Super User

Super User

Cümə, 04 Avqust 2023 10:30

315 milyon manatlıq ianə

Qarabağ Dirçəliş Fondu 2022-ci il üzrə maliyyə hesabatı

 

Qarabağ Dirçəliş Fondu ötən il dekabrın 31-nə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üçün apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

 

Qurumun yaydığı məlumata görə, maliyyə hesabatları 2022-ci il dekabrın 31-i maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları əhatə edir.

“PwC Azərbaycan” tərəfindən MHBS-yə uyğun hazırlanan Qarabağ Dirçəliş Fondunun 2022-ci il dekabrın 31-i tarixinə verilən maliyyə hesabatlarına rəy verilib.

Rəydə bildirilib: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Qarabağ Dirçəliş Fondunun (Fond) 2022-ci il dekabrın 31-nə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Qeyd olunub ki, Qarabağ Dirçəliş Fonduna ötən il ərzində ümumilikdə 314 milyon 519 min 877 AZN ianə olunub. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə ötən ilin göstəriciləri ilə müqayisədə maliyyə gəlirini artıraraq 34 milyon 454 min 187 AZN əlavə gəlir əldə edib (2021-ci il ərzində Fond 9 milyon 198 min 829 AZN maliyyə gəliri əldə edib).

Bununla da 2022-ci il dekabrın 31-nə Fondun cəmi aktivlərinin həcmi 1 milyard 238 milyon 123 min 966 AZN təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”nin 4.7.12-ci yarımbəndinə əsasən Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Fondun Müşahidə Şurasının əsas vəzifələrindən biridir. Belə ki, 2022-ci il martın 17-də Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə “PwC Azərbaycan” Fondun kənar auditoru kimi təsdiq olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qisa fikirlər xəzinəsi rubrikasında bu gün sizə Rey Bredberinin kəlamlarını təqdim edirik.

 

 

 

Oxunmayan kitablar intiqam almağı bacarır.

***

Jül Vern – atamdır. Herbert Uells – çox müdrik əmimdir. Edqar Allan Po – dayım oğludur... Siz indi qohum-əqrəbamı tanıyırsınız...

***

Kitabları yandırmaqdan daha dəhşətli cinayətlər var. Məsələn, onları oxumamaq...

***

Yaşamaq üçün həyatın mənasını arayıb-axtarmağı tərgitmək gərək. Həyat elə özü-özlüyündə cavabdır.

***

Allah-təala bizə ağılı ondan ötrü verib ki, xəlq olunanları araşdırıb öyrənək, daha falçılıq eləyib gələcəkdə bizi nə gözlədiyindən qorxmaq üçün verməyib...

***

Gözlərini geniş aç və elə bir acgözlüklə yaşa ki, sanasan onca saniyə sonra öləcəksən.

***

Mənim üçün ən başlıcası – heyrətlənməkdən qalmamaqdır.

***

Gülümsə ki, fəlakətə keyf yaşatmayasan.

***

Möcüzə baş verən vaxt heç vədə onu şübhə altına almayın.

***

Xeyir Şərrə hər zaman şərr olaraq görsənəcək.

***

Bəşər övladı necə yolunu azmışdısa, elə də qalıbdı.

***

Şərrin bir tək gücü var ki, həmən gücü də ona elə özümüz veririk.

***

Zəngli saata ehtiyac yoxdur, fikirlərim özü məni oyadır...

 

 

“Coca-Cola”nın əməkdaşlığı ilə baxımlı telekanallardan olan Xəzər TV ölkədə ilk dəfə “Xəzər Festivalı Coke Studio ilə birgə” festival təşkil edir. 

“Xəzər Festivalı Coke Studio ilə birgə” avqust ayı ərzində Azərbaycanın dörd böyük şəhərini əhatə edəcək. Belə ki, festival 5 avqust Gəncə, 12 avqust Qəbələ, 19 avqust Sumqayıt, 23 avqust isə Bakı şəhərlərində təşkil olunacaq. Saat 20:00-da start götürəcək konsertlərə giriş sərbəstdir. 

 

Festivalda ölkənin məşhur sənətçilərindən – Murad Arif, Natavan Həbibi, Hiss, Nigar Jamal, Dilarə Kazımova, Azad Şabanov, Promete və başqaları ifaları ilə çıxış edəcək. 

“Coca Cola” şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, insanlara xoşbəxtlik gətirən “Coca-Cola” bu festivalla yayı unudulmaz edəcək: 

“Coca-Cola” olaraq festivalın tərəfdaşı olmaqdan məmnunluq duyuruq. Yayda insanların daha çox əyləncəyə üstünlük verdiyini nəzərə alaraq “Xəzər Festivalı Coke Studio ilə birgə” festivalına start veririk. İnanıram ki, böyük şəhərlərdə keçirəcəyimiz bu musiqi festivalında insanlar əsl musiqi möcüzəsi yaşayacaqlar”.

Hər konsertdə musiqi ab-havasında “Coke Zone”da təşkil olunacaq. 

Qeyd edək ki, “Coca-Cola” şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. “Coca-Cola” Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Xəzər Festivalı Coke Studio ilə birgə” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Cümə, 04 Avqust 2023 09:30

“Kinoya dəvət yoxdur…”

BU GÜN RAMİZ MƏLİKİN 80 YAŞI TAMAM OLUR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Hər tənəzzülün öz tərəqqisi olduğu kimi, hər tərəqqinin də öz tənəzzülü var. Ötən əsrin 60-90-ci illəri Azərbaycan kino və teatr sənətinin tərəqqi dövrü olub. Həmin zaman kəsiyində onlarla böyük sənətkar yetişib. Əgər onların hər biri qapalı sovetlər ittifaqında deyil, hər hansı bir avropa və ya amerika ölkəsində yaşasaydılar, inanın ki, ən nüfuzlu mükafatlara layiq görülərdilər. Belə aktyorlardan biri də, xalq artisti Ramiz Məlikdir. Sabah onun 80 yaşı tamam olacaq. İstəyirəm ki, ömrünün ixtiyar çağlarını yaşayan aktyorun haqqında ilk təbrik söhbətini özüm açım...

 

Deyir ki,- “Məni kinodakı fəaliyyətim qane etmir. Dəvətlər yoxdur, ona görə. İndi kino çəkmirlər. Çəkəndə də peşəkar aktyorları çəkmirlər. İndi kinoda harda oxuyan, oynayan varsa onların meydanıdır. Professional aktyorlardan demək olar ki, çox az istifadə edirlər.”

 

Gileylənsə də kino tarixində silinməz izlər buraxıb, gözəl obrazlar yaradıb…

 

“1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin zamandan başlayaraq Ulu Öndər bir çox istedadlı sənətkarlarımıza ən yüksək fəxri adlar verdi. 1974-cü ildə isə teatrımızın 100 illiyinin keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Həmin dövrdə də bir çox korifey sənətkarlarımız “SSRİ Xalq artisti” fəxri adına layiq görüldülər. Hətta mənzillə mükafatlandırılırdılar. Onlardan biri də mən idim. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə mənə Azadlıq prospektində 3 otaqlı mənzil verildi. Nəhayət, 1984-cü il sentyabrın 24-də Ümummilli Lider Heydər Əliyevlə bizim unudulmaz görüşümüz oldu. O, dahi şəxsiyyət Hüseyn Cavidin əsərlərini çox sevərdi. Həmin vaxt Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İblis” tamaşası hazırlanırdı. Biz o zaman məzuniyyətdən yeni qayıtmışdıq, xəbər gəldi ki, Heydər Əliyev gəlib, Bakıdadır və tamaşaya baxmaq istəyir. Bir həftə ərzində ciddi məşq etdik və tamaşanı yüksək səviyyədə nümayiş etdirdik. Əsərin baş qəhrəmanı Arifi mən canlandırırdım. Ulu Öndər adəti üzrə tamaşadan sonra səhnə arxasına keçərək sənətçilərlə görüşdü. Bu çox sevindirici və qürurverici idi ki, dövlət başçısı tamaşa barədə öz təəssüratlarını aktyorlarla bölüşürdü. Ümummilli Lider Hüseyn Cavid yaradıcılığını, dramaturgiyasını təhlil edərək, tamaşaya olan münasibətini, tövsiyələrini bildirdi və kollektivi bu münasibətlə təbrik etdi. Orada həmin an belə bir söz də işlətdi "Bu tamaşa mütləq öz mükafatını almalıdır”. Doğrudan da az bir müddətdən sonra “İblis” tamaşası Dövlət mükafatına layiq görüldü. Ümumilikdə səkkiz nəfər, başda rejissor Mehdi Məmmədov və iki rəssam, eləcə də beş aktyor - Məmmədrza Şeyxzamanov, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Səfurə İbrahimova və mən Dövlət mükafatı aldıq. Bu, Heydər Əliyev kimi şəxsiyyətin bizə və sənətimizə olan diqqətinin, qayğısının ən bariz nümunələrindən yalnız biridir.”- söyləyir…

 

Heydər Əliyevin qəlbən pərəstişkarı olduğundan, onun haqqında ehtiramla, səmimiyyətlə xatirələrini bölüşür.

 

Deyir ki,- “Mən o vaxtlar Əməkdar artist, Dövlət mükafatı laureatı idim və 1998-ci ildə Heydər Əliyevin imzası ilə Xalq artisti adına layiq görüldüm. O, tez-tez teatra gəlir, tamaşalara baxır və sənət adamları ilə görüşərək onların qayğıları ilə maraqlanırdı. Yaxşı yadımdadır, Xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasını da izləmişdi və tamaşa çox xoşuna gəlmişdi. Orada da tamaşadan sonra ənənəvi olaraq səhnə arxasında tamaşanın yaradıcı heyəti ilə görüşüb səhnə əsəri ilə bağlı öz təəssüratlarını bölüşmüşdü. Dedi ki, “Bu bizim türk kökümüzə layiq bir əsərdir”. İşinin gərgin olmasına baxmayaraq elə bir yeni tamaşa olmazdı ki, Ulu Öndər həmin tamaşaya gəlib baxmasın. Bu, onun Azərbaycan ədəbiyyatına sevgisindən, sözə həssas münasibətindən irəli gəlirdi. Allah ona rəhmət eləsin!”

 

İllər onu heç dəyişməyib. Yenə də gənc çılğınlığı ilə hadisələrə, gündəmdə olan məsələlərə münasibət bildirir. Ünsiyyətdə mehriban və diqqətlidir. Şux geyimi, ruh yüksəkliyi ilə fərqlənir. Məzəli zarafatları, şirin söhbətləri adama ləzzət verir. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyükdür...

 

Avqustun 4-də haqqında söhbət açdığım xalq artistinin 80 yaşı tamam olur. Onu yubileyi münasibəti ilə təbrik edir, can sağlığı, ağrı-acısız günlər, xoş əhval-ruhiyyə arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

“Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Libraff” kitab evində tanınmış yazıçı, Ədəbiyyat Fondunun baş direktoru, Avrasiya Millətlər Assambleyasının həmsədri Varisin gənclərlə görüşü keçirilib.

 

AzərTAC xəbər verir ki, görüş Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində işıq üzü görən “Qırmızı ləçəklər” romanının müzakirəsi əsasında reallaşıb.

İki saat davam edən görüşdə iştirak edən gənclər əsər haqqında onun müəllifindən məlumat alıb, fikir mübadiləsi aparıb və onları düşündürən suallara cavab tapıblar. 

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevlə Belarus gözəli Qalina Mankonun Belarusda başlayıb Xocalıda bitən müdhiş sevgi hekayəsindən bəhs edən, erməni vəhşilikləri və Xocalı müdafiəçilərinin qəhrəmanlıqlarından bəhs edən roman oxucuların marağına səbəb olub. Elə həmin marağın nəticəsində roman təkrar nəşr edilərək, kitabsevərlərin ixtiyarına verilib. 

Görüşdə iştirak edən gənc ədiblər yazıçıya bir sıra yaradıcılıq sualları ünvanlayıblar. 

Tədbirdə, həmçinin təşkilatların gənc auditoriya ilə gördükləri işlərin əhəmiyyətindən, kitab təbliğinə verdikləri dəyərdən bəhs edilib, yazıçıya Azərbaycan həqiqətlərini yorulmadan dünyada təbliğ etməkdə uğurlar arzulayıblar.

Görüşün yekununda tədbirdə iştirak edən gənclərə müəllifin imzası ilə kitabları hədiyyə edilib və xatirə fotoları çəkilib.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatının və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ mövzusunda yazılmış əsərlərin müzakirəsi əsasında silsilə görüşlər həyata keçirilir. Həmin silsilədən olan bundan əvvəlki tədbirlər “Dolu” romanının və “Bütün yollar Şuşaya aparır” əsərinin gənclərin iştirakı ilə müzakirəsinə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 26-31° isti olacaq.

Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Avqustun 4-də Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti olacağı proqnozlaşdırılır. 
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 17-22°, bəzi yerlərdə 25° isti olacağı bildirilir. 
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22°, bəzi yerlərdə 25-27° isti olacağı ehtimal edilir. 
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30° isti olacağı ehtimalı var.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 24-29° isti, dağlarda gecə 12-17°, gündüz 17-22° isti olacağı gözlənilir.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 29-34° isti, dağlarda gecə 19-22°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.

“Ədəbiyyat və incəsənət”
(03.08.2023)

 

Avqustun 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova ilə gənclərin görüşü təşkil ediləcək.

 

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə qonaqlar Ümummilli Lider Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək, muğam sənətinin təbliği və inkişafı istiqamətində gördükləri işlərdən söhbət açacaqlar.

Tədbir müddətində, həmçinin “Azərbaycan milli musiqisi, muğam və milli vokal ifaçılığı sənətinin inkişafı perspektivləri”, “Müasir gənclərin maarifləndirilməsində milli musiqi mədəniyyətinin rolu” və “Yaradıcı sənayenin təşkilində klassik ifaçılıq tərzinin əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim olunacaq. 

Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir.

Görüşdə iştirak etmək istəyən gənclər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Cümə axşamı, 03 Avqust 2023 15:30

Birləşmək ən düzgün qərar idi

Mədəniyyət Nazirliyi Rasim Balayev və Şəfiqə Məmmədovanı təltif etdi

 

Milli Kino günü bir çox hadisələrlə yadda qaldı. Və həmin gün iki kinematoqrafiya təşkilatının birləşməsi nəticəsində artıq birlikdə olan Rasim Balayev və Şəfiqə Məmmədova diqqət mərkəzində oldular. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyi Fəxri diplom təsis edib ki, bu diplom da ilk dəfə Milli Kino günündə ictimaiyyətə təqdim olundu. 
Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2 avqust – Milli Kino Günündə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bu barədə mədəniyyət naziri Adil Kərimli məlumat verdi. 
O bildirdi ki, bu mükafatın təsis edilməsində məqsəd mədəniyyət sahəsində həm işləri, həm də pedaqoji fəaliyyəti ilə məşğul olanlara diqqətin göstərilməsi üçündür.
Nazir Xalq artisti Rasim Balayev və Xalq artisti Şəfiqə Məmmədovanın Mədəniyyət Nazirliyinin Fəxri Diplomu ilə təltif olunduqlarını bildirdi. Beləliklə, ilk onlar oldular. 
"Düşünürük ki, bu siyahı daim genişləndiriləcək", - deyə nazir qeyd etdi.
Təbii, kinomuz naminə indi bütün güclər birləşməlidir.

“Ədəbiyyat və incəsənət”
(03.08.2023)

 

S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri dünyaşöhrətli pianoçu, Əməkdar artist Adilə Əliyeva adına XVIII Beynəlxalq Musiqi Müsabiqəsində iştirak ediblər.

 

AzərTAC xəbər verir ki, 14-21 yaş kateqoriyası üzrə keçirilən onlayn müsabiqədə məktəbin şagirdləri İbrahim Zəyniyev (müəllim Ənvər Həsənov, konsertmeyster Şəfəq Qafarova) Xalq calğı alətləri ifaçılığı nominasiyasında birinci yerə, kamança ixtisası üzrə isə Əli İmran Muradov üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, 1996-cı ildən etibarən təşkil edilən bu beynəlxalq müsabiqə Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır və onların təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

 

Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günlərində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu, Özbəkistandan gələn nümayəndə heyətinin şərəfinə verilən ziyafət zamanı qeydə alınıb.

Belə ki, ziyafətdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla duet oxuyub.

Onların bu ifası maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.