ölkəsinin ən zəngin qismindən təşkil edilmişdir. Buradakı xalq inqilaba qədər başqa millətlər kimi Rusiya çarlığı, Rusiya kapitalıst yumruğu altında hüquqdan məhrum bir halda yaşamışdır. Zəhmətkeşlər, kəndçilər əski xanlıqlar dövründə nə qədər elmdən, mədəniyyətdən məhrum halda yaşamışdırlarsa, çarlıq dövründə də eyni halda qalmışlar. İnqilaba qədər Türküstan xalqının (tam mənasıyla) mətbuatı yox idi. Olan mətbuat da çar hökumətinin təşviqatçısı idi. Özbək ədəbiyyatı tarixində birinci olaraq həyati, tarixi roman – özbək ictimaiyyətini, özbək xalqının yaşayışını özündə əks etdirən bir əsər yazılmışdır və bununla da özbək ədəbiyyatında yeni bir dövr açılmış oldu. Əsərin müəllifi Özbəkistanın mahir yazıçılarından olan Abdulla Qədiri (Çolkanbay) zəmanənin adamlarındandır, ancaq proletar ideolojisilə hələ ki, yoğrulmamış, proletar dünyasına qarışmamış ziyalılardandır. O, mədrəsədə oxumuş, bir neçə zaman qulluqçu sifətilə ticarət işlərilə məşğul olmuş, inqilabdan sonra "Muştum" jurnalında "Xəlvət məxsum", "Taşbulax Təcən" imzaları altında nəşr olunan yazıları ilə mətbuat aləmində tanınmışdır. Ancaq yenə milli ruhdakı ziyalıların sırasındadır. "Ötən günlər"in qiyməti keşmiş xanlar dövründəki qanlı faciələri, başkəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. Mühərrir bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. Əsər nəfis özbək ədəbiyyatının birinci romanlarından sayılır: əsərdə bir tərəfdən özbək həyatı, qadınların, qızların yaşayışı, onların yumşaq təbiətləri, sədaqətləri, şirin ədaları təsvir edilirkən, ikinci tərəfdən də onların kişilərin təhəqqümü altında qul kimi ömür sürdükləri, ailə içindəki çarpışmaları nəfis surətdə göstərilir. Romanın zəif cəhətləri də vardır. Azərbaycancaya çevirdikcə belə yerlər mümkün olduqca qısaldılmış, əsəri mahir qələmlə yazılmış bir roman siqlətinə salmağa çalışılmışdır. …Əsərin üslubu özbəklərin səciyyələrini tamamilə əks etdirir. Uslub təmkinli, … qəhrəman ən təhlükəli dəqiqələrdə belə vüqarını itirməz, qanlı mücadilələrdən sonra belə soyuqqanlılığı saxlar. Sirrini kimsəyə söyləməz. Qəhrəman özbək xalqının bütün səciyyələrini özündə toplayan bir özbəkdir. Əsər realist, bəzi yerdə də naturalistcəsinə yazılmışdır. Buna görə də "realist məsləki özbək ədəbiyyatına bu əsər ilə girir" demək olur. Abdulla Qədiri özbəklərin Mirzə Fətəlisi sayıla bilər. Bu roman Özbəkistanda hər savadlı vətəndaş tərəfindən sevilə – sevilə oxunmaqdadır. Özbəkistan nəşriyyat dairəsi tərəfindən üç dəfə çap edilmişdir. Özbəkistan və Azərbaycan əməkçilərini bir – birilərinin həyat və yaşayışları ilə tanışdırmaq üçün bu əsərin nəşri lazım bilindi. Özbəkistan şuralar bayrağı altında mədəni tərəqqidə çox irəli getmişdir. Bununla bərabər özbək xalqının həyatilə tanış olmaqda bu roman bir neçə yollar açacaqdır".
İndi isə tədbir barədə reportajı təqdim edirik: Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Özbəkistan mədəniyyəti günləri” çərçivəsində silsilə tədbirlərin təşkil olunacağını qonaqların diqqətinə çatdırıb. O, iki qardaş ölkənin milli kitabxanaları arasında daim sıx əməkdaşlığın mövcud olduğunu, həmçinin 2019-cu ildə Azərbaycan Milli Kitabxanasının “Beynəlxalq əməkdaşlıq” zalında Özbəkistan daimi guşəsinin açıldığını, bu gün isə özbək milli roman janrının banisi Abdulla Qədirinin “Ötən günlər” kitabının yeni nəşrinin təqdimatının və “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşənin açılışını diqqətə çatdırıb.
Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov Özbəkistan və Azərbaycan mədəni əlaqələrindən danışıb. O, “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində 200-dən çox özbək sənət və ədəbiyyat nümayəndələrinin Azərbaycana təşrif buyurduğunu və üç gün ərzində müxtəlif səpkili tədbirlərin həyata keçiriləcəyini söyləyib. Nazir “Özbəkistan mədəniyyəti günləri” tədbirində iştirak edənlərə müvəffəqiyyət arzulayıb, tədbir vasitəsilə özbək ədəbiyyatının Azərbaycanda daha da tanınacağına ümid etdiyini, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə vəsilə olacağını bildirib.
Sonra qonaqlar “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşə ilə tanış olublar.
Tədbir Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi ilə davam edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın gənc oxucular üçün vacib nəşr olduğunu bildirərək, özbək xalqının milli-mənəvi dəyərlərinin Azərbaycan oxucusuna çatdırılmasında nəşrin əhəmiyyətini qeyd edib.
Sonra qonaqlar Abdulla Qədiri haqqında sənədli filmə baxıblar.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək, qədim tarixə malik mədəni və siyasi əlaqələrin bu gün də yüksək səviyyədə davam etdirildiyini söyləyib, özbək ədəbiyyatının klassiki Abdulla Qədirinin kitabının təqdimatında iştirak etməkdən şad olduğunu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğuna görə təşəkkürünü bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın, Türk dünyasının digər ayrılmaz hissəsi olan Azərbaycanda mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söyləyib. Azərbaycan və Özbəkistan ədiblərinin daimi qarşılıqlı qardaşlıq əlaqələrindən söz açıb. Eyni zamanda, hər iki ölkənin dövlət başçılarının nümayiş etdirdikləri qardaşlıq nümunəsinin ölkəmizdə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə dayandığını bildirib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Özbəkistan mədəniyyəti günləri”nin Azərbaycanda keçirilməsinin Türk dünyasının birliyinin bariz nümunəsi olduğunu qeyd edərək, minillik zaman çərçivəsində istər qədim, istər çağdaş dövrdə iki xalq arasında əlaqələrin mövcudluğundan danışıb. Natiq hələ ötən əsrin 70-ci illərində hər iki ölkənin prezidentlərinin əsasını qoyduğu dostluq münasibətlərinin bu gün də eyni şəkildə davam etdirildiyini, həmçinin beynəlxalq arenada hər iki ölkənin daha da yaxınlaşdığını deyib. O, kitabın müəllifinin, tərcüməçisi Xalid Səid Xocayevin və redaktoru olmuş Hənəfi Zeynallının repressiya qurbanı olduğunu xatırladaraq, Abdulla Qədirinin Azərbaycan ədəbiyyatına da müsbət təsirini vurğulayıb.
Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri”nin keçirilməsindən məmnun olduğunu, tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan xalqı tərəfindən hər zaman özbək ədəbiyyatına dəyər verildiyini, əsərin 2022-ci ildə 100 illiyinin, həmçinin bu il Abdulla Qədirinin banisi və fəal müəlliflərindən biri olduğu Özbəkistanda nəşr olunan ilk satirik jurnal olan “Müştüm” jurnalının da 100 illik yubileyinin keçirildiyini vurğulayıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, yazıçı-publisist Fazil Mustafa tədbirin Azərbaycan-Özbəkistan münasibətləri baxımından əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, iki ölkənin intibahı Türk dünyasının inkişafına təsir edəcək.
Özbəkistan Respublikası Milli Məclisinin üzvü, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov bu əlamətdar gündə Azərbaycanda özbək sənətinin belə çox sevildiyinə heyrətləndiyini və bundan fəxr hissi duyduğunu söyləyib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü, Daşkənd Dövlət Universitetinin Ədəbiyyat nəzəriyyəsi və müasir ədəbi proses kafedrasının müdiri Bahadur Kerimov, filologiya elmləri doktoru, professor Ramiz Əsgər, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı və digərləri çıxış edərək iki ölkə arasındakı əlaqələrdən danışıb, kitabla bağlı fikirlərini bölüşüblər.
Abdulla Qədirinin nəvəsi, yazıçı Xondamir Qədiri bu möhtəşəm təqdimata görə hər iki ölkənin mədəniyyət nazirlərinə və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sonra Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova dahi Nizaminin Fransa Milli Kitabxanasında saxlanılan “Xəmsə”sinin əlyazmasının nəfis nəşri, elektron daşıyıcıda “Ötən günlər” kitabının 1929-cu il nəşri, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı, “Azərbaycan Milli Kitabxanası” adlı fotoalbom hədiyyə edilib.
Təbiidir, dahilər unudulmur. Abdulla Qədiri tək özbəklərə deyil, türk dünyasına aiddir.
“Ədəbiyyat və incəsənət”
(03.08.2023)